Məhkəmə qərarları › İş №2(103)-2701/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2701/2025

23.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2701/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-174/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 38.000 manat kompensasiya ödənilməklə, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında cavabdeh tərəfindən tikilmiş ümumi sahəsi 19,0 kv.metrdən ibarət olan özbaşına tikilinin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-174/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən cavabdehə məxsus ümumi sahəsi 39,3 kv.metrdən ibarət olan tikilinin sökülməsinə görə 43.300 manat məbləğində kompensasiyanın iddiaçı MMC-dən tutularaq cavabdehə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə2) apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən cavabdehə məxsus ümumi sahəsi 39,3 kv.m-dən ibarət olan tikilinin sökülməsinə görə evlə təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində bildirmişdir ki, iş üzrə cavabdehlə müqavilə bağlanıldığını nəzərə alaraq, iddiadan imtina edir və həmçinin iddiadan imtinanın hüquqi nəticələrinin onlara aydın olduğunu bildirir. Bu səbəbdən, bu günə təyin edilmiş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh həqiqətən də tərəflər arasında danışıqlar aparılaraq barışıq əldə olunduğunu, ona görə də iddiadan imtinaya və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı "xxxx" MMC-nin iddiadan imtinası qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-174/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 191.1, 191.2, 370.1, 370.2, 384.0.5, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: İddiaçı "xxxx" MMC-nin iddiadan imtinasına dair ərizəsi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-174/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qiymətləndiricinin xidmət haqqı - 300 (üç yüz) manat iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H/h № AZ33İBAZ**********6792716216 "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar