Məhkəmə qərarları › İş №2(103)-2715/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2715/2022

06.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2715/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlunun və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı X2 Bianchi Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının və əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-100/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Bianchi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən indiyədək ödənilməmiş əmək haqqı məbləği olaraq 21,920 AZN (iyirmi bir min doqquz yüz iyirmi Azərbaycan manatı), əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənc olaraq 170,097.3 AZN (yüz yetmiş min doxsan yeddi Azərbaycan manatı və 30 qəpik); iddiaçını alınmasından məhrum etdiyi 8 (səkkiz) aylıq əmək haqqı məbləği olan 46,160 AZN (qırx altı min yüz altmış Azərbaycan manatı) əmək haqqının; ödənilməmiş məzuniyyət haqqı olaraq 14.045,38 AZN (on dörd min qırx beş Azərbaycan manatı və 38 qəpik); iddiaçıya vurulmuş maddi zərər olaraq 1,700 AZN (bir min yeddi yüz Azərbaycan manatı); və işçiyə vurulmuş mənəvi zərərin əvəzi olaraq 20,000 AZN (iyirmi min Azərbaycan manatı), yəni, cəmi 273,922.68 AZN (iki yüz yetmiş üç min doqquz yüz iyirmi iki Azərbaycan manatı və altmış səkkiz qəpik) məbləğində pul vəsaitin Cavabdehndən tutularaq iddiaçı X2 Bianchi-n xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-100/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd olunan qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 mart 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. İddiaçı X2 Bianchinin nümayəndəsi eyni zamanda vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı X2 Bianchi ilə Cavabdeh arasında razılıq əldə edildiyindən hazırda iddiaçı X2 Bianchinin Cavabdehnə qarşı hər hansı tələbi mövcud olmadığından iddiaçı X2 Bianchi “ödənilməmiş əmək və məzuniyyət haqqının və əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsinə” dair iddia tələbindən imtina edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı X2 Bianchinin iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-100/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iddiaçı X2 Bianchi Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının və əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar