Məhkəmə qərarları › İş №2(103)-2736/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2736/2023

22.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2736/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülki iş üzrə (Açar sözlər: «evə mülkiyyət hüququnun tanınması, yaşayış sahəsindən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-337/2023 saylı, 31 yanvar 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadır.

2. ünvan 2il İstismar Sahəsi tərəfindən təsdiq edilmiş 147 a №-li evdə yaşayan vətəndaşların ev dəftərinə əsasən evdə X6, İddiaçı Hüseyn qızı 1969-cu ildən qeydiyyatdadır. Ev özbaşına tikili olmaqla 35 kv.m ümumi sahədən ibarətdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1094/2022 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı və X7 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçılar İddiaçı və X7 fərdi yaşayış evindən istifadə hüquqlarına törədilən qanunsuz maneələrin cavabdehlərə qadağan edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin giriş-çıxış hissəsinin naturada ayrılmasına və ayrı giriş qapılarının qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə edilməsinə yaratdıqları maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Eyni zamanda həmin qətnamədən görünür ki, məhkəmə fərdi yaşayış evinin giriş-çıxış hissəsinin naturada ayrılmasına və ayrı giriş qapılarının qoyulması tələbinin həlli ilə bağlı iş üzrə tikinti texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2022-ci il tarixli 10/1605 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçı X2 istifadəsində olan hissəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan hissəsinin giriş-çıxış hissəsinin naturada ayrılması və ayrı giriş qapıların qoyulması İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X8 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Eyni zamanda həmin ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsindən görünür ki, ekspert tərəfindən baxış zamanı mübahisəli evin 4 yaşayış otağı tikilisindən, giriş hissə, dəhliz və mətbəx tikililərindən ibarət olduğu müəyyən edilmişdir. Həmçinin fərdi yaşayış evinin torpaq sahəsinin arxa hissəsində anbar, hamam və ev damı tikilisinin olması müəyyən edilmişdir. Baxış zamanı həmin mülki iş üzrə iddiaçı və cavabdehin bildirdiyinə görə fərdi yaşayış evi əvvəllər 2 yaşayış otağı, giriş hissə dəhliz tikintisindən ibarət olmuşdur. Lakin sonradan Cavabdeh1 tərəfindən tikinti işləri aparılaraq əlavə 2 yaşayış otağı, mətbəx, anbar, hamam və əl damı tikililəri inşa edilmişdir və hal-hazırda evin ümumi sahəsi 99,17 kv.m, həyətyanı sahədə yerləşən tikililərin ümumi sahəsi isə 7,35 kv.m təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə faktiki sahiblik, mülkiyyət hüququnun tanınması, cavabdehlərin hər birinə 5000, cəmi 20 000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərilir ki, iddiaçı 1969-cu il tarixdən mübahisəli evdə - ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Ev özbaşına tikilidir və mərhum həyat yoldaşı X4 məxsus olmuşdur. Cavabdeh1 mərhum həyat yoldaşının bacısı oğlu Cavabdeh2 onun həyat yoldaşı, digər cavabdehlər isə onların övladlarıdır. İddiaçı cavabdehlərə kömək məqsədi ilə mübahisəli evə qeydiyyata düşmələrinə razılıq vermiş və onların orada yaşamalarına icazə vermişdir. Lakin 2021-ci ildə cavabdehlər ona qarşı şiddət tətbiq edərək, döyərək, onu evindən çıxarmışlar. Bu səbəbdən iddiaçı evə köçürmə tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə onun iddiası təmin edilmişdir. Ev özbaşına tikili olsa da, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin mənasına görə iddiaçı həmin evə mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə” malikdir. Analoji işlər üzrə özbaşına tikiliyə kompensasiya ödənilməklə xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Odur ki, cavabdehlərlə birgə yaşayışının artıq mümkün olmaması nəzərə alınaraq, onların istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməlidir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-337/2023 saylı, 31 yanvar 2023cü il tarixli qətnaməsi (hakim Təhminə Xəlilova) ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iddiaçı tərəfindən mübahisəli evin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçının mübahisəli evə mülkiyyət hüququnun tanınması tələbi təmin edilə bilməz və rədd edilməlidir. Mənzildə istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ mülkiyyətçiyə məxsusdur. İddiaçı isə mülkiyyətçi deyil və mübahisəli ev üzərində onun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evə mülkiyyət hüquqları əldə etmək barədə əsaslı gözləntiyə malik olması qəbul edilsə idi belə, onun kompensasiya ödənilməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və bunun nəticəsi olaraq evdən çıxarılma tələbi təmin edilə bilməzdi. Belə ki, artıq yuxarıda qeyd olunmuş sübutlarla, yəni şahid ifadələri və ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli evin əvvəllər ümumi sahəsi 2 otaqdan ibarət olmaqla 35 kv.m olmuş, lakin sonradan Cavabdeh1 vəsaiti hesabına genişləndirilərik hal-hazırda 4 yaşayış otağı və köməkçi sahələrdən ibarət olmaqla, ümumi sahəsi 99,17 kv.m təşkil edir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilir ki, hal-hazırda mənzildə yaşayan cavabdehlər mənzildən istifadə hüququna və mənzilə daxil olmağına qanunsuz maneələr yaradırlar. Bununla bağlı, 29 Polis Bölməsində araşdırma aparılıb və hər iki tərəf münaqişəli ailə kimi qeydiyyata alınıblar. Onların iddiaçıya qoyduğu maneələrə qadağan edilməsi və iddiaçının həmin evə köçürülməsinə dair qətnamə elan edilmişdir. Bütün qeyd edilənlər 1969-cu ildən bu günə kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik edən, faktiki mülkiyyətçisi olan X1 cavabdehlər tərəfindən istismar edilməsinə və faktiki mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan sahiblik, mülkiyyətçi hüquqlarının tanınmasına əsas və cavabdehlərlə bir mənzildə yaşamasına maneə olan faktlardır. Ümumiləşdirilmiş məhkəmə təcrübəsi üzrə fərdi yaşayış evinin mülkiyyətçisi olmadan da evdən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsinə dair Xətai Rayon Məhkəməsinin 2(011)-1499/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11072/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə və Ali Məhkəmənin həmin qətnamələri qüvvədə saxlanmasına dair 2(102)-8033/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı mövcuddur. Həmin qətnamələr mülki iş materiallarına əlavə edilmişdir. Hansı ki, Mülki Məcəllənin tələbinə uyğun olaraq mülki qanunvericilikdə qanunun anologiyasına yol verilir. Məhkəmə oxşar münasibətlərə tətbiq edilmiş məhkəmə təcrübəsini anologiya üzrə və artıq Ali Məhkəmə səviyyəsində təcrübəsi formalaşmış qətnamələrdəki məqamları nəzərə almadan cavabdehlərin xeyrinə qətnamə elan etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu, konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

11. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etmir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Konstitusiya Məhkəməsinin qərarları:

Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər

15. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.

17.R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...”

18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdirki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

26. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan Mülki Məcəllənin maddələrinin dispozisiya şərtləri ilə və Konstitusiya Məhkəməsi Plenumunun qərarları ilə uzlaşmır və cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

27. Belə ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iddiaçı iddia olunan evin yerləşdiyi torpaq sahəsinin nəinki mülkiyyətində olmasına, eləcə də hansısa hüquqla ona məxsusluğuna dair də heç bir sübut təqdim etmir, ancaq mülkiyyət hüququnun tanınmasına nail olmaq istəyir. Bu hallar isə biri digəri ilə ziddiyyət təşkil edir.

28. İddiaçının mübahisəli ünvandakı özbaşına tikiliyə fasiləsiz və etirazsız uzun müddət ərzində sahiblik etməsi, həmin ünvana kommunikasiya xətlərinin çəkilməsi, evə qeydə alınması iddianın əsaslı olmasına dəlalət etmir və daşınmaz əmlak üzərində avtomatik olaraq mülkiyyət hüququnun tanınması üçün əsas ola bilməz. Çünki, qeyd olunduğu kimi bunun üçün qanunda nəzərdə tutulan şərtlər olmalıdır. Əks halda hansısa şəxsə yaxud orqana məxsus torpağı zəbt etmiş və üzərində özbaşına tikili inşa etmiş istənilən şəxs bu cür vəziyyətdə iddia ilə məhkəməyə müraciət edib mülkiyyət hüququnun tanınmasına nail olmağa çalışardı ki, bu da açıq-aşkar arzuolunmaz vəziyyətin yaranmasına səbəb ola bilərdi.

29. Hazırki iddia tələbinin kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. İddiaçı mülkiyyətçi olmasa da tələbinin bu hissəsi üzrə subyektiv hüququa malik olması nəzəri cəhətdən mümkündür və bununla əlaqədar məhkəmə təcrübəsi də ola bilər. Lakin birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi qanuni qüvvəyə minmiş qətnamə ilə, o cümlədən həmin işdə olan ekspertiza rəyi ilə, eləcə də hazırki iş üzrə şahid ifadələri ilə təsdiq olunub ki, cavabdehlər öz vəsaitləri ilə inşa etdiyi mübahisəli özbaşına tikiliyə bitişik əlavə tikililərdə yaşayır. Başqa sözlə, mübahisəli özbaşına tikilinin əvvəllər ümumi sahəsi 2 otaqdan ibarət olmaqla 35 kv.m olub, lakin sonradan Cavabdeh1 vəsaiti hesabına genişləndirilərək hal-hazırda 4 yaşayış otağı və köməkçi sahələrdən ibarət olmaqla, ümumi sahəsi 99,17 kv.m təşkil edir.

30. İddiaçı digər işdə fərdi yaşayış evinin giriş-çıxış hissəsinin naturada ayrılmasına və ayrı giriş qapılarının qoyulması tələbini irəli sürdüyü üçün iş üzrə tikinti texniki ekspertizası təyin edilmişdir. Ekspertiza rəyi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı istifadəsində olan hissəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan hissəsinin giriş-çıxış hissəsinin naturada ayrılması və ayrı giriş qapıların qoyulması texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Hazırki iş üzrə də iddiaçı tərəfin izahatının məzmunundan da bəlli olur ki, əslində iddiaçı əvvəlki işdə olduğu kimi faktiki olaraq özünə aid tikilinin ayrılmasını, yəni ayrıca girişinin olmasına nail olmaq istəyir. Ancaq nail olmaq istədiyi məqsədə çatmaq üçün də düzgün vasitə(yol) seçməli idi. Yəni əslində hansı subyektiv hüquqlarının təmin olunmasını cavabdehlərdən tələb etməsi dəqiq olmalıdır.

31. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacib idi ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda torpaq sahəsi əldə edilməsinin və üzərində tikili inşa edilməsinin qanunvericiliyin imperativ tələblərinə uyğun xüsusi prosedur qaydalarla həyata keçirilməli olması, eləcə də özbaşına tikinti və onun nəticələri institutunun yaranmasına da zərurət və əsas olmazdı.

32. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, mübahisəli tikili ilə bağlı tərəflər arasında yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə olunması istisna olunmur.

33. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-337/2023 saylı, 31 yanvar 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-337/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar