Məhkəmə qərarları › İş №2(103)-2713/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2713/2022

12.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2713/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-351/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızına qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 5000 manat kompensasiya verilməklə cavabdeh X3 və onun yetkinlik yaşına çatmayan övladları X7 (23.01.2008-ci il təvəllüdlü) və X8 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 10 nömrəli evin 5 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən ümumi sahəsi 32 kv.m olan 10 saylı evinin, 5 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına 1997-ci ildə Seriya MH 068871 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızını övladlığa götürmüşdür. Cavabdeh bir neçə il onun himayəsində yaşamışdır. Lakin sonradan maddi cəhətdən təmin edildikdən sonra əsl valideynlərinin yanına qayıtmışdır. O, cavabdeh Zülfiyyə Hüseynovaya valideynlik qayğısı göstərmişdi, lakin övlad qayğısına ehtiyyac gördüyü vaxtda onu atıb daimi yaşamaq üçün valideynlərinin yanına köçmüşdür. 2008-ci ildən Cavabdeh (Hüseynova) ailə quraraq uşaqları və əri ilə birlikdə başqa mənzildə yaşayır. O da öz növbəsində cavabdeh Zülfiyyə Hüseynovanın bu etinasızlığına və hörmətsizliyinə dözməyərək 2008-ci ildə “vərəsəlik hüququndan məhrum edilmə” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2008-ci il tarixli, 2(005)-1970/2008 saylı qətnaməsi ilə iddia təmin edilərək, X5 onun qanun üzrə vərəsəsi olmaq hüququndan və məcburi pay hüququndan məhrum edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh Zülfiyyə Hüseynova artıq ailə həyatı qurmuşdur və uzun müddətdir ki, ona məxsus olan evdə yaşamır. Hazırda cavabdeh onun xüsusi mülkiyyətində olan evdə pasport qeydiyyatında qaldığından, onun mülkiyyətinə dair istifadə, sahiblik və sərəncam vermək hüquqları pozulmuşdur. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 20 oktyabr 2021-ci il tarixli JNs MB 14/1190 saylı vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu. C. Hacıbəyli küçəsində yerləşən 10 nömrəli evin 5 saylı mənzilinin və ətraf ərazidə yerləşən eyni vəziyyətdə olan zəif təmirli 32 kv.m sahəyə malik 2 otaqlı mənzillərin 1 aylıq orta bazar kirayə qiyməti 110 manat təşkil edir. Mülkiyyətində olan mənzil bərbat vəziyyətdədir heç bir təmiri yoxdur, bununla bağlı mənzilin fotoşəkillərini iddia ərizəsinə əlavə etmişdir. Özü təqaüdçüdür 81 yaşı var, təklif etdiyi 5000 manat kompensasiya məbləği cavabdehə aylıq kirayə haqqı 110 manat olmaqla, davamlı surətdə, yəni 3 il 9 ay müddətində oxşar mənzildə yaşamaq imkanı verir. Təklif etdiyi 5000 manat kompensasiya məbləği ağlabatan və ədalətlidir. Hazırda cavabdehə və onun uşaqları ilə birlikdə yaşamaq üçün kompensasiya təklif edir, baxmayaraq ki, cavabdeh evlə təmin olunaraq ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-351/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı tərəfidən 5.000 (beş min) manat məbləğində kompensasiya verilməklə Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızının və yetkinlik yaşına çatmamış uşaqları X7 və X8 Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən ümumi 32 kv.m olan 10 saylı evin, 5 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməs qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesi zamanı o, dinlənilməmiş, yalnız hazırlıq iclaslarında iştirak etmişdir. Ailə həyatı ilə əlaqədar qeydiyyatda olduğu ünvanda daimi yaşaya bilməmiş, lakin daim ailəsi ilə birlikdə gedibgəlmişdir. Son 1 ildir ki, səhhətində yaranan problmelə əlaqədar gedə bilməmişdir. Məhkəmə iclası vaxtı da bildirmişdir ki, həmin evə qayıtmağa və iddiaçıya qulluq etməyə hazırdır. Onun himayəsində azyaşlı uşaqlar olması nəzərə alınmamışdır. Özündən asılı olmayan səbəblərə görə məcburən mənzili tərk etməli olmuş, lakin azyaşlı uşaqları ilə yaşayış yeri tapmaqda çətinlik çəkir. Təyin olunan kompensasiya məbləği iddiaçının təqdim etdiyi qiymətləndirici rəyi əsasında müəyyən edilmişdir. Məhkəmə həmin ərazidə mövcud bazar qiymətlərini öyrənmək üçün heç bir təşəbbüs göstərməmişdir. Digər tərəfdən məhkəmə qətnaməsi onun iştirakı olmadan çıxarılmış, o, məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmamışdır. Qətnamə ilə müəyyən edilən kompensasiya məbləği ona azyaşlı uşaqları ilə 5 il ərzində yaşayış sahəsini təmin etməyə imkan verməlidir. Həmçinin, “Kompensasiya” mənzil bazarındakı kirayə qiymətləri, istifadəçinin maddi vəziyyəti, sosial vəziyyəti, özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddət və s. Lakin qətnamədən məlum ki, məhkəmə tərəfindən kompensasiya məbləği müəyyən edilərkən həmin amillər nəzərə alınmadığı üçün müəyyən edilən kompensasiya məbləği olduqca aşağıdır. Onun hazırkı ailə vəziyyəti, müəyyən edilən kompensasiya məbləğinin 2 uşaqla birlikdə yaxın 5 il ərzində yaşayış sahəsi əldə etməyə imkan veribvermədiyi lazımi qaydada aydınlaşdırılmamışdı Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 351/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 351/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 351/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd etmişdir ki, İddiaçı xüsusi mülkiyyətlərindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Həmçinin İddiaçı tərəfindən Cavabdeh təklif edilən kompensasiyanın məbləği qanunvericilik normalarının tələblərinin, həm də işin faktiki hallarının məcmusu baxımından həm məqbul, həm də ağlabatandır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 228-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh izahatın dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriyalı MH 068871 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 10 nömrəli evin, 5 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 746 nömrəli reyestr kitabında 112013-cü səhifədə 30/112013 nömrə ilə 02 yanvar 1997-ci il tarixdə qeydiyyata alınmışdır.(İ.vər. 38) İş materiallarında olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1970/2008 saylı, 29 oktyabr 2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, X1 Qızxanım Əhməd qızının qanun üzrə vərəsəsi olması hüququndan və məcburi pay hüququndan məhrum edilmişdir.(İ.vər. 47 - 48) İş materiallarında olan, 28.04.1993-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon VVAQD şöbəsi tərəfindən verilmiş, İ-ЖГ seriyalı, 265257 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X2 Hamlet Əliyeviç və İddiaçı tərəfindən 28.04.1993-cü il tarixdə övladlığa götürülmüşdür.(İ.vər. 13) İş materiallarında olan, 07.10.2021-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışın kserosurətindən görünür ki, İddiaçı, X11, Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızı, X12 Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 10 saylı, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 5 saylı mənzildə qeydiyyatdadırlar.(İ.vər. 9) İş materiallarında olan, "xxxx" MMC-nin RC-12-21/MR-10 saylı, 15.12.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən ümumi sahəsi 32 kv.m olan 10 saylı evinin, 5 nömrəli mənzilin (2 otaqlı, ümumi sahəsi 32 kv.m -zəif təmirli) və onun ətrafında yerləşən oxşar eyni vəziyyətdə olan zəif təmirli evlərin 1 aylıq orta bazar kirayə qiymətinin müəyyən edilməsi 15.12.2021-ci il tarixinə 105 (bir yüz beş) -120 (bir yüz iyirmi) manat təşkil etmişdir.(İ.vər. 58) İş materiallarında olan, "xxxx" MMC Qiymətləndirmə Şirkətinin MB 14/1190 saylı, 20.10.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən ümumi sahəsi 32 kv.m olan 10 saylı evinin, 5 nömrəli mənzilin (2 otaqlı, ümumi sahəsi 32 kv.m –zəif təmirli) və onun ətrafında yerləşən oxşar eyni vəziyyətdə olan zəif təmirli evlərin 1 aylıq orta bazar kirayə qiymətinin müəyyən edilməsi 15.12.2021-ci il tarixinə 110 (bir yüz on) manat təşkil etmişdir.(İ.vər. 39) Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən ümumi sahəsi 32 kv.m olan 10 saylı evinin, 5 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızı İddiaçı və onun əri X13 tərəfindən övladlığa götürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1970/2008 saylı, 29.10.2008-ci il tarixli qətnaməsi ilə X1 Qızxanım Əhməd qızının qanun üzrə vərəsəsi olması hüququndan və məcburi pay hüququndan məhrum edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, 5000 manat kompensasiya verilməklə cavabdeh X3 və onun yetkinlik yaşına çatmayan övladları X7 və X8 mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İİİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mmülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasıın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi və ümumiyyətlə Azərbaycan Respublikası Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququna məhdudlaşdırmaq səlahiyyəti verən müddəa nəzərdə tutmur…Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülk hüquq münasibətlərini tənzimləyən hüquq normasıın olmaması və onun qeyri-müəyyənlyi məhkəmənn mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin təzimlənməməsi, əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamalanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, ümumi yurikdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericiliyın tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində ailə həyatı ilə əlaqədar qeydiyyatda olduğu ünvanda daimi yaşaya bilməməsi, lakin daim ailəsi ilə birlikdə gedib-gəlməsi, son 1 ildir ki, səhhətində yaranan problmelə əlaqədar gedə bilməməsi, azyaşlı uşaqları ilə yaşayış yeri tapmaqda çətinlik çəkməsi, məhkəmənin həmin ərazidə mövcud bazar qiymətlərini öyrənmək üçün heç bir təşəbbüs göstərməməsi, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmamasını bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin məhkəmə qətnaməsinin onun iştirakı olmadan çıxarılması və onun məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmaması barədə dəlilinə qiymət verərək qeyd edir ki, məhkəmə iclasının 17.01.2022-ci il tarixə təyin edilməsi barədə 22.12.2021-ci il tarixli bildirişi Cavabdeh imza etməklə şəxsən almış və məhkəmə iclasının 22.01.2022-ci il tarixə saat 10:00-ra təyin edilməsi barədə isə ona Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən 17.01.2022-ci il tarixli SMS bildiriş göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində göstərilən kompensasiya məbləği ona azyaşlı uşaqları ilə yaxın 5 il ərzində yaşayış sahəsini təmin etməyə imkan verməməsi, kompensasiya məbləğinin 2 uşaqla birlikdə 5 il ərzində yaşayış sahəsi əldə etməyə imkan verməməsi barədə olan dəlillər və digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apеlyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, Cavabdeh apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-351/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-351/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar