Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2710/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə (Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(004)-1753/2016 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə (Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi müraciət edərək, mülkiyyət hüquq ilə ona məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 70.000 manat qarşılığında saxta etibarnamə əsasında istifadə edilməklə Cavabdeh2 və Cavabdeh3 tərəfindən Cavabdeh1 satılması barədə 30.04.2015-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat kontorunda rəsmiləşdirilmiş AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin iddianın təmin tədbiri barədə ərizə verərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsinin və ona dair yeni əqdlər bağlanmasının Cavabdeh1 qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(004)- 1753/2016 saylı qərardadı ilə (hakim Ayaz Məmmədov) ərizə təmin olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli, 2(004)- 1753/2016 saylı qətnaməsi ilə iddia təmin olunmuş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bundan sonra, iddiaçı 07.12.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, mübahisə predmeti olan mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(004)- 1753/2016 saylı qərardadı ilə ərizə təmin olunaraq, mənzilin üzərinə qoyulmuş qadağa götürülmüşdür. Qərardaddan narazı qalan Cavabdeh1 ondan şikayət verərək, ləğv edilməsini xahiş etmiş və şikayətini qətnamənin icrasının başa çatmaması ilə əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2(004)- 1753/2016 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianın təmini tədbiri barədə qərardadın qəbulu zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in hazırda qüvvədə olan 162.1-ci və 162.2-ci maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Baxılan işdən görünür ki, iddiaçı mübahisəli mənzilin ona məxsus olduğuna istinad edərək, mənzilə dair cavabdehlər tərəfindən bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etmiş, eyni zamanda iddianın təmin tədbiri barədə (müvəqqəti təminat tədbiri) ərizə verərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qutaranadək mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 18.01.2016-cı il tarixdə ərizəsi təmin edilərək, mənzilin özgəninkiləşdirilməsinə və digər əqdlərin bağlanmasına qadağa qoyulmuş, 27.07.2016-cı il tarixli qətnamə ilə iddia təmin olunmuş və qanuni qüvvəsini alaraq 29.06.2016-cı il tarixdə icraya yönəldilmişdir. Bundan sonra, iddiaçının ərizəsi əsasında 08.02.2022-ci il tarixdə görülmüş təminat tədbiri ləğv edilmişdir. Göründüyü kimi, iddiaçı iddianın təmin olunması barədə qətnamənin icraya yönəldilməsindən uzun müddət (təxminən 5 il 7 ay) keçdikdən sonra, məhkəmə tərəfindən mübahisəli mənzillə bağlı görülmüş təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir . Bu baxımdan, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər arasında mənzilə dair bağlanmış müqavilənin etibarsızlığı barədə iddianın təmin olunması üçün görülmüş müvəqqəti təminat tədbirinin (mənzilin özəninkiləşdirilməsinə qoyulmuş qadağanın) ləğv edilməsi qanunvericinin bununla bağlı müəyyən etdiyi məqsədlərə zidd deyildir. Əks yanaşma mülkiyyətçinin öz əmlakı ilə bağlı sahib olduğu hüquqlardan bununla bağlı qanunun tələb etdiyi şəkildə ciddi əsaslar olmadan uzun müddət məhrum edilməsi demək olardı. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə (Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(004)-1753/2016 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(004)- 1753/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2710/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2710/2022
15.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver