Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2724/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “əmlakın açıq hərracda satılması və payların bölünməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi cəlb edilməklə “qanun üzrə vərəsə kimi müəyyən edilmiş payların natura qaydasında bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47.4 kv.m olan 10 saylı evin 65 saylı mənzilinin natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzili onun anası X2 mülkiyyətində olmuşdur. X6 13.11.2019-cu il tarixdə vəfat etmişdir. Atası X1 isə daha əvvəl, yəni 17.03.1987-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra o, birinci növbə vərəsə kimi müvafiq sənədləri 29.01.2020-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisinə təqdim etmiş və 529 sayla qeydiyyata alınmışdır. O bildirir ki, X6nın mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilinə qanun üzrə birinci növbə vərəsə kimi o, Bakı şəhəri 15 saylı notariat ofisinə müvafiq sənədləri təqdim etsə də, bacısı-cavabdeh Atakişiyeva (Afonina) Ellada Vladimirovna müvafiq sənədləri notariat ofisinə bilərək təqdim etməmişdir. Baxmayaraq ki, Bakı şəhəri 15 saylı notariat ofisinin notariusu ona dəfələrə telefonla zəng edib qanun üzrə vərəsə kimi notariat ofisinə gəlməyini xahiş etmişdir. Cavabdeh Atakişiyeva (Afonina) Ellada Vladimirovna mübahisəli Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilində qeydiyyatda olmaqla və yaşamaqla faktiki olaraq miras əmlakı qəbul etmişdir. Mübahisəli mənzilin ½ hissəsi onun mülkiyyətində olmasına baxmayaraq həmin mənzildən iddiaçının mülkiyyətçi kimi istifadə hüquqlarını pozaraq maneə yaradır. Bununla yanaşı, Cavabdeh məqsədyönlü olaraq analarından qalmış miras əmlakı adına rəsmiləşdirmir. Bu səbəbdən də İddiaçı hazırkı iddia tələbi ilə məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, daha sonra qanunda nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətindən qanun üzrə vərəsə kimi mübahisəli Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47,4 kvadrat metr olan 10 saylı evin 65 saylı mənzilinə, ½ hissəsinə ********** qeydiyyat nömrəli 08.09.2020-ci il tarixli Çıxarış almışdır. Bacısı-Cavabdeh notariat ofisinə gəlmədiyinə, ərizə vermədiyinə və müvafiq sənədləri təqdim etmədiyinə görə mübahisəli mənzilin ½ hissəsi vəfat etmiş anası X2 adına açıq qalmışdır. O bir daha bildirir ki, Cavabdeh faktiki olaraq miras əmlaka sahiblik və idarə edir. Belə olan halda cavabdeh miras əmlakı qəbul etmiş sayılır. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47.4 kv.m olan 10 saylı evin 65 saylı mənzilinin açıq hərracda satılaraq, mənzilin satışından əldə olunmuş pul vəsaitinin İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(007)-2903/2020 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis rəyi məhkəməyə təqdim edilənədək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2021-ci il tarixli rəyi ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47.4 kv.metr olan 10 saylı evin 65 saylı mənzilinin paylara uyğun naturada bölünməsinin mümkün olmaması müəyyən edilmişdir. Bu səbəbdən də iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Bildirilir ki, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl, Cavabdeh müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47.4 kv.metr olan 10 saylı evin 65 saylı mənzilinin ona məxsus ½ hissəsini almasını təklif etmiş, lakin cavabdeh həmin təklifə cavab vermədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47.4 kv.metr olan 10 saylı evin 65 saylı mənzili açıq hərracda satılması və mənzilin satışından əldə olunmuş pul vəsaitinin İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünməsi, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47.4 kvadrat metr olan 10 saylı evin 65 saylı mənzilinin ilkin satış qiyməti 51.600 manat müəyyən olunması, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50,00 manat pul Atakişiyeva (Afonina) Ellada Vladimirovnadan alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras qalmış 2 otaqlı mənzil onun yeganə yaşayış yeridir. Hazırda orada o, qızı və nəvəsi yaşayır. O, həmin mənzildə xəstə anasına qulluq etmiş, daim onun xidmətində durmuş, öz yaşayış yeri kimi mənzilin təmir işləri ilə məşğul olmuşdur. İddiaçının özünə məxsus mənzili var və o, həmin mənzildə yaşayır. Miras qoyan anası xəstə olduğu müddətdə iddiaçı bir dəfə də olsun, mübahisəli mənzilə gəlməyib, anasına qulluq etməyib, mənzilin saxlanılmasında köməklik göstərməyib. İndi isə oradan miras paq almaq istəyir. iddiaçı heç vaxt ona öz sahəsini satmaq barədə təklif etməyib. Bu təklif olsaydı, onu almaq üçün o,ən azından bu barədə düşünərdi, bu istiqamətdə müəyyən cəhdlər edərdi. Məhkəmənin hansısa bildirişə istinad edərək iddiaçının ona hər hansı təklif etməsi nəticəsinə gəlməsi tamamilə yanlışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 05 sentyabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 13.11.2019-cu il tarixdə ölmüş X2 vərəsəsi qızı İddiaçıdır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Miras əmlak Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilindən ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 10 saylı evin 65 saylı mənzili İddiaçı adına 08.09.2020-ci il tarixdə ½ hissədə xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmış, həmin mənzilin ½ hissəsi isə X2 adına açıq saxlanılmışdır. İş materiallarında olan AZ-İİ 019677 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 13 noyabr 2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ 045293 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 17 avqust 1987-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 29.07.2020-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilinə olan payının alınmasını Cavabdeh təklif etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23.08.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilinin naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan “X3 Mərkəzi” MMC tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilinin bazar dəyəri 57.300 manat, likvid dəyəri 51.600 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianın əsaslı olması ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı öz payını cavabdehə təklif etmiş, lakin onun təklifinə sonuncu tərəfindən cavab verilməmişdir. Həmin mənzilin naturada bölgüsü texniki cəhətdən mümkün deyildir. Ona görə də mənzil hərracada satılaraq onun dəyəri tərəflər arasında bərabər bölünməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04.04.2014-cü il tarixli Qərarında göstərmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Qərarın nəticə hissəsinin 2-ci bəndi ilə qərara alınıb ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylımülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. AR Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzili tərəflərin paylı mülkiyyəti hesab edən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tələblərini pozmaqla, paylı mülkiyyət hesab etdiyi əmlakdan paya görə kompensasiya ödənilməsinin mümkünlüyünü lazımi qaydada araşdırmadan, tərəflərlə bunun məqsədə uyğun olub-olmamasını müzakirə etmədən, əmlakın birbaşa hərraca çıxarılması barədə qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş 29.07.2020-ci il tarixli bildirişə istinad edərək bu qənaətə gəlmişdir ki, İddiaçı mübahisəli mənzilə olan payının alınmasını Cavabdeh təklif etmişdir. Lakin bu zaman məhkəmə həmin təklifin cavabdehə təqdim edilməsini araşdırmamışdır. Belə ki, iddiaçı həmin təklifin cavabdehə təqdim edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində və apellyasiya instansiyasında icraat zamanı verdiyi izahatında iddiaçının mübahisəli mənzildəki payını ona təklif etmədiyini bildirmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı paylı mülkiyyətin hərracdan satılması ilə bağlı münasibətləri tənzimləyən mülki qanunvericiliyin normalarına və bu normaların tətbiqinin şərhinə dair Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyə uyğun olaraq cavabdehlə paylı mülkiyyətində olan əmlakın hərracdan satılmasından əvvəl öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsini tələb etmədən birbaşa həmin əmlakın hərracdan satılmasını tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi işin bu halına düzgün qiymət verməyərək, iddiaçı tərəfindən təqdim edilmiş payın dəyərinin ona ödənilməsi təklifi barədə bildirişin cavabdehə çatdırılıb-çatdırılmadığını müəyyən etməmiş, nəticədə iş üzrə səhv nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mənzilin açıq hərracdan satılması zamanı onun ilkin satış qiymətini bazar dəyəri əsasında deyil, likvid dəyəri əsasında müəyyən etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, borc üzrə tutmanın yönəldilməsi barədə tələblər üzrə işlərə baxılarkən ilkin satış qiymətinin məhz likvid qiymətlə müəyyən edilməli olduğu qeyd edilmişdir. Hazırkı mübahisəli əmlak qeyd edilən qərarda sadalanan əmlak növlərindən heç birinə uyğun gəlmir. Ona görə də, iş üzrə isə gələcəkdə mənzil açıq hərracdan satılarsa, onun ilkin satış qiyməti həmin əmlakın bazar dəyəri əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.3-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2724/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2724/2022
07.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver