Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2738/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı prosessual hüquqi varisləri X5, X2, X10, X9 və X14, İddiaçı prosessual hüquqi varisi X5 vəkili X3, Cavabdeh nümayəndələri eyni zamanda vəkilləri Vəkil1 və Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2516/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində notarial ofisində bağlanmış 27.04.2021-ci il tarixli, AN-İ No0940448 saylı reyestrdə 4Ə-746 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan, ümumi sahəsi 62,3 kv.m., yaşayış sahəsi 37,4 kv.m. 2 otaqlı, paylı mülkiyyətdə olan mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır, tənha qadındır, 1957ci ildə Bakı şəhərində doğulmuşdur, hazırda ona baxan yoxdur, özünə baxmaq müəyyən çətinliklərlə səbəb olur. Qonşuluqda yaşayan Cavabdeh ona yaxınlaşaraq evi ona vəsiyyət etdiyi halda ona ömrünün sonuna kimi baxacağına söz vermişdir. O, da cavabdehə inanaraq əvvəlcə 31.03.2021-ci il tarixdə onunla birlikdə Bakı şəhəri 54 saylı notariat ofisinə gedərək 2V-36 nömrəli reyestrdə təsdiq edilmiş vəsiyyətnamə vermiş və vəsiyyətnamədə ölən günədək ona məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Bir ay müddətində ona baxmış və bir övlad kimi qulluğunda durmuş, lakin sonradan evi indidən onun adına keçirməyini istəmiş və bunu alqı-satqı yolu ilə etməsini bildirmişdir. O, da cavabdehə inanaraq razılıq vermiş və 27.04.2021-ci il tarixdə 5 saylı “ASAN xidmət” mərkəzinə gədərək alqı-satqı müqaviləsi bağlamışlar. 10-15 gün ona baxmaqda davam etmiş və sonradan imtina etmiş, daha ona köməklik göstərməmişdir. O, dəfələrlə səbəbini öyrənməyə çalışmışsada bir nəticə edə bilməmişdir. Vəziyyəti belə görüb o, 17.09.2021-ci il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisinə gedərək ərizə ilə müraciət etmiş və 31.03.2021-ci il tarixdə 2V-36 nömrəli qeydə alınmış vəsiyyətnaməni ləğv etmişdir. Cavabdeh onu aldatdığı üçün alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuz və əsassızdır, mülk üzərində edilmiş belə alqı-satqı müqaviləsi qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2516/2021 saylı, 22 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə X6 arasında Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3a saylı, bir otaqlı, sahəsi 23,1 kv.m olan mənzilinə dair Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində notarial ofisində bağlanmış 27.04.2021-ci il tarixli, AN-İ No0940448 saylı reyestrdə 4Ə-746 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında X1 adına Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3a saylı, bir otaqlı, sahəsi 23,1 kv.m olan mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və həmin mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdeh X6 qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsini qeyd etsə də, bu müqavilənin formal xarakterli bir müqavilə olduğunu qeyd etmişdir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin formal xarakter daşıdığını bildirsə də, hansı sübuta əsasən formal xarakter daşıdığını göstərməmiş, tərəflər arasında olan münasibətləri tam olaraq araşdırmamış, işin faktiki hallarını hüquqi qiymət verməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi həmin alqı-satqı müqaviləsi əsasında cavabdehin iddiaçıya pul vəsaiti ödəməsini araşdırmamış, həmin hala hüquqi qiymət verməmişdir. eyni zamanda birinci instansiya məhkəməsi tərəflər arasında cavabdehin iddiaçıya ömrünün axırına qədər baxacağının qarşılığından mülkiyyətindəki mənzili cavabdehə verilməsi barədə razılaşmanın mövcud olduğunu təsdiq edən sübut göstərməmiş, işin bu halını aydınlaşdırmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, daşınmaz əmlaka dair tərəflər arasındakı müqavilə qanunda göstərilən qaydalara uyğun olaraq bağlanmışdır. Müqavilənin etibarsızlığı üçün əsas yoxdur. Belə ki, iddiaçı tələbində cavabdeh tərəfindən aldadıldığını qeyd etsə də, həmin aldatmanın nədən ibarət olması qətnamə əsaslandırılmamışdır. İddiaçı əgər mənzili cavabdehin ona qulluq edib baxacağı qarşılığında verdiyini qeyd etsə də həmin hallar nə alqı-satqı müqaviləsin də nə dəvəsiyyatnamədə özəksini tapmışdır. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh alqısatqı zamanı notariusun depozitinə mənzilin dəyəri olan pul vəsaiti qoyulmuşdur və sual olunur ki, müqavilə etibarsızdırsa həmin pulu kim götürmüşdür. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, hazırda mübahisələndirilən müqavilə notariat kontorunda təsdiq edilmişdir, müqavilə bağlanan zaman isə notarius tərəfindən iddiaçıya hüquqları izah edilmişdir. Əgər iddiaçı şərtə əsaslanaraq müqaviləni bağlamışsa bu zaman alqı-satqı müqaviləsi deyil, başqa bir müqavilə bağlaya bilərdi və ya iddia etdiyi şərti müqaviləyə əlavə edə bilərdi. Bundan başqa iddiaçının tələbi onun üçün əsassızdır ki, iddiaçının apellyasiya baxışı zamanı prosessual hüquq varisləri işə cəlb edilmişdir, buradan belə aydın olur ki, iddiaçının qulluğunda durmaq üçün yaxın qohumları olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının evdən çıxarılmasını tələb etmək cavabdehin hüququ olmuşdur və cavabdeh uyğun bir vaxtda iddiaçının mənzildən çıxarılmasını xahiş edəcəkdi. Məhkəmə iclasında iştirak edən İddiaçı prosessual hüquqi varisi X15 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, işlədiyinə görə iddiaçıya baxa bilməmişdir, iddiaçı isə cavabdehlə razılığa gəlsə də, sonradan cavabdeh iddiaçıya baxmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Alqısatqı müqaviləsi zamanı iddiaçıya hər hansı məbləğdə pul verilməmişdir, pul verilmiş olsa idi iddiaçı müalicəyə gedərdi. Həmçinin həmin ərəfədə kredit götürməzdi və qabaqcadan nisyə aldığı məişət texnikasının dəyərini ödəyərdi. Belə ki, həmin ödənişləri iddiaçı vəfat etdikdən sonra onlar ödəmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı prosessual hüquqi varisi X5 vəkili X11 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, evə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra pul notarisun depozitin qoyulsa da, həmin pul məhz cavabdeh tərəfindən iddiaçıdan geri alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı prosessual hüquqi varisi X12 apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildir ki, iddiaçı evi satması barədə ona bir söz deməmişdir. Lakin iddiaçı cavabdehin ona baxdığını sonradan isə baxmadığını bildirmişdir. Hesab edir ki, cavabdeh tərəfindən alqı-satqı ilə bağlı iddiaçıya pul ödənilsə idi iddiaçı müalicəyə gedərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı prosessual hüquqi varisləri X20, X17 və X21 hazırki mübahisədən məlumatsız olduqlarını bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən 24.10.2008-ci il tarixli çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 65 saylı evin 2 otaqlı 3a saylı mənzili paylı mülkiyyət hüququ üzrə 1 otaq İddiaçı, 1 otaq (y/s 16,0 kv.m.) X7 mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhər 54 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş və İddiaçı tərəfindən tərtib edilmiş 31.03.2021-ci il tarixli vəsiyyətnamənin kserosurətinə əsasən ölən günədək ona məxsus olan bütün əmlakını ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan notariat işinin surətində olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 27.04.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin ona məxsus hissəsini (21.3 kv.m. olan 1 otaq) 11.500 manata Cavabdeh satmışdır. İş materiallarında olan notariat işinin surətində olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı, X16, X13, X8 Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3A saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan notariat işinin surətində olan X16 və X13 tərəfindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış 27.04.2021-ci il tarixli ərizənin surətindən görünür ki, qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan hissəsinin (1 otaq) satılmasına etiraz etmirlər. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı tərəfindən ünvan 5 ünvanlanmış 16.09.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, 31.03.2021-ci il tarixli 2V-36 nömrəli reyestrlə təsdiq edilmiş Cavabdeh verdiyi vəsiyyətnamənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 65 saylı evin 2 otaqlı 3a saylı mənzili paylı mülkiyyət hüququ üzrə 1 otaq (21,3 kv.m.) Cavabdeh, 1 otaq (y/s 16,0 kv.m.) X4 mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin alğı-satqı müqaviləsi haqqında müddəalarından görünür ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra dəyərini ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və 598.3cü maddələri). Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Göründüyü kimi hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı iddia tələbinə qiymət verilərkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh qonşuluqda yaşamışlar və iddiaçı tənha qadındır. İddiaçı tənha olduğu üçün cavabdeh ona maddi köməklik etmiş və ona qulluq etmişdir. Bu səbəbdən iddiaçı bunun qarşılığında mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3a saylı, sahəsi 21,3 kv.m olan 1 otaqlı mənzilə dair 31.03.2021-ci il tarixdə cavabdehin adına vəsiyyətnamə tərtib etmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında 27.04.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3a saylı, sahəsi 21,3 kv.m olan 1 otaqlı mənzilin 11500 manata alğısatqısına müqavilə bağlanılmışdır. Həmin alğı-satqı müqaviləsi əsasında mənzil üzərində cavabdehin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda müəyyən edilir ki, mübahisəli mənzilin alğı-satqı müqaviləsi bağlandıqda formal baxımdan bütün tələblərə əməl olunmuş və qanunla tələb olunan razılıqlar alınmışdır. Bununla belə hazırki mübahisə üzrə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının mənzilin alğı-satqısı ilə bağlı iradə ifadəsi zədələnmişdir. Belə ki, iddiaçı tənha və yaşlı qadındır, yaşadığı mənzil onun yeganə yaşayış yeri olmuş və həmin mənzili sataraq ona yaxın ərazidə və yaşadığı mənzilin sahəsinə və şəraitinə uyğun, alğı-satqı müqaviləsində göstərilən qiymətə başqa mənzil alması qeyrimümkündür. Yəni iddiaçı həmin mənzili sataraq əldə etdiyi pulun müqabilində ən azı əvvəlki mənzilə xas olan şəraitə və sahəyə başqa mənzil alması qeyri-mümkün olduğu üçün, onun mənzili satmaqla bağlı həqiqi iradə ifadəsinin olması inandırıcı və ağlabatan deyil. Bu fakt isə onu göstərir ki, iddiaçının mənzili satmağa iradə ifadəsi olmamışdır və o, aldatma nəticəsində həqiqi iradəsinə zidd əqd bağlamışdır. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, alınacaq əmlaka görə ilkin ödənişin həyata keçirilməsi qanunvericilikdə beh müqaviləsi və ya ilkin müqavilə ilə rəsmiləşdirilə bilərdi. İlkin alğı-satqı üçün 10000 manat pulun verilməsini vəsiyyətnamə verilməklə rəsmiləşdirilməsini məhkəmə ağlabatan və inandırıcı hesab etmir. Eyni zamanda cavabdehin ev almaq üçün razılaşdırılmış 21000 manat pul məbləği alğı-satqı müqaviləsində də öz əksini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilin alğı-satqısından sonra da həmin mənzildə yaşamağa davam etməsi, alğı-satqı müqaviləsində mənzilin 3 ay ərzində təhvil verilməsinin göstərilməməsi, iddiaçının mənzili alsa da, hazırda həmin həyətdə kirayədə yaşaması onu göstərir ki, iddiaçının mənzili satmaq niyyəti olmamışdır. O, bunu məhz özünün tənha olması və başqa şəxsin qulluğuna olan ehtiyaclarının qarşılanması müqabilində etmişdir. Lakin tərəflər alğı-satqı müqaviləsini bağladıqdan sonra cavabdeh vədini yerinə yetirməmişdir. Göründüyü kimi cavabdeh alğı-satqı müqaviləsini məhz mənzili almaq niyyəti olduğu üçün bağlamadığından birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, işin qeyd olunan halları ilə cavabdehin alğı-satqı müqaviləsini bağlayarkən aldatma ilə hərəkət etməsi müəyyən edilmişdir, həmçinin cavabdehin həqiqətən müqavilədə göstərilən pulun iddiaçıya verilməsini təsdiq edə bilməmişdir. Bundan başqa cavabdeh qeyd edir ki, müqavilə bağlanana qədər 10000 manat pul ödəmişdir, lakin bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa tərəflər arasında olan müqavilədən görünür ki, mənzil 1 ay müddətinə cavabdehə təqdim edilməlidir, lakin müqavilə 2021-ci ilin aprel ayında bağlansa da, göstərilən müddət keçdikdən sonra belə cavabdeh, iddiaçının mənzildən çıxarılmasını tələb etməmiş, bununla bağlı hər hansı hərəkət etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı prosessual hüquqi varisi X15 tərəfindən təqdim edilmiş 08 iyun 2021-ci il tarixli, BL584304 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı "xxxx" MMC-dən 689 manat dəyərində məişət avadanlığı almışdır. Həmçinin təqdim edilmiş 05 noyabr 2021-ci il tarixli BPM**********92 nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən, eləcə də məxaric orderindən görünür ki, İddiaçı "xxxx" ASC-dən illik faiz dərəcəsi 18 faiz olmaqla 12 ay müddətinə 500 AZN məbləğində kredit götürmüşdür. Bundan başqa təqdim edilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən həmin müqaviləyə uyğun olaraq aylıq 45 AZN məbləğində ödənişlər etmişdir. Göründüyü kimi alqı-satqı müqaviləsi bağlandığı tarixdən sonrakı dövr ərzində İddiaçı kredit müqaviləsi bağlamış, həmçinin nisyə satış müqaviləsi ilə məişət avadanlığı almışdır. Belə olan halda məhkəmə kollegiyası, cavabdeh tərəfindən müqavilədə göstərilən məbləğin İddiaçı ödənməsi barədə cavabdehin dəlillərini inandırıcı qəbul etmir. Çünki həmin məbləğin İddiaçı ödənməsi halında sonuncunun yuxarıda göstərilən kredit müqaviləsi və məişət avadanlığını əldə etməsi üçün nisyə alğı-satqı müqaviləsi bağlaması ağlabatan deyil. Göründüyü kimi cavabdehin qeyd olunan yanakı hərəkətləri ilə müəyyən edilir ki, tərəflərin mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanması barədə niyyəti olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2516/2021 saylı, 22 oktyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2738/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2738/2022
25.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver