Məhkəmə qərarları › İş №2(103)-2706/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2706/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2706/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-772/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 09-12/22 saylı alqı-satqı müqaviləsindən, xx.xx.2023-cü il tarixli, 18 saylı "hesab invoice"dan və xx.xx.2023-cü il tarixli, seriya EBDB 257421 saylı elektron qaimədən görünür ki, müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya dəyəri 22673,40 manat olan mallar satılmışdır.

2. İş materiallarında olan İddia etmək hüququnun verilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh 22673,40 manat məbləğində pulu, həmçinin ödənilməmiş faiz və s. tələb etmək hüququ İddiaçı verilmişdir.

3. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə fərdi sahibkar Cavabdeh arasında 09-12/22 nömrəli, 09 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin 1.1-ci maddəsinə əsasən Satıcı məhsulları Alıcının mülkiyyətinə keçirməyi, Alıcı isə bu məhsulları qəbul etməyi və onun üçün bu Müqavilə ilə müəyyən edilmiş pul məbləğini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürür. 09 mart 2023-cü il tarixli EBDB 257421 nömrəli elektron qaimə üzrə 22673,40 manat (ƏDV daxil) dəyərində məhsullar razılaşdırılmış vaxtda cavabdehə təqdim edilmiş və ödəniş üçün tələb olunan hesabfaktura "xxxx" MMC tərəfindən cavabdehə göndərilmişdir. Lakin, müqavilə üzrə ödənişin icrası müddətinin keçməsinə baxmayaraq, ümumilikdə 22673,40 manat borc məbləği cavabdeh tərəfindən cari tarixədək ödənilməmişdir. Qeyd edilən qaimə üzrə satılmış malların dəyəri müqaviləyə uyğun olaraq xx.xx.2023-cü il tarixinədək ödənilməli idi. Həmin tarixdən bu günə qədər 144 gündür ki, ödəniş gecikdirilir. Buna görə də gecikdirilən gün sayına müvafiq olaraq 3 264,96 manat cərimə məbləği hesabıanmışdır (hər gecikdirilən günə görə 0,1 % olmaqla). Mövcud borcun ödənilməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, 14 avqust 2023cü il tarixində cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq pretenziya məktubu göndərilərək borcun ödənilməsi üçün 15 iş günü müddət verilmiş, lakin cavabdeh mövcud borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Buna görə də mübahisənin həlli üçün tərəfimizdən 18 saylı mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və mediasiya təşkilatı tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməmisinə dair arayış təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanan “iddia etmək hüququnun verilməsi haqqında” xx.xx.2023-cü il tarixli Müqavilənin 1-ci maddəsinə əsasən ilkin kreditor, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fərdi sahibkar Cavabdeh 09-12/22 nömrəli, 09 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə təhvil verilmiş mallara görə borcun və ümumi məbləği 22673,40 manat olan 09 mart 2023-cü il tarixli EBDB № 257421 qaiməsinin ödənilməsini tələb etmək hüququnu yeni kreditora, yəni İddiaçı verir. Buraya Müavilənin 5.2.3-cü bəndi əsasında mallara görə ödənişin gecikdirildiyi hər gün üçün Müqavilənin ümumi məbləğinin 0,1 %-i miqdarında cərimə daxildir. Qeyd olunanlara əsasən iddiaçı "xxxx" MMC ilə fərdi sahibkar Cavabdeh arasında bağlanan 09-12/22 nömrəli, 09 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 22673,40 manat (ƏDV daxil) məbləğində borcun, 3 264,96 manat cərimə məbləğinin, ilkin mediasiya sessiyası üçün ödənilmiş 210 manat mediasiya haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-772/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 22673,40 manat əsas borc və 316,60 manat cərimə borcu olmaqla, cəmi 22990 manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilməmiş 158,97 (yüz əlli səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh dövlət gəlirlərinə alınması qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1, 467, 567, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin kreditor tərəfindən cavabdehə göndərilmiş 08 iyun 2023-cü il tarixli pretenziya məktubunu aldıqdan sonra İlkin Kreditor olan "xxxx" MMC-nin rəsmi nümayəndəsi Məmmədov Müşviq Natiq oğlu cavabdehlə əlaqə saxlayaraq bildirmişdir ki, o, borcun bir hissəsini qısa zamanda ödəyəcəyi təqdirdə cərimə ödəməsi tələb edilməyəcək. Bu səbəbdən cavabdeh Müşviq Məmmədovla əlaqə saxlayaraq 2 dəfə: iyun ayının sonlarında 2000 manat və iyul ayının əvvələrində 3000 manat, ümumi 5000 (beş min) manat pulu ona ödəmişdir. Cavabdeh ödəməyə dair qəbz verilməsini istədikdə Müşviq Məmmədov bildirmişdir ki, sonra qəbzləri təqdim edəcək, həmçinin, ona verilən 5000 (beş min) manat pulu 22673,40 manat borcdan siləcək. Lakin, sonrakı dövrdə cavabdeh Müşviq Məmmədovla əlaqə saxlamağı çalışsa da, buna nail ola bilməmişdir. Yəni "xxxx" MMC tərəfindən heç bir qanuni səbəb və əsas olmadan aldığı mallara görə MMC-nin rəsmi nümayəndəsi olan Məmmədov Müşviq Natiq oğlu ödədiyi 5000 (beş min) manat pul nəzərə alınmamış və həmin pul MMC-yə “alqı-satqı” müqaviləsinə görə yaranmış borcdan silinməmişdir. Əlavə olaraq 26 iyul 2023cü il tarixli “iddia etmək hüququnun verilməsi haqqında Müqavilə”dən cavabdeh məlumatsız olmuşdur. Həmin müqavilənin 6-cı bəndində göstərilmişdir ki, Yeni kreditor verilmiş tələb hüququnun başa çatdırılması barədə Borcluya yazılı məlumat verməyi öhdəsinə götürür. Lakin, Yeni kreditor olan və iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı cavabdehə bu barədə hər hansı bir yazılı və şifahi məlumat verməmişdir. Həmçinin, alqısatqı müqaviləsi üzrə malları satan "xxxx" MMC 1-ci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərin arasında olan “Pretenziya” məktubunda tələbin güzəşti barədə hər hansi bir məlumat göstərilməmişdir. Bundan əlavə, tələbin güzəştini edən İlkin Kreditor (malları satan şəxs) alqı-satqı müqaviləsi üzrə cavabdehə satdığı 22673,40 manat dəyərində olan mallara görə ödənilən 5000 manat pulun barəsində 3-cü şəxsə, yəni tələbin güzəştini edən şəxsə (Yeni kreditora) məlumat verməmiş, bu barədə “iddia etmək hüququnun verilməsi barədə” 26 iyul 2023-cü il tarixli Müqavilədə hər hansı bir məlumat göstərilməmişdir. Belə olan halda hazırki iş üzrə iddiaçı qismində çıxış edən Yeni Kreditor İddiaçı bu həcmdə iddia tələbi sürməsi əsassız və qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim olunmuşdur.

11. Etiraz iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, hüququn güzəşt edilməsinə dair cavabdeh məlumatlı olmuşdur. Həmçinin cavabdeh 5000 manat pul ödədiyini desə də, heç bir sübut təqdim etməmişdir.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. 600.4-cü maddəsinə müvafiq olaraq, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

23. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, qətnamə iddia tələbinin təmin olunmadığı hissədə iddiaçı tərəfindən mübahisələndirilmir. Bu halda qətnamə apellyasiya şikayəti həddində, yəni mübahisələndirilən həddə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəfin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-772/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

32. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

34. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.

35. Hazırkı iş üzrə iddia tələbinin hüquqi əsasını "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09-12/22 saylı alqı-satqı müqaviləsi təşkil edir. Kollegiya bildirir ki, hər hansı müqavilənin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Mülki iş materialları ilə tərəflər arasında bağlanmış əqdin etibarlılığını istisna edən hər hansı hal müəyyən olunmamış, ümumiyyətlə, tərəflər müqaviləni qəbul etməklə mübahisələndirməmişlər. Müqavilədən və xx.xx.2023-cü il tarixli, 18 saylı "hesab invoice"dan və xx.xx.2023-cü il tarixli, seriya EBDB 257421 saylı elektron qaimədən görünür ki, müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya dəyəri 22673,40 manat olan mallar satılmışdır

36. Apellyasiya şikayətinə əsasən, cavabdehin mübahisələndirdiyi hal müqavilə üzrə tələb hüququnun sonradan iddiaçıya güzəşt edilməsi ilə bağlı məlumatının olmaması, həmçinin müqavilə üzrə öhdəliyinin bir hissəsinin icrasının məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlıdır.

37. Kollegiya apellyasiya şikayətinin dəlili olan “İddia etmək hüququnun verilməsi haqqında” xx.xx.2023-cü il tarixli müqavilədən məlumatsız olmasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194.1-ci maddəsinin tələblərinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. İş materiallarından güzəştin yolverilməzliyinə əsas olan halların olmadığı müəyyən olunmuşdur. Həmçinin, Məcəllənin 194.2-ci maddəsinə əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

38. Kollegiya onu da qeyd edir ki, tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. Lakin işin hallarından müəyyən olunur ki, cavabdeh həm tələbin güzəşti barədə məlumatlandırılana qədər, həm də sonrakı dövrdə öhdəliyin icrasında dair hərəkətsizlik nümayiş etdirmişdir.

39. Kollegiya bildirir ki, cavabdehin sözügedən müqavilədən məlumatının olmaması onu öhdəliklərini yerinə yetirmək vəzifəsindən azad etmir.

40. Kollegiya apellyasiya şikayətinin dəlili olan 5000 manat pulun müqavilə üzrə kreditorun nümayəndəsi Müşviq Məmmədov adlı şəxsə verilməsi, bu halın məhkəmə tərəfindən nəzərə alınmamasına münasibətdə bildirir ki, bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.

41. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

42. Kollegiya bildirir ki, cavabdeh qeyd etdiyi hala dair heç bir sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi).

43. Kollegiya vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008- ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-772/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar