Məhkəmə qərarları › İş №2(103)-2726/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2726/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2726/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Vüqar Axundovun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-545/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 35a-da yerləşən 21 və 22 nömrəli mənzillər iddiaçının mülkiyyətindədir. 2.Cavabdeh həmin mənzillərdə elektrik enerjisindən istifadə ilə bağlı iki akt tərtib edib. 3.Birinci aktda, yəni xx.xx.2024-cü il tarixli R354820 nömrəli aktda (ünvan: Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 35a, mənzil 22; abonent kodu: **********A0022; istehlakçı: İddiaçı oğlu) qeyd olunub ki, “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq tenderləşmə zamanı sayğacda şunt aşkar olunmuşdur, axan yük ampermaşa vasitəsilə ölçüldü: İ=1,8A (iş v. 43). 4.İkinci aktda, yəni xx.xx.2024-cü il tarixli R354821 nömrəli aktda (ünvan: Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 35a, mənzil 21; abonent kodu: **********A0021; istehlakçı: X2) qeyd olunub ki, “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq tenderləşmə zamanı sayğacda şunt aşkar olunmuşdur, axan yük ampermaşa ilə ölçüldü: İ=0,0A (iş v. 41). 5.Bundan sonra, elektrik sayğaclarının laborator yoxlaması həyata keçirilib. Yoxlamanın nəticəsində tərtib olunan xx.xx.2024-cü il tarixli DYM012/1 və və DYM012/2 nömrəli protokollarda qeyd olunub ki, sayğacın qrifinin arxa hissəsindən faza xəttinə şunt vasitəsilə müdaxilə olunub, bu səbəbdən sayğac xəta faizləri ilə az sərfiyyat hesablayır (iş v. 44, 47) 6.Cavabdeh istehlakçıya birinci akt üzrə 864,89 manat, ikinci akt üzrə 576,55 manat borc hesablayıb. Birinci instansiya məhkəməsində icraat 7.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, elektrik enerjisindən istifadə ilə bağlı xx.xx.2024-cü il tarixli R354820 nömrəli akta əsasən hesablanmış 864,89 manat borc və xx.xx.2024-cü il tarixli R354821 nömrəli akta əsasən hesablanmış 576,55 manat borc silinsin. 8.Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, xx.xx.2024-cü il tarixli R354820 nömrəli akta əsasən abonent kodu **********A0022 olan İddiaçı adına hesablanmış 864,89 manat borc və xx.xx.2024-cü il tarixli R354821 nömrəli akta əsasən abonent kodu **********A0021 olan X1 adına hesablanmış 576,55 manat borc silinsin. 9.Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 10.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. 11.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vüqar Axundov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 12.Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 13.İstehlakçının sayağaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur. AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndində qeyd olunub: “Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır”. Həmin sayğaclar pilləkən meydançasında yerləşir. 14.Bundan başqa, “Elektroenergetika haqqında” AR Qanununun 19.16-cı maddəsində qeyd olunub: “Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir”. 15.Həmin maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” deyiləndə AR Energetika Nazirliyi nəzərdə tutulur. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində elektrik enerjisinin talanması və ya ondan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən olunub. Bu inzibati xəta haqqında işə baxmaq səlahiyyəti Energetika Nazirliyinə aiddir. 16.AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsindən görünür ki, delikt – təqsirli əməldir. Lakin sayğaca müdaxilədə istehlakçının təqsiri qanunda göstərilən qaydada müəyyən edilməyib. Buna səbəb isə "xxxx" ASC-nin qanunvericiliyin tələbinə, yəni “Elektroenergetika haqqında” AR Qanununun 19.16-cı maddəsinin göstərişinə əməl etməməsi olub. Bu maddədən görünür ki, istehlakçının təqsirli olması Energetika Nazirliyinin müvafiq qurumunun və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Yəni zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması şərti kimi əvvəlcə təqsirin məhz həmin qanunda göstərilən qaydada müəyyən edilməsi tələb olunub. 17.İstehlakçının mənzilinə aid sayğaca müdaxilə faktı öz-özlüyündə istehlakçının təqsirli olduğunun müəyyən edilməsi üçün kifayət deyil. X4 Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası müəyyən edilib. Həmin müdaxilə başqası tərəfindən də edilə bilər və s. Odur ki, sayğaca müdaxilədə təqsirli şəxs müəyyən olunmalıdır. 18.Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 19.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-545/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar