Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2702/2024 19.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-257/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********00030) təbii qazdan istifadə ilə bağlı hesablanmış 5.184 manat borc silinsin. Daha sonra iddia dəyişdirilərək 6.220 manat borcun silinməsi tələb olunub. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, 6.220 manat borc silinsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdeh tərəfindən iddiaçıya aid olan ünvanda qazdan istifadə ilə bağlı xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilib (iş v. 7). Aktda qeyd olunub ki, abonent təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edir. Daha sonra həmin akta əsasən xx.xx.2023-cü il tarixdə cavabdeh “Dəymiş ziyanın bərpasına dair” tələbnamə tərtib edib, dəymiş zərərin (itirilmiş qazın) əvəzi kimi iddiaçıya 5.184 manat borc hesablayıb (iş v. 11). Abonentin saldosundan görünür ki, 2023-cü ilin aprel ayına (yəni həmin aktın tərtib edildiyi aya) aid hissədə qalıq və aktlar üzrə bocun məbləği 6.220 manat qeyd edilib (iş v. 43). GPG11145800 smart sayğaclı abonentin “Gazrep” arayışından görünür ki, iddiaçı hər ay karta məbləğ yükləyib və yüklədiyi məbləğə uyğun qazdan istifadə edib (iş v. 19-21). İddiaçının qazdan sayğacdankənar istifadə etdiyini sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdeh bunu sübut edə bilmir. Birinci, Cavabdeh İB-nin imkanı olub ki, qazdan sayğacdankənar istifadə faktını (qanunsuz çəkilən qaz xəttini və s.) video-audioyazı ilə qeydə alsın, lakin bunu etməyib. Təqdim edilən fotoşəkil (iş v. 10) qazdan sayğacdankənar istifadənin mövcud olduğunu müəyyənləşdirməyə imkan vermir. İkinci, birinci instansiya məhkəməsində icraat zamanı qaz xəttinə sayğacdankənar qoşulma faktının olub-olmadığının müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Ekspertin qarşısında göstərilən suallar qoyulub: 1) iddiaçıya aid evə quraşdırılan sayğacdankənar qaz xəttinin vaxtilə olub-olmadığını müəyyən edən qaynaq izləri varmı? 2) Əgər müdaxilə izi olmuşdursa izlərin yaranma üsulu və xarakteri müəyyən edilsin. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/1894 nömrəli rəyinə görə, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi (iş v. 31). Göründüyü kimi, qazdan sayğacdankənar istifadə müəyyən olunmur. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin və Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-257/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2702/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2702/2024
19.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver