Məhkəmə qərarları › İş №2(103)-2721/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2721/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2721/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbinə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5292/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İcraçı İddiaçı MMC ilə şifarişçi Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4210 nömrəli müqavilədən görünür ki, ümumilikdə dəyəri 1.080 manat təşkil edən “Air Flow” və “Coxo CP-1” cihazların alqı-satqısına dair müqavilə bağlanılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən, satış qiymətinin ödəniş mərhələləri və tarixi 12 mərhələdən ibarət olmaqla satış obyekti olan cihaz sifarişçiyə təhvil verildiyi tarixdən etibarən toplam satış qiyməti 12 ay müddətində sifarişçi tərəfindən tam şəkildə ödənilməlidir. Müqavilənin 3.7-ci bəndinə əsasən, bu müqavilənin 3.5-ci bəndində qeyd edilmiş vəzifə sifarişçi tərəfindən icra edilmədiyi halda, icraçı tərəfindən müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 01% miqdarında dəbbə pulunun (cərimə, penya) ödənilməsini tələb etmək hüququ yaratmış olur. Dəbbə pulunun (cərimə, penya) ümumi məbləği müqaviləyə əsasən, satış obyektinin toplam satış qiymətinin yarısından çox olmamalıdır. Müqavilənin 4.1-ci bəndinə əsasən, icraçı satış obyektinə münasibətdə sifarişçiyə cihaz üzrə bir il (cihaz motor hissəsinə) zəmanət təqdim edir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, zəmanət müddətinin axımı satış obyektinin (obyektlərinin) sifarişçiyə təhvil verildiyi andan başlayır. Müqavilənin 4.2-ci bəndinə əsasən, satış obyekti üzrə zəmanətə daxildir: 4.2.1. Satış obyektində istehsalat xətası üzrə yaranan problemləri ödənişsiz olaraq icraçının təyin etdiyi ünvanda aradan qaldırmaq; Müqavilənin 4.3-cü bəndinə əsasən, satış obyekti üzrə zəmanətə daxil deyildir: 4.3.1.Satış obyektinin sifarişçiyə təhvili sonrası və ya dolayı yolla istifadə və ya xarici fiziki təsir nəticəsində yaranan problemlər; 4.3.2. Satış obyekti üzrə istifadədən asılı olaraq vaxtaşırı dəyişməli olan detallar. Müqavilənin 4.4-cü bəndinə əsasən, satış obyektini zəmanətdən çıxara biləcək hallar: 4.4.1. Satış obyektinin icraçıya məlumat verilmədən icraçının təhvil verdiyi ünvandan istənilən halda yerinin dəyişdirilməsi; 4.4.2. Satış obyektinə icraçının rəsmi nümayəndəsindən kənar şəxslərin hər hansı bir servis xidməti göstərməsi; 4.4.3. Satış obyektinin iç strukturuna icraçının rəsmi nümayəndəsindən kənar şəxslərin müdaxiləsi: Müqavilənin 5.2-ci bəndinə əsasən, bu müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Müqavilənin 5.3-cü bəndinə əsasən, bu müqavilənin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələləri və tarixi sifarişçi tərəfindən birtərəfli qaydada pozulduğu, icra edilmədiyi və ya natamam icra edildiyi halda, icraçı tərəfin bu müqavilə ilə müəyyən edilmiş satış qiymətinə əsasən qalıq ümumi borc məbləğinin birdəfəlik olmaqla tam şəkildə sifarişçidən icraçının xeyrinə tutulmasına dair aidiyyatı məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2024-ci il tarixli təhvil-təslim aktına əsasən 4210 nömrəli alqı-satqı müqaviləsi üzrə “Air Flow” və “Coxo CP-1” cihazları tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-ya 1.080 manat əsas, cərimə borcuna görə 5,40 manat, cəmi 1.085,40 manat borcu yaranmışdır. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 4210 nömrəli müqaviləyə əsasən, “Air Flow” və “Coxo CP- 1” cihazları üçün 1.080 manat ödənilməmiş hissə, 5,40 manat cərimə olmaqla, ümumilikdə 1.085,40 manat borc və 31 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2024-cü il tarixli, 4210 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, təhviltəslim aktı ilə “Air Flow” və “Coxo CP-1” cihazlar cavabdehə təhvil verilmişdir. Satış obyektinin toplam məbləği 1.080 manat müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliyin icrası cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, xx.xx.2024-cü il tarixdə 90 manat ödəniş icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5292/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1.080 (bir min səksən) manat əsas borc, 5,40 (beş manat qırx qəpik) manat cərimə olmaqla, ümumilikdə 1.085,40 (bir min səksən beş manat qırx qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Məhkəmə qeyd etmişdir ki, göstərilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqısatqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 5,40 manat cərimənin məbləğində müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddianın dövlət rüsumunun və xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, yaranmış əsas və cərimə borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 462.1, 462.3, 467, 567, 568.1, 597.1, 600.4 və 601.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5.1, 284-5.2, 284-5.3 və 284-6.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(004)-5292/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, üzərinə yazılmış borcun silinməsini və yararsız məhsulun İddiaçı MMC-yə geri qaytarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.080 (bir min səksən) manat əsas kredit borcu, 5,40 (beş manat qırx qəpik) cərimə olmaqla, ümumilikdə 1.085,40 bir min səksən beş manat qırx qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin iddiası üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsində 18 noyabr 2024-cü il tarixdə qətnamə çıxarılmışdır. Həmin qətnaməyə əsasən iddianın təmin edildiyi qərara alınmışdır. Qətnamənin qət etdi hissəsində aşağıdakı kimi göstərilmişdir: “İddia təmin edilsin. Cavabdeh X3 xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1.080 (bir min səksən) manat əsas borc, 5,40 (beş manat qırx qəpik) manat cərimə olmaqla, ümumilikdə 1.085,40 (bir min səksən beş manat qırx qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilsin.” Həmin qətnamədə qeyd edilmişdir ki, cavabdeh məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə bildiriş göndərilsə də həmin bildiriş “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Yaşayış ünvanı üzrə hər-hansı bildirişin gəlməsindən xəbəri olmamışdır. Hazırda 21-ci əsr olmaqla elektron informasiya dövrüdür “qapı bağlıdır” qeydindən başqa SMS vasitəsi ilə bildiriş göndərilə bilərdi. Adı çəkilən qətnamədən Bakı şəhəri Yasamal Rayon İcra şöbəsindən bildiriş gəldikdən sonra xəbərdar olmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İddiaçı MMC-dən “Air Flow” və “Coxo CP-1” cihazları almışdır. Halbuki, aldığı məhsulun yararsız çıxdığını SMS vasitəsi ilə İddiaçı MMC-yə yazaraq məhsulun geri qaytarılmasını xahiş etsə də, İddiaçı MMC əməkdaşı servislə əlaqə saxlaya bilməyib, şirkətin qaydalarına əsasən mümkün deyil bəhanələrilə rastlaşmışdır. İşlə bağlı digər faktiki halları məhkəmə iclasında ifadəsində göstərəcəkdir. Yuxarıda qeyd etdikləri həmin qətnamənin ləğv edilməsi üçün əsaslardır. Buna görə də, həmin qətnaməni əsassız sayır. Hüquqlarının səbəbli pozulması nəticəsində isə yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Ona görə də, həmin qətnamə ilə razı deyil, narazıdır və həmin qətnaməni əsassız sayır. Qətnamə çıxarılarkən düzgün araşdırılma aparılmamışdır. Buna görə də, həmin qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Mülki işin gedişatı zamanı ədalət mühakiməsi çəkişmə prinsipi əsasında aparılmamışdır. Beləliklə də, onun qanunvericiliklə müəyyən edilmiş prosessual hüquqları pozulmuşdur. Ona görə də, məcburiyyət qarşısında qalaraq apellyasiya şikayəti vermişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq məhkəmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(004)-5292/2024 nömrəli qətnaməsinin ləğv edilərək üzərinə yazılmış borcun silinməsi və yararsız məhsulun İddiaçı MMC-yə geri qaytarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı MMC apellyasiya şikayətinə qarşı etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı borc tələbi üzrə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən işə baxılmış və 2(004)-5292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamə çıxarılmışdır. Cavabdeh tərəfindən isə Yasamal Rayon Məhkəməsinin 2(004)-5292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Cavabdeh apellasiya şikayətində bildirmişdir ki, onun iştirakı olmadan işə baxılmış, izahatı dinlənilmədən qərar qəbul edilmişdir. Sadələşdirilmiş icraat qaydasında işlərə tərəflərin iştirakı olmadan baxılır və qərar qəbul edilir. Yəni, Cavabdeh “çəkişmə prinsipinin pozulması” kimi fikirləri bu iş üzrə məntiqsizdir və heç bir hüquqi əsası yoxdur. Cavabdeh apellyasiya şikayətində xx.xx.2024-cü il tarixli müqavilə üzrə İddiaçı MMC-dən “AİR FLOW” və “COXO CP-1” aldığını, halbuki, aldığı məhsulun yararsız çıxdığını, SMS vasitəsi ilə İddiaçı MMC-yə yazaraq məhsulun geri qaytarılmasını xahiş etməsinə baxmayaraq, İddiaçı MMC-nin əməkdaşları ilə əlaqə saxlaya bilmədiyini və cihazın qaytarılması mümkün deyil bəhanələri ilə rastlaşdığını qeyd etmişdir. Cavabdeh bildirir ki, qeyd olunan cihazlar yararsızdır. Hansısa bir cihazın yararsız olmasını hər hansısa bir şəxsin sözü sübut etmir. Bunu sahənin mütəxəssisi müəyyən edə bilər. İddiaçı MMC-nin servis xidmətinin əməkdaşları (hansı ki, cihazda baş verə biləcək bütün problemləri bilir və həll edirlər) cihaz olan ünvana yaxınlaşıb, cihaza baxış keçiriblər. Cihazda hər hansı problem aşkar edilməmişdir. Cihazın saz (istifadə olunmağa yaralı) vəziyyətdə olması barədə isə məlumatı cavabdeh üçün yaradılan WhatsApp qrupunda qeyd ediblər. Yəni cavabdehin cihazın yararsız olması barədə fikirləri yanlışdır. Həmçinin cavabdeh qeyd edir ki, İddiaçı MMC-nin əməkdaşları ilə əlaqə saxlaya bilməyib. Halbuki, müraciətin daxil olduğu ilk gündən xanımın şikayətinə reaksiya verilmişdir. Hətta bir gün xanımın telefonlarına zəng çatmamışdır. Deməli xanım özü telefon zənglərinə cavab verməməsinə baxmayaraq İddiaçı MMC-nin əməkdaşları ilə əlaqə saxlaya bilmədiyini qeyd etmişdir. Buradan da görünür ki, xanımın bildirdiyi fikirlər ayrı-ayrılıqda yalandır. Qeyd olunan məlumatlar içərisində cihazın geri qaytarılması barədə məsələyə də toxunulmuşdur. Ola bilsin ki, xanım cihazın geri qaytarılması barədə təklif etmiş olsun. Amma bu kimi təkliflər İddiaçı MMC tərəfindən birmənalı olaraq rədd edilir. Çünki bu İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 2570 nömrəli “Müqavilə əlavəsi”nin 3.6-cı maddəsində qeyd olunmuşdur və xanım öz imzası ilə bunu təsdiq etmişdir. Cihazın qaytarılması barədə məsələ qeyd olunan müqaviləyə ziddir. “Müqavilə əlavəsi”dən çıxarış: 3.6. Bu “Müqavilə Əlavəsi” imzalandığı andan “Sifarişçi” qeyd-şərtsiz müqavilədən birtərəfli qaydada imtina etməməyə və eyni zamanda satış obyektinin (obyektlərinin) geri qaytarılmamasına dair üzərinə öhdəlik götürmüş olur. Qeyd edir ki, cavabdehin bildirdiyi fikirlər yanlışdır. Qeyd olunan cihazda heç bir problem yoxdur və istifadəyə yararlıdır. Cavabdehin bütün müraciətlərinə vaxtında cavab verilib və lazimi tədbirlər görülübdür. Qeyd olunan müraciətlər və problemin həlli istiqamətində görülən tədbirlər barədə əks olunan WhatsApp yazışmaları qoşma qismində əlavə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış 2(004)-5292/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə qanuni və əsaslıdır. Odur ki, qeyd qətnamənin qüvvədə qalmasını və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini zəruri hesab edir. İddiaçı MMC apellyasiya şikayətinə qarşı etirazına əlavəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 2570 nömrəli “Müqavilə”nin 2.1-ci maddəsində nəzərdə tutulmuş satış obyekti olan “AİR FLOW” və “COXO CP-1” cihazları hazırda X1 istifadəsindədir. Qeyd olunan cihazların Cavabdeh olmasını təsdiq edən xx.xx.2025-ci il tarixli təhvil-təslim aktı mövcuddur. Həmin təhviltəslima aktına əsasən, Cavabdeh qeyd olunan cihazları saz vəziyyətdə, heç bir problem olmadan, qüsursuz olaraq qəbul edib və öz imzası ilə təsdiq edib. Əgər Cavabdeh cihazın onda olmadığını və İddiaçı MMC-nə təhvil verdiyini qeyd edirsə bununla bağlı təhvil-təslim aktını təqdim etməlidir. Odur ki, mülki iş üzrə işin hallarının araşdırılması və qiymətləndirilməsində bu kimi halların da nəzərə alınmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Kollegiya işə məhkəmə iclasında baxılmasına dair iddiaçının nümayəndəsinin vəatətinə münasibət bildirib qeyd edir ki, vəsatətdə qeyd olunanlar işə məhkəmə iclasında baxılması üçün əsas olmadığından vəsatət təmin edilməyərək işə yazılı icraat qaydasında baxılır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tam təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanan xx.xx.2024-cü il tarixli, 4210 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı dəyəri 1.080 manat olan “Air Flow” və “Coxo CP-1” cihazları cavabdehə satmış, sonuncu xx.xx.2024-ci il tarixli təhvil-təslim aktına əsasən 4210 nömrəli alqı-satqı müqaviləsi üzrə “Air Flow” və “Coxo CP-1” cihazlarını tam qüsursuz halda təhvil alsa da, hal-hazıradək istifadəsində olan həmin cihazların dəyərini müqavilə üzrə müəyyən olunan qaydada ödəməmişdir. Kollegiya apellyasiya şikayətnin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh aldığı məhsulun yararız olmasını, bu barədə SMS vasitəsi ilə iddiaçıya məlumat verməsini bildirsə də, tədqiq olunan SMS yazışmalarından müəyyən olunur ki, iddiaçının əməkdaşları cihaza baxış keçirmiş, cihazın qaydasında olmasını müəyyən edərək bu barədə cavabdehə bildirmiş, bundan sonra cavabdeh iddiaçının əməkdaşlarının müraciətlərinə cavab verməmiş, hər hansı bir münasibətini bildirməmiş, aldığı cihazı geri qaytarmamış, müqavilə üzrə hər hansı bir mübahisənin olması barədə iddiaçıya pretenziya göndərməmiş, müqavilə üzrə ödənişləri aparmamışdır. Tərəflər arasında bağlanan müqavilə şərtlərinə əsasən, bu müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Satış qiymətinin ödəniş mərhələləri və tarixi sifarişçi tərəfindən birtərəfli qaydada pozulduğu, icra edilmədiyi və ya natamam icra edildiyi halda, icraçı tərəfin bu müqavilə ilə müəyyən edilmiş satış qiymətinə əsasən qalıq ümumi borc məbləğinin birdəfəlik olmaqla tam şəkildə sifarişçidən icraçının xeyrinə tutulmasına dair aidiyyatı məhkəməyə müraciət etmək hüququ vardır. İstinad olunanlara əsasən, kollegiya hesab edir ki, cavabdehin aldığı cihazın qüsurlu olmasına dair dəlilləri araşdırma zamanı öz təsdiqini tapmadığından apellyasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Kollegiya cavabdehin məhkəmə bildirişini almaması, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında iştirakının təmin edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibət bildirib qeyd edir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır:qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. (MPM-in 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 284-5.4, 284-5.5-ci mad.) Mülki işin sənədlərindən müəyyən olunur ki, birinci instansiya məhkəməsi cavabdehin hüquq, vəzifələrinin izahı və iddiaçının ərizəsinin mümkün hesab edilməsi barədə bildirişini cavabdehin məhkəməyə məlum ünvanına göndərmiş, lakin həmin ünvana xidmət göstərən poçt şöbəsi cavabdehə göndərilən zərf üzərində “qapının bağlı olması, ünvan sahibinə xəbərdarlıqlar edilməsi” barədə qeyd aparmaqla zərfi geri qaytarmışdır. İstinad olunanlara əsasən kollegiya qeyd edir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Cavabdeh ona ünvanlanan məhkəmə bildirşlərini, məhkəmə aktlarını və öz vəzifələrinin icrası ilə bağlı digər sənədləri nəzarətdə saxlamaq, qəbul etmək vəzifəsi daşıdığından apellyasiya şikayətinin bu dəlili də əsassızdır, qəbul edilə bilməz. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətində qeyd olunan mötəbər və təkzib olunmaz sübutlara əsaslanmayan dəlilləri onun qüsursuz vəziyyətdə təhvil aldığı, hal-hazıradək istifadəsində olan cihazların yarasız olması qənaətinə gəlinməsi, bağladığı müqavilə üzrə öhdəliklərinin icra etməsindən imtina edə bilməsi üçün əsas olmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamədə iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5292/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar