Məhkəmə qərarları › İş №2(103)-2742/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2742/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2742/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “avtomobilə dəymiş maddi zərərlə bağlı sığorta ödənişi” tələbinə dair mülki iş (Açar sözlər: «sığorta ödənişi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-452/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən X2 xx.xx.2022-ci il saat 18.49 radələrində “OPEL CORSA” minik markalı **-KY-*** dövlət qeydiyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir.

2. Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə Arayışa əsasən baş vermiş yol nəqliyyat hadisəsində zərərçəkən qismində, “HONDA CRV” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı müəyyən edilmişdir.

3. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı maddi ziyan dəymiş və cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya ödəniş olunmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı avtomobilə dəymiş maddi zərərlə bağlı sığorta ödənişi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrinə “HONDA SRV” markalı 99-XH523 dövlət qeydiyyat nişanlı avtomobilə sığorta hadisə zamanı dəyən maddi zərərin əvəzi olaraq 4205 (dörd min iki yüz) manat, dövlət rüsumu ödənişi olaraq 62,45 (altmış iki manat qırx beş qəpik) manat, servis xərci 50 (əlli) manat, ümumilikdə 4317,45 (dörd min üç yüz on yeddi manat qırx beş qəpik) manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, xx.xx.2022-ci il tarixdə axşam saat 18:00 radələrində Muğanlı- İsmayıllı yolunun 36-cı kilometrində Qəbələ rayonu istiqamətində “HONDA SRV” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə hərəkət edərkən qarşına qəfildən iri buynuzlu heyvan çıxması və maili şəkildə əyləci basdığı zaman arxadan hərəkətdə olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 idarə etdiyi “OPEL CORSA” minik markalı **- KY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun avtomobilini arxadan vuraraq ona 4205 manat dəyərində maddi zərər vurmuşdur. Bundan sonra hadisə yerinə 4-cü tağım Yol Patrul Xidməti inspektoru polis baş serjantı Vüsal Məsimli cəlb olunmuş, hadisə yerini müayinə etmiş və X2 barəsində xx.xx.2022-ci il tarixli ******* saylı protokol və xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati qərar qəbul etmişdir. İsmayıllı rayon DYP-nın stasionar postunda izahatları alındıqda, hadisəni törədən X1 idarə etdiyi “OPEL CORSA” minik markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh ASC-də “İcbati sığorta” olunduğu məlum olmuşdur. Daha sonra “HONDA SRV” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilini HONDA mərkəzində "xxxx" MMC-də baxışdan keçirəndə ona 4174.44 manat maddi zərər dəyməsi barədə xx.xx.2022-ci il tarixli HO-76857 nömrəli qüsur aktı çıxarılmışdır. Bundan sonra, tərəfindən müstəqil ekspertiza olaraq avtomobilimə dəyən maddi ziyanın dəyəri müəyyən olunması üçün "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli 19/22 saylı “Hesabat” tərtib edilmiş və avtomobilinə 4205 manat maddi ziyan vurulması təsdiq olunmuşdur. Buna baxmayaraq ona göstərilən sığorta ödənişini etməli olan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz öhdəliklərinin icrasından yayınır. Belə ki, ona xx.xx.2022-ci il tarixdə SMS göndərək cəmi 960 manat sığorta ödənişi edəcəkləri barədə rəsmi məlumat vermişlər. O, bu məbləğlə razı olmadığını məhkəməyə müraciət edəcəyini bildirmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-452/2023 saylı, 08 fevral 2023cü il tarixli qətnaməsi (hakim Gülnar Babazadə) ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən “HONDA CRV” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə 4150 (dörd min yüz əlli) manat sığorta məbləği, qüsur aktının tərtib olunması üçün ödənilmiş 50 (əlli) manat, ödənilmiş 62,45 (altmış iki manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4262,45 (dörd min iki yüz altmış iki manat qırx beş qəpik) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 2015-ci il buraxılışlı, “HONDA CRV” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ekspert rəyi ilə müəyyən edilmiş məbləğ- 4150 (dörd min yüz əlli) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən ziyan aktının tərtib olunması üçün 35 (otuz beş) manat ödənildiyi iş materiallarında olan ödəniş qəbzi ilə sübuta yetirildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 62,45 (altmış iki manat qırx beş qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizasının xərci olan 50 (əlli) manat cavabdeh "xxxx" ASC-yə aid edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərir ki, məhkəmə, “İcbari sığortalar haqqında” Qanunun 18.1 və 18.2-ci maddəsinə istinad edərkən, elə həmin Qanunun 2.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. İşin hallarından da göründüyü kimi, iddiaçı, onun avtomobilinə dəymiş real zərər məbləğindən 4 dəfə çox məbləğ tələb etmişdir ki, onun bu əsassız tələbi sığortaçı tərəfindən təmin edilə bilməzdi. Göründüyü kimi, sığorta ödənişinin verilməsinin gecikdirilməsi iddiaçının özünün təqsiri üzündən baş vermişdir. Sübut etməyə ehtiyac yoxdur ki, öhdəliklərin icrasının qaydası, şərtləri və digər tənzimləmə elementləri Mülki Məcəllə ilə müəyyən edilir. Məhkəmə dəymiş zərərin müəyyən edilməsi ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2023-cü il tarixli, 9/9418 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə istinad etmiş və həmin rəylə “müəyyən edilmiş” 4150 manatın cavabdehdən tutulmasını qət etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, elə həmin rəyin məzmunundan görünür ki, ekspert tərəfindən hər hansı qiymətləndirmə keçirilməmiş, sadəcə iddiaçının özünün təqdim etdiyi qərəzli və zərər məbləğinin şişirdildiyi "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktlarında yazılanlar rəyə köçürülməklə kifayətlənmişdir. Yəni, ekspertizanın “rəyində” “müəyyən edilən” məbləğ iddiaçının təqdim etdiyi aktlardakı məbləğdən demək olar ki, fərqlənməmişdir. Halbuki, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Belə olan halda, məhkəmənin həmin rəyə mötəbər sübut kimi istinad edib qətnamə çıxarması Mülki Prosessual Məcəllənin 88-ci, 101.6-cı və 101.7cimaddələrinin tələblərinə zidd olmuşdur. Hazırki halda ekspertin hər hansı müstəqil tədqiqat aparmadığı və iddiaçının qərəzli rəyinə istinad etməklə orada yazılmış məbləği olduğu kimi öz rəyinə köçürməsi aşkardır. Halbuki, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Belə rəyin “şübhədən kənar” rəy olmadığını sübut etməyə ehtiyac yoxdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

11. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 3.1.2. Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Maddə 4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Maddə 15. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Maddə 54. Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Maddə 56.1 və 56.1.2. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

14. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi, (şikayətin obyekti apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur.

20. Əvvəla, “İcbari sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.

21. Sığorta hadisəsinin baş verməsi və bununla da sığortalanmış avtomobilə zərər dəyməsi işin mübahisəsiz halıdır. Hazırki mübahisə və verilmiş apellyasiya şikayəti məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir.

22. Cavabdeh sığorta şirkəti iddiaçı tərəfindən sığorta hadisəsi barədə məlumatlandırılmadığını da mübahisələndirmir. Ancaq iddiaçının təqdim etdiyi qüsur aktlarındakı və ekspertiza rəyindəki məbləği şişirdilmiş hesab edir və məhkəmənin də icbari sığortaya dair maddi hüquq normalarını pozduğunu və həmin normalardakı xüsusiyyətləri nəzərə almamaqla səhv nəticəyə gəldiyini düşünür.

23. Göründüyü kimi, sığortaçı iddiaçını günahlanıdırır, ancaq özünün “İcbari sığortalar haqqında” Qanunun yuxarıda qeyd olunan imperativ normalarına, eləcə də həmin Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan vəzifələrinə riayət etməməsinə haqq qazandırır yaxud da bu vəzifələrini unudur. Ona görə də sığorta şirkəti bu vəzifələrini yerinə yetirmədiyindən iddiaçının dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaması əsassız və qanunsuz olmamışdır. Buna görə də əgər sığortaçı əmlaka dəymiş zərərin düzgün qiymətləndirilməməsini iddiaçının şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilmirsə, o, iddiaçının təqdim etdiyi qiymətləndirmənin nəticələrini qəbul etməlidir.

24. İşdə 4 qüsur aktı mövcuddur. Üç qüsur aktı iddiaçı, biri isə cavabdeh tərəfindən təqdim edilmişdir. İddiaçının təqdim etdiyi aktlarda zərərin məbləği demək olar ki, eynidir, cavabdeh təqdim etdiyində isə məbləğ 960 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi qüsur aktlarındakı qiymətlər şişirdilmiş hesab edilə bilməz. Çünki, təqdim etdiyi qüsur aktı məhz həmin avtomobil üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış servis müəssisəsi tərəfindən tərtib edilərək dəymiş zərər qiymətləndirilmişdir. Məhkəmə də iddiaçının təqdim etdiyi qüsur aktlarındakı qiymətləri tam nəzərə almamışdır. Əksinə iş üzrə keçirdiyi məhkəmə əmtəəşünaslıq ekspertizasının müəyyən etdiyi məbləği əsas götürmüşdür.

25. Ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyi məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir, məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyi ilə razılaşmaya bilər. Lakin işə birinci instansiya məhkəməsində baxılan zaman keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə vurulmuş zərərin məbləği hissəsində məhkəmənin razılaşmaması üçün əsaslar yoxdur və rəydə göstərilənlər sübut kimi mötəbər hesab edilməlidir. Çünki, zərərin miqdarı ilə bağlı hallar ekspert tərəfindən yoxlanılmış və yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa dəyəri iddiaçının təqdim etdiyi 3 qüsur aktında olan məbləğə yaxın 4150 manat müəyyən edilmişdir. Buna görə də, həmin rəy mötəbər sübut kimi qəbul edilməlidir.

26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-452/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-452/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar