Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-833/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(060)-727/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AC seriyalı 942966 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Tofaş Şahin” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur.
2. AE 017152 №-li sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2014-ci il tarixində “B,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir.
3. Elektron məlumatdan görünür ki, “Tofaş Şahin” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən 1 il müddətinə kimi "xxxx" ASC-də sığortalanmışdır.
4. Sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Tofaş Şahin” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortalısı Cavabdehdur.
5. İnzibati tənbeh vermə haqqında AP seriyalı, xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh 26 iyul 2021-ci il tarixdə törətdiyi əməl nəticəsində TP ******* nömrəli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək törətdiyi yol nəqliyyat hadisəsinə görə 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1160 manat məbləğində vurulmuş zərər və ödənilmiş 31.60 manat dövlət rüsumu olmaqla, cəmi 1191.60 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərardadı ilə tələbin iddia icraatına keçirilməsi qərara alınmışdır.
8. İddia onunla əsaslandırılmışdır ki, “Tofaş Şahin” markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. 2021-ci il iyulun 26-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Tofaş Şahin” markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, yeni Bulvar küçəsində “Mercedes Benz C200” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Sumqayıt DYPŞ-nin xx.xx.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sumqayıt DYPŞ-nin TP4510525 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 2172 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes Benz C200” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobillə 1160 manat məbləğində ziyan dəymişdir. Sığorta şirkəti xx.xx.2021-ci il tarixində 5654 nömrəli ödəniş tapşırığı ilə 1160 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir.
9. İş materiallarında olan avtoservisin verdiyi xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC-nin direktoru həmin aktı ondan ötrü tərtib etmişdir ki, “Mercedes Benz C200” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və göstərilən işlərin görülməsi və ehtiyat hissələrinin dəyişdirilməsi üçün yekun məbləğ 1160 manat məbləğində müəyyən edilmişdir.
10. İşdə olan PXA 91264 №-li sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 18:00-da baş vermiş yol nəqliyyat hadisəsi zamanı X1 istifadəsində olmuş “Mercedes Benz C200” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün dəymiş zərərə görə köçürmə yolu ilə 1160 manat ödəniş edilmişdir.
11. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, X2 1160 manat sığorta ödənişi edilmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(060)-727/2024 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 1160 manat məbləğində vurulmuş zərərin və ödənilmiş 31.60 manat dövlət rüsumu olmaqla, cəmi 1191.60 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsinə dair iddiası təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, şəxsin avtomobilin etibarnamə olmadan idarə etməsi onun nəqliyyat vasitəsini idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismarına hüququ olmayan kimi qəbul olunmasına əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. İş üzrə cavabdehin sürücülük hüququ mövcudluğu baxımından, eləcə də onun özü sığortalı şəxs olduğundan iddiaçının ona qarşı tələb irəli sürməyə subroqasiya hüququ yaranmamışdır. Bu hal iddiaçının cavabdehə qarşı hazırki iddianı qaldırmağa subyektiv hüququnu istisna edir. Çünki, iddiaçı hüquqi ixtiyara malik olmadığından onun belə bir tələb etmək hüququ mövcud deyildir. Ona görə də, iddia əsassızdır.
14. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.2, 1108.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinin düzgün tətbiq edilməməsi nəticəsində sığorta ödənişini vermiş sığorta şirkətinin qanunla nəzərdə tutulmuş subroqasiya hüququ pozulmuşdur. Qanunun hal-hazırda qüvvədə olan qeyd olunan norması məhkəmə tərəfindən sanki qüvvədən düşmüş kimi qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin etibarnaməsiz avtomobilin idarə edilməsinin mülki məsuliyyət yaratmaması haqqında gəldiyi nəticə, Qanunun 25.1.3-cü maddəsinin qüvvədən düşmüş hesab edilməsi demək deyildir. Bu norma isə, sığorta şirkətinin subroqasiya hüququnu nəzərdə tutur. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi dedikdə sürücülük vəsiqəsini, etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini özündə saxlaması deməkdir. Qeyd olunan maddədə yalnız əmlakı idarə etmək deyil, həm də istifadə edilməsi və istismar edilməsi nəzərdə tutulmuşdur. İstifadə edilməsi dedikdə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan yəni sürücülük vəsiqəsi olan lakin etibarnamə olmadan avtomobilin idarə olunması kimi başa düşülür. Bundan başqa qeyd olunan maddənin dispozitiv şərtində həmçinin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakdan istifadə edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır müddəası da, yer almışdır ki, bu halın sübut olunması isə əmlakı istifadə etməyə hüququ olmayan şəxsin üzərinə düşür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə cvabdeh Cavabdeh məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (...) Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
22. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, iddiaçı mövcud subroqasiya tələbinin faktiki əsası kimi Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edərək hazırkı tələbi irəli sürmüşdür.
33. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.
34. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
35. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.
36. Avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.
37. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.
38. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.
39. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
40. Göründüyü kimi, əşya sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir.
41. Başqa hüquq münasibətlərinə aid olan tələblər mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan münasibətləri nizama salmaqdır.
42. AE 017152 №-li sürücülük vəsiqəsinə əsasən Cavabdeh sürücülük vəsiqəsi olmuş, sahibliyində olan “Tofaş Şahin” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də məhz olun özü tərəfindən sığortalanmış, sığorta müqaviləsi onun özü ilə bağlanmışdır.
43. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud subroqasiya tələbi əsassız olmuş və birinci instansiya məhkəməsinin həmin tələbin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
44. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(060)-727/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.