Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2734/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Elmira Eyvaz qızı Nağıyevadan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdeh2, onun nümayəndəsi və digər cavabdeh X2 hüquqi varisi X4 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və X3 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qəbul etdiyi e-2(011)- 4182/2019 saylı 30 may 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və X2 hüquq varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 21 oktyabr 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 29.08.2017-ci il tarixli 2017/00501-01 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh2 iddiaçının xeyrinə 29.05.2019-cu il tarixinə yaranmış 10717,69 ABŞ dolları əsas, 525,63 ABŞ dolları faiz borcu, 3276 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 14519,32 ABŞ dolları borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə yönəldilərək açıq hərracda satılması, satışından əldə olunmuş pul vəsaiti hesabına iddia tələbinin ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 29.08.2017-ci il tarixli, 2017/00501-01 saylı kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilini ipoteka predmeti kimi ASC-yə təqdim etmiş və bu barədə 29.08.2017-ci il tarixli, 2017/00501-01 İP saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi 07.09.2017-ci il tarixində qeydə alınmış və RX seriyalı,1128463 saylı çıxarış verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bunlara baxmayaraq BOKT Cavabdeh2 dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4182/2019 saylı 30 may 2019-cu il tarixliqətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 2017/00501-01 saylı 29.08.2017-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh2 29.08.2017-ci il tarixli 2017/00501-01 saylı kredit müqaviləsi üzrə 29.05.2019-cu il tarixinə yaranmış 10717,69 ABŞ dolları əsas, 525,63 ABŞ dolları faiz borcu, 276 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 11519,32 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, ödənilmiş dövlət rüsumunun 24 manat hissəsinin İddiaçı BOKT ASC-nın xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 74000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzil açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hüquqi varisi X6 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2734/2020 saylı 12.02.2020-ci il tarixli qərardadı ilə X1 Abduləziz Ramazan oğlunun hüquqi varisi kimi tanınmış və Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4182/2019 saylı 30 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh X2 hüquq varisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, qətnamə ləğv edilməlidir. Belə ki, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş əsas və faiz borcu süni şəkildə şişidilmiş, əsası olmayan borc məbləğləridir. İşə baxmış məhkəmə faiz borcunun necə hesablandığını araşdırmadan əsassız qətnamə qəbul etmişdir. İş üzrə müvafiq mühasibatlıq ekspertizaı keçirilmədən iddiaçı tərəfindən tələb edilən borc məbləğinin təmin edilməsi iddia tələbi üzrə borcluları maddi cəhətdən ağır vəziyyətə salır. Həmçinin məhkəmə iddiaçının 2017-ci il tarixdə qiymətləndirdiyi mənzilin yenidən qiymətləndirilməsinin aparılması ilə bağlı işin hallarına etinasız yanaşmışdır. Belə ki, həmin ipoteka predmeti olan mənzilin real bazar qiyməti 74000 manat deyil, daha yüksəkdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq 21.10.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı BOKT ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nn 376.2-ci maddəsinin tələbləri baxımından hazırki işə İddiaçı BOKT ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə prosesində iştirak edən Cavabdeh2, onun nümayəndəsi və digər cavabdeh X2 hüquqi varisi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, iş üzrə ekspert rəylərinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiklərini bildirdilər və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, həmçinin ekspert rəyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 30.05.2019-cu il tarixli qətnaməsi «cavabdehdən tutulmalı olan faiz borcunun məbləği, eyni zamanda borcun ipoteka predmetinə yönəldilməsi» hissəsində dəyişdirilməlidir. Əvvəla qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti cavabdehlər Cavabdeh2 və X2 hüquq varisi tərəfindən verilərək, apellyasiya şikayətinin sonunda “qətnamənin ləğv edilməsi” xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, apelyantlar qətnaməni iddianın təmin olunmuş əsas və faiz borcunun tutulması, həmçinin borcun ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirir. Odur ki, məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin olunmuş “əsas və faiz borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” hissəsində yoxlanılır. Belə ki, qətnamə iddianın təmin olunmadığı hissələrdə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təsdiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdu ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 2017/00501-01 saylı 29.08.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borc alana dövriyyə vəsaitiin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 arasında bağlanmış 2017/00501-01 saylı 29.08.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ DƏDRX-nin Bakı Ərazi İdarəsində dövlət qeydiyyatına alınmış və bu barədə müvafiq çıxarış verilmişdir. 12.12.2018-ci il tarixli məktubdan görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh2 29.08.2017-ci il tarixli kredit müqaviləsi üzrə 29.05.2019-cu il tarixə 10717,69 ABŞ dolları, 525,63 ABŞ dolları faiz borcu və 3276 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 14519,32 ABŞ dolları borcu vardır. Həmin borc məbləği cavabdeh tərəfindən ödənilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunmuş hissəsi üzrə əsas və faiz borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin müvafiq normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə düzgün olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün müqavilədən yaranan əsas və faiz borcu cavabdehdən tutulmalı, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Lakin apellyasiya baxışı zamanı tərəflər arasında kredit müqaviləsi üzrə borcun məbləği və ipoteka predmetinin satış qiyməti ilə bağlı mübahisə yarandığından məhkəməmühasibatlıq və əmtəəşünaslıq ekspertizalarının keçirilməsi qərara alınmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1783 saylı 15.07.2020-ci il tarixli rəydən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 2017/00501-01 saylı 29.08.2017-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh2 29.05.2019-cu il tarixə banka olan əsas və faiz borcu cəmi 11300.03 ABŞ dolları, o cümlədən əsas borc üzrə 10942.18 ABŞ dolları, faiz borcu üzrə 357.84 ABŞ dolları təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin tələbinə görə işə iddiaçının verdiyi iddia tələbləri həddində baxılmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsas borcla bağlı 10717,69 ABŞ dolları məbləğində olduğundan və bu borcun mövcudluğu ekspert rəyi ilə də təsdiq olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsi həmin əsas borcun cavabdehdən tutulması hissəsində qanuni və əsaslı olmuşdur. Lakin məhkəmə kredit münasibətləri üzrə yaranmış faiz borcunun məbləği, həmçinin ipoteka poredmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh2 29.05.2019-cu il tarixə banka olan faiz borcunun məbləği 357.84 ABŞ dolları təşkil edir. Belə olan halda məhkəmə qətnaməsi cavabdehdən 525.63 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilərək, həmin faizin məbləği ekspert rəyinə uyğun olaraq 357.84 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa apellyasiya şikayətinin digər- ipoteka predmetinin satış qiyməti ilə bağlı dəlili yoxlanılarkən “xxxx” MMC-nin təqdim etdiyi G-09/20-212 saylı 23 sentyabr 2020-ci il tarixli “Mənzilin dəyərini məyyən etmək üçün qiymətləndirmə hesabatı”na əsasən ipoteka predmeti olan mənzilin 23 sentyabr 2020-ci il tarixinə olan bazar qiymətinin 90000 (doxsan min), likvid dəyərinin isə 84000 (səksən dörd min) manat təşkil etdiyi müəyyən olundu. Odur ki, qətnamə ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndirmə hesabatı”na əsasən 84000 manat müəyyən edilməlidir. “İpoteka haqqında” Qanuna əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). Beləliklə, cavabdeh Bankla bağlanmış kredit və ipoteka müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində Bankı ekspert rəyində göstərilən məbləğlərdən daha az borcunun yarandığı barədə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 30.05.2019-cu il tarixli qətnamə “faiz borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldildiyi” hissədə dəyişdirilməli, kredit müqaviləsi üzrə 10717,69 ABŞ dolları məbləğində əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalı, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalı və ödənilmiş dövlət rüsumunun məbləği apellyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4182/2019 saylı 30 may 2019-cu il tarixli qətnaməsi “Cavabdeh2 tutulmalı olan faiz borcunun məbləği və borcun ipoteka predmetinə yönəldilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh2 2017/00501-01 saylı 29.08.2017-ci il tarixli kredit müqaviləsi tutulmalı olan faiz borcunun məbləği 357.84 ABŞ dolları məbləğindəmüəyyən edilsin və həmin borc məbləği qətnamənin icra olunduğu gün Azərbaycan manatına olan məzənnə ilə tutulsun. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilin ilkin satış qiyməti 84000 (səksən dörd min) manat müəyyən edilsin. Qətnamə “Cavabdeh2 10717,69 ABŞ dolları məbləğində əsas borcun tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri qismində 150 manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmənin dəyəri olaraq 250 manat pul Cavabdeh2 tutularaq İddiaçı BOKT ASC-nin hesabına köçürülsün. Hazırki iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu apelyantlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2(103)-2734/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2734/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver