Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2743/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsinə dair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun silinməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-482/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********01403) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1969 manat 92 qəpik məbləğində olmaqla borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-482/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şəhriyar Əliyev) ilə iddia tələbi qismən təmin edilmiş, «İddiaçı **********01403 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 1641 (min altı yüz qırx bir) manat 60 (altmış) qəpik borc silinməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri:
2. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşmişdirilmişdir. Məhkəmə qərar qəbul edərkən bu halları təsdiq edən sübutları nəzərə almamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
3. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Zabrat qəsəbəsində yerləşən fərdi ev üzrə G4 markalı **********7 saylı sayğacla əvəz edilmişdir. Mülki işdə olan xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Zabrat qəsəbəsində yerləşən fərdi ev üzrə Zenner tipli G4 markalı **********7 saylı sayğac yeni Zenner tipli G4 markalı **********278 saylı sayğacla əvəz edilmişdirAbonent saldosundan görünür ki, iddiaçının **********00520 nömrəli abonent hesabına 2022-ci ilin oktyabr ayında akt əsasında 2073,60 (17280 m3 x 0.12 manat) manat məbləğində borc hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “sayğac quraşdırılmazdan əvvəl abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 16416 m3 (2x24x180=5184 m3 ; 6x24x180=11232 m3 ) qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur, təbii qaz işlədiciləri PQ4 və kombidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xx/xx-0350343 saylı Aktın surətindən görünür ki, İddiaçı Zabrat qəsəbəsi ünvanı üzrə qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır, akt İddiaçı tərəfindən imzalanmamışdır. Mülki işə əlavə edilmiş 14 dekabr 2022-ci il tarixli “Abonent saldosu”ndan görünür ki, İddiaçı **********01403 nömrəli abonent hesabına “Qalıq və aktlar” əsasında 06/2022-ci il tarixə 1969,92 manat borc yazılmışdır, Zenner G4T smart markalı qaz sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi
5. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
6. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 11.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» Bənd 3.1.2. İstehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etmək qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının vəzifəsidir. Bənd 3.1.3. Qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Bənd 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq qadağandır. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaclar xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yenisi ilə əvəz edilmişdir, cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və “sayğac quraşdırılmazdan əvvəl abonentin təbii qazdan qeyri-qanuni istifadə edilməsi” barədə nöqsan qeyd olunmuşdur, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və həmin akt əsasında iddiaçının **********01403 saylı abonent hesabına orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə 06/2022-ci il tarixə 1696,92 manat borc yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir, iddiaçı sayğac quraşdırılan xx.xx.2022-ci il tarixə qədər təbii qazdan sayğacsız istifadə etmişdir, istifadə müddəti 2 ay, orta günlük iş rejimi 12 saat, təbii qaz işlədiciləri isə PQ- 4 və kombidir. Məhkəmə kollegiyası rayon məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq hesab edir ki, həmin müddətlər ağlabatan deyildir, belə uzun müddət üçün hesabatın aparılması isə, borcun yazıldığı müddətin əhatə olunduğu ilin mövsümü də nəzərə alınmaqla, daha mötəbər sübutlara istinad olunmasını (məsələn, iddiaçıya məxsus ünvana baxış keçirilməklə təbii qazdan qanunsuz istifadəyə görə mütəmadi və ya hər ay bu barədə akt tərtib olunmasını və s.) tələb edir. Bununla belə, hesabatın həmin hədlərdə aparılmasına əsas verən sübutlar iş materiallarına əlavə edilməmiş, belə hallar kollegiya tərəfindən də müəyyən olunmamışdır. Kollegiya hesab edir ki, sayğacsız dövr ərzində təbii qazdan istifadəyə görə hesablaşma, “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”də göstərilən düsturuna uyğun olaraq, lakin hesabat müddəti 60 gün, orta günlük iş rejimi 12 saat götürülməklə aparılmalıdır (1.2x12 saat x 60 gün=864 m3 ; 2.6x 12 saat x 60 gün=1872 m3 ; 864+1872=2736 m3 ; 2736 m3 x 0,12 manat = 328,32 manat). Belə olan halda məhkəmə hesab edir ki, ümumilikdə qeyri-qanuni qazdan istifadə müddətində itirilmiş qaz sərfiyyatı 328,32 manat həddində müəyyən edilməli və iddiaçının abonent hesabına yazılmış 1969,92 manat borcdan 1641,6 (1969,92-328,32=1641,6) manat silinməli olması ilə bağlı hissədə rayon məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:
8. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-482/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov