Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-270/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Şirkətin nümayəndəsi X1 və cavabdehin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirkət cavabdehə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun istifadəsində olan torpaq sahəsində, 3 saylı mədənin 6-cı sahəsində yerləşən 362472 və 361663 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilidən cavabdehin çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 10 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X4 Bi.Vi. və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında 29.09.2004-cü il tarixdə Saziş imzalanmışdır. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən “Saziş” qanun statusunu almışdır. Sazişin icrası ilə əlaqədar bir sıra rayonların ərazilərinin bəzi hissələri, o cümlədən Binəqədi rayonun inzibati ərazisinin bir hissəsi Şirkətin istifadəsinə verilmişdir. İş üzrə cavabdeh, iddiaçı Şirkətin istifadəsinə Sazişin icrası ilə əlaqədar ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni 3 saylı mədənin 6-cı sahəsi daxilində yerləşən torpaq sahəsini zəbt etmiş, orada qanunsuz olaraq tikili inşa etdirmişdir. Həmin tikili Şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından Şirkətin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.11.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin inşa etdirdiyi ev qanunsuz tikili olsa da, iddiaçı Şirkətə mane olmur, çünki ev neft quyularından və neft borularından çox aralı yerləşir. İş üzrə cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı Şirkətin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatlarına əsasən Cavabdeh tərəfindən inşa olunmuş tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmişdir. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən müəyyən edilir ki, iş üzrə cavabdeh, iddiaçı Şirkətin istifadəsinə Sazişin icrası ilə əlaqədar ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni 3 saylı mədənin 6-cı sahəsi daxilində yerləşən torpaq sahəsini zəbt etmiş, orada qanunsuz olaraq tikili inşa etdirmişdir. İddiaçı Şirkət bildirir ki, həmin tikili onun istifadəsinə ayrılmış sahədə yerləşməklə neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaradır. Cavabdeh isə bildirir ki, inşa etdirdiyi ev qanunsuz tikili olsa da, iddiaçı Şirkətə mane olmur, çünki ev neft quyularından və neft borularından çox aralı yerləşir. Məhkəmə bildirir ki, mübahisəli tikili özbaşına tikilidir. Bu, işin mübahisəsiz halı olmaqla iş üzrə tərəflər arasında mübahisə doğurmur və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin işə baxmış Rayon Məhkəməsinə ünvanlandığı 14.11.2019-cu il tarixli, 02/09-11-31/2892 saylı cavab məktubu ilə də təsdiqlənir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 94 saylı, 10.05.2001-ci il tarixli qərarına görə, neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2 maddəsinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir ki, belə npormativ hüquqi aktlara “Neft mədənlərinin neft, qaz və sularının yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji layihələşdirmə” Qaydalarına əsasən, neft buruğu ilə yaşayış evləri arasında məsafə ən azı 150 metr olmalıdır. Torpaq Məcəlləsinin 62-ci maddəsinin mənasına görə, mühafizə zolağı daxilində yerləşən torpaq ərazilərinin yaşayış və ictimai tikililər üçün ayrılması qadağan edilir. Həmin Məcəllənin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmuş xəritədən görünür ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 29.04.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Məhkəmə bildirir ki, özbaşına mübahisəli tikili iddiaçı Şirkətin istifadəsinə Sazişin icrası ilə əlaqədar ayrılmış torpaq sahəsində, yəni cavabdehə aid olmayan torpaq sahəsində cavabdeh tərəfindən inşa etdirildiyindən hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur və özbaşına tikilinin neft quyularından və neft borularından nə qədər aralı məsafədə yerləşməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlili əsassızıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-270/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-270/2021
16.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver