Məhkəmə qərarları › İş №2(103)-272/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-272/2024

12.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-272/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-272/2024 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi və ərazidən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi və ərazidən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-133/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 12 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X12 İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 116,7-ci km-də, kəmərdən təqribən 42 metr aralı məsafədə, 39T 0397910; ******* kordinatlar üzrə kəmərə paralel, 2-ci sırada, neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən fərdi yaşayış evi və hasar tikilisi inşa edilmişdir. İdarə tərəfindən cavabdehə mühafizə zonasında tikinti işlərinin aparılmamasına dair xəbərdarlıq edilsə də, cavabdeh buna məhəl qoymadan tikinti işlərini davam etdirmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə akt tərtib edilərək cavabdehə təqdim edilmiş, bundan sonra iddiaçı mühafizə zonasındakı tikililərin sökülməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində birinci icraat

2. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi Cavabdeh qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mmlik yerüstü neft kəmərinin 116,7-ci km-də, kəmərdən təqribən 42 metr aralı məsafədə, 39T 0397910; ******* kordinatlar üzrə kəmərə paralel, 2-ci sırada, neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, 100 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılır ki, X12 İdarəsinin istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 116.7-ci km-də, kəmərdən təqribən 42 metr aralı məsafədə, 39 T 0397910; ******* kordinatlar üzrə neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən fərdi yaşayış evi və hasar tikilisi inşa edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın, partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə, ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Ona görə də X12 İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 116.7-ci km-də, kəmərdən təqribən 42 metr aralı məsafədə, 39 T 0397910; ******* kordinatlar üzrə neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur.

4. Birinci instansiya məhkəməsində keçirilmiş iclasda iddiaçı Neft Kəmərləri İdarəsinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa yuğun izahat verib əlavə olaraq göstərmişdir ki, Cavabdeh tərəfindən fərdi yaşayış evinin nə vaxt tikilməsi haqqında məlumatı yoxdur, hasar tikilisi isə 2022-ci ilin feval ayında inşa edilmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilmiş, xəbərdarlıq Cavabdeh tərəfindən imzalanmış, tərtib olunan aktı isə cavabdeh imzalamamışdır. Ona görə də iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-133/2023 saylı xx.xx.2023cü il qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin edilməmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsindən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulmuşdur.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71, 127-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü maddələri, “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın 6.2, 6.3, 6.4, 6.7-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

7. Qətnamədən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən də göründüyü kimi, məhkəmə İdarəyə qarşı birmənalı olaraq formal mövqe nümayiş etdirməklə mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda və yalnız cavabdehə İdarə tərəfindən kompensasiya ödənilməklə iddianın təmin edilməsinin mümkün olduğunu bildirmiş və bu əsasla da İdarənin qanuni iddiasını təmin etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin “mübahisəli tikili özbaşına tikili olduğu halda və yalnız cavabdehə İdarə tərəfindən kompensasiya verməklə təmin edilə bilər” fikrinə münasibətdə İdarə Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddiaçı SOCAR İddiaçı SOCAR-ın tərkibində yaradılmış İdarədir və özünün Nizamnaməsi əsasında fəaliyyət göstərir. Bununla bağlı dövlət tərəfindən Şirkətə təminat və öhdəliklər verilmişdir. Belə ki, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 116,7ci km-də, kəmərdən təqribən 42 metr aralı məsafədə, 39T 0397910; ******* kordinatlar üzrə kəmərə paralel, 2-ci sırada, neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evini mübahisələndirir və hasar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasını iddia edir. Bu halda İdarənin və ya Şirkətin cavabdehə hər hansı kompensasiya ödəmək öhdəliyi yoxdur. Bu kimi kompensasiyalar dövlət İcra Hakimiyyəti orqanları tərəfindən tənzimlənir. Şirkətin belə bir səlahiyyəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, torpaq sahəsi dövlət ehtyacları üçün alındıqda yalnız torpaq sahəsinin mülkiyyətçisinə kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iş üzrə cavabdehin torpağa dair heç bir mülkiyyət və ya hüquq müəyyənedici sənədi mövcud olmamışdır. Bu halda məhkəmə qətnaməsinə görə cavabdehə kompensasiya ödənilməsi absurddur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, mübahisəli qanunsuz torpaq üzərində tikili cavabdehin mülkiyyətində deyil, özbaşına tikili inşa etməsi ilə İdarəyə dövlət tərəfindən verilmiş hüquq və təminatlar pozulmuş və eyni zamanda Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda heç bir hüquqi tənzimləmə qaydasından söhbət gedə bilməz.Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirik ki, Cavabdeh dəfələrlə xəbərdar edilmişdir. Bu barədə yerində aktlar tərtib olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7728 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin xx.xx.2002-ci il tarixli 45 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2003cü il tarixli 2951 nömrəsi ilə dövlət qeydiyyatına alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydalarının 6.2., 6.3., 6.4., 6.7. bəndlərində göstərilənləri nəzərə alaraq mübahisə predmeti olan fərdi yaşayış evinin naturada təqdim edilən Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi, lakin, həmin fərdi yaşayış evinin ön hissəsində inşa edilmiş hasar tikilisinin yuxarıda qeyd olunan neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur.Daha sonra müəyyən olunur ki, mülki iş materiallarında mübahisə predmeti olan tikiliyə dair müvafiq icra orqanları tərəfindən təsdiq edilməli olan layihə sənədlərinin olmadığını nəzərə alaraq həmin fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikniti Məcəlləsinin 75-ci maddəsinin tələbləri də pozulmuşdur. Qeyd etməyi zəruri hesab edirik ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi – məlum neft kəmərləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və ölkədə neft əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsindədir. Göstərilənlərə əsasən hesab edirik ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-133/2023 nömrəli qətnaməsi ləğv edilməli və İdarənin iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Apellyasiya baxışı zamanı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

14. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

17. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

18. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

19. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

20. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

21. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

22. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

23. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat,rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir.

24. Maddə 46. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.

25. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

30. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

31. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

34. Hazırki iş üzrə iddiaçı tərəfindən qətnamədən bütövlükdə şikayət verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Kollegiya apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin edilməlidir.

36. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir ki, bu da mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.

37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin “məhkəmə baxışının prinsipləri” adlandırılan 14-cü maddəsində qeyd edilənlərdən biri də odur ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Göstərilən müddəa məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qarşıya qoyulan ən mühüm məqsədəinsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinə nail olmağın önəmindən irəli gəlir. Təsadüfi deyildir ki, dövlətimiz də insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi bəyan etmişdir. (Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, insan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr aşağıdakıları nəzərə almalıdır: “...hüquq və azadlıqların həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır”.

38. Qeyd edilənlər kontektsində hazırki iş üzrə araşdırma aparılarkən kollegiya tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bütün hallarına qiymət verilməmiş, iddiaçının tələbinə münasibətdə tərəflərin hansı hüquq və maraqlara malik olduğu araşdırılmamışdır. Belə olan halda işin hərtərəfli, tam və ədalətli araşdırılmasından bəhs etmək mümkün deyildir.

39. Kollegiya qeyd edir ki, qanunsuz yaşayış yerlərinin yerləşdiyi torpaq sahələrinə müstəsna hüquq əldə etmiş qurumlar tərəfindən özbaşına tikilmiş yaşayış yerlərinin sökülməsi ilə bağlı qaldırılmış iddialar üzrə yekun məhkəmə qərarı qəbul edərkən və qərarın icra mexanizmini müəyyən edərkən aşağıdakı məsələlər araşdırılmalıdır. Buraya evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmaması və digər diqqətəlayiq hallar aid edilə bilər. Bundan başqa, qanunsuz tikilmiş yaşayış yerinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmaması məsələsi ətraflı araşdırılmalıdır. Belə araşdırma özlüyündə qərar qəbul edən məhkəməyə imkan verəcəkdir ki, vətəndaşın şəxsi şəraitinin hallarını nəzərə almaqla müdaxilənin (söküntünün, çıxarılmanın və s.) mütənasibliyini təmin edə bilsin və onun yaşayış yerinə müdaxilənin adekvat şəkildə yenidən baxılmasına imkan verən proseduru təsbit etsin.

40. Belə ki, iş materiallarında olan Socar Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə 8 saylı qarovulun 2-ci iş növbəsində saat 00:30-da 13-14 saylı postların ərazisində, ünvan 1 ünvanında Şirvan-Böyük-Şor DŞ 500- mm-lik yerüstü neft kəmərinin 116,7-ci km-də, 39 T ******* ******* saylı koordinat üzrə, kəmərə paralel 2-ci sırada, kəmərdən 42 metr aralı, vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, içərisində yaşayış olan evin həyətyanı sahəsinin, natamam hasar tikilisinin üzərində, bir tərəfi 6 metr uzunluğunda və 60 sm hündürlüyü və digər tərəfi 8 metr uzunluğu və 80 sm hündürlüyündə yeni hörgü işlərinin aparılması aşkar edilmiş, mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu ev sahibinə izah edilərək görülən işin dayandırılması və söküləsi tələb edilmiş, lakin, o, edilən xəbərdarlığa məhəl qoymayaraq sökməkdən imtina etmişdir. Qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin aparılmaması üçün həmin şəxsə yazılı qaydada xəbərdarlıq təqdim edilmiş və DİN-in 102 xidmətinə məlumat verilmişdir.

41. Neft Kəmərləri İdarəsinin xx.xx.2022-ci il tarixli xəbərdarlığından müəyyən olunur ki, Cavabdeh Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 116,7-ci km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasının təxminən 42 metrliyində, Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni Yaşayış massivi ünvanında tikinti işlərinin aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilmiş, Cavabdeh xəbərdarlığı imza etməklə tanış olmasını təsdiq etmişdir.

42. Neft Kəmərləri İdarəsinin İstehsalat Bölümünün əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə 6 saylı qarovulun 1-ci iş növbəsində saat 12:15-də 13-14 saylı postların ərazisində, ünvan 1 Şirvan-Böyük-Şor DŞ 500-mm-lik yerüstü neft kəmərinin 116,7-ci km-də, 39 T ******* ******* saylı koordinat üzrə, kəmərə paralel 2-ci sırada, kəmərdən 42 metr aralı, vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, içərisində yaşayış olan evin həyətyanı sahəsinin, natamam hasar tikilisinin üzərində tikinti işlərinin aparılmamasına dair edilən xəbərdarlığa məhəl qoymayaraq yeni hörgü işlərinin aparılması aşkar edildi. Komanda rəhbərliyi və QİB-nin NBKXS-nin böyük mühəndisi X8 ilə birgə aparılan araşdırma zamanı sözügedən ünvanda köhnədən inşa edilmiş natamam hasar tikilisinin olduğu və ev sahibi tərəfindən sökülərək yenidən bərpa edildiyi müəyyən olunmuşdur

43. Mübahisəli məsələlərin araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7728 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin xx.xx.2002-ci il tarixli 45 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2003-cü il tarixli 2951 nömrəsi ilə dövlət qeydiyyatına alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydalarının 6.2., 6.3., 6.4., 6.7. bəndlərində göstərilənləri nəzərə alaraq mübahisə predmeti olan fərdi yaşayış evinin naturada təqdim edilən Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi, lakin, həmin fərdi yaşayış evinin ön hissəsində inşa edilmiş hasar tikilisinin yuxarıda qeyd olunan neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, mülki iş materiallarında mübahisə predmeti olan tikiliyə dair müvafiq icra orqanları tərəfindən təsdiq edilməli olan layihə sənədlərinin olmadığını nəzərə alaraq həmin fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikniti Məcəlləsinin 75-ci maddəsinin tələblərinin pozulduğu müəyyən olunur.

44. Qeyd olunan ekspert rəyində cavabdehə məxsus fərdi yaşayış evinin neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi, həmin fərdi yaşayış evinin ön hissəsində inşa edilmiş hasar tikilisinin isə mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunsa da, hasar tikilisinin dəqiq olaraq hansı hisslərinin və hansı ölçüdə mübahisəli əraziyə düşməsi göstərilməmiş, koordinatları təsbit olunmamışdır. Həmçinin apellyasiya baxışı zamanı cavabdeh məhkəməyə sənədlər təqdim edərək bildirmişdir ki, mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi Binəqədi Rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 201 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X1. Bundan başqa Biləcəri bələdiyyəsinin sədri, torpaq şöbəsinin müdiri, torpaq şöbəsinin memarının iştirakları ilə X6 ayrılmış torpaq sahəsinin plan-sxemi tərtib olunmuşdur. X9 isə həmin torpaq sahəsini etibarnamə ilə hazırki Cavabdeh satmışdır.

45. Ona görə də həm mübahisəli torpaq sahəsi və tikililərin Biləcəri bələdiyyəsinin tərtib etdiyi sxemdə müəyyən olunmuş əraziyə düşüb-düşməməsinin müəyyən olunması, həm də hasar tikilisinin mübahisəli əraziyə düşən hissəsinin koordinatlarının konkret olaraq göstərilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4251/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, .....10/9205 saylı rəyinin nəticəsində 1) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci Şimal Küçəsi ünvanında Cavabdeh istifadəsində olan torpaq sahəsinin eni 20 metr, uzunluğu isə 25 metrdir. X4 tərtib etdiyi sxemdə ayrılan torpaq sahəsinin ölçüləri deyil, ərazinin ümumi sxemi göstərildiyinə görə qərardadın bu sualını cavablandırmaq mümkün olmamışdır. 2) Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəməri ilə hasara qədər məsafənin 42,5 metr olduğunu nəzərə alaraq cavabadehin faktiki istifadəsində olan torpaq sahəsinin və daş hasarın təqribən 7,5 metr enində 25 metr uzunluğunda hissəsinin neft kəmərinin mühafizə zolağına düşdüyü müəyyən edilmişdir.

47. Beləliklə, hazırki işin faktiki halları ondan ibarətdir ki, sökülməsi tələb olunan tikililərdən biri fərdi yaşayış evi, digəri isə onun ön hissəsində inşa edilmiş hasardır. Hasarın və onun yerləşdiyi torpaq sahəsinin təqribən 7,5 metr enində 25 metr uzunluğunda hissəsi neft kəmərinin mühafizə zonasına düşür, fərdi yaşayış evi isə həmin zonadan kənarda yerləşir.

48. Kollegiya işin qeyd olunan faktiki hallarını nəzərə alaraq iddianın “fərdi yaşayış evinin sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsindən cavabdehin çıxarılması” hissəsi ilə bağlı bildirir ki, sözügedən yaşayış sahəsi neft kəmərinin mühafizə zonasında yerləşmədiyindən iddiaçının həmin tələbi irəli sürməyə subyektiv hüququ yaranmamışdır, bu səbəbdən həmin hissədə iddia təmin edilə bilməz.

49. Kollegiya iddia tələbinin “cavabdehin istifadəsində olan hasar tikilisinin sökülməsi” ilə bağlı isə aşağıdakıları qeyd edir.

50. İş materiallarından göründüyü kimi hasar tikilisi özbaşına tikinti olsa da, onun təqribən 7,5 metr enində 25 metr uzunluğunda hissəsinin dövlətə məxsus və iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edildiyi müəyyən olunmuşdur. Belə ki, hasar tikilisi SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş- 500 mm-lik yerüstü magistral neft kəmərindən 42,5 metr məsafədə yerləşdiyinə görə cavabadehin faktiki istifadəsində olan torpaq sahəsinin və daş hasarın təqribən 7,5 metr enində 25 metr uzunluğunda hissəsinin neft kəmərinin mühafizə zolağına düşdüyü aşkar edilmişdir.

51. Beləliklə, kollegiya işin hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlir ki, hazırki halda hasar tikilisinin mühafizə zolağına düşən hissəsində özbaşına tikintisinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları və hüquqları pozulmuşdur, belə olan halda cavabdehin əmlak və mənzil hüquqlarına dövlət tərəfindən müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır. Bu müdaxilənin əsasını da hansısa şəxsi maraqlar deyil, ictimai maraqlar təşkil etməkdədir.

52. Belə ki, Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan və mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Artıq bu halda mübahisəli özbaşına tikilinin sökülməsi cavabdehin fərdi maraqlarına ziddi deyil, əksinə onun özünün də təhlükəsizliyinin qorunmasını özündə ehtiva edir.

53. Kollegiya birinci instansiya məhkəməsinin özbaşına tikilmiş hasarın cavabdehin və ailəsinin istifadəsində olması səbəbindən sökülməsinin yalnız bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə biləcəyi ilə bağlı mövqeyinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasını tənzimləyən bütün normalarda yalnız torpaq sahəsinin mülkiyyətçisinə dair məsələlər tənzimlənmiş və məhz həmin torpaq sahələrinə, o cümlədən onun üzərində yerləşən tikililərə dair mülkiyyət hüququ qanunla təsdiq olunmuş şəxslərə kompensasiyanın ödənilməsi qaydaları və miqdarı müəyyən edilmişdir. Mülki Məcəllənin tələblərinə əsasən isə yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Cavabdeh tərəfindən tikinti işləri aparılarkən, yəni mübahisəli hasar tikilisi inşa edilərkən aidiyyəti inzibati orqanlardan lazımi icazələr almamış, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmamışdır.

54. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən inşa olunan hasar da özbaşına tikili olduğundan, birinci instansiya məhkəməsinin həmin tikilinin sökülməsinin iddiaçı tərəfindən hər hansı kompensasiya məbləğinin ödənilməsi müqabilində həyata keçirilə biləcəyinə dair mövqeyi qanuni və əsaslı hesab edilə bilməz.

55. Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.

56. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki,“...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa, bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.

57. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.

58. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələr tərəfindən iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedqn evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.

59. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

60. Bundan başqa iddianın “hasar tikilisinin yerləşdiyi torpaq sahəsindən çıxarılma” hissəsi ilə əlaqədar kollegiya Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən qeyd edir ki, mülkiyyət hüququnun (titul sahibliyinin) vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün bu kimi şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdənmüəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.

61. İddiaçının əmlakın qanuni sahibi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehin əşyaya sahiblik hüquqlarının olmaması işin müəyyən edilmiş hallarıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, .....10/9205 saylı rəyinin nəticəsində Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəməri ilə hasara qədər məsafənin 42,5 metr olduğunu nəzərə alaraq cavabadehin faktiki istifadəsində olan torpaq sahəsinin və daş hasarın təqribən 7,5 metr enində 25 metr uzunluğunda hissəsinin neft kəmərinin mühafizə zolağına düşdüyü müəyyən edilmişdir.

62. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülki qanunvericilikdə nəzərdə tutulan əsasla əmlaka qanuni şəkildə sahiblik edən şəxsdir və belə olan halda cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin və daş hasarın təqribən 7,5 metr enində 25 metr uzunluğunda hissəsinin mühafizə zolağının daxilinə düşdüyündən, o, həmin ölçüləri əhatə edən sahədən çıxarılmalıdır.

63. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarına verilən, lakin cavabdehin faktiki istifadəsində olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərindən müvafiq olaraq 42,5 metr məsafədə yerləşən hasar tikilisi 7,5 metr enində 25 metr uzunluğunda cavabdeh tərəfindən onun öz hesabına sökülməli və o, sökülməli tikilinin yerləşdiyi faktiki istifadəsində olan torpaq sahəsindən çıxarılmalıdır.

64. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

65. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

67. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

68. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

69. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan qəbzlərdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 100 manat, apellyasiya şikayətinin verilməsi üçün isə 50 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçının tələbi qismən təmin edildiyindən kollegiya hesab edir ki, həmin rüsumların yarısı (50+25=75 manat) cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Kollegiya həmçinin hesab edir ki, işə birinci instansiya məhkəməsində və apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizaların xərci tərəflər arasında bölünərək bərabər həcmdə tutulmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-133/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. İddiaçı Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 116,7-ci km-də, kəmərdən təqribən 42 metr aralı məsafədə, 39T 0397910; ******* kordinatlar üzrə kəmərə paralel, 2-ci sırada, neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş hasar tikilisinin 7,5 metr enində 25 metr metr uzunuğunda olan hissəsi Cavabdeh hesabına sökülsün. Cavabdeh sökülməli tikilinin yerləşdiyi və iddiaçı SOCAR-ın İddiaçı qanuni istifadəsində olan torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 150 (yüz əlli) manat dövlət rüsumunun 75 (yetmiş beş) manatı Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə ödənilsin, qalan 75 (yetmiş beş) manatı isə iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan cəmi 100 (bir yüz) manat pulun 50 manat hissəsi iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsindən, 50 manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar