Məhkəmə qərarları › İş №2(103)-2735/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2735/2022

13.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2735/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-195/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su ilə təmin edilməsi ilə əlaqədar Cavabdeh ASC tərəfindən əsassız və qanunsuz hesablanmış 4000 manat borcun silinməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin su təchizatı smart-kart tipli su sayğacı ilə müəyyən edilir və istehlak olunmuş suyun dəyəri iddiaçı tərəfindən smartkart vasitəsilə əvvəlcədən yükləmə yolu ilə vaxtaşırı ödənilir. Hal-hazıra qədər qeyri-yaşayış sahəsində quraşdırılmış sayğac ştat rejimində işləyir və hər hansı bir kənarlaşma aşkar olunmamışdır. Lakin bir müddət sonra, cavabdeh təşkilatın əməkdaşları tərəfindən guya ona məxsus qeyri-yaşayış sahəsində yoxlama keçirilmiş, bunun nəticəsi olaraq akt tərtib edilmiş və həmin qanunsuz akt əsasında iddiaçıya 4000 manat borc hesablanmışdır. Qanunsuz yoxlama zamanı əməkdaşlar tərəfindən əsassız olaraq sahəyə daxil olunmuş, bu barədə kafedə olan işçilər xəbərdar olunmamış, onların iştirakı təmin edilməmiş, guya aktı imzalamaqdan imtina edilmiş, həmin əsassız akt tərtib edilərkən foto-video çəkiliş aparılması təmin edilməmişdir. Lakin hazırki qanunsuz aktı tərtib edən yoxlayıcılar yuxarıda qeyd olunan xüsusatlara diqqət yetirməmiş, özbaşına kafeyə daxil olaraq əsassız yoxlama aparmışlar. Bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın müddəalarının pozulması ilə müşaiyət olunan mübahisəli akt tərtib etmişlər. İstehlakçı tərəfindən su sayğacına müdaxilə edilməmiş, sayğac işlək vəziyyətdə olmuş, sayğacdan kənar qoşulma olmamışdır. Suala cavab olaraq bildirir ki, onun istifadəsində yalnız bir qeyri-yaşayış sahəsi olmuşdur. Həmin sahə şəhid ailəsi olduğu üçün ona cənab Prezident tərəfindən verilmişdir. Əvvəl “Məkan” kafe olmuş, bir müddət dönərxana kimi istifadə olunmuş, hazırda isə yenə kafe kimi istifadə olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-195/2022 saylı, 24 yanvar 2022ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərsu” ASC-nin 02.11.2018-ci il tarixli, MXD 10456 nömrəli inventar aktı əsasında Cavabdeh ASC tərəfindən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su ilə təmin edilməsi ilə əlaqədar hesablanmış 4000 (dörd min) manat borcun silinməsi, Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə 02.11.2018-ci il tarixli 10456 nömrəli akt tərtib edilmiş, faktı təsdiq edən video çəkiliş aparılmışdır. Akta əsasən 4104 manat dəymiş ziyan hesablanmışdır. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və video çəkiliş aparılmışdır. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən çəkilmiş video görüntülərdə sayğacdan kənar qoşulma yeri öz əksini tapmışdır. İddia üzrə məhkəmə prosesində məhkəmə tərəfindən 19 oktyabr 2021-ci il tarixdə ekspertiza keçirilməsi barədə qərardad qəbul edilmiş və 17.12.2021-ci il tarixli, 10/6042 nömrəli ekspert rəyində kafenin (dönərxananın) su kranlarını açan zaman su gəlmədiyinə, Cavabdeh ASC-yə məxsus paylayıcı su xətti yeraltı çəkildiyinə görə həmin xəttə sayğacdan kənar su xəttinin qoşulub-qoşulmamasını müəyyən etmək mümkün olmaması göstərilməklə qeyri-müəyyən və aydın olmayan rəy verilmişdir. Bundan başqa iddiaçıya məxsus mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 19.01.2022-ci il tarixdə tərəflərin iştirakı ilə yerli baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar qoşulma yeri olan obyektin qapıları bağlı olmuş və iddiaçı təfindən baxış keçirilməsi üçün müvafiq şərait yaradılmamışdır. Sayğacdan kənar qoşulma yeri ekspertin rəyində çəkilmiş şəkillərdə və video çəkilişdə də öz əksini tapmışdır. Lakin baxış zamanı iddiaçı tərəf həmin obyektin sahibi olmadığını qeyd etməklə ayrı bir obyekti baxışa təqdim etmişdir. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə iddiaçının mülahizələrinə əsaslanaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən məhkəmə prosesində sudan qeyriqanuni istifadə faktını sübut edən video görüntü ətraflı araşdırılmamışdır. Eyni zamanda həmin faktın doğruluğunu yoxlamaq üçün aktı tərtib edən əməkdaşlar şahid kimi dindirilməmişdir. Video görüntünün araşdırılmaması məhkəmənin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus obyektdən qanunsuz olaraq sudan istifadə halı aşkar edildiyi üçün bu barədə akt tərtib edilməklə dəymiş ziyan hesablanmışdır. Birinci instansiya məhkəməsi isə düzgün olmayan nəticəyə gəlmiş, təqdim edilmiş ekspert rəyinin qeyri-müəyyən olmasına baxmayaraq son nəticədə iddia tələbini təmin etmişdir. Halbuki iddiaçının sudan qanunsuz istifadə etməsini təsdiq edən video görüntü iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini hazırda dönərxana kimi istifadə edilir, lakin VÖEN-ləri yoxdur. Cavabdehin nümayəndələri tərəfindən qanunsuz olaraq akt tərtib edilmişdir, belə ki, qeyri-yaşayış sahəsində su sayğacına hər hansı müdaxilə edilməmiş və sudan qeyri-qanuni istifadə halları olmamışdır. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 06.09.2011-ci il tarixli, 073649 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair müqaviləyə əsasən müəssisə - Cavabdeh ASC İddiaçı məxsus Yasamal rayonu, ünvan 3 ünvanında yerləşən kafeni su ilə təchiz etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, abonent - İddiaçı isə bu xidmətlərin əvəzində müəyyən edilmiş qaydada ödəniş etməyi öhdəsinə götürmüşdür İş materiallarında olan Cavabdeh ASC-nin MXD 10456 nömrəli, 02.11.2018-ci il tarixli inventar aktına əsasən Yasamal rayonu, ünvan 3 ünvanında yerləşən, 073649 nömrəli müqavilə əsasında su ilə təchiz olunan İddiaçı məxsus kafe-dönərxanaya baxış keçirilən zaman obyektdə quraşdırılmış su sayğacından keçməyən D=20 mm boru vasitəsilə kənar xətt aşkar olunmuşdur. Obyektin nümayəndəsi Adamov Ayaz qeyd edilmiş, lakin o, aktı imzalamamışdır. İş materiallarında olan Cavabdeh ASC-nin qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən 1056 nömrəli, 02.11.2018-ci il tarixli inventar akt üzrə İddiaçı 4104 manat ziyan hesablanmışdır. İş materiallarında olan 17.12.2021-ci il tarixli, 10/6042 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus kafenin (dönərxananın) su kranlarını açan zaman su gəlmədiyinə, Cavabdeh ASC-yə məxsus paylayıcı su xətti yeraltı çəkildiyinə görə həmin xəttə sayğacdan kənar su xəttinin qoşulubqoşulmamasını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 19.01.2022-ci il tarixdə yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini su ilə təmin edən su borusu iddiaçının istifadəsindən kənar olan sahədə su sayğacına birləşir və su sayğacından keçməklə, Həsən bəy ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə daxil olur. Su sayğacı açıq məkanda yerləşir. Qeyri-yaşayış sahəsində isə iddiaçının istifadəsində olan kafedən başqa digər xidmət obyektləri də fəaliyyət göstərir. Bütün göstərilən bir neçə obyekt hamısı Həsən bəy ünvan 2 ünvanı adı altında birləşir və iddiaçının adına olan su sayğacından keçməklə həmin obyektlərə su paylanılır. Cavabdeh tərəfindən aşkarlanan sayğacdankənar su xətti isə iddiaçının istifadəsində olan “Nar çiçəyi” adlı kafedən bir neçə metr geridə yerləşən digər qeyri-yaşayış obyektində aşkarlanmışdır. Sayğacdankənar su xəttinin aşkarlandığı qeyri-yaşayış sahəsinin isə qapısı bağlı olduğundan və iddiaçının bildirdiyinə əsasən onun istifadəsində olmadığından həmin yerə baxış keçirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı xalasıdır. Uşaqları həmin yerdə işləyirdi. O isə nəzarət edirdi. Həmin obyektin arxasında dövlət parkı var idi və orada xeyli borular mövcud idi. Həmin vaxt cərimə yazan əməkdaşlar sonradan iddiaçının şəhid ailəsi olduğunu bildikdən sonra peşman olmuşdur. Suala cavab olaraq bildirir ki, çəkilişin olması barədə məlumatı yoxdur. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “Nar çiçəyi” kafe iddiaçının sahibliyindədir. İddiaçı vergi ödəyicisi deyil. İddiaçının sudan istifadə ilə bağlı cavabdehlə 073649 nömrəli müqaviləsi vardır. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən kafeyə 02.11.2018-ci il tarixdə baxış keçirilərək İnventar Akt tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçıya sudan qanunsuz qoşulma nəticəsində istifadə ilə bağlı 4104 manat məbləğində ziyan hesablanmışdır. Hazırda iddiaçı onun sahibliyi və istifadəsində olan kafedə kənar müdaxilənin olmadığını bildirərək əsassız olaraq hesablanmış 4000 manat borcun silinməsini tələb edir. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 387.3-cü öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli Qərarının 3.1.1.-ci maddəsinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüququdur. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, həmin aktın tərtib olunmasına iddiaçı iştirak etməmiş və akt onun tərəfindən imzalanmamışdır. Yerli baxış zamanı isə cavabdeh tərəfindən aşkarlanan və videogötürüntüdə əks olunan sayğacdankənar su xəttinin iddiaçının istifadəsində olan kafedə deyil, ondan bir neçə metr arxada yerləşən qapalı sahədə müəyyən olunmuşdur. Bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, İddiaçı hesablanmış borcun əsaslı olmasını, inventar aktda qeyd olunmuş kənar su xəttinin İddiaçı sahibliyində olan ərazidə olmasını sübuta yetirməlidir. Su təchizatçısı isə İddiaçı məxsus kafedə kənar su xəttinin olmasını sübut edə bilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur, belə ki, sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşsə də cavabdeh tərəf aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən eləcə də aktda qeyd olunmuş kənar su xəttinin İddiaçı sahibliyində olan ərazidə olması barədə mötəbər sübutlar təqdim edilməmişdir. İstinad edilən video görüntülər isə iddiaçının sahibliyində olan qeyri-yaşayış sahəsinə aid olmamışdır. Belə olan halda məhkəmə kollegiyası akta əsasən hesablanmış 4000 (dörd min) manat borcun tələb edilməsini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddia ərizəsində iddianın mahiyyəti 4000 (dörd min) manat borc silinməsi olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz, belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-195/2022 saylı iş üzrə qəbul etdiyi 24 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar