Məhkəmə qərarları › İş №2(103)-2712/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2712/2020

05.11.2020 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2712/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X5, Cavabdeh X1 nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(008)-702/2016 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və X2 qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli MK-01975-16/14U saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 9558,90 ABŞ dolları əsas, 2586,72 ABŞ dolları kreditə hesablanmış faiz, 13332,29 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 25477,91 ABŞ dolları və 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti kimi məhkəmə xərclərinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqavliəsinə əsasən Cavabdeh2 18 ay müddətində illik 32 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə görə borcalan kreditin və ona hesablanmış faizlərini hər ay bərabər miqdarda olmaqla nəğd şəkildə banka ödənilməsini öhdəsinə götürsə də, öhdəliklərini bank qarşısında lazımınca icra etməmişdir. Nəticədə onun xx xxxxxx 2015-ci il tarixinə bank qarşısında 9558,90 ABŞ dolları məbləğində əsas, 2586,72 ABŞ dolları faiz borcu və 13332,29 ABŞ dolları məbləğində dəbbə borcu yaranmışdır. Cavabdeh X4 adı çəkilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilmədiyi halda borcalan Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşımasını üzərinə götürsə də, öhdəliyini icra etməmişdir. Bunlara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 472, 739-cu maddələrinə istinad edən iddiaçının nümayəndəsi iddianın təmin edilməsi və İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli MK-01975-16/14U saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 9558,90 ABŞ dolları əsas, 2586,72 ABŞ dolları kreditə hesablanmış faiz 13332,29 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 25477,91 ABŞ dolları və 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti kimi məhkəmə xərclərinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(008)-702/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 9558,90 ABŞ dolları əsas, 2586,72 ABŞ dolları kreditə hesablanmış faiz, 2000 ABŞ dolları dəbbə borcu, cəmi kredit müqaviləsinə görə 14145,62 ABŞ dolları məbləğində borc ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat dövlət rüsumu və 0,40 manat banka ödənilmiş xidmət xərcinin müştərək qaydada İddiaçınin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh X4 apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-702/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsininin qismən ləğv edilməsini və faizlərin düzgün hesablanaraq azaldılması ilə əlaqədar yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə çıxarılarkən hakim iddiaçı tərəfindən təqdim edilmiş sənədləri və sübutları araşdırmadan, cavabdehlər kimi onların məhkəmə prosesində iştirakını təmin etmədən, onları sübutları təqdim etmək hüququndan məhrum etməklə, yalnız özünün şəxsi və subyektiv mövqeyinə, mülahizələrinə əsaslanmaqla, mülki işi tam, hərtərəfli, obyektiv olaraq araşdırmadan, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Kredit müqaviləsindən göründüyü kimi Cavabdeh2 cəmi 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. O, kreditin bir hissəsini və faizləri ödəmişdir. Lakin buna baxmayarq iddiaçı tərəf ona 2586, 72 ABŞ dolları faiz borcu hesablanmışdır. Hesab edir ki, əgər əvvəlki ödənilən məbləğlər hesablanarsa faiz borcu bu qədər şişirdilməzdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X1 vəkili və nümayəndəsi X6 apelyasiya şikayətinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbinin dəlillərinə istinad edərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli MK-01975-16/14U saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncuya 18 ay müddətinə illik 32 faiz ödəmək şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.1 bəndinə əsasən Borcalan krediti və kreditə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə Borcverənə ödəməlidir ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin müvafiq hisəsinin qaytarılmasının razılaşmada nəzərd tutulmuş son tarixin qədər tam həcmdə Borcverənə qaytarılmış olsun. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən «Borcalan» krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 günündən çox pozduqda «Borcverən»in müqaviləyə birtərəfli qaydadavaxtından əvvəl xitam verməklə kreditin qalıq məbləğini və bütün dövr üçün hesablanmış faizin qalıq məbləğini tələb edə bilər. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən Borcalan kreditiv ə ona hesablanmış faizlərin məbləğinin ögecikdirdikdə, ödəniş cədvəlində əks edilmiş qaydada (hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1 faizi məbləğində) cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2014-cü il tarixli MKZ-01975-16/14U saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə «Borcalan» Cavabdeh2nın öhdəliklərini yerinə yetirmədiyi halda sonuncu ilə birlikdə «Borcverən» qarşısında tam öhdəlik daşımasını üzərinə götürmüşdür. Məhkəmə tədqiqatına təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2nın iddiaçı qarşısında xx xxxxxx 2015-ci il tarixinə əsas borcun məbləği 2586,72 ABŞ dolları əsas, ümumi faiz borcu 2586,72 ABŞ dolları, dəbbə pulu 13332,29 ABŞ dolları, cəmi 25477,91 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə olunmuş bildiriş məktubundan görünür ki, Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməsi təklif edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2712/20 saylı, xx xxxxxxx 2020-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının xx xxxxxxx 2020-ci il tarixli, 16-04390-2020 saylı məktubuna əsasən Mərkəzi Bankın MKR və PK məlumat bazarlarına əsasən Cavabdeh2 (FİN:xxxxxxx) adı Fərman çərçivəsində kredit borcu restrukturizasiya ediləcək şəxslər siyahısına daxil edilməmişdir. Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 9/1711 saylı Ekspertiza Rəyindən görünür ki,Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, MK-01975-16/14U saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 İddiaçı-yə sual üzrə iddia verilən tarixə, yəni xx xxxxxx 2015-ci il tarixə və xx xxxx 2016-cı il tarixə, yəni qətnamə qəbul edilən tarixlərinə ayrı-ayrlıqda ödənilməli olan faiz borcu aşağıdakı kimi müəyyən edilir: xx xxxxxx 2015-ci il tarixə (iddia verilən tarixə)əsas borcu uzrə 9558,89 ABŞ dolları, faiz borcu üzrə 3122,16 ABŞ dolları, xx xxxx 2016-cı il tarixə (qətnamə qəbul edilən tarixə) əsas borcu üzrə 9558,89 ABŞ dolları, faiz borcu üzrə 3852,89 ABŞ dolları. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən cədvəl məlumatlarından da göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən son ödəniş tarixinə, yəni xx.xx.2020-ci il tarixədək 926,04 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. Lakin ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 və X1 İddiaçı-yə iddia verilən tarixə, yəni xx xxxxxx 2015-ci il tarixə və xx xxxx 2016-cı il tarixə, yəni qətnamə qəbul edilən tarixə hansı məbləğdə faiz borcunun olması barədə sualı qoyulduğundan sonuncu tarixdən sonraki edilən 926,04 ABŞ dolları məbləğində ödənişlər hazırki tədqiqatla nəzərə alınmadı. Beləliklə birinci intansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçı ilə bağladığı kredit müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində ödəməli olan krediti və faizləri ödəməməklə müqavilə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə kredit müqaviləsi üzrə 9558,90 ABŞ dolları məbləğində əsas, 2586,72 ABŞ dolları faiz borcunu və hesablanmış 13332,29 ABŞ dolları məbləğində dəbbə borcunu ödəməmişdir. Digər cavabdeh - Cavabdeh1 zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə başqa şəxsin kreditoru qarşısında həmin şəxsi öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmäqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə kollegiyası sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin kredit müqaviləsinin lazımınca icra edilməməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin hər iki cavabdehə qarşı yönəldilmiş iddia tələbinin əsaslı oması barədə birinci instansiya məhkəməsinin qənaəti düzdündür. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu 2000 ABŞ dolları məbləğinə qədər azaldılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, pul tələbinə dair iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada 100 manat ekspertiza xərci tutularaq Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə kollegiyası iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydası ilə bağlı qeyd edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(008)-702/2016 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE********************) hesabına ödənilsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar