Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2732/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 (üçüncü şəxs: X6) qarşı iş üzrə (Açar sözlər: notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarın əsassız hesab edilməsi, yeganə və faktiki vərəsə kimi tanınma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 may 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X8 ilə Cavabdeh3 arasında xx.xx.1987-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Rimma Qasımova xx.xx.2021-ci il tarixdə vəfat etmiş, ondan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 11.7 kv metrdən ibarət olan 1 otaq miras qalmışdır. Rimma Qasımovanın qızı olan İddiaçı 3 saylı Bakı "Asan Xidmat” mərkəzində noratİat ofisinə xx.xx.2021-ci ildə müraciət etmiş, vərəsəlik işi açılmışdır.
2. Rimma Qasımova 1987-ci ildə Cavabdeh3 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahın pozulmasına dair VVA orqanında qeyd aşkar edilməsə də, Cavabdeh3 xx.xx.2013cü ildə Səbail Rayon Qeydiyyat Şöbəsində xx.xx.1965-ci il təvəllüdlü Augustinaviciene (Musayeva) İrina ilə nikahı qeydə alınmışdır. Cavabdeh3 xx.xx.2013-cü ildə ölkəni tərk etmiş, xx.xx.2018-ci ildə gəlmiş, xx.xx.2018-ci il tarixdə yenidən ölkəni tərk etmiş və Qasımova Rimma vəfat etdikdən təxminən 10 ay sonra xx.xx.2022-ci il tarixdə ölkəyə giriş etmişdir. xx.xx.2022-ci il tarixdə o, ölkəni yenidən tərk etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh3, 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 (üçüncü şəxs: X6) qarşı iddia ərizə və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə” 20 may 2022-ci il tarixli 842 saylı qərarın əsassız hesab edilməsi və ləğv edilməsi, cavabdeh X2 mərhum X9 ilə 1987-ci ildə bağlanmış nikahına faktiki xitam verilmiş hesab edilməsi və onun vərəsəlik hüququndan məhrum edilməsi, mərhum X3 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin 11.7 kv metrdən ibarət olan 1 otağına yeganə və faktiki vərəsə kimi İddiaçı tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X9 xx.xx.2021-ci ildə vəfat etmişdir. O, 3 saylı Bakı "Asan Xidmat” mərkəzində notariat ofisinə xx.xx.2021-ci ildə müraciət etmiş, vərəsəlik işi açmışdır. Şəhadətnaməni almaq vaxtı çatanda həmin notariat ofisində bir payçının - anasının keçmiş həyat yoldaşı Cavabdeh3 olduğu məlum olmuşdir. Həmin şəxs nə maddi, nə mənəvi köməyi olmamış, 30 ildən çox atdığı ailənin vəziyyəti ilə maraqlanmamışdır. Anasının mərasimində heç bir iştirakı olmamışdır. Eyni notariat ofisinin araşdırmalarına görə məlum olmuşdur ki, Cavabdeh3 Azərbaycanda yoxdur, qızını tapıb araşdırıblar ki, 30 ilə yaxındır ki, atası London şəhərində yaşayır. Cavabdeh3 2013-cü ildə yeni nikaha daxil olmuşdur, ondan öncə Cavabdeh3 iddiaçının anası X9 ilə 1987-ci ildə nikah bağlamışdır və onların nənə-baba evinə gəlib onlarla birgə 2 il yaşamışdır. Cavabdeh3 onları, yəni öz həyat yoldaşını və qızlığını, yəni iddiaçını atıb Ukraynaya getmiş, o vaxtdan itmiş, təxminən 2013-cü ildə gəlib anası ilə nikahı pozmasını anasına bildirmış, anası buna etiraz etməmiş, lakin boşanma alınmamışdır. O vaxtdan indiyənə qədər onlar onu heç vaxt görməmişlər, eşitməmişlər. İndi də həmin şəxs Cavabdeh3 öz payını istəyir. Mənzil 2 otaqdan ibarətdir. 1 otaq - 18kv.m əlil qohumlarınındır. Mübahisə kiçik otaqla bağlıdır -11 kv.m, hansı ki, iddiaçının anasınındır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-236/23 saylı iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia təmin edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh3 ilə X8 arasında nikah faktiki olaraq sonuncu vəfat etməzdən uzun illər əvvəl pozulduğundan, onlar arasında nikaha faktiki xitam verilmiş hesab olunmalı, Cavabdeh3 X7 münasibətdə vərəsəlik hüququndan məhrum edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1151, 1159, 1164-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər Cavabdeh3 Azərbaycanda fəaliyyət göstərsə idi və digər yerdə (Azərbaycan Respublikasının ərazisində) yaşamaqla mərhum ilə aralarında hər hansı bir münasibət, əlaqə, ünsiyyət olmasa idi, yalniz bu halda onların arasında olan nikahın faktiki ləğv olunması qənaətinə gəlmək olardi. Bir sıra vətandaşların istər qazanc, təhsil və yaxud digər bu kimi zərurətlə əlaqədar respublikanı tərk etməsi halları mövcuddur və hec bir halda qeyd olunan amillər nikahın faktiki ləğv olunması kimi şərh oluna bilməz. Cavabdeh3 dəfələrlə, hətta axırıncı dəfə Bakıda olduğu müddətdə belə onların arasında olan nikah pozulmamış və bununlıa bağlı hər hansı bir tərəf təşəbbüs göstərməmiş, hətta mərhum Musayeva Rimma vəfat edən günə qədər ərinin soyadını, Musayev – soyadını saxlamaqda davam etdirmişdir. Şahidlər hazıda iş üzrə maraqlı olan İddiaçı rəfiqələri və tanışlarıdır, həmin şəxslər 24 saat mərhum Rimma Musayevanın yanında olmadıqları halda onun əri – Cavabdeh3lə aralarında olan münasibətləri tam bilmədiklərindən onların ifadələri yalnız ehtimal və fərziyələr ətrafında qurulmuş ifadələrdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədilər və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
11. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, işdə iştirak edən digər şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi haqqında işə baxan məhkəməyə bildirməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinin tələbinə görə Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
13. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
14. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
15. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
16. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
17. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
18. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
19. Maddə 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.
20. Maddə 1164. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh3 tərəfindən mübahisələndirildiyindən və iddia təmin olunduğundan qətnamənin əsaslılığı həmin şəxsə münasibətdə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
24. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; ər-arvadın ayrı yaşamaları; qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi.
25. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda qeyd edir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir.
26. İş materiallarından görünür ki, Rimma Qasımova ilə Cavabdeh3 1987-ci ildə nikaha daxil olmuşlar. Cavabdeh3 həmin nikah pozulmadan xx.xx.2013-cü ildə xx.xx.1965-ci il təvəllüdlü Augustinaviciene (Musayeva) İrina ilə rəsmi nikaha daxil olmuş və nikahdan sonra xx.xx.2013-cü ildə ölkəni tərk etmiş, xx.xx.2018-ci ildə Azərbaycana qayıtmış, xx.xx.2018-ci il tarixdə yenidən ölkəni tərk etmiş və Qasımova Rimma vəfat etdikdən təxminən 10 ay sonra xx.xx.2022-ci il tarixdə ölkəyə giriş etmişdir. xx.xx.2022-ci il tarixdə o, ölkəni yenidən tərk etmişdir.
27. Məhkəmə iclasında ifadə vermiş şahidlər X4, X13, X5 mərhumun ailəli olduğunu bilmədiklərini, dəfndə iştirak etdiklərini, Nadir adlı şəxsin Rimanın dəfn mərasimində iştirak etmədiyini bildirmişlər.
28. Apellyator qazanc əldə etmək məqsədilə ölkə xaricinə getdiyini, aralarında nikahın formal xarakter daşımadığını bildirsə də, bu faktı təsdiq edən sübutları (pul göndərilməsi barədə qəbzlər, hər hansı maddi dəyərli əşyalar, fotoşəkillər) məhkəməyə təqdim etməmişdir.
29. Digər tərəfdən, Kollegiya onu da nəzərə alır ki, Cavabdeh3 uzun illər ölkə xaricində yaşaması, yalnız 1 aya yaxın müddətdə Azərbaycanda olması onun mərhumla nikah münasibətlərinə davam etməsi barədə qənaətə gəlmək üçün kifayət deyildir. Belə ki, cavabdeh Azərbaycanda qaldığı müddətdə mərhum Rimma Musayeva ilə birgə təsərrüfat apardığını təsdiq edən sübutlar təqdim etməmişdir.
30. Əksinə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər cavabdehin mərhumla ailəli olması barəsində məlumatları olmadığını, onu görmədiklərini, cavabdehin mərhumun dəfnində iştirak etmədiyini bildirmişlər.
31. Apellyator şahidlərin mərhumun yanında olmadıqlarından verdikləri məlumatın dəqiqliyini şübhə altına almış, lakin əksini təsdiq edən şahidləri məhkəməyə təqdim etməmişdir.
32. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
33. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
34. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
35. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
36. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.