Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2727/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Elxan Əlitahirlinin və Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasındakı fərdi yaşayış evinin və hasarın sökülməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsindən iddiaçı Neft Kəmərləri İdarəsinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 114.3-cü km-də neft kəmərindən təqribən 40 km aralı məsafədə, 39T 397048 ******* kordinatlar üzrə neft kəmərinin mühafizə zonasında, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Motodrom yaşayış sahəsi ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikilisi cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Elxan Əlitahirli apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Həmin evdə cavabdehlə birlikdə yaşayan ailə üzvü (arvadı) X1 apellyasiya icraatı zamanı cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışdır. O, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Neft kəməri iddiaçının balansındadır, hal-hazırda istismar olunur, cavabdehə aid olan tikili (fərdi yaşayış evi) neft kəmərinin mühafizə zonasında yerləşir. Belə ki, mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 50 metrdir, ev isə boru kəmərindən 40 metr məsafədə yerləşir. Bu fakt iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertizanın xx.xx.2022-ci il tarixli 10/4695 nömrəli rəyi ilə müəyyən olunub. Ev özbaşına tikinti obyektidir, müvafiq icazə alınmadan inşa olunub, evə və evin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin adına hüquqmüəyyənedici sənəd yoxdur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin xx.xx.2002-ci il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın və Mülki Məcəllənin 180.4-cü maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçı həmin tikilinin sökülməsini tələb etmək hüququna malikdir. Neft kəmərinin mühafizə zonasında inşa edilmiş evdə yaşayış insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Birinci instansiya məhkəməsinin istinad etdiyi Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri o halda tətbiq oluna bilər ki, insan həyatı və sağlamlığı üçün təhlükə olmasın. Çünki həmin presedentlərlə qorunan mənafe insan həyatı və sağlamlığından üstün deyil. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Binəqədi rayonu, Xocasən qəsəbəsi, “Motodrom” yaşayış sahəsində, Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşən, Cavabdeh aid olan fərdi yaşayış evi və hasar tikilisi Cavabdeh hesabına sökülərək neft kəmərinin mühafizə zonasından çıxarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2727/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2727/2023
12.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver