Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2725/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: pulun tutulması X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 925/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02126467 saylı nisyə alğı-satqı müqaviləsinə və müqaviləyə əlavəyə əsasən cavabdeh qızıl zəmanət ultra kompanyası ilə iddiaçıdan ümumi qiyməti 2.275,92 manat olan, **********24566 İmei kodlu “Samsung Galaxy S22” markalı telefonu və “Samsung Charger”i nisyə almış və ödəniş cədvəlinə uyğun olaraq bu əmlakların dəyərini aylar üzrə ödəməyi, həmin şərtləri pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür (müqaviləyə əlavənin 2-ci bəndi). xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən həmin əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Müqavilə bağlandıqdan altı ay sonra – xx.xx.2024cü il tarixdə cavabdeh həmin telefonu qaytarmış və qızıl zəmanət ultra kompanyası çərçivəsində ümumi qiyməti 2.160,54 manat olan **********67577 İmei kodlu “İphone 14 Plus” markalı telefon, “Apple” adapter və Vinil Mat almışdır. Lakin, cavabdeh bu müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməyərək, ötən dövr ərzində birinci müqavilə üzrə 632,24 manat, ikinci müqavilə üzrə 960,88 manat məbləğində ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən onun xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.643,68 manat məbləğində əsas, 164,32 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1.199,66 manat məbləğində əsas, 119,34 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş (xəbərdarlıq) göndərilməklə 3 iş günü ərzində müqavilə öhdəliklərinin icrası tələb edilmiş, əks halda aidiyyəti tələblə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin, bu bir nəticə verməmiş, öhdəliklər bundan sonra da lazımi qaydada icra edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********24566 “Samsung Galaxy S22” markalı telefon, “Samsung Charger” üçün 1.643,68 manat ödənilməmiş hissə, 164,32 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********67577 “İphone 14 Plus” markalı telefon, Apple adapter, Vinil Mat üçün 1.439,66 manat ödənilməmiş hissə, 143,34 manat cərimə, ümumilikdə 3.391 manat borcun və 53,91 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödəniməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 6465/2024 saylı qərardadı ilə cavabdehin etirazına əsasən mülki işin iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
5. Bundan sonra iddiaçı tələbin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********24566 “Samsung Galaxy S22” markalı telefon, “Samsung Charger” üçün 1.643,68 manat ödənilməmiş hissə, 164,32 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********67577 “İphone 14 Plus” markalı telefon, “Apple” adapter, Vinil Mat üçün 1.199,66 manat ödənilməmiş hissə, 199,34 manat cərimə, ümumilikdə 3.127 manat borc, 53,91 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 925/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh 1.199,66 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 1.209,66 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 32 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X2 qızı)
7. Məhkəmə iddia tələbinin “tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02126467 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” hissəsinə münasibətdə tələbi əsassız hesab edərək qeyd etmişdir ki, tərəflər arasında öhdəliklə əlaqədar novasiya baş verdiyindən iddiaçı birinci müqavilənin şərtləri üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edə bilməz. Çünki cavabdeh tərəfindən birinci müqavilə üzrə alqısatqının predmeti olmuş əşya iddiaçıya geri qaytarılmış və tərəflər arasında bağlanmış yeni razılaşmaya əsasən əvvəlki şərtlərlə bağlı öhdəliklərə xitam verilmişdir. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
8. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına münasibətdə qeyd etmişdir ki, İphone 14 plus markalı telefonun dəyəri 1.510,56 manatdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə Cavabdeh tərəfindən 960,88 manat məbləğində ödəniş edilmişdir. Müqavilə üzrə ödənilməmiş məbləğ 1.199,66 manat təşkil edir. İddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır.
9. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 119,34 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq saymışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 425ci, 442-ci, 527-ci, 531-ci, 560-cı, 567-ci, 589-cu, 601-ci, maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin xx.xx.2023-cü il tarixli, 02126467 nömrəli müqaviləyə münasibətdə iddianın təmin edilməyən hissədə ləğv edilərək, xx.xx.2023-cü il tarixli, 02126467 nömrəli müqavilə üzrə 1.643,68 manat əsas və 164,32 manat dəbbə borcunun, habelə ödənilmiş dövlət rüsumunun tam tutulmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən “Samsung Galaxy S 22” markalı telefonu cavabdeh 6 ay istifadə etmişdir. Cavabdeh ödəməkdə çətinlik çəkdiyi üçün cihazı qaytarmaq istəsə idi, müqavilənin 3.10-cu bəndinə əsasən məhsul qiymətləndirilib müəyyən edilmiş məbləğ “Müştərinin” ümumi borcundan çıxılardı. Lakin cavabdeh qızıl zamanət ultraya uyğun olaraq yeni məhsulu dəyiri 65 faiz endirimli şərtlə əldə etmişdir. Belə nəticə çıxır ki, cavabdeh “məqsədli şəkildə məhkəmə prosesində izahat vermiş”, “səmimi” deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin xx.xx.2023-cü il tarixli, 02126467 nömrəli müqaviləyə münasibətdə iddianın təmin edilməyən hissəsində ləğv edilərək, xx.xx.2023-cü il tarixli, 02126467 nömrəli müqavilə üzrə 1.643,68 manat əsas və 164,32 manat dəbbə borcunun, habelə ödənilmiş dövlət rüsumunun tam tutulması xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən, yəni həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini, iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamənin mübahisələndirilən hissəsində göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
20. Məhkəmə kollegiyası işin hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alıb qeyd edir ki, tərəflər arasında xx.xx.2023-ci il tarixdə bağlanmış nisyə-alqı satqı müqaviləsinə əsasən cavabdeh nisyə qaydada iddiaçıdan **********24566 İmei kodlu “Samsung Galaxy S22” markalı telefonu və “Samsung Charger”i məhz 2 il müddəti olan qızıl zəmanət ultra ilə almış, eyni zamanda, həmin zəmanət üçün müəyyən edilmiş 300 manat məbləğində pulun ödənilməsi barədə də üzərinə öhdəlik götürmüşdür. Bununla da, həmin əşyaları qızıl zəmanət ultra ilə aldığını təsdiq etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə yenidən nisyə-alqı satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh nisyə qaydada “İphone 14 Plus” markalı telefon, “Apple” adapter və Vinil Mat almışdır.
21. Qeyd edilən qızıl zəmanət ultranın şərtlərinə əsasən cavabdeh bir sıra, o cümlədən şərtlərin 5-ci bəndinə əsasən zəmanət müddəti çərçivəsində güzəştli şərtlərlə məhsulu (əmlakı) dəyişmək imkanı əldə etmişdir. Bununla bağlı müəyyən edilmiş prosedura əsasən güzəştli şərtlərlə dəyişdirilmə qaydasında yeni məsul əldə etmək üçün cavabdeh hissəvi satışla (nisyə qaydada) əldə etdiyi məhsulu (əmlakı) iddiaçıya təqdim edir, lakin bu məhsula görə müqavilə üzrə şərtləşdirilmiş ödənişləri davam etdirir. Təqdim edilmiş məhsulun cavabdehin istifadəsində olması müddətindən asılı olaraq, yeni məhsulun dəyərinə faiz etibarı ilə endirim tədbiq edilərək, qalan məbləğ məhsulun dəyəri qismində müəyyən edilməklə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə təqdim edilir.
22. Lakin birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələsinin məhz qızıl zəmanət ultra şərtləri ilə bağlanmasını nəzərə almadan, xx.xx.2023-cü il tarixli müqavilədən irəli gələn öhdəliyin xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilə üzrə müəyyən edilmiş öhdəliklərlə əvəz edilməsi, yəni birinci müqavilə üzrə öhdəliklərin novasiya edilməsi və bununla da həmin müqavilə üzrə cavabdehin iddiaçı qarşısında olan öhdəliklərinə xitam verilməsi qənaətinə gələrək, həmin müqavilə üzrə pulun tutulması hissəsində iddianı rədd etmişdir.
23. Halbuki, hazırki mübahisə üzrə öhdəliklərin əvəzləşdirilməsi (novasiyası) baş verməmiş, cavabdeh qəbul etdiyi qızıl zəmanət ultra şərtləri daxilində əvvəl əldə etdiyi məhsulu 6 ay istifadə etdikdən sonra yenisi ilə dəyişdirilmiş və hər iki müqavilə üzrə öhdəliklərin icrası davam etdirilmişdir. Qeyd edilənlər öz növbəsində ikinci müqavilənin bağlanması ilə birinci müqavilə üzrə öhdəliklərə xitam verilməsini istisna edir.
24. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli nisyə-alqı satqı müqaviləsində əldə edilmiş məhsulun qaytarılmasının mümkünlüyü də təsbit edilmiş və bunun könkret proseduru müəyyən edilmişdir. Belə ki, həmin müqavilənin 3.10-cu bəndinə əsasən cavabdeh iddiaçının razılığı ilə məhsulu geri qaytara bilər. Bu zaman məhsul birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ cavabdehin ümumi borcunsan çıxılır. Lakin tərəflər arasında bu bəndin icrasından irəli gələn hər hansı münasibət yaranmamışdır. Cavabdehin xx.xx.2023cü il tarixli müqavilənin predmeti olan əşyanı 6 ay istifadə etdiyindən sonra iddiaçıya təqdim edilməsi, həmin vaxt, yəni xx.xx.2024-cü il tarixli müqavilənin predmeti olan əşyanı dəyərindən 65% ucuz əldə etməsi, eyni zamanda, birinci müqavilə üzrə ödənişləri davam etməsi (xx.xx.2024-cü il tarixdə 136,24 manat), həmçinin, nə xx.xx.2024-cü il tarixli müqabilə üzrə, nə də ki, hər hansı başqa qaydada tərəflər arasında xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilməsinin razılaşdırılmaması belə qənaətə gəlməyə əsas verir ki, xx.xx.2024-cü il tarixli müqavilə məhz qızıl zəmanət ultranın şərtlərinə uyğun bağlanmışdır. Bu baxımdan cavabdeh hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməlidir.
25. Bununla belə, məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda göstərilən normalarına və xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinə istinadən qeyd edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə qızıl zəmanət ultra ilə cavabdehə nisyə satmışdır. Müqavilədə əşyanın qiyməti, onun qızıl zəmanətlə alındığı, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh müqavilənin predmeti olan əşyanı qəbul etmiş, ondan 6 ay müddətində istifadə etdikdən sonra iddiaçı ilə aralarında razılaşdırılmış qızıl zəmanətin şərtlərinə uyğun olaraq iddiaçıya təhvil verməklə endirimlə yeni əşya qəbul etmiş, lakin bu müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməli olan, lakin ödənilməmiş 1.643,68 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, həmin müqavilə üzrə iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya əsasən cavabdeh ödənişlərin gecikdirilməsinə yol verdiyi halda şərtləşdirilmiş dərəcə ilə cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 164,32 manat cərimə borcunun ödənilməsini tələb edir.
27. Məhkəmə kollegiyası əşyanın dəyərini, habelə aparılmış ödənişlərin və yaranmış borcun məbləğini, o cümlədən xx.xx.2024-cü il tarixli müqavilə üzrə tutulmuş cərimə məbləğini mübahisələndirilmədiyini nəzərə alıb, cərimənin miqdarını tənasübsüz sürətdə yüksək kimi qiymətləndirir və cərimənin məbləğinin azaldılaraq, 10 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
28. Məhkəmə kollegiyası iki müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə ümumilikdə (1.653,68 + 1.209,66 = 2.863,34) manat məbləğində pulun tutulmalı olmasını nəzərə alıb, belə qənaətə gəlir ki, bu məbləğə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun 48,63 manat hissəsinin əvəzi tutulmalı, qalan (53,91 – 48,63 = 5,28) 5,28 manat hissəsi iddiaçının özünə aid edilməlidir.
29. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh 1.643,68 manat əsas, 10 manat cərimə, cəmi 1.653,10 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 48,63 manat hissəsinin əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.
30. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-925/2025 saylı qətnaməsi “xx.xx.2023-cü il tarixli nisyə-alqı satqı müqaviləsi üzrə borcun tutulmasının rədd edilməsi və dövlət rüsumunun əvəzinin tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 1.643,68 (bir min altı yüz qırx üç manat, altmış səkkiz qəpik) manat əsas, 10 (on) manat cərimə, cəmi 1.653,68 (bir min altı yüz əlli üç manat, altmış səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 48,63 (qırx səkkiz manat, altmış üç qəpik) manat hissəsinin əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMCyə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.