Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2726/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, miras əmlaka ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(005)-358/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, miras əmlaka ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 27 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin (X10 ölümündən sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 a saylı evin 69 saylı mənzilinə dair) və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qismən etibarsız hesab edilməsi, həmin ünvanının ½ hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X21 onun anası olmuşdur. Anasının üç övladı vardır: İddiaçı, Cavabdeh, Quliyeva Gülnar. Anası 22 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev 6a yerləşən evin 69 saylı mənzil anasının mülkiyyətində olmuşdur. O, uzun illərdir ki, X7 yaşayır. Anasının vəfatından sonra pandemiya ilə əlaqədar və yol məsafəsinin uzun olması ilə bağlı Azərbaycana gələ bilməmişdir. Lakin yas mərasimi üçün bibisi oğlu Elxan Əsədova 23 dekabr 2020-ci ildə 1500 ABŞ dolları Western Union vasitəsi ilə göndərmişdir. Eyi zamanda miras əmlakın rəsmiləşdirilməsi üçün X6 da olsa zəruri addımlar atmağa çalışmışdır. X1 verdiyi etibarnamə vasitəsi ilə vərəsəlik işlərinin həyata keçirilməsi üçün X20 etibarnamə vermişdir. Sonuncu ASAN xidmətə müraciət etmiş və ona zəruri sənədlərin surətlərinin siyahısı təqdim edilmişdir. Həmin sənədlərin əsas qismi Amerikada onda olduğundan və bir qismi onda olmadığından məsələ uzanmışdır. Nümayəndə təkrarən anasının ölüm haqqında şəhadətnaməsini ASAN xidmətdən 09 aprel 2021-ci ildə almışdır. Digər sənədləri ondan poçt vasitəsi ilə o, X6 göndərmək məcburiyyətində qalmışdır. Həmin sənədlər qaynatasının ünvanına göndərilmiş və yalnız 01 iyul 2021-ci ildə Bakı şəhərinə gəlib çatmışdır. Bununla yanaşı o, iddiaçı olaraq miras əmlakın bir qismini də faktiki olaraq qəbul etmək niyyəti olduğundan anasına məxsus qızıl əşyanı nümayəndə vasitəsi ilə götürmüş və o hal-hazırda ona çatdırılmışdır. Nümayəndəsi zəruri sənədləri yığdıqdan sonra isə məlum olmuşdur ki, cavabdeh artıq 27 saylı Notariat Kontorunda vərəsəliyi açdıraraq tam olaraq əmlakı öz adına rəsmiləşdirmişdir. Həmin notariat işini əldə etdikdən sonra isə məlum olmuşdur ki, cavabdeh onun vərəsə olmağını tamamilə gizlətmiş, notariat işinə kifayyət qədər əsassız sənədlər alıb tikmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(005)- 358/2022 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin edilməmişdir. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını, iddianın təmin olunmalı olmasını, şahidlərin dindirilməsi ilə bağlı vəsatət verilsə də məhkəmənin əsassız olaraq təmin etməməsini və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş uyğun izahat vermiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin bacı-qardaş olması, anaları X11 22 dekabr 2020-ci il tarixdə, ataları X22 isə 18 noyabr 2018-ci il tarixdə vəfat etməsi, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi ev 6a, mənzil 69 ünanda yerləşən daşınmaz əmlakın anaları X11 mülkiyyətində olması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan iddiaçı Cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisində reyetrdə 8İ-1548 № ilə qeyd edilmiş ərizəsindən görünür ki, o, 22 dekabr 2020-ci il tarixdə vəfat etmiş anası X11 adında qalmış miras əmlakları qəbul edir. İşdə olan X12 (tərəflərin bacısı) Bakı şəhəri 27 saylı notariat ofisində reyetrdə 8İ- 1324 № ilə qeyd edilmiş ərizədən görünür ki, o, 22 dekabr 2020-ci il tarixdə vəfat etmiş anası X11 adında qalmış miras əmlakdan bacısı Cavabdeh xeyrinə imtina edir. İşdə olan 29 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X23 Azərbaycan Respublikcisı Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 22 dekabr 2020-ci il tarixdə vəfat etmiş - X11 vərəsəsi: ünvan 2 ünvanında qeydiyyatda olan qızı: Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - DƏDRX BAKİ ŞƏHƏR ƏRAZİ İDARƏSİ tərəfindən 18 yanvar 2012-ci il tarixdə X17 verilmiş **********42-05101-093028 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 41 kv/m. yaşayış sahəsi 41 kv/m, 2 otaqlı olan mənzildən ibarətdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X13 ifadəsində göstərmişdir ki, tərəflər qohumu olmaqla, iddiaçının dayısı qızıdır. X3 adına rəsmiləşdirilmiş əmlak Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev 6a yerləşən evin 69 saylı mənzili qızı Cavabdeh tərəfindən onun öz vəsaii ilə 48000 dollara alınmışdır. İddiaçı 10 ildən çoxdur ki, X7 yaşayır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, tərəflər qohumu olmaqla, iddiaçı onun dayısı qızıdır. Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev 6a yerləşən evin 69 saylı mənzilini iddiaçı öz vəsaiti hesabına 48000 dollara almış, lakin anası X11 adına qeydiyyatdan keçirmişdir. Cavabdeh İddiaçı 10 ildən çoxdur ki ölkədən getmiş və geri qayıtmamışdır. Anasının yas mərasimində də iştirak etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X24 ifadəsində göstərmişdir ki, hazırkı iş üzrə tərəflərin bibisi qızıdır. X3 adına rəsmiləşdirilmiş əmlak qızı Cavabdeh tərəfindən alınmışdır. On ildən çoxdur ki, İddiaçı xaricdə yaşayır. İşin birinci instansiya məhkəməsində müəyyən edilmiş hallarına görə, Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev 6a yerləşən evin 69 saylı mənzil X11 mülkiyyətində olmuş, sonuncu 22 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. X11 vəfatından sonra Cavabdeh adına 29 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda iş materiallarında olan notarial qaydada tərtib edilmiş digər vərəsə X12 ərizəsindən müəyyən edilmişdir ki, o, anası X9 ona qalmış miras əmlakdan bacısı Cavabdeh xeyrinə imtina etmişdir. Hazırda İddiaçı anası X11 vərəsəsi kimi ona da miras əmlakdan pay düşdüyünü iddia edərək, Bakı şəhəri 27 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli vərəsəlik hüququ haqqında (X11 ölümündən sonra Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəmi 6a saylı evin 69 saylı mənzilinə dair) və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat qismən etibarsız hesab edilməsi, iddiaçının həmin ünvanın 1/2 hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı on ildən çoxdur ki, Azərbaycan Respublikasının ərazi hüdudlarını tərk etmiş və hazırda öz iddia ərizəsində də göstərdiyi kimi X7 yaşayır. Anası, mərhum X21 22 dekkabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik işi açılmış və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində Cavabdeh adına vərəsəlik şəhadətnaməsi verilmişdir. İddiaçı isə 26 oktyabr 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, qanunvericiliklə müəyyən edilmiş mirasın qəbulu müddətini ötürmüşdür. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci və 1151.2-ci maddələrinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. MM-nin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. MM-nin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. MM-nin 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. MM-nin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Göründüyü kimi, vərəsənin miras əmlak üzərində hüquqlarının yaranması üçün vərəsə ilk növbədə mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etməlidir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirasın qəbul edilməsi müddəti vərəsəlik institutun vacib aspektlərindən biridir. Mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (“T.Mənsurovun şikayəti üzrə Ali Məhkəmənin 04 oktyabr 2010-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli qərarı). İddia ərizəsindən göründüyü kimi, iddiaçı birinci növbəli qanun üzrə vərəsə kimi, hələ miras qoyanın sağlığında xarici ölkəyə (X19) köçmüş, hazırda da orada yaşayır. Bununla yanaşı, iddiaçı anasının vəfatını dərhal bilmiş, bundan sonra qanunla müəyyən olunmuş müddət ərzində mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmiş, bununla da müddət keçmiş, o, miras əmlaka hüquqlarını itirmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı mürası faktiki qaydada qəbul etməsini bildirməklə, bunu mərhum anasına məxsus bir ədəd qızıl-zinət əşyasının onda olması ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi isə bu halı təkzib etmiş, həmçinin mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməməsini bildirmişdir. Məhkəmə kollegiyası mirasın qanunla müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfindən faktiki qəbul olunması ilə bağlı irəli sürülmüş qeyd edilən dəlillə razılaşmır. Çünki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Konstitusiya Məhkəməsi mirasın faktiki qəbulu ilə bağlı 18 iyul 2014-cü il tarixli qərarında xüsusi olaraq göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bununla yanaşı, iddiaçının dəlillərinə görə o, miras açıldığı vaxtdan etibarən mirasın qəbulu üçün zəruri hərəkətləri yerinə yetirmiş, yəni bu məqsədlə qaynatası X5 vasitəsilə hüquqi xidmətlərin həyata keçirilməsi üçün hüquqşünas (vəkil) X18 etibarnamə vermiş, sonuncu ilə danışıqlar aparmış, sənədlərin toplanması həyata keçirilmişdir. İşdən görünür ki, iddiaçının nümayəndəsi qeyd edilən şəxslərin şahid qismində dindirilməsi üçün birinci instansiya məhkəməsinə vəsatət vermiş, lakin vəsatət təmin olunmamışdır. İddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı eyni vəsatəti təkrarən verərək, həmin şəxslərin dindirilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, apellyasiya icraatı zamanı yeni sübutların qəbulu imkanı qanunla məhdudlaşdırılsa da, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinda həmin sübutların qəbulu baxımından prosessual hərəkətlər etmişdir (vəsatət vermişdir). Məhkəmə kollegiyası iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması və apellyasiya şikayətinin dəlillərinə obyektiv hüquqi qiymət verilməsi üçün vəsatətdə göstərilən şəxslərdən X2 və X14 şahid qismində dindrilməsini mümkün hesab etmişdir. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinin verdiyi vəsatət əsasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, o, iddiaçının qaynatasıdır, iddiaçının anası vəfat etdikdən sonra yas mərasimində iştirak etmiş, dəfndən bir neçə gün sonra iddiaçının bacısı Cavabdeh ona mərhuma məxsus olan qızıl sepi verərək, iddiaçıya çatdırmasını xahiş etmiş, o da həmin qızıl əşyasını bir nəfər şəxs vasitəsilə iddiaçıya göndərmişdir. İddiaçı, mərhumun sağlığında ona neçə dəfə pul göndərmiş, anasının vəfatından sonra da yas mərasimi və baş daşı ilə bağlı maddi köməklik göstərmişdir. Əlavə olaraq bildirir ki, iddiaçı ona hələ 8 il əvvəl etibarnamə vermişdir ki, zərurət olsa burda olan işlərini həll edə bilsin. 2021-ci ilin aprel ayında iddiaçı ona zəng edərək X18 etibarnamə verməsini, həmçinin göndərdiyi sənədləri Nihal xanıma çatdırılmasını xahiş etmişdir. O, sənədlərin nədən ibarət olmasını, hansı məsələnin həlli üçün lazım olmasını, eləcə də vərəsəliklə bağlı problem olub-olmamasını bilməmiş, sadəcə iddiaçının tapşırığı ilə Nihal xanımın adına etibarnamə vermişdir. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinin verdiyi vəsatət əsasında şahid qismində ifadə vermiş X25 ifadəsində göstərmişdir ki, o, Vəkillər Kollegiyasının üzvü olmaqla iddiaçının 2021-ci ilin yanvar ayından başqa işlə bağlı hüquqi yardım nəticəsində tanımışdır. 2021-ci ilin mart ayında iddiaçı ona zəng edərək anasının vəfat etdiyini bildirmiş, vərəsəliklə bağlı köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra, yəni aprel ayında ona etibarnamə verilmiş, ilkin olaraq şifahi qaydada notariusa müraciət etmiş, lakin ona müəyyən sənədlərin təqdim olunması bildirilmiş, bundan sonra sənədlərin toplanması həyata keçirilmiş, iddiaçı bəzi sənədləri yalnız 2021-ci ilin iyul ayında ona göndərmişdir. Sonradan notariusa müraciət etsə də, məlum olmuşdur ki, artıq miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, şahidlərin də ifadələrindən aydın olur ki, iddiaçı ilk dəfə X1 nümayəndə kimi X18 etibarnamə verilməsini tapşıran vaxtı (yəni, 2021-ci ilin aprel ayı) artıq mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulmuş 3 aylıq müddət keçmişdir. Bununla yanaşı, nümayəndə tərəfindən də mirasın qəbulu ilə bağlı dərhal notariat orqanına rəsmi qaydada müraciət olunmamışdır (şahid ifadəsində notariusa şifahi qaydada müraciət etməsini bildirsə də, bu istiqamətdə də hər hansı sübut təqdim olunmamışdır). Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, miras əmlak iddiaçı tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada qəbul olunmadığından və müddət ötürüldüyündən iddiaçının iddia tələbi təmin oluna bilməz (iddia miras əmlakın qəbulu hissədə əsassız olduğundan, sonrakı tələblər hissədə də təmin oluna bilməz). Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, maddi hüquq normaları baxımından qanuni və əsaslı qətnamə qəbul etmişdir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, miras əmlaka ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(005)-358/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(005)- 358/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2726/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2726/2022
10.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver