Məhkəmə qərarları › İş №2(103)-2731/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2731/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2731/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Mülkiyyətmilərinin Müştərək Cəmiyyətinə qarşı “müəyyən hərəkətlərin qadağan edilməsi və pul tələbi barədə” ilk, cavabdehin iddiaçıya qarşı “göstərilmiş xidmətlərin əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 fevral 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil1, cavabdehin – qarşılıqlı iddia üzrə iddiaçının vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İddiaçı Cavabdeh MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMMC tərəfindən onun ünvan 2, bina № 2-də yerləşən 4 otaqlı 34 saylı mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsinə mane olan hərəkətlərə - həmin mənzilə xidmət edən elektrik, isitmə, su və qaz kimi kommunal xidmətlərdən istifadə etməyə, liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla istifadə etməyə yönələn qanunsuz hərəkətlərə son qoyulması, MMMC-nin rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə, yəni “Kirayə müqaviləsi” bağlanması üçün ödədiyi 38 manat, həmin müqavilənin ləğv edilməsi üçün əlavə olaraq ödədiyi 50 manat, məhkəmə xərcləri üçün ödədiyi 160 manat, əldən çıxmış fayda olaraq aylıq kirayə haqqının – 1.400 manat məbləğində pulun məhkəmə qərarı icra olunana qədər hesablanaraq MMMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən və iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binaya idarəçiliyi və binaya xidməti iş üzrə cavabdeh MMMC həyata keçirir. İddiaçı, mənzilini X1 vermək üçün xx.xx.2022-ci il tarixdə sonuncu ilə notarial qaydada “Kirayə müqaviləsi” bağlamışdır (38 manat dövlət rüsumu ödəməklə). Onlar razılaşmışlar ki, Kənan Qurbanlı kirayə haqqı olaraq iddiaçıya ayda 1.400 manat ödəyəcək. Kənan Qurbanlı iddiaçıya 3 aylıq kirayə haqqı olaraq 4.200 manatı əvvəlcədən ödəmişdir. Bundan sonra MMMC mənzilin su və işıq təchizatı, sonradan isə istilik təchizatını qanunsuz olaraq dayandırmış, liftdən istifadəyə maneələr yaratmışdır. Bu səbəbdən də, Kənan Qurbanlı mənzilin kirayəsində imtina etmiş və “Kirayə müqaviləsinin” ləğvini tələb etmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq bu tələb ilə razılaşmış və xx.xx.2022-ci il tarixdə onlar “Kirayə müqaviləsinin ləğvi barədə” notarial qaydada yeni müqavilə bağlamış (50 manat dövlət rüsumu ödəməklə), iddiaçı, aldığı 3 aylıq kirayə haqqını Kənan Qurbanlıya qaytarmışdır.

3. Cavabdeh MMMC iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilərək MMMC tərəfindən iddiaçıya göstərilmiş xidmətlərin əvəzinin ödənilməsi məqsədi ilə 6.190 manat məbləğində pulun iddiaçıdan tutularaq MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, MMMC, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ünvan 2də yerləşən 2 saylı binanın idarəçiliyini həyata keçirir. MMMC-nin üzvlərinin xx.xx.2022-ci il tarixdə keçirtdikləri ümumi yığıncağının qərarı ilə çoxmənzilli binanın idarə edilməsi ilə əlaqədar kommunal xidmətlərin məbləğləri müəyyənləşdirilmişdir (xx.xx.2022-ci il tarixli, 01 saylı protokol). İddiaçıya məxsus olan və iddia ərizəsində qeyd edilən mənzil həmin binada yerləşir. Binanı inşa etmiş MTK ilə iddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, həmin müqavilə mənzil mülkiyyətçisi (iddiaçı) ilə çoxmənzilli binanın idarəedici təşkilatı (MMMC) arasında yaranan və Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən irəli gələn münasibətlər tənzimləyir. Müqavilənin şərtlərinə görə müəyyən edilmişdir ki, iddiaçı, ona məxsus mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq kommunal xidmətlərin dəyərini MMMC-yə ödəməlidir (bənd 4.). Kommunal xidmətlərin xərclərini vaxtında ödəməyən mənzil və qaraj sahiblərinə heç bir xidmət göstərilməyəcək və ona qarşı müvafiq tədbirlər görüləcəkdir (bənd 5.). Bu müqavilənin şərtləri mənzil icarəyə verildikdə də qüvvədə qalır (bənd 6.). Buna baxmayaraq, iddiaçı, yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal, o cümlədən istilik təchizatının təmin olunması üçün çəkilən xərclərdə onun ümumi mülkiyyətdə olan payına (4 otaqlı mənzilinə) mütənasib olaraq iştirak etməyə borclu olduğu halda, kommunal xidmətlərdə, o cümlədən istilik təchizatının təmin edilməsi xərclərində iştirak etməmiş, bu səbəbdən onun MMMC-yə 2020-ci il üzrə 1.750 manat, 2021-ci il üzrə 2.100 manat, 2022-ci il üzrə 2.340 manat, ümumilikdə isə 6.190 manat məbləğində borcu yaranmışdır. MMMC, həmin borcun ödənilməsini iddiaçıdan həm yazılı, həm şifahi qaydada dəfələrlə tələb etsə də, iddiaçı, borcunu ödəməmişdir. b) iddialara qarşı verilmiş yazılı etirazlar barədə məlumat

5. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) MMMC-nin nümayəndəsi ilk iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, ilk iddia əsassızıdır. Belə ki, iddiaçı, MMMC-nin üzvlərinin xx.xx.2022-ci il tarixdə keçirtdikləri ümumi yığıncağının qərarının və onunla MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə əməl etməmiş, özünə məxsus 4 otaqlı mənzildə istifadə olunmuş istilik təchizatının dəyərini MMMC-yə ödəməmişdir. Bu səbəbdən iddiaçının MMMC-yə 2020-ci il üzrə 1.750 manat, 2021-ci il üzrə 2.100 manat, 2022-ci il üzrə 2.340 manat, ümumilikdə isə 6.190 manat məbləğində borcu yaranmışdır. MMMC, həmin borcun ödənilməsini iddiaçıdan həm yazılı, həm şifahi qaydada dəfələrlə tələb etsə də, iddiaçı, borcunu ödəməmişdir. Göstərilənləri nəzərə almış MMMC, iddiaçının mənzilinin istilik təchizatını dayandırmışdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən MMMC-yə qarşı əvvəllər də, bu kimi iddia irəli sürülmüş, lakin iddiaçı, ona məxsus mənzilin işıq, qaz və s. təchizatının dayandırıldığına əsaslansa da bu halları sübuta yetirə bilmədiyindən əvvəlki iddia tələbini geri götürmüş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4903/2022 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər ilə geri qaytarılmışdır. Nəzərə alınmalıdır ki, qaz, su, işıq aidiyyəti qurumlar ("xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İstehsalat Birliyi) ilə bağlanmış abunə müqaviləsi ilə istehsalçıya təchiz edilir və istehlakçı tərəfindən sözügedən kommunal xidmətlərin dəyəri bilavasitə müvafiq qurumlara ödənilir. Bunların heç birinin MMMC-yə aidiyyəti yoxdur. Qeyd edilənlərə əsasən MMMC hesab edir ki, ilk iddia rədd olunmalıdır.

6. İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili (nümayəndəsi) qarşılıqlı iddiaya qarşı etiraz verərək bildirmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Belə ki, cavabdeh MMMC heç bir qanuni əsas olmadan iddiaçıdan kommunal və s. xərclərin ödənilməsi tələb edir. Halbuki, iddiaçı ilə MMMC arasında hər hansı müqavilə bağlanmamış, iddiaçı ümumi yığıncağın iclasına çağırılmamış, həmin yığıncaqda baxılmalı olan məsələlər iddiaçı ilə razılaşdırılmamışdır. Buna görə də, qarşılıqlı iddia rədd olunmalıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixli qətnamə ilə ilk iddia tələbinin rədd edilməsini, ilkin iddia üzrə ödənilmiş 150 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçının özünə aid edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, cavabdeh MMMC tərəfindən iddiaçıya göstərilmiş kommunal xidmətlərin əvəzinin ödənilməsi məqsədi ilə 6.190 manat, qarşılıqlı iddianın verilməsi üçün MMMC tərəfindən ödənilmiş dövlət rüsumunun - 81,9 manat məbləğində pulun iddiaçıdan cavabdeh MMMC-nin xeyrinə tutulmasını qət edilmişdir.

8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 385.1; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.10, 6.0.11, 29.3, 45.5, 122.1.3, 122.3, 135.1, 135.2, 137.1, 137.4, 137.6, 137.9; Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 80, 88, 119, 218.1, 218.3; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarına istinadən onunla əsaslandırmışdır ki, ilk iddia ona görə əsassız hesab edilməlidir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İlk iddia üzrə iddiaçı cavabdeh MMMC tərəfindən ona məxsus mənzil üzərində mülkiyyət və sair hüquqlarını həyata keçirməsinə mane olan hərəkətlərə yol verdiyini, həmin mənzilə xidmət edən elektrik, isitmə, su və qaz kimi kommunal xidmətlərdən istifadə etməsinə qanunsuz olaraq maneələr yaratdığını, məhkəmə baxışı zamanı belə hallar müəyyən edilməmiş, bu halları təsdiq edə biləcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İlk iddia üzrə iddiaçı mülkiyyətində olan mənzilə su və işıq təchizatının MMMC tərəfindən dayandırıldığını bildirsə də, mənzilə su, qaz və işıq təchizatı aidiyyəti qurumlarla ("xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İstehsalat Birliyi) bağlanmalı olan müvafiq müqavilələr ilə təmin edilir və sözügedən kommunal xidmətlərin dəyəri bilavasitə müvafiq qurumlara ödənilir. Bunların heç birinin MMMC-yə aidiyyəti yoxdur. Çünki iddiaçıya məxsus mənzilin su, qaz və işıq təchizatının dayandırılması məhz həmin qurumlar tərəfindən həyata keçirilir. İddiaçıya məxsus mənzilin istilik təchizatı isə məhz cavabdeh MMMC-yə aiddir. Amma işin hallarından müəyyən edilir ki, iddiaçının cavabdeh MMMC-yə istilik təchizatına görə 2020-ci il üzrə 1.750 manat, 2021-ci il üzrə 2.100 manat, 2022-ci il üzrə 2.340 manat, ümumilikdə isə 6.190 manat məbləğində borcu yaranmışdır. İddiaçı, onunla MMMC arasında istilik təchizatı ilə bağlı müqavilənin bağlanmadığını bildirir. Amma iş materiallarından görünür ki, belə bir müqavilə xx.xx.2017ci il tarixdə bağlanmışdır. Göründüyü kimi, cavabdeh MMMC iddiaçıya qarşı hər hansı qanunazidd hərəkət etməmişdir. Buna görə də, ilk iddia tam həcmdə rədd edilməlidir. Qarşılıqlı iddia tələbinin əsaslı olması barədə mövqeyini Rayon Məhkəməsi onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, sahə mülkiyyətçisi ilə çoxmənzilli binanın idarəedici təşkilatı arasında yaranan Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən irəli gələn münasibətlər tənzimlənmişdir. Həmin müqavilədə qeyd olunmuşdur ki, sahə mülkiyyətçisi ona məxsus mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq kommunal xidmətlərin dəyərini ödəməlidir, kommunal xidmətlərin xərclərini vaxtında ödəməyən mənzil və qaraj sahiblərinə heç bir xidmət göstərilməyəcək və ona qarşı müvafiq tədbirlər görüləcəkdir, bu müqavilənin şərtləri mənzil icarəyə verildikdə də qüvvədə qalır. Müqavilə hazırki iş üzrə cavabdeh MMMC ilə deyil, binanı inşa etmiş "xxxx" MTK ilə bağlanılsa da, iş materialları ilə müəyyən edilir ki, cavabdeh MMMC xx.xx.2017-ci il tarixdən dövlət qeydiyyatından keçməklə binanın idarəçiliyi ilə bağlı fəaliyyət göstərməyə başlamış, iddiaçı isə müqavilə üzrə nəzərdə tutulmuş (4 otağlı mənzilə görə) 175 manat məbləğində kommunal xərcləri həmin tarixdən 2020-ci ilədək mübahisələndirmədən cavabdeh MMMC-yə ödəmiş, daha sonra isə ödənişlərini dayandırmışdır. Nəticədə, iddiaçının MMMC-yə 2020-ci il üzrə 1.750 manat, 2021-ci il üzrə 2.100 manat, 2022-ci il üzrə 2.340 manat, ümumilikdə isə 6.190 manat məbləğində borcu yaranmışdır. İddiaçı ilə cavabdeh MMMC arasında mənzilin kommunal xidmətlərinin ödənilməsinə görə bir başa müqavilə bağlanmasa da və iddiaçı, çoxmənzilli binanın sahə mülkiyyətçisi olan iddiaçı, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmasa belə bu hallar onu, ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Buna görə də, qarşılıqlı iddia tam həcmdə təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

9. İş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Əsaları ilk iddia ərizəsinin habelə “qarşılıqlı iddiaya etiraz”ın əsaslarına uyğun olan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi nəzərə almamışdır, iddiaçı tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin görülməsi barədə” ərizənin təmin edilməsi barədə məhkəmənin qəbul etdiyi qərardad icra olunduqdan sonra mənzilə istiliyin verilməsi bərpa edilmişdir. Borcun ödənilməsi barədə MMMC-nin xəbərdarlıq məktubu isə həmin qərardad qəbul eildikdən sonra iddiaçıya göndərilmişdir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, cavabdeh MMMC-nin rəhbərliyi iddiaçıya məxsus mənzilə dair iddiaçı ilə Kənan Qurbanlı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Kirayə müqaviləsindən” və Kənan Qurbanlı tərəfindən əvvəlcədən ödəniş edilməsində xəbər tutdan dərhal sonra iddiaçının mənzilinə suyun və elektrik enerjisinin verilməsini dayandırmışdır. İddiaçı bu barədə "xxxx" ASC-nin 199 qaynar xəttinə məlumat vermiş, lakin oradan iddiaçıya məlumat verilmişdir ki, onlar elektrik enerjisinin verilməsini dayandırmamışlar və iddiaçı tərəfindən verilmiş məlumatı yoxlamaq üçün binaya əməkdaşlarını göndəriləcəkdir. Daha sonra "xxxx" ASC tərəfindən iddiaçıya məlumat verilmişdir ki, MMMC-nin sədri Nazim Ələkbərov "xxxx" ASC-nin əməkdaşlarını binaya buraxmamışlar. Yalnız bundan sonra iddiaçı “müvəqqəti təminat tədbirinin görülməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək binanı inşa etmiş "xxxx" MTK tərəfindən ona məxsus mənzilə suyun və elektrik enerjisinin verilməsinin bərpa edilməsi və bu cür qanunsuz hərəkətlərin "xxxx" MTK-ya qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və icra olunması üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Qərardad icra olunmağa göndərildikdən sonra "xxxx" MTK xx.xx.2022-ci il tarixli məktub ilə İcra Şöbəsinə müraciət edərək MTK-nın xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə qədər fəaliyyətinin dayandırdığını bildirmişdir. Bundan sonra bəlli olmuşdur ki, binanın idarəetməsi hazırki iş üzrə cavabdeh olan MMMC tərəfindən həyata keçirilir. Bunu nəzərə almış iddiaçı, bundan sonra “müvəqqəti təminat tədbirinin görülməsi barədə” yeni ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək binanın idarəçiliyin həyata keçirən MMMC tərəfindən ona məxsus mənzilə suyun və elektrik enerjisinin verilməsinin bərpa edilməsi və bu cür qanunsuz hərəkətlərin MMMC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və icra olunması üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş, MMMC də, xx.xx.2022-ci il tarixli məktubla İcra Şöbəsinə bildirmişdir ki, icra sənədi MMMC tərəfindən icra edilmişdir. Bundan sonra MMMC suyun və elektrik enerjisinin verilməsini bərpa etsə də mənzilinə istilik təchizatını dayandırmışdır. Bu səbəbdən də iddiaçı məcburiyyət qarşısıdna qalaraq daha bir “müvəqqəti təminat tədbirinin görülməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək binanın idarəçiliyin həyata keçirən MMMC tərəfindən ona məxsus mənzilin istilik təchizatının bərpa edilməsi və bu cür qanunsuz hərəkətlərin MMMC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və icra olunması üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş, MMMC də, xx.xx.2022-ci il tarixli məktubla İcra Şöbəsinə bildirmişdir ki, icra sənədi MMMC tərəfindən icra edilmişdir. Bütün bunlar isə bir daha sübut edir ki, cavabdeh MMMC, iddiaçıya münasibətdə qərəzli mövqe tutmuşdur. MMMC-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçı ilə Kənan Qurbanlı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Kirayə müqaviləsi” ləğv edilmiş və iddiaçıya maddi zərər dəymişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

11. Apellyasiya baxışı zamanı iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin və “qarşılıqlı iddiaya etiraz”ın məzmununa uyğun izahat verdilər.

12. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, tərəflər arasında heç bir müqavilə olmadığı halda MMMC tərəfindən hər 1 kv.m üçün nə qədər və hansı kv.m üçün hesablandığı göstərilmədən iddiaçıya 6.190 manat məbləğində borc hesablanıb. Halbuki, Bakı şəhərində eyni kateqoriyadan olan binalarda mənzillərin hər bir kv.m üçün 0,2 - 0,4 manat hesablanır. İddiaçıya məxsus mənzilin sahəsi “Reyestrdə çıxarışda” 186 kv.m göstərilib. Belə olan halda qeyd edilən ölçüdə olan sahə üçün hesablanmalı 2020-ci ilin üçünü ayından 2022-ci ilin 12-ci ayına kimi 34 ay mənzil haqqı ödəmiş və həmin dövrdə mənzildə yaşayış olmamışdır. 186 kv.m x 0,30 manat = 57 manat; 57 manat x 34 ay = 1.940 manat. Heç bir müqavilənin olmadığı həmin dövrdə bir gündə olsa yaşayış olmadığı halda 1.940 manat borc hesablanmasına etirazı yoxdur. Binada isti və soyuq su üçün sayğaclar quraşdırılıb. "xxxx" ASC ilə müqaviləni sakinlər bağlayır və sərfiyata görə ödənişi sakinlər ödəyir. Yaşayış olmadığı halda MMMC tərəfindən isti və soyuq su ventilləri bağlanılır. MMMC binanın saxlanılması və cari təmiri üçün sakinlərdən kommunal pullar yığdığını iddia edir. Halbuki, il ərzində yığılan pullar dəfələrlə çoxdur. Həmin həyətdə 23 mərtəbəli 3 bina var və üç binaya qazanxanalar istilik verir. Üç binada 276 mənzil və qeyri-yaşayış sahələrinə həmin qazanxanadan istilik və su verilir. 138 üç otaqlı, 138 dörd otaqlı mənzil var. 138 (3 otaq) x165=22.770 manat, 138 (4 otaq) x 195 manat = 26.910 manat; cəmi 49.680 manat minimum 7.000-8.000 manat qeyri-yaşayış sahələri ayda minimum 55.000 manat pul yığılır. İldə 660.000 manat edir. Halbuki, Bakı şəhərində "xxxx" MMC 15 noyabrdan 15 aprelə qədər mənzillərin hər bir kv.m üçün 0,15 manat pul yığılır. Burdan aydın olur ki, MMMC-nin sədri Nazim Əkbərov hər ay sakinlərə külli miqdarda ziyan vurmaqla il ərzində 100.000 manatlarla haqsız qazanc əldə edir. Nazim Əkbərov tərəfindən işığın və suyun istifadəsinə qoyulmuş məhdudiyyət səbəbindən kirayəçilər bağladığı kirayə müqaviləsinə xitam verdi. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək 4 ayda hər ayı 1.400 manat olmaqla 5.600 manat, 50 manata notariusda bağlanmış müqaviləyə görə 38 manat müqavilənin ləğvinə, 160 və 80 manat məhkəmə xərcləri olmaqla cəmi 5.928 manat cavabdeh MMMC tərəfindən iddiaçıya maddi ziyan vurulub. Həmin zərər MMMC alınıb iddiaçıya ödənilməldir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə göstərmişdir ki, MMMC tərəfindən işığın, suyun və istiliyin istifadəsinə qanunsuz məhdudiyyətə dair heç bir sübut yoxdur. Ancaq işığın, suyun və istiliyin verilməsinə dair məhkəməyə müraciəti məhkəmə tərəfindən icra şöbəsinə göndərilən məktublar yetərincə sübutlar olduğunu göstərir. Bundan başqa elektrik enerjisinin verilməsinin məhdudlaşdırıldığı dövrdə "xxxx" ASC-nin 199 çağrı mərkəzinə müraciət edilmişdir. "xxxx" ASC-yə verilmiş sorğuya cavab məktubunda bu öz təsdiqini tapmışdır.

12. Cavabdeh MMMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddiaçının liftdən istifadə etməsinə hər hansı maneə yaradılmamış, iddiaçı, digər sakinlər kimi liftdən sərbəst istifadə edir. Liftdə nasazlıq olduğu üçün iddiaçı cəmi bir dəfə liftdən istifadə edə bilməmiş, lakin nasazlıq elə MMMCnin işçiləri tərəfindən qısa müddətdə aradan qaldırılmışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni ilk iddiada ifadə edilmiş “liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla istifadəyə yaradılan maneələrə son qoyulması barədə” tələbin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, həmin tələbin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX1001382 seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 615-ci məhəllə 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv.m, 34 saylı mənzildə, yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi 4, M11, m2 İddiaçı mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

15. “Günəş MTK” ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kooperativ binada ümumi təsərrüfat işlər haqqında müqavilədən görünür ki, tərəflər kommunal xidmətlərə görə xx.xx.2011-ci il tarixdən 4 otaqlı mənzil üçün aylıq 175 manat məbləğində vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışından görünür ki, Cavabdeh MMMC xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş, qeydiyyat nömrəsi: 1117-MM4-0048; təşkilatıhüquqi forması: mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti; hüquqi ünvanı: ünvan 1 Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, ev 2, ev 2A və M.Naxçıvani küçəsi, ev 1; fəaliyyət predmeti və məqsədi: daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir.

17. Cavabdeh MMMC üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli 01 saylı protokolundan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən 4 otaqlı mənzil üçün aylıq 195 manat vəsait toplanılması qərara alınmışdır.

18. xx.xx.2022-ci il tarixli Kirayə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 615-ci məhəllə 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv.m, 34 saylı mənzili, (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi 4, M11, m2) X2 xx.xx.2023-cü il tarixədək aylıq 1400 manat ödənilməsi şərti ilə kirayə vermişdir. xx.xx.2022-ci il tarixli müqavilənin ləğvinə dair müqavilədən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmişdir.

19. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki İddiaçı notariat hərəkətlərinə görə 38 manat, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, kirayə müqaviləsinin imtinasına görə 50 manat məbləğində haqq ödəmişdir.

20. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Yasamal 12 MMMC tərəfindən kommunal xidmətlərə görə borcun ödənilməsi barədə İddiaçı xəbərdarlıq edilmişdir və xidmət haqqı ödənilməzsə, mənzilin qızdırılması üçün verilən suyun və isti suyun təchizatının dayandırılacağı bildirilmişdir.

21. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus 34 saylı mənzilin Yasamal 12 MMMC-yə kommunal xidmətlər üzrə borcu 2020-ci il üzrə 1.750 manat, 2021ci il üzrə 2100 manat, 2022-ci il üzrə 2340 manat olmaqla ümumilikdə 6.190 manat təşkil edir.

22. Məhkəmə ilk öncə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Rayon Məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Həmin hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

23. Belə ki, işin faktiki hallarından göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 615-ci məhəllə 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv.m, 34 saylı mənzilin İddiaçı mülkiyyətindədir.

24. xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, sahə mülkiyyətçisi ilə çoxmənzilli binanın idarəedici təşkilatı arasında yaranan Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən irəli gələn münasibətlər tənzimlənmişdir.

25. Həmin müqavilədə qeyd olunmuşdur ki, sahə mülkiyyətçisi ona məxsus mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq kommunal xidmətlərin dəyərini ödəməlidir, kommunal xidmətlərin xərclərini vaxtında ödəməyən mənzil və qaraj sahiblərinə heç bir xidmət göstərilməyəcək və ona qarşı müvafiq tədbirlər görüləcəkdir, bu müqavilənin şərtləri mənzil icarəyə verildikdə də qüvvədə qalır.

26. Məhkəmə apellyasiya şikayətinin eləcə də qarşılıqlı iddiaya etiraza münasibətdə qeyd edir ki, Cavabdeh MMMC xx.xx.2017-ci il tarixdən dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərmiş, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş 175 manat məbləğində kommunal xərcləri həmin tarixdən 2020-ci il tarixinədək mübahisələndirmədən cavabdeh MMMC-yə ödəmiş, daha sonra isə ödənişlərini dayandırmışdır.

27. Göründüyü kimi istinad edilən müqavilə hazırki cavabdehlə deyil, "xxxx" MTK ilə bağlanılsa da, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kommunal xərcləri cavabdeh MMMC-yə ödəməklə çoxmənzilli binanın idarəedici təşkilatı qismində məhz hazırki iş üzrə cavabdehi tanımışdır. Eləcə də ödənişləri dayandırdığı vaxtadək mənzilin yerləşdiyi binanı idarəedici təşkilatı məhz cavabdeh olmuşdur.

28. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir (maddə 6.0.10.). Mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir (maddə 6.0.11.). Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır (maddə 29.3.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir (maddə 45.5.). Cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir (maddə 122.1.3.). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır (maddə 122.3.). Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (maddə 135.1.). Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan (maddə 135.2.). Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir (maddə 137.1.). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər (maddə 137.4.). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər (maddə 137.6.). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər (maddə 137.9.). Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (maddə 137.10.).

29. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, ünvan 2 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçisi olan iddiaçı yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal, o cümlədən istilik təchizatının təmin olunması üçün çəkilən xərclərdə onun ümumi mülkiyyətdə olan payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda, kommunal xidmətlərdə, o cümlədən istilik təchizatının təmin edilməsi xərclərində iştirak etməmiş, bu səbəbdən onun MMMC-yə ümumilikdə 6.190 manat məbləğində borcu yaranmış, iddiaçıya MMMC tərəfindən xəbərdarlıq məktubu göndərilsə də onun tərəfindən borcun ödənilməsi təmin edilməmişdir.

30. Məhkəmə apellyasiya şikayətinin qarşılıqlı iddiaya dair hissəsinə münasibətdə həmçinin qeyd edir ki, MMMC-nin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmadığı təqdirdə də ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad olunmur.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.

32. Göründüyü kimi Rayon Məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmə ilkin iddia tələbinə münasibətdə isə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır.

34. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona məxsus mənzildə mülkiyyət, istifadə, sahiblik hüquqlarını həyata keçirməsinə mane olan hərəkətlərə yol verdiyini, həmin mənzilə xidmət edən elektrik, isitmə, su və qaz kimi kommunal xidmətlərdən istifadə etməsinə qanunsuz olaraq maneələr yaratdığını və həmin hərəkətlər nəticəsində cavabdeh MMMC tərəfindən ona maddi ziyan vurduğunu bildirsə də, iş materialları ilə belə hallar müəyyən edilməmiş, ilkin iddia üzrə iddiaçı tərəfindən həmin halları təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

35. Digər tərəfdən iddiaçı mülkiyyətində olan mənzilə su və işıq təchizatının tərəfindən dayandırıldığını bildirsə də, yaşayış sahələrinin, o cümlədən iddiaçıya məxsus mənzilin qaz, su, elektrik enerjisi aidiyyəti qurumlar ("xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İstehsalat Birliyi) ilə bağlanmış abunə müqaviləsi ilə istehsalçıya təchiz edilir və istehlakçı tərəfindən sözügedən kommunal xidmətlərin dəyəri bilavasitə müvafiq qurumlara ödənilir.

36. Həmçinin iddiaçı, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman verdiyi izahatında bildirmişdir ki, mənzilə qazın, suyun və elektrik enerjisinin verilməsi dayandırılmamış, mənzil istiliklə təchiz olunur.

37. Bununla yanaşı iş materiallarından da göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəfindən kommunal xidmətlərə görə borcun ödənilməməsi səbəbindən mənzilə istilik verilməsi dayandırılmış və ilkin iddia üzrə iddiaçıya xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi üçün iddiaçı tərəfindən hər hansı hərəkət edilməmişdir. Bundan başqa da, mənzildə istiliyin hazırda mövcud olması da müəyyən edilmişdir.

38. Məhkəmə hesab edir ki, qeyd edilən hissədə Rayon Məhkəməsi düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri həmin hissədə öz təsdiqini tapmamışdır.

39. Məhkəmə hesab edir ki, ilk iddianın cavabdeh MMMC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurduğu maddi ziyanın – “Kirayə müqavilənin” bağlanması üçün ödədiyi 38 manat, “həmin müqavilənin ləğvi üçün ödədiyi 50 manat, əldən çıxmış fayda olaraq aylıq kirayə haqqının –1.400 manatın məhkəmə qərarı icra olunana qədər hesablanaraq MMMC tərəfindən iddiaçıya ödənilməsi tələbi ilə bağlı Rayon Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh MMMC qanunsuz hərəkətlərinin olması iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir.

40. Belə ki, ilk iddia üzrə iddiaçı cavabdeh MMMC tərəfindən ona məxsus mənzil üzərində mülkiyyət və sair hüquqlarını həyata keçirməsinə mane olan hərəkətlərə yol verdiyini, həmin mənzilə xidmət edən elektrik, isitmə, su və qaz kimi kommunal xidmətlərdən istifadə etməsinə qanunsuz olaraq maneələr yaratdığını, məhkəmə baxışı zamanı belə hallar müəyyən edilməmiş, bu halları təsdiq edə biləcək sübutlar iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir.

41. Lakin Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ilk iddiada ifadə edilmiş “liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla istifadəyə yaradılan maneələrə son qoyulması barədə” tələbi rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir.

42. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, cavabdeh MMMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək bildirmişdi ki, iddiaçının liftdən istifadə etməsinə hər hansı maneə yaradılmamış, iddiaçı, digər sakinlər kimi liftdən sərbəst istifadə edir. Liftdə nasazlıq olduğu üçün iddiaçı cəmi bir dəfə liftədən istifadə edə bilməmiş, lakin nasazlıq elə MMMC-nin işçiləri tərəfindən qısa müddətdə aradan qaldırılmışdır.

43. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının liftdən istifadə etməsinə hər hansı maneə yaradılmamasını sübut etmək vəzifəsi cavabdeh MMMC-nin üzərinə düşür, lakin MMMC bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etdiyindən qəbul edilməlidir ki, iddianın müzakirə edilən hissəsi əsaslıdır.

45. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

46. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.

47. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

48. Mənzil Məcəlləsinin tələblərinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur (maddə 35.1.). Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir (maddə 37.).

49. Qeyd edilən normaların tələblərindən göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan lift ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Belə olan halda, ilkin iddia üzrə iddiaçının mülkiyyətçi kimi çoxmənzilli binanın ümumi əmlakından (liftdən) istifadə edə bilməməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır.

50. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə təmin edilməli, cavabdeh tərəfindən çoxmənzilli bina kompleksində iddiaçının çoxmənzilli binanın ümumi əmlakından, o cümlədən liftlərdən istifadə hüququnu məhdudlaşdıran hərəkətlər dayandırılmalı, iddiaçının çoxmənzilli binanın ümumi əmlakından – liftdən maneəsiz olaraq istifadə hüququ təmin edilməlidir.

51. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi səhv və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsaslıdır. h) apellyasiya baxışının nəticəsi

52. Odur ki, qeyd edilənləri, MPM-nin 385-ci maddəsinin tələblərini və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni ilk iddiada ifadə edilmiş “liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla istifadəyə yaradılan maneələrə son qoyulması barədə” tələbinin rədd edilməsi hissəsində ləğv edilməklə həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və həmin tələbin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

57. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 fevral 2023-cü il tarixli qətnamə qismən, yəni ilk iddiada ifadə edilmiş “liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla istifadəyə yaradılan maneələrə son qoyulması barədə” tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələb təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 615-ci məhəllə 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv.m, 34 saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi 4, M11, m2) yerləşdiyi binada liftdən digər sakinlər ilə bərabər qaydada və bərabər hüquqlarla istifadəyə İddiaçı yaradılan maneələrə son qoyulsun və bu kimi maneələrin yaradılması Cavabdeh MMMC-yə qadağan edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar