Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2740/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4769/2023 saylı, 08 dekabr 2023cü il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ASC Cavabdeh ilə xx.xx.2005-ci il tarixli 13282271 saylı müqavilə bağlandığı, müqavilə üzrə ”Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh (abonent kodu: **********090) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərildiyi və hazırda ünvan 1 ünvanı üzrə «**********090» saylı abonent koduna 423,12 (223,74 manat su borcu + 93,78 manat çirkab borcu + 102,60 dövr borcu) manat məbləğində borc yarandığı qənaətinə gəlib.
2. Bununla əlaqədar, İddiaçı ASC tərəfindən Cavabdeh xəbərdarlıq ünvanlanaraq Cavabdeh Azərsu ASC-nin Nəsimi rayonu Sukanal idarəsinə 423,12 manat məbləğində borcunun yarandığı, qeyd olunan borcun 7 iş günü müddətinə icra edilməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunub.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 423,12 manat borcun (abonent kodu: **********090) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, iddiaçı ”Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh (abonent kodu: **********090) su təchizatı sistemindən suyun buraxılması və tullantısularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 11 oktyabr 2023-cü il tarixinə 423,12 (dörd yüz iyirmi üç, on iki) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 11 oktyabr 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4769/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbinin təmin edilərək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 423,12 manat borcun (abonent kodu: **********090) və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən cavabdehə su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmiş, cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə ödənişi tam yerinə yetirməmiş, nəticədə 423,12 manat məbləğində borcu yaranmış və qeyd olunan hesabat suölçən cihazın göstəricisinə görə aparılmışdır. Məhkəmə sadalanan qanunvericilik normalarını, iddiaçı tərəfindən tələb edilən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən müvafiq sənədləri əsas götürüb, hesab edib ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yəni, su təchizatı sistemindən suyun buraxılması və tullantı suların axıdılması xidmətləri göstərilməsinə dair iddiaçıya olan borcunu ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərib ki, qeydiyyatda olduğu Azadlıq pr-ti ev 81, mənzil 9 ünvanı üzrə kooperativ bina 1979-cu ildən istismara verilmiş və həmin mənzildə 2003-cü ildən sonra yaşamamış, onun ailə üzvləri, habelə kənar şəxslər 2003-cü ildən bəri bu günə kimi qeyd edilən mənzildən istifadə etməmişlər. Mənzildən istifadə olunmamasını sübut edən fakt "xxxx" ASC-nin rəsmi sorğuya təqdim etdiyi arayışla isbat edilir. Bundan başqa, İddiaçı ASC-nin rəsmiləri 2024-cü ilin fevral ayında dəfələrlə cavabdehə zəng edərək uzun müddətdir ki, həmən mənzilə su sayğacı qoymaq və əlaqədar xidmətlərin təmini üçün şəraitin mənzildə heçkimin yaşamaması səbəbindən yaradılmadığını və vəziyyətin normallaşdırılması üçün cavabdehin xəstəliyinin imkan verdiyi ilk anda həmin mənzilə gəlib onlarla təmas qurmasını tələb edirlər ki, bu da doğrudur. "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd edilmişdir ki, guya cavabdehin yaşadığı mənzilə ( abonent kodu **********090) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir və bu səbəbdən də göstərilən xidmətlərə görə 11 oktyabr 2023-cü ilə cavabdehin həmin idarəyə 423.12 manat borcu yaranmışdır, lakin iddiaçı qeyd edilən borcun hansı zaman kəsiyində əmələ gəlməsini iddia ərizəsində qeyd etməmişdir. 2003-cü ildən sonra İddiaçı ASC-nin cavabdehin qeydiyyatda olduğu binada mənzillərə suyun nəql edilməsi mexanizmi dəyişdirilmiş və suyun abonentlərə verilməsi quraşdırılan fərdi sayğaclar vasitəsi ilə həyata keçirilmişdir. Əvvəlki illər üçün cavabdehin İddiaçı ASC- yə heç bir borcu yaranmamışdır. Cavabdeh 2003-cü ildən sonra uzun müddət ərzində professional fəaliyyəti ilə əlaqədar Azərbaycandan xaricdə ezamiyyətlərdə olduğu və bu səbəbdən həmin mənzildə yaşamadığı üçün İddiaçı ASC tərəfindən bu günə kimi mənzilinə su təchiz edilməsi üçün sayğac quraşdırılmamışdır və hazırda mənzilin daxilinə su nəql olunmur. Mənzilə su nəql olmadığı halda necə ola bilər ki, cavabdehin İddiaçı ASC-yə “423.12” manat məbləğində borcu yaransın? Cavabdeh məhkəmədə iştrak etmədiyi üçün mobil telefonuna SMS göndərilməklə qətnamənin mövcudluğu barədə ona məlumat verildikdən sonra dərhal İddiaçı ASC-nin rəhbərliyinə işə aydınlıq gətirilməsi barədə müraciət etmiş və müraciətinə cavab olaraq cavabdehə bildirmişdirlər ki, tabeliklərində olan əməkdaşları tərəfindən yol verilən “texniki səhv” səbəbindən belə bir hal yaranmış və onlar yanlış raport əsasında məhkəməyə müraciət etmişlər və həmin səhvin aradan qaldırılması üçün apellyasiya şikayəti vermək hüququndan istifadə etməyi barədə cavabdehə şifahi tövsiyyə verilmişdir. Qeyd edilənlərdən görünür ki, ötən illər ərzində cavabdehin su istehlakçısı kimi İddiaçı ASC-yə heç bir borcu yaranmamış , məhkəmə icraatı zamanı "xxxx" ASC məhkəməyə yanlış faktlar təqdim etmiş, cavabdehin məhkəmədə iştrakı təmin edilməmiş, cavabdehin özünü müdafiə hüququndan istifadə etmək hüququ olsa da məhkəməyə dəvət edilməmiş, bu səbəbdən də məhkəmədə tərəf kimi iştirak etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcələdə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları halları istisna olmaqla, öhdəliyin mələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Azərbaycan Respublikasının Su Məcəlləsi:
Maddə 97. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir.
12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
13. Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın:
2.1.5. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); 7.4-cü bəndinə görə, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 7.5.-ci bəndinə görə, suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.
14. Tarif Şurasının İddiaçı Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 4 nömrəli qərarın 4-cü bəndinə əsasən, sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.
23. Əvvəla, “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələbinə əsasən, iddiaçı ilə cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilənin olub-olmamasından asılı olmayaraq cavabdehin sudan istifadə haqqını ödəməsi onun iddia olunan mənzildə yaşaması, icarəçisi olması və yaxud onun tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanmalıdır. Lakin apellyasiya şikayətinin dəlillərindən, o cümlədən ona əlavə edilmiş sənədlərdən, eləcə də apellyasiya baxışı zamanı verilmiş izahatlardan bəlli oldu ki, 2003-cü ildən 2023-cü ilə kimi cavabdehə məxsus mənzildə yaşayış olmamışdır. Demək, mübahisəli ünvandakı mənzil cavabdehə məxsus olsa da, cavabdehin, ailə üzvlərinin yaxud hər hansı digər bir şəxsin həmin ünvanda yaşaması da təsdiq olunmur. Əgər yaşayış olsaydı yəqin ki, həmin dövrdə digər komunal xidmətlərdən, yəni qazdan, işıqdan və.s istifadə edilmiş olardı, ancaq qeyd olunan dövrdə mənzilə həmin xidmətlərin göstərilməsi də təsdiq olunmur və buna dair apellyasiya şikayətinə sübut əlavə olunub. Əksinə cavabdehin professional fəaliyyəti ilə əlaqədar başqa ölkədə olması da iddiaçı tərəfindən təkzib olunmadı. Göründüyü kimi, cavabdehin yaxud hansısa şəxsin mübahisəli ünvanda yaşaması, icarəçisi olması yaxud hər hansı bir formada sudan istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Bu cür vəziyyətdə iddia necə təmin oluna bilərdi ki, məhkəmə də əsas olmadan bunu təmin edib, hətta mənzildə su ölçən cihazın olduğunu iddiaçı da iddia etmədiyi halda, 423,12 manat borcun yarandığı və qeyd olunan hesabatın “süölçən” cihazın göstəricisinə görə aparıldığı qənaətinə gəlmişdir. Əlbətdə ki, bu qənaətə gəlməzdən əvvəl birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən mənzildə suölçən cihazın olub-olmadığını yoxlamalı və iddia tələbinin əsaslı olduğunu təsdiq edəcək hər hansı bir sübutun mövcud olmadığını nəzərə almalı idi.
24. Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə görə, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. İddiaçı mübahisəli ünvanda 1 nəfərin qeydiyyatda olmasını nəzərə alaraq 2011-ci ilin fevral ayından 2023cü ilədək su təchizatına və kanalizasiya xidmətinə görə məhz 1 nəfərə görə hesablama aparıldığını iddia edib. Lakin mübahisəli ünvanda cavabdehin yaxud digər şəxsin olmadığı(yaşamadığı) təsdiq olunur. Göründüyü kimi, işdən açıq-aşkar görünməsinə baxmayaraq birinci instansiya məhkəməsi bu faktı nəzərdən qaçırmışdır.
25. İddiaçı tərəfin mövqeyi də açıq-aşkar əsassız hesab edilir. Çünki əməkdaşları yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə uyğun öz vəzifələrini vaxtında və lazımi qaydada icra etməyiblər. Nəticəsi isə hazırki mübahisənin yaranmasına səbəb olub. Əsassız iddia irəli sürmək əvəzinə iddiaçı qurum öz əməkdaşlarının qanunvericiliklə üzərinə qoyulmuş vəzifələrin icrasına nəzarət etməli idi.
26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4769/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 4769/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.