Məhkəmə qərarları › İş №2(103)-273/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-273/2025

06.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-273/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı iş üzrə ( Açar sözlər: özbaşına tikilinin sökülməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı Şirkətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı şirkətinin Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması” tələbinə dair iddiası üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 2191/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Keçmiş Kirov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 13/269 saylı qərarı əsasında 600 kv.m torpaq sahəsi Cavabdeh ayrılmış və həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən sözügedən torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmişdir.

2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X7.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş bağlanmış, həmin Saziş Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901- İİQ №-li Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. AZEN X7.Vi., ARDNŞ-nin Ortaq Neft Şirkəti və İddiaçı Şirkətinin (iddiaçının) arasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blok üzrə birgə əməliyyat sazişi bağlanmış, iddiaçı əməliyyatçı təyin edilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə cavabdeh tərəfindən inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olması ilə bağlı məlumatın verilməsi sorğu edilmiş, alınmış xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi (Binəqədi Oyl) olmaqla dövlət mülkiyyəti torpağıdır.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində (1. 399510.062 ********.438; 2. 399484.450 4480541.529; 3. 399490.483 4480560.897; 4. 399515.671 4480553.277 koordinatları daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını ciddi surətdə pozaraq kontrakt sahəsində özbaşına tikinti işləri aparmışdır. İddiaçı əməliyyat şirkəti qismində fəaliyyət göstərir, ona kontrakt sahəsində neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Buna görə də kontrakt sahəsində tikinti işlərinin aparılması isə iddiaçının hüquqlarını pozur.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 2191/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 2191/2024 nömrəli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia təmin edilmiş, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 399510.062 ********.438; 2. 399484.450 4480541.529; 3. 399490.483 4480560.897; 4. 399515.671 4480553.277 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin Cavabdeh hesabına sökülməsi və tikilinin yerləşdiyi ərazinin boşaldılaraq İddiaçı Şirkətinə qaytarılması, qətnamənin bu hissədə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan tikili dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

9. Həmçinin, Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxmaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X7.Vi. və ARDNŞ-nın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş 15 may 2005- ci il tarixdə qanuni qüvvəyə minmişdir. Sözügedən Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdə Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 139.1, 139-1.1.1, 139.3, 159, 180.1, 180.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə, nsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına qarşı” iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1, 217.4, 220.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan 600 kv.m torpaq sahəsi keçmiş Kirov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 13/269 saylı qərarı əsasında ona ayrılmış və həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Yəni, iddiaçının sökülməsini tələb etdiyi tikili özbaşına tikili deyil, səlahiyyətli dövlət orqanı tərəfindən ayrılmış torpaq sahəsində inşa edilmiş tikilidir. Həmin tikili dövlət qurumları tərəfindən bütün kommunal (qaz, su, işıq və s) xidmətlərlə təmin edilmiş, evdə yaşayan şəxslər Binəqədi rayon Polis İdarəsi tərəfindən pasport qeydiyyatına alınmışlar. İndiki dövrdə rayon icra hakimiyyəti, qəsəbə nümayəndəlikləri, polis idarələri, bələdiyyələrin, memarlıq və şəhərsalma idarələrinin nəzarəti olmadan özbaşına tikili inşa etmək olmur. Dövlət mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin hüquqi rejimi müəyyən edilməmişdir. Halbuki, qeyd olunan sahədə çoxlu sayda yaşayış evləri mövcuddur, küçə salınmış, yaşayış evləri kommunal xidmətlərlə təmin edilmişdir. Yaşayış evlərinin daxilində neft quyusunun mövcudluğundan söhbət gedə bilməz. Əgər, həqiqətən də ərazidə neft quyusu qazılmasına zərurtə varsa, bu zaman ərazidə mövcud olan bütün yaşayış evləri dövlət tərəfindən kompensasiya verilməklə köçürülməlidir. O, hər hansı formada torpaq sahəsini özbaşına zəbt etməmişdir. Ona səlahiyyətli dövlət orqanı tərəfindən həmin torpaq sahəsi yaşayış evinin tikintisi məqsədilə verilib, həmin torpaq sahəsində 1992-ci ildə yaşayış evi inşa etmiş, həmin vaxtdan 34 ildir ki, orada fərdi yaşayış evi tikməklə yaşayır. 2005-ci ildə bağlanılmış saziş əsasında iddiaçı təşkilat həmin əraziyə gələndə görürdü ki, burada çoxlu sayda yaşayış evləri mövcuddur və bu sahədə neft quyusu qazılması mümkün deyil. Məhkəmə ən azından torpaq sahəsinə baxış keçirsəydi, müəyyən edərdi ki, ərazi başdanbaşa yaşayış evləri ilə əhatə olunub, küçə salınıb, ən azından onun evində azı 4 nəfər pasport qeydiyyatındadır. Yaşayış evi necə qanunsuz tikili hesab olunur ki, bu tikiliyə “Socar”ın qurumu olan “Azərqaz” İB tərəfindən qaz xətti çəkilib, digər dövlət qurumları, yəni “Azərişıq” tərəfindən işıq xətti, "xxxx" ASC tərəfindən su xətti çəkilib. Hansı qanunsuzluq var ki, məhkəmə evini sökməklə torpaq sahəsini şirkətə verməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

20. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiya sı 1 saylı Protokolunun 1-ci maddəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdi r.Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplə ri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.

25. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin “cavabdeh tərəfindən inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olması ilə bağlı məlumatın verilməsi” barədə sorğuya xx.xx.2024cü il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, “vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi (Binəqədi Oyl) olmaqla dövlət mülkiyyəti torpağıdır.

26. Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9111 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-1023/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsinə vizual olaraq baxış keçirildi. Torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. (Binəqədi Oil). Sahədən 38-84 metr məsafələrdə fəaliyyətdə olan və çoxlu sayda fəaliyyətsiz neft quyuları məlumatları mövcuddur.

27. Lakin cavabdeh mübahisəli 600 kv.m torpaq sahəsinin keçmiş Kirov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 13/269 saylı qərarı əsasında ona ayrıldığını və həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verildiyini bildirmişdir.

28. Bundan sonra, Kollegiyanın xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2835 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, keçmiş Kirov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 13/269 saylı qərarı ilə cavabdehə ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşmə sxemində qeyd olunan koordinat (x= 399501.82, y= 4480546.27) cavabdehin faktiki istifadəsində olan 545 m2 torpaq sahəsinin daxilində yerləşir.

29. Göründüyü kimi, mübahisəli torpaq sahəsi icra hakimiyyəti (keçmiş xalq deputatları soveti) tərəfindən 1990-cı ildə Cavabdeh ayrılmış və həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Deməli, mübahisəli torpaq sahəsi cavabdehin qanunsuz istifadəsində olmamış və orada buna lazımi icazələr almadan fərdi yaşayış evi inşa edilməmişdir. Eyni zamanda, həmin ünvan kommunal xidmətlərlə təchiz olunmuşdur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.

31. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququ-na istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlak-ları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya tə-minatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlə-dən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözlən-tilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər.

32. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olun-masına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır.

33. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

34. 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.

35. Məhkəmə kollegiyası qeyd edir ki, “X1 Azərbaycana qarşı” şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).”

36. İşdə olan fotoşəkillərdən və xəritələrdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında fərdi yaşayış evləri inşa edilmiş, küçələr salınmış, nizamnamə kapitalları Dövlətə məxsus təşkilatlar tərəfindən kommunal xidmətlərin göstərilməsi üçün xəttlər çəkilmişdir.

37. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsindən cavabdehin çıxarılması, onun üzərində inşa edilmiş tikilinin sökülməsi yalnız ona kompensasiya ödənilməklə həyata keçirilə bilər.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 2191/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı şirkətinin Cavabdeh qarşı özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat məbləğində vəsait İddiaçı Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar