Məhkəmə qərarları › İş №2(103)-6259/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6259/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6259/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1323/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.«Haval Jolion» markalı 99DV788 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınıb və mülkiyyətindədir. 2.«Mercedes Benz ML500» minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 adına qeydiyyata alınıb və mülkiyyətindədir.

3. Cavabdeh3 tərəfindən «Mercedes Benz ML500» minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən idarə edilməsi, bağışlaması, ipoteka qoyması, sərəncam verməsi və digər hərəkətlər, qeydiyyata salması, qeydiyyatdan çıxarması, ərizə verməsi üçün xx.xx.2022-ci il tarixədək Cavabdeh2 etibarnamə verilmişdir.

4. xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə saat 12.30 radələrində «Mercedes Benz ML500» minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir.

5. "xxxx" ASC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli akta əsasən«Haval Jolion» markalı 99DV788 dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 220 manat vəsait hesablanmışdır.

6. "xxxx" QSC-nin Haval Azerbaijan texniki xilmət mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktına əsasən «Haval» markalı 99- DV-788 dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 2214 manat vəsait hesablanmışdır.

7. "xxxx" ASC İddiaçı göndərdiyi xx.xx.2022-ci il tarixli məktubunda“ göstərib ki, "xxxx" ASCdə “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Mercedes Benz” markalı, 99- OM-410 dövlət qeydiyyat nişanlı avtomobil və “Haval” markalı, **-DV- *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2022-ci il tarixində tərtib edilmiş akta əsasən “Haval” markalı 99DV788 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 220 manat müəyyən edilmişdir. Odur ki, bank hesabını təqdim etməsini xahiş edirlər. Təmir-bərpa işlərinin aparılması istəyi olarsa, Cəmiyyətə müraciət edə bilər.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Haval Jolion” minik markalı, ağ rəngli **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətindədir. Həmin avtomobilin idarə edilməsi üçün X1 etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə “Mercedes Benz ML500” minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 sola manevr edərkən ona məxsus olan “Haval Jolion” minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma zamanı ona məxsus avtomobilin qabaq sağ hissəsi vurulmuşdur. Cavabdeh2 həmin avtomobili mülkiyyətçi Cavabdeh3 ona verdiyi etibarnamə əsasında idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat başlanmış, Cavabdeh2 barəsində xx.xx.2022-ci il tarixli İXP4516175 No-li protokol tərtib edilmişdir. Bundan sonra inzibati tənbeh vermə haqqında TP4909950 nömrəli xx.xx.2022ci il tarixli qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh2 barəsində inzibati xəta haqqında icraat aparılan zaman izahatı alınmış və həmin izahatında ona məxsus olan “Haval Jolion” minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili vurduğunu bildirmişdir. Daha sonra ona vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən ona məxsus “Haval Jolion” minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 220 manat müəyyən edilmişdir. Lakin bildirir ki, "xxxx" ASC tərəfindən müəyyən edilmiş dəymiş ziyan məbləği çox aşağıdır. Belə ki, ona məxsus “Haval Jolion” minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil 2021-ci il buraxılışlı olmaqla, avtomobilin rəsmi satış yeri olan Haval Azərbaijan "xxxx" QSC-dən alınmışdır. xx.xx.2022ci il tarixdə Haval Azərbaijan "xxxx" QSC-də ilkin qiymətləndirmə aktı tərtib edilmiş, avtomobilinə vurulmuş ziyan 2214,00 manat müəyyən edilmişdir. Həmin yeni model avtomobilin istehsal müddətindən cəmi 1 il keçdiyinə görə avtomobilin ehtiyyat hissələri çox yüksək qiymətədir. Belə olduğu halda avtomobilin hər bir ehtiyyat hissələrinin də dəyəri köhnə model avtomobillərə nisbətən çox bahadır. Haval Azərbaijan "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktında avtomobilin sağ farasının qiymətinin 1500 manat, düyməsinin qiymətinin 20 manat olması qeyd olunmuşdur. Cavabdeh "xxxx" ASC isə avtomobilin 2021-ci il buraxılışlı olmasını, ehtiyyat hissələrinin yüksək keyfiyyətli olmasını, ümumiyyətlə avtomobilin istismar müddətinin çox az olmasını nəzərə almadan avtomobilə dəymiş zərəri 220 manat məbləğində müəyyən etmişdir. Əlavə olaraq bildirir ki, ona məxsus avtomobil yeni model olduğuna görə ehtiyat hissələrinin hər biri də yenidir. Cavabdeh "xxxx" ASC tərəfindən ona ünvanlanmış HD-385/22 nömrəli məktubla avtomobilin vurulmuş ehtiyyat hissələrində təmir-bərpa işləri aparılmasını istədiyi halda cavabdehə müraciət edə biləcəyi göstərilmişdir. Göründüyü kimi, cavabdeh avtomobilinin farasını yeni ilə əvəz etmək əvəzinə, təmir-bərpa işləri görəcəyini bildirmişdir. Eyni zamanda bildirir ki, avtomobilin farasının təmir-bərpa edilməsi gələcəkdə həmin faranın yenidən nasaz vəziyyətə düşməsinə, bu hal isə ondan asılı olmayan səbəblərdən qəza törətməsinə ola bilər. Avtomobili rəsmi satış yeri olan Haval Azərbaijan "xxxx" QSCdən zəmanətli şərtlərlə almışdır. Avtomobilinin başqa bir yerdə ehtiyyat hissələrinin dəyişdirilməsi, təmir-bərpa edilməsi hallarında zəmanət şərtləri qüvvədən düşəcəkdir. Bu səbəbdən avtomobilinin sağ farası və düyməsi yalnız Haval Azərbaijan "xxxx" QSC-də dəyişdirilməlidir. Odur ki, ona dəymiş 2214 manat ziyan məbləğinin cavabdehlər tərəfindən müştərək qaydada birbaşa ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı dəymiş zərərin 2214 manat məbləğində pulun müştərək qaydada cavabdehlər "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh2 tərəfindən birbaşa olaraq ona ödənilməsi, eyni zamanda məhkəməyə müraciət etmək üçün ödənilmiş 43 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1323/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi (hakim Şahin Abdullayev) ilə iddia tələbinin qismən təmin edilərək xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «Haval Jolion» markalı 99DV788 dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı "xxxx" Acıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 714 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 744 (yeddi yüz qırx dörd) manat məbləğində pulun tutulması; iddia tələbinin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış “Mersedes Benz” markalı, 99OM410 dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının mülkiyyətində olan «Haval Jolion» markalı 99DV788 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir.

11. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh sığorta təşkilatı sığorta hadisəsi ilə əlaqədar iddiaçıya 220 manat məbləğində sığorta ödənişinin edilməsini təklif etmişdir.

12. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına cəmi 2214 manat məbləğində ziyan dəymişdir. Lakin sığorta şirkəti tərəfindən cəmi 220 manat sığorta ödənişi təklif edilmişdir. Belə ki, nəqliyyat vasitələrinin təmirinə dair qiymətləndirmə aktına əsasən ona məxsus avtomaşına dəymiş ziyanın 2214 manat təşkil etməsi tam təsdiq olunur. Bu səbəbdən iddiaçı avtomaşınına dəymiş ziyana uyğun olaraq sığorta ödənişinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına cəmi 2214 manat məbləğində ziyan dəymişdir. Lakin sığorta şirkəti tərəfindən cəmi 220 manat sığorta ödənişi təklif edilmişdir. Belə ki, nəqliyyat vasitələrinin təmirinə dair qiymətləndirmə aktına əsasən ona məxsus avtomaşına dəymiş ziyanın 2214 manat təşkil etməsi tam təsdiq olunur. Bu səbəbdən iddiaçı avtomaşınına dəymiş ziyana uyğun olaraq sığorta ödənişinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Yəni sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır.

15. Məhkəmə digər tərəfdən qeyd etmişdir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı tələb irəli sürməkdə haqlı hesab edilməlidir.

16. Belə ki, yuxarıda qeyd olunduğu kimi sığorta şirkəti iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyan məbləğini 220 manat hesablanmışdır. "xxxx" QSC-nin Haval Azerbaijan servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən iddiaçının mülkiyyətində olan avtomaşına dəymiş ziyanın məbləği 2214 manat təşkil edir.

17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya sığorta ödənişi kimi 220 manat məbləğində pul təklif etsə də, həmin məbləğ vurulmuş ziyanın tam aradan qaldırılması üçün yetərli olmamışdır.

18. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, sığorta şirkəti tərəfindən ziyan məbləği hesablanarkən xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanması aktı əsas tutulsa da, həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, aktdan görünür ki, həmin akt sığorta şirkətinin əməkdaşları tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Sığorta şirkəti kommersiya təşkilatı kimi sığorta ödənişi ödəyən tərəf olduğu üçün, ziyan məbləğinin hesablanmasında maraqlı tərəf hesab olunur. Digər tərəfdən sığorta şirkəti avtomaşına vurulmuş ziyanı müəyyən edərkən yalnız vizual baxış keçirmiş və üzdən görünən ehtiyat hissələrinə vurulmuş ziyanı müəyyən etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən qüsur aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının sığorta şirkətinin aktından göstərilməyən xidmətlər də yerinə yetirilməlidir. Bu səbəbdən məhkəmə həmin qüsur aktını daha mötəbər qəbul edir, lakin məhkəmə eyni zamanda avtomaşının sağ farasının dəyişmə zəruriliyini təsdiq edən sübutların mövcud olmamasını, yəni xırda təmirlə deyil, onun mütləq dəyişdirilməli olmasına dair sübutların məhkəməyə təqdim edilə bilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının təqdim etdiyi qiymətləndirmə aktındakı ümumi ziyan məbləğindən faranın dəyəri çıxılmaqla yerdə qalan məbləğ (2214-1500=714 manat) real ziyan məbləği kimi nəzərə alınmalıdır.

19. Beləliklə məhkəmə iddiaçıya məxsus avtomaşına dəymiş ziyan məbləğinin 714 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin sığortalı əmlaka vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi sığorta ödənişinin tutulması hissəsində qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-dən vurulmuş ziyanın əvəzi sığorta ödənişi kimi iddiaçının xeyrinə 714 manat məbləğində pul tutulmalıdır.

20. Məhkəmə iddia tələbinin dəymiş zərərin eyni zamanda digər cavabdehlərdən də müştərək qaydada tutulması üzrə qeyd etmişdir ki, həmin hissədə tələb təmin edilməməlidir.

21. Məhkəmə qeyd etmişdir ki, qəzaya səbəb olan avtomobil “Mercedes Benz” markalı, 99OM410 dövlət nömrə nişanlı avtomobil sahibinin mülki məsuliyyəti sığorta şirkətində 5000 (beş min) manatadək məbləğə sığortalanmışdır.

22. Məhkəmə qeyd etmişdir ki, 5000 manat həddində icbari sığorta ilə sığortalanmış nəqliyyat vasitəsinin sürücüsünün AR İXM-nin tələblərini pozması nəticəsində digər nəqliyyat vasitəsinə yetirilmiş ziyan məbləği ödənilməli olan sığorta məbləğinin həddini aşmadığından, belə halda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi sığorta təşkilatının üzərinə düşən məsuliyyət olduğundan, həmin ziyan məbləğinin sığorta təşkilatı ilə yanaşı eyni zamanda zərər yetirən nəqliyyat vasitəsinin mülkiyyətçisi və onu idarə edən şəxsdən də tələb edilməsi əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə ekspertiza təyin edərək həmin ekspertizanın verdiyi rəyə müvafiq olaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, hakim Ş.Abdullayev qətnamədə qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" QSC-nin Haval Azərbaycan Servis Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən İddiaçı məxsus olan "Haval Jolion" markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2214 manat təşkil etmişdir, məhkəmə həmin zərər aktında sağ faranın (1500 manat qiymətləndirilmişdir) qeyd olunmasını sübuta yetirilmiş hesab etmir, ona görə də faranın qiymətini çıxdıqdan sonra 714 manat ziyan məbləğində iddianı təmin etmişdir. Hakim qeyd etmişdir ki, sığorta şirkəti maraqlı şəxs olduğu üçün onun tərəfindən tərtib olunmuş zərər aktı mötəbər sübut kimi hesab oluna bilməz. “İcbari Sığortalar haqqında" Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Məhkəmə əsassız olaraq xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətini də təmin etməmişdir.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

25. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 3.1.2. Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Maddə 4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

31. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

34. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın ona aid hissədə tam təmin edilən hissəsi, (şikayətlərin obyekti apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

35. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

36. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

37. Əvvəla, “İcbari sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.

38. Cavabdeh sığorta şirkəti iddiaçı tərəfindən sığorta hadisəsi barədə məlumatlandırılmadığını mübahisələndirmir. Demək, sığorta hadisəsinin baş verdiyi 17 mart 2022-ci il tarixdən bir müddət keçmiş, yəni 23 mart 2022-ci il tarixdə cavabdeh sığorta şirkəti dəymiş zərərin məbləğini qiymətləndirmiş və bu məbləğin 220 manat olduğunu iddiaçıya bildirmişdir. Ancaq iddiaçının təqdim etdiyi qüsur aktındakı məbləği şişirdilmiş hesab edir və məhkəmənin də icbari sığortaya dair maddi hüquq normalarına istinad etməməklə və həmin normalardakı xüsusiyyətləri nəzərə almamaqla səhv nəticəyə gəldiyini düşünür.

39. Göründüyü kimi, sığortaçı iddiaçını günahlanıdırır, ancaq özünün “İcbari sığortalar haqqında” Qanunun yuxarıda qeyd olunan imperativ normalarına, eləcə də həmin Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan vəzifələrinə riayət etməməsinə haqq qazandırır yaxud da bu vəzifələrini unudur. Ona görə də sığorta şirkəti bu vəzifələrini yerinə yetirmədiyindən iddiaçının dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaması əsassız və qanunsuz olmamışdır. Buna görə də əgər sığortaçı əmlaka dəymiş zərərin düzgün qiymətləndirilməməsini iddiaçının şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilmirsə, o, iddiaçının təqdim etdiyi qiymətləndirmənin nəticələrini qəbul etməlidir.

40. İddiaçının təqdim etdiyi qüsur aktındakı qiymətlər şişirdilmiş hesab edilə bilməz. Çünki, təqdim etdiyi qüsur aktı məhz həmin avtomobillər üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış servis müəssisəsi olan "xxxx" QSC-nin Haval Azərbaycan Servis Mərkəzi tərəfindən tərtib edilərək dəymiş zərər qiymətləndirilmişdir. Məhkəmə də iddiaçının təqdim etdiyi qüsur aktındakı qiymətləri tam nəzərə almamışdır. Başqa sözlə sağ faranın dəyəri olan 1500 manatı sığortaçıdan tutmamışdır. Ona görə də həmin qüsur aktındakı qiymətlərin şişirdilməsi barədə dəlillər əsaslı ola bilməz.

41. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1323/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1323/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar