Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1095/2024 23.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh, üçüncü şəxslər X1, X2, üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1026/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh idarə etdiyi “Peugeot 406” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi “Kia Rio” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir.
2. “Kia Rio” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1050 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən, 1050 manat iddiaçı tərəfindən X4 bank hesabına ödənilmişdir.
3. Qasımov X6 Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1050.00 manat zərər məbləğinin və ödənilmiş 30.5 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi “Peugeot 406” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi “Kia Rio” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Peugeot 406” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Kia Rio” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1050 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 1050 manat iddiaçı tərəfindən X4 bank hesabına ödənilmişdir. Xəzər rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Qasımov X6 Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir.
6. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir.
7. İnzibati xəta haqqında TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir.
8. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 25003 nömrəli qiymətləndirmə aktından görünür ki, “Kia Rio” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 1050 manat məbləğindədir.
9. İş materiallarında olan "xxxx" ASC-nin PXA 76710 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək sığortalanmış “Peugeot 406” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə, saat 13:25 radələrində “Kia Rio” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına uyğun olaraq vurulmuş zərər 1050 manat qiymətləndirilmişdir.
10. İşdə olan xx.xx.2022-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən PXA 76710 saylı sığorta aktı əsasında 1050 manat pul köçürülmüşdür. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh idarə etdiyi “Kia Rio” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır.
11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1026/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilərək, Cavabdeh 1050 (bir min əlli) manat vurulmuş zərərin və 30,50 (otuz manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh “Kia Rio” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmiş və həmin avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır.
13. Məhkəmə, öz mövqeyini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yanaşması tam əsassızdır, belə ki, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin Kuznetsova Yuliyanın avtomaşınını öz şəxsi vəsaiti ilə təmir etmiş və həmin şəxsə təhvil vermişdir. Bu avtomobil usta Bayrama təqdim olunmuş, zədələnən bütün hissələr təmir edilmiş və hətta avtomobili Kuznetsovaya təqdim edərkən ona minnətdarlığını bildirməklə avtomobilin qapısının əvvəlkindən də yaxşı işlədiyini demişdir. Lakin avtomobilini ona təmir etdirən və avtomobilə dəymiş ziyanı onun vəsaiti ilə aradan qaldıran Y.Kuznetsova iddiaçı şirkətə müraciət edərək əlavə 1050 manat vəsait almışdır. Həmin vəsaiti iddiaçı ona təqdim etməmişdən qabaq onunla əlaqə saxlamamışdır. Əlbəttə ki, avtomobili ona təmir etdirməsinə baxmayaraq yenidən şirkətdən bu şəxsin pul aldığını bilsəydi bu barədə məlumat verərdi. Lakin iddiaçı tərəfindən təmir edilmiş avtomobilə görə yetərincə araşdırma aparmadan pul vəsaiti vermiş və Y.Kuznetsova bu halda aldığı pulu həmin sığorta şirkətinə qaytarmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı X1 vəkili və nümayəndəsi Vəkil yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 13.25 radələrində Bakı şəhəri Türkan-Hövsan yolu ərazisində baş vermiş avtoqəza nəticəsində cavabdeh, avtomobili idarə etməyə səlahiyyəti olmadan idarə etdiyi “Peugcot 406” markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobillə Yulya Kuznetsovanın idarə etdiyi “Kia Rio” markalı **- RS-*** dövlət qeydiyyat nişanlı avtomobillin hərəkət etdiyi zolağa çıxaraq avtoqəza şəraiti yaradaraq avtomaşını vurmuş, nəticədə də avtomaşını öz tanışı olan Bayram adında ustaya təmir etdirəcəyini bildirərək avtomaşını yük evakuatoruna yükləməklə həmin şəxsin işlədiyi təmir sexinə aparmış, o vaxtdan da 3 ay ərzində avtomaşını həmin şəxsin işlədiyi təmir sexinin yanında saxlatdırmış, bu müddət ərzində yalnız bir ədəd istifadəyə yararsız vəziyyətdə olan bamperi alıb ustaya vermiş, avtomaşının yararsız vəziyyətə düşmüş digər hissələrini gətirməməsi, gətirdiyi bamperin yararsız vəziyyətdə olması ilə əlaqədar həmin usta avtomaşınını təmir edə bilməmiş, bununla əlaqədar üçüncü şəxsin ona etdiyi telefon zənglərinə “mənim imkanım yoxdur, gedin hara istəyirsiniz şikayət edin mən avtomaşınınızı təmir etdirə bilməyəcəm” dedikdən sonra yenidən sığorta şirkətinə müraciət edərək sığorta haqqı aldıqdan sonra avtomobili təmir etmək məcburiyyətində qalmışlar. Əslində cavabdehin təqsiri və günahı üzündən avtomobillərinə dəymiş zərəri qarşılamaq istəməməsi səbəbindən üçüncü şəxslər 3 ay müddətində avtomaşınsız qalmış və daha sonra iddiaçı şirkətindən aldıqları sığorta haqqının hesabına avtomobillərini təmir etmək məcburiyyətində qalmışlar. Odur ki, birinci instansiya məhkəməsi bununla əlaqədar iddiaçı şirkətin cavabdehə qarşı qaldırdığı iddianın təmin edilməsi haqda qətnamə çıxartmaqda haqlı olmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X5, X7, üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı "xxxx" ASC-yə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (...) Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
22. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.
35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1026/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
37. Belə ki, iddiaçı mövcud subroqasiya tələbinin faktiki əsası kimi Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edərək hazırkı tələbi irəli sürmüşdür.
38. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.
39. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
40. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.
41. Avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.
42. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.
43. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.
44. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
45. Göründüyü kimi, əşya sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir.
46. Başqa hüquq münasibətlərinə aid olan tələblər mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan münasibətləri nizama salmaqdır.
47. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, avtomobilə dair verilmiş etibarnamənin müddəti bitsə də, cavabdehin avtomobil idarə etmək hüququ olmuşdur. Cavabdeh avtomobili onun mülkiyyətçisinin iradəsinə uyğun olaraq istifadə və idarə etmişdir. Bunun əksini sübut edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir.
48. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud subroqasiya tələbi əsassız olmuş və birinci instansiya məhkəməsinin həmin tələbin təmin edilməsi barədə gəldiyi nəticə isə düzgün olmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən digər dəlillərə qiymət verilməsinə zərurət görmür.
49. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
50. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1026/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1026/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.