Məhkəmə qərarları › İş №2(105)-1773/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1773/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1773/2024 03.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, e-2(060)-170/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “Toyota Rav 4” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixində idarə edərkən Bakı şəhəri, K.Səfərəliyeva küçəsi ərazisində "xxxx" ASC tərəfindən MV-P 00429-21 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Porsche Panamera” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Porsche Panamera” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 250 (iki yüz əlli) manat azadolma məbləği çıxılaraq 8420 (səkkiz min dörd yüz iyirmi) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYP-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Bünyatov X5 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbləri ilə bağlı 4855,82 (dörd min səkkiz yüz əlli beş manat, səksən iki qəpik) manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 3564,18 (üç min beş yüz altmış dörd manat, on səkkiz qəpik) manat məbləğ isə Cavabdeh1 tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0529/23 nömrəli məktubla Cavabdeh1 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Göstərilənlərə əsasən subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3564.18 (üç min beş yüz altmış dörd manat on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 55.64 (əlli beş manat altmış dörd qəpik) manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat pulun iddiaçı "xxxx" АSC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tələb edilən pul məbləği ilə tam şəkildə razı deyildir. İş üzrə iddiaçı qismində çıxış edən sığorta şirkəti dəymiş ziyanın ödənilməsi barədə ona heç bir məlumat verməmiş, daha sonra isə əsassız olaraq hesablanan 3564 manat məbləğ pulu ondan tələb etmişdir. Bildirmək istəyir ki, "xxxx" ASC tərəfindən ziyan dəymiş avtomobilə çəkilmiş xərclərin miqdarı və servis xərcləri barədə heç bir rəsmi məlumat verilməmişdir. Hazırki ərizə ilə müraciət edərək iddia tələbinə etiraz etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın məbləği, eləcə də digər tərəfin sığortasının və onun sığortası tərəfindən edilmiş hərəkətlər barədə heç bir məlumatı olmamışdır. Avtomobilə dəymiş ziyan ilə qəti olaraq razı deyildir. Belə ki, hesablanmış məbləğ tamamilə uydurma və cəfəngiyyatdır. Hesab edir ki, məhkəmə tərəfindən qeyd olunan hallar tam, obyektiv və hərtərəfli araşdırılmalı və iş üzrə həqiqətə nail olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, e-2(060)-170/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 2801,18 (iki min səkkiz yüz bir manat on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun yarısı olaraq 27,82 (iyirmi yeddi manat səksən iki qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" ASCyə ödənilməsi, dövlət rüsumunun qalan 27,82 (iyirmi yeddi manat səksən iki qəpik) manat hissəsinin iddiaçı "xxxx" ASC-yə aid edilməsi, iddia tələbinin qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manatın iddiaçı "xxxx" ASC-dən və Cavabdeh1 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir (hakim Aynur Behdudova). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, e-2(060)-170/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, heç kimə maddi zərər vurmamışdır. Belə ki, hadisə Bakı şəhərinin mərkəzi küçələrində baş vermişdir. Bu da o deməkdir ki, həmin küçədə müşahidə kameraları mövcuddur. O, Bakı şəhəri "Port Baku" adlanan ərazinin qarşısında, daha dəqiq olaraq "Port Baku" nun qarşısından Neftçilər prospektindən üzü 8 Noyabr küçəsinə çıxan yol istiqaməti məcburi olaraq sol tərəfə döngə istiqamətindədir. Arxa tərəfdən yüksək surətlə hərəkətdə olan “Porsche Panamera” markalı avtomobil üzərinə gəlir, dərhal əyləncdən istifadə etmiş, avtomobil onun avtomobilinin qarşısına çatan zaman qadağan olunmuş yola , yəni onun sağ tərəfinə dönmüşdür. Yol nəqliyyat hadisəsi baş vermişdir. Dərhal hər ikisi avtomobildən düşdükdən sonra aralarında şifahi sual cavab yaranmış, qarşı tərəf sağ tərəfə döndüyünü bildirmişdir. O da, qarşı tərəfə sağa istiqamətdə yolun qadağan olunduğunu bildirmişdir.Sonradan DYP əməkdaşları hadisə yerinə gəlmiş, araşdırma aparılmış, izahatlar alınmışdır. DYP-nin əməkdaşı Bəxtiyar Əhmədov da ona heç bir günahının olmadığını bildirmiş, qəza baş verdiyi üçün cərimə yazmışdır. İzahatda yazılanlar onun tərəfindən yazılmamış, imza da ona məxsus deyildir. Habelə hadisə 2022-ci il tarixdə baş vermiş, hansı səbəblə 2024-cü il tarixdə verilməsinə əsas olan heç bir hal məhkəməyə qeyri müəyyəndir.Ona görə də qətnaməni əsassız və qanunsuz hesab edir. Hadisə çıxarılmış qətnamədə düzgün təsvir edilməmişdir. Habelə hadisənin sxemi çəkilərkən o orada iştirak etməmişdir. Belə ki, hadisə baş verən yol istiqaməti ancaq sol istiqamətə olduğu təqdirdə, çetryojda hansı yolla düz yol göstərilməsi ona da qaranlıq qalmışdır. Sonradan telefon vasitəsilə cərimə olunmağına dair bildiriş gəlmişdir. Mütəmadi olaraq avtomobildən istifadə etdiyinə görə, yeganə qazanc mənbəyi avtomobil olmasını nəzərə alaraq digər qanun pozuntusunun qarşısını almaq məqsədi ilə 40 manat cəriməni də ödəmişdir. Lakin cərimə olunmağına dair heç bir qərar ona rəsmi şəkildə verilməmişdir.Həmçinin məhkəmə prosesləri zamanı izahatında da bildirmişdir ki, qəza zamanı günah onun üstünə yıxılmış, o, DYP-də heç bir izahat yazmamışdır. Onun adından izahat yazılmışdır. Həmçinin çertyoj tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə kompleks məhkəmə xətşünaslıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməsi qərara alınmışdır.Lakin təqdim olunacaq sənədlərin əsli ekspertizaya təqdim olunmadığından iş icra olunmadan geri qaytarılmışdır. Məhkəmə həmin geri qaytarma ilə bağlı bir tədbir göstərməmişdir. Göründüyü kimi iddia əsassız və qərəzlidir. Belə ki, qətnamə onun cərimə olunmağına və DYP-nin izahatına əsaslanmışdır.Halbuki izahat onun tərəfindən yazılmamış və imzalanmamışdır. Habelə şəkillərdən də görünür ki, onun avtomobilinin sol tərəfi, qarşı tərəfin isə sağ qapısı zədələnmişdir. Hadisənin üzərindən 1 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Hadisənin onun törətməyinə dair heç bir təsdiq edici sübut, kamera görünütüsü mövcud deyildir.Habelə avtomobilin dəyişilən detalları və ya yenisi ilə əvəz olunmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. İddia edilən məbləğ sadəcə fərziyədir, şəkil əsasında qeyri-müəyyən qiymətləndirilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz verilərək qeyd edilmişdir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən Mülki Məcəllənin 1096.1-ci maddəsinin pozulduğunu iddia etsə də, deliktin onun tərəfindən deyil, yol-nəqliyyat hadisəsinin digər iştirakçısı tərəfindən törədildiyini qeyd edir. 21 may 2022-ci il tarixində baş vermiş hadisədə Cavabdeh1 səlahiyyətli dövlət orqanı olan Bakı şəhəri X7 İdarəsi tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsinə uyğun olaraq təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan sonra o, cəriməni ödəyərək öz məsuliyyətini qəbul etmişdir. Bununla da deliktin cavabdeh tərəfindən törədildiyi sübuta yetirildiyindən o, vurmuş olduğu zərərə görə məsuliyyət daşımalıdır.Cavabdeh həmçinin apellyasiya şikayətində hadisənin 2022-ci ildə baş verdiyini, lakin hadisənin üstündən 1 il keçdikdən sonra, yəni 2023-cü il tarixdə iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyini qeyd etmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1 -ci maddəsinə əsasən iddia müddəti 10 il təşkil edir. Cavabdeh prosessual qanunvericiliyin pozulması ilə bağlı əsaslandırma edərkən həm də Mülki Prosessual Məcəllənin 9.3-ci, 14.1-ci və 88-ci maddələrinə istinad etmiş, hadisənin özü tərəfindən törədildiyinə dair heç bir təsdiqedici sübut mövcud olmadığını və məhkəmə tərəfindən iddianın sübutuna dair sübutların tələb edilmədiyini, həmçinin işə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmadığını bildirmişdir.Lakin mülki işlə bağlı bütün dəlillər, sübutlar və digər təsdiqedici sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan hallar, işdə olan sənədlər obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılaraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verilməklə qətnamə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 özünə məxsus olan “Toyota RAV-4” minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2027-ci il tarixədək Cavabdeh1 istifadəsinə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında protokolundan və “inzibati tənbeh vermə haqqında” qərarın surətlərindən görünür ki, “Toyota RAV-4” minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan MVP0078/22 saylı, xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Porsche Panamera” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 8670 manat, ödənilmiş sığorta ödənişinin məbləği 8420 manat təşkil edir. İş materiallarında olan 2000 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 8420 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1780/2022 nömrəli qiymətləndirmə aktından görünür ki, “Porsche Panamera” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumillikdə 8670 manat olaraq müəyyən edilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4855,82 manat pul köçürülmüşdür. "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 02 may 2023-cü il tarixli, 0529/23 nömrəli xəbərdarlıqdan görünür ki, subroqasiya hüququna əsasən 3564,18 (üç min beş yüz altmış dörd manat on səkkiz qəpik) manat məbləğdə vəsaiti 7 iş günü müddətində "xxxx" ASC-nin aşağıda qeyd olunan bank hesabına ödəməyi xahiş etmişlər. Qeyd olunan tarixədək həmin vəsaitin onun tərəfindən ödənilməyəcəyi təqdirdə məhkəmə qarşısında subroqasiya tələbi irəli sürüləcək və bu zaman müvafiq məhkəmə xərcləri də əlavə olaraq ondan tələb olunacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8246 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı, “Porsche Panamera” markalı, ** TR *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8670 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7957 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2115 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı, “Porsche Panamera” markalı, ** TR *** qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə, yəni 2022-ci ilin may ayına təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8370 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7657 manat kimi müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 80 manat təşkil etmişdir. Birinci instasniya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 “Toyota RAV-4” minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, "xxxx" ASC tərəfindən kasko sığorta növü üzrə sığortalanmış “Porsche Panamera” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sığortalı avtomobilin sahibinə maddi ziyan vurulmuşdur. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən 8420 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bundan sonra sığortalıya ödənilmiş 8420 manat məbləğində sığorta ödənişinin 4855,82 manat təşkil edən hissəsi «Аvtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə "xxxx" ASC-dən tələb olunmuş və adı çəkilən sığorta şirkəti tərəfindən 4855,82 manat məbləğ "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Hazırda "xxxx" ASC subroqasiya qaydasında qalan 3564,18 manat məbləğində pulu cavabdehlərdən məhkəmə qaydasında tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh1 sahibliyində və istifadəsində olduğundan, həmçinin, onun Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh1 məsuliyyət daşımalı, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarına əsasən də Toyota RAV-4” minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 yol nəqliyyat hadisəsini pozması və törədilmiş hadisə nəticəsində sığortalanmış “Porsche Panamera” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmsı öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Apellyasiya şikayətinin cavabdehin özünü inzibati xətada təqsirli bilməməsi ilə bağlı dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hadisə zamanı “Toyota RAV- 4” minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 törədilmiş yol nəqliyyat hadisəsində təqsirli bilindiyindən onun barəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhər DYPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında” qərar tərtib olunmuş və həmin inzibati xəta haqqında protokol Cavabdeh1 tərəfindən mübahisələndirilməmiş və 40 manat cərimə ödənilmişdir. Apellyasiya şikayətinin hadisənin üzərindən 1 il keçdikdən sonra məhkəməyə müraciət edilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil etdiyindən iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş zamanda iddia ərizəsi verilmiş və müddət ötürülməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, e-2(060)-170/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar