Məhkəmə qərarları › İş №2(103)-2720/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2720/2020

14.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2720/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə surətdə pozmaqla özbaşına tikinti inşa etdiyini, həmin tikintinin yerləşdiyi coğrafi koordinatların 901-İİQD №li xx xxxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 296 №li Sərəncamında göstərilən Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyini və həmin torpaq sahəsindən İddiaçı şirkətinin müstəsna istifadə hüququnun olduğunu, sözügedən tikintinin şirkətin qanunla qorunan hüquqlarını pozduğunu irəli sürmüş, buna görə də Cavabdeh şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxardılaraq, tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh şirkətin saziş ərazisi hüdudları daxilində iddia tələbində göstərilən ünvanda lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə surətdə pozmaqla özbaşına tikinti inşa etmişdir.Halbuki, həmin torpaq sahəsinin yerləşdiyi coğrafi koordinatlar 901-İİQD №li, xx xxxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 №li Sərəncamında göstərilən Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir və həmin torpaq sahəsindən İddiaçı şirkətinin müstəsna istifadə hüququ vardır.Həmin tikinti şirkətin qanunla qorunan hüquqlarını pozur.İddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayət verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə cavabdehin istifadəsinə ayrılması barədə arqumentin heç bir əsası olmamaqla həmin Sərəncam Qanunla qüvvədən düşmüşdür. Belə ki, xx xxxxxxxx 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“xxxx”), X2 Bi.Vi. və xxxx-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və xx xxxxx 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X2 Bi.Vi. və xxxx-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 4cü bəndinə əsasən Saziş qanun statusunu alır və qüvvədə olan və eləcə də gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Şirkət əvvəllər sözügedən sərəncamı məhkəmə qaydasında mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadında vurğulanmışdır ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati sərəncamlar qüvvədən düşmüşdür. Digər tərəfdən, məhkəmənin qətnaməsində istinad edilən mülkiyyət hüququ haqqında maddi hüquq normalarının hazırkı işə heç bir aidiyyəti yoxdur. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikiliyə dair mülkiyyət hüququnun qeydə alınması barədə hər hansı mötəbər sənəd mövcud deyildir və bu səbəbdən də cavabdehin mülkiyyət hüququna dair normalara istinad edərək, guya mübahisəli özbaşına tikiliyə mülkiyyət hüququnun olmasının göstərilməsi əsassızdır. Həmçinin nəzərə almaq lazımdır ki, Şirkət tərəfindən cavabdehə qarşı hər hansı məhrum etmə hərəkətləri edilməmiş, Şirkət, məsələnin qanun çərçivəsində həll edilməsi üçün məhkəmədə ona qarşı iddia qaldırmış, özü Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi ilə bağlı hər hansı qanuna zidd hərəkət etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1474/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-453/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması,İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh İddiaçı şirkətinin saziş ərazisi hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6815/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 1107 saylı, xx xxxxxx 2000-ci il tarixli sərəncama əsasən məlum olur ki, Azərbaycan Respublikası Prokurorluğunun 18/49 saylı, xx.xx.2000-ci il tarixli məktubunu nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, 7 mk/rayon, ev 12, mənzil 3-də yaşayan vətəndaş Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Sulu-Təpə qəsəbəsi ərazisində, əlavə edilmiş cizgi əsasında 600 kv/metr ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-58/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərardadına əsasən məlum olur ki, İddiaçı şirkətinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Cavabdeh işə cəlb edilməklə Binəqədi rayon İcra Hakimiyyətinin Cavabdeh istifadəsinə torpaq sahəsinin ayrılması barədə 1107, xx.xx.2000-ci il tarixli sərəncamın etibarsızlığı və sərəncamda qeyd edilən torpaq sahəsinə dair Cavabdeh bütün hüquqlarının ləğv olunduğunun tanınmasına dair iddia tələbi qeyri-mümkün sayılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2017-ci il tarixli, 2-1(103)-1312/2017 saylı qərardadına əsasən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-56/2017 saylı, işüzrə xx xxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmış, İddiaçı şirkətinin apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan məhkmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatının xx.xx.2017-ci il tarixli, 3i-231/2017 saylı cavab məktubuna əsasən məlum olur ki, İddiaçı şirkətinin Cavabdeh qarşı sərəncamın ləğvi tələbinə dair iş üzrə Ali Məhkəməyə kassasiyaşikayətidaxilolmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-nin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar.Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. MM-nin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrum etmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcələnin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Belə ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Bağırovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nm xx xxx 2007-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2008-ci il tarixli qərarmda göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafıq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyni mövqe, Konstitusiya məhkəməsinin digər qərarında da təsbit olunmuşdur. Beləki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydada riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan əlavə, kollegiya hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinin tələbləri baxımından heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin hüquqa qanuni əsaslarla, o cümlədən məhkəmə qərarı əsasında xitam verilmədiyindən cavabdeh həmin torpaq sahəsindən istifadə hüququndan məhrum edilə bilməz. Eyni zamnada, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün tədbirlər görür.Məhkəmə hesab edir ki, göstərilən vəziyyətdə evin özbaşına tikili olması əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndiriləbilər. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında göstərilmişdir ki, «X1 Məhkəməsinin “Önər Yıldız Türkiyəyə qarşı” xx xxxxxx 2004- cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında“ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə “mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Qərarda qeyd olunur ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci səhifəsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir.» İşə yenidən apellyasiya qaydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı kollegiya qeyd edir ki, İddiaçı şirkətinin mübahisəli torpaq sahəsinin daha əvvəl iddiaçının istifadəsinə verilməsi səbəbindən iddiaçının həmin torpaq sahəsində tikilmiş tikilinin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Kollegiya əlavə olaraq qeyd edir ki, sadalanan maddələrin mənasına görə, özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır. Bu da cavabdehi həmin yaşayış sahəsindən iddiaçı tərəfindən məcburi çıxarılmasını istisna edir. Kollegiya hesab edir ki, qeyd olunan normaların tələbləri baxımından cavabdehin sözügedən yaşayış sahəsindən çıxması qeyd olunan normaların tələblərinə zidd olduğundan iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkməsinin qətnaməsi dəyidirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, birinci instansiya məhkəməsinin, cavabdehlərin müqavilə üzrə öhdəliyinin tam qaydada yerinə yetirməməsi səbəbindən, iddia tələbini təmin etməsinə dair qətnaməsi qanuni və əsaslı olduğundan ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-453/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar