Məhkəmə qərarları › İş №2(103)-2749/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2749/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2749/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, ilkin iddia üzrə İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, onların nümayəndəsi vəkil Vəkil iştirakları ilə, illkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı icarə müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılması və maddi zərərin ödənilməsi barədə ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Cavabdeh2 qarşı müqavilə öhdəliyin icrası barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1279/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından illkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı icarə müqaviləsinin ləğv edilməsi, maddi zərərin ödənilməsi (İİ cil, səh.28) tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Cavabdeh2 qarşı iddia tələbinin rədd eidlməsi, müqavilə öhdəliyin icrasının qoyulması (İİ cild, səh.6) tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə ünvanlayaraq, xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh1- nin qanuni istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən icarəyə götürülmüş əmlakdan istifadə edilməsinə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə üçüncü şəxs X5, həmçinin X6 və digərləri tərəfindən maneələr yaradılmasının, sözügedən əmlakın bütün qapılarının kilidlərinin dəyişdirilməsinin, həmin əmlakın satışı, icarəyə verilməsinə dair reklam saytlarında, sosial şəbəkələrdə elanlar yerləşdirilməsinin onlara və digərlərinə qadağan edilməsi kimi iddianın təmin tədbirlərinin görülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1279/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən "Cavabdeh1” MMC-nin qanuni istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən icarəyə götürülmüş əmlakdan "Cavabdeh1” MMC tərəfindən istifadə edilməsinə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən hər hansı maneələrin yaradılması qadağan edilmiş, qərardadın icrasının Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, qərardadın dərhal icra olunması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının MPM-nin 157-158, 160.1, 163 maddələrinə istinadən qeyd edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən "Cavabdeh1” MMC-nin qanuni istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən icarəyə götürülmüş əmlakdan "Cavabdeh1” MMC tərəfindən istifadə edilməsinə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən hər hansı maneələrin yaradılması qadağan edilməli, iddianın təmin etmə tədbirinin sözügedən əmlakın bütün qapılarının kilidlərinin dəyişdirilməsinin, həmin əmlakın satışı, icarəyə verilməsinə dair reklam saytlarında, sosial şəbəkələrdə elanlar yerləşdirilməsinin İddiaçı qadağan edilməsi hissəsi ilə bağlı qeyd edir ki, sadalanan bu hallar yuxarıda cavabdeh İddiaçı qadağan edilmiş hissədə nəzərdə tutulduğundan, ərizə bu hissədə təmin edilməməlidir. Eyni zamanda iddianın təmin etmə tədbirinin ilkin iddia üzrə üçüncü şəxs X5, həmçinin X6 və digərləri tərəfindən maneələr yaradılmasının, sözügedən əmlakın bütün qapılarının kilidlərinin dəyişdirilməsinin, həmin əmlakın satışı, icarəyə verilməsinə dair reklam saytlarında, sosial şəbəkələrdə elanlar yerləşdirilməsinin onlara və digərlərinə qadağan edilməsi hissəsi əsassız olduğundan təmin edilməməlidir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qərardaddan şikayət verərək, iddianın təmin tədbiri barədə xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-1279/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə MPM-in 157-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddianın təmin tədbir barədə ərizə ilə verilmiş qarşılıqlı iddia tələbi üstüstə düşür, yəni iddia tələbi də tərəfin obketdən istifadə edilməsi üçün şəraitin yaradılmasıdır, iddianın təmin tədbiri isə obyektdən istifadə edilməsinə maneənin aradan qaldırılmasıdır. Göründüyü kimi iddia tələbi ilə iddianın təmin tədbiri üst-üstə düşür, demək olar ki, hakim qərardad yox. elə qətnamə qəbul etmişdir. Bu qərardad MPM-in 157.2-ci maddəsinə ziddir, məhkəmə qərardadı sanki işi mahiyyəti üzrə həll etmiş, tərəfin yekun istəyinə uyğun indidən qərardad qəbul etmişdir; Mülki iş üzrə Cavabdeh1-nin direktoru Cavabdeh2 xx xxxx 2020-ci il tarixdə bir neçə nəfərin iştirakı ilə yaşayış evinin açarını iddiaçıya təhvil vermiş, obyektdə olan əşyalarının foto və video çəkilişini aparmışdır. Səbəb isə artıq uzun müddət kirayə haqqını verə bilməməsi və kirayə haqqının yığılması səbəbindən kirayə hüquq münasibətlərinə xitam verilməsi olmuşdur. Bunu təsdiq edən şahidlər və tərtib edilmiş akt da vardır. 2019-cu ilin noyabr ayından bu günədək Cavabdeh1 bir manat da olsun kirayə haqqı ödəməmiş, yayınmış, mülkiyyətçinin hüquqları kobud şəkildə pozulmuşdur. Bu hallar məhkəmədə mübahisələndirilmir. çünki tərəf özü də etiraf edir ki. kirayə haqlarını ödəməyib və buna maddi imkanı çatmır. Belə olan şəraitdə 31 otaqlı yaşayış evinin məhkəmə prosesləri boyu qarşılıqlı iddia verərərək təmin etdirdiyi iddianın təmin tədbiri ilə uzun müddət yaşayış evindən kommersiya məqsədləri üçün istifadə edib pul qazanması, mülkiyyətçinin isə hüquqlarının heçə sayılaraq belə qərardad qəbul edilməsi, nə qanuna, nə də haqq-ədalətə sığmır. Odur ki, bu qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. Hazırda bu qərardadın icrasından sui-istifadə edən cavabdeh 31 otaqlı yaşayış evini əvvəllər olduğu kimi mülkiyyətçinin razılığı olmadan 3-cü şəxslərə icarəyə verib pul qazanacaq, mülkiyyətçi isə hüquqlarının pozulduğunu sadəcə seyr edəcək. Çünki məhkəmə qərardadı bu qanunsuzluğa şərait yaradacaqdır. Cavabdeh1-nin direktoru Cavabdeh2 və obyekti bütünlüklə ələ keçirmək istəyən havadarları dəfələrlə mülkiyyətçiyə hədə-qorxu gələrək evi məhv edəcəklərini, yandıracaqlarını, ziyan vuracaqlarını bildirmişlər. Bu qərardad cavabdehə qanunsuz hərəkətlərini etməyə yardım edəcək və obyektin salamatlığı təhlükə altında qalacaqdır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1279/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadını ləğv edilməsini xahiş etmişdir. Şikayətdə MPM-in 267; “Sahibkarlıq fəaliyyəti haqqında“ Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli icarə Müqaviləsinin 7-ci maddəsinin 1-ci bəndinin 2-ci yarımbəndindən də açıqca görünür ki, icarəyə verən icarəçinin məhz sahibkarlıq fəaliyyətinə müdaxilə etməmək kimi öhdəlik götürmüşdür. Həmçinin işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair “Cavabdeh1“ MMC-nin məhkəməyə ünvanladığı ərizəyə əlavə edilmiş keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun DÖVLƏT REYESTRİNDƏN ÇİXARİŞından da göründüyü kimi ilkin iddia üzrə cavabdeh kimi cəlb edilmiş “Cavabdeh1“ MMC məhz kommersiya qurumu kimi dövlət qeydiyyatına alınmış və icarə müqaviləsinin bağlanmasında məqsəd gəlir əldə etmək olmuşdur, qeyri- kommersiya fəaliyyəti ilə məşğul olmamışdır. Məhkəmə yekun nəticəyə gələrkən xx xxxxxx 2019-cu il tarixli müqavilənin ÜMUMİ MÜDDƏALAR bölməsində icarəçinin fəaliyyətinin sahibkarlıq fəaliyyəti olmasının tərəflər arasında müəyyən edilməsi, bu fəaliwətin Azərbaycan Respublikasının Qanunlarına zidd olmayan istənilən sahibkarlıq fəaliyyəti olmasını nəzərdə tutan hissəsinə, bəndə lazımi diqqət yetirməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1279/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1279/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi vəkil Vəkil şikayəti müdafiə edərək, mübahisəli obyektin Cavabdeh1-yə icarəyə verildiyini, 2019-cu ilin noyabr ayından ödəniş edilmədiyini, 2020-ci ilin iyul ayında isə iddiaçıya qeyri-yaşayış sahəsinin açarını təhvil verdiyini və əvəzində ödənişləri tələb etməməsini və ərizəsini geri götürməsini təklif etdiklərini, sonradan məhkəmə prosesində qarşılıqlı iddia ərizəsi ilə müraciət etdiyini və iddia təmin tədbiri barədə ərizə verdiyini, həm qarşılıqlı iddia və iddia təmin tədbiri ərizəsində oxşar xahiş etdiyini, məhkəmə tərəfindın təmin olunduğunu, sentyabr ayında açarı cavabdehlərə təhvil verdiklərini, təhvil-təslim aktına Orxanın imza etmədiyini, lakin bu günə kimi ödənişlər etmədiklərini bildirmiş və iddiaçının şikayətinin təmin edilməsini, qarşı tərəfin şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı öz şikayətini müdafiə edərək, iki dəfə cavabdehlərə xəbərdarlıq göndərdiyini, sonra aylıq 400 manat ödəniş təklif etdiklərini, razılaşdığını, lakin ödəniş etmədiklərini, kommunal xərclərin də ödənilmədiyini bildirmiş və şikayətinin təmin edilməsini, qarşı tərəfin şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 əvvəllər mübahisəli obyektin sahibi olduğunu, lakin hal-hazırda iddiaçının həmin obyektin mülkiyyətçisinin olduğunu, cavabdehin onunla müqavilə bağlamadığını, ancaq ödənişləri etmədiklərini, telefon və su xəttlərinin bağlandığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq cavabdehlər Cavabdeh1-nin, Cavabdeh2 iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24, 80, “X11 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 77, 88, 157-164, 386, 388, 395, 397.2, 398-ci maddələrinə əsasən hesab edir ki, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir, əmlak üzərinə qadağa qoyulması və ya sair iddia təmini tədbirinin həyata keçirilməsi gələcəkdə məhkəmə tərəfindən nəzarət etməli olan qətnamənin icrasına və məcburi icra tədbirlərinin həyata keçirilməsinin mümkünlüyünə təminatdır. Diqqətə çatdırılmalıdır ki, gələcəkdə iddia tələbinin təmin edilmədiyi halda cavabdehin iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməkdə haqlıdır, bununla da, müvəqqəti məhdudlaşdırılması ehtimal edilən hüquqları bərpa etmək imkanı saxlanılmaqdadır. Qeyd edilənlər nəzərə alınmaqla, iddia tələbinə və tələbin yönələn şəxslərə münasibətdə qərardadın ləğvinə və ya dəyişdirilməsinə əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1279/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar