Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2751/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3337/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 11800 (on bir min səkkiz yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 23.800 ABŞ dolları məbləğində pulun, həmçinin 20.000 manat mənəvi ziyanın, eləcə də dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycanda yaşayan, hazırki Zirə Futbol klubunun ruminiyalı futbolçusu İddiaçı Skarlataçe ilk dəfə Azərbaycana 2011-ci ildə gəlmişdir. İddiaçı Azərbaycanın X8 klubu ilə xx xxxxxx 2011-ci il tarixdə, xx xxxx 2012-ci il tarixdə, xx xxxxxx 2014-cü il tarixdə 2 illik xx xxxx 2014 - xx xxxx 2016-cı il dövrü əhatə edən peşəkar futbol müqavilə bağlamışdır. X8 Klubunun rəhbərliyi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və bununla bağlı iddiaçı İdman üzrə Arbitraj Məhkəməsinə şikayət etmişdir.X2 Assosasiyasının (FİFA) nın X1 xx xxxx 2016-cı il tarixli qərarı ilə X8 Klubundan İddiaçı Skarlataçeyə 476.000 (dörd yüz yetmiş altı min) ABŞ dolları məbləğində pulun ödənilməsi əmr olunmuşdur.Həmin Qərarın Azərbaycan Respublikasında tanınması üçün iddiaçı Azərbaycanda Cavabdeh ilə xx xxxxxx 2016-cı iltarixli hüquqi yardım müqaviləsi bağlamışdır. Qeyd olunan müqaviləyə görə iddiaçı cavabdehə 23.800 ABŞ dolları məbləğində pul ödəmişdir. Bu məbləğin ödənilməsinə dair cavabdeh tərəfindən iddiaçıya AĞÜ 167787 saylı kassa mədaxil orderinin qəbzi verilmişdir. Bundan sonra İddiaçı Skarlataçenin Ali Məhkəməyə vəsatəti daxil olmuşdur.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadı ilə həmin qərar tanınmış və məcburi icra olunması qərara alınmışdır. Bundan sonra Ali Məhkəmə tərəfindən qeyd olunan qərarın icra olunması üçün Lənkəran rayon İcra və Probasiya şöbəsinə icra vərəqəsi göndərilmişdir.Qeyd olunan icra vərəqəsinin icra olunması üçün icra məmuru Tural İsmayılov bir neçə icra tədbiri görməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamış, klubun maliyyəsinə, pullarına, gəlirinə heç bir aidiyyəti olmayan Eldar Bayramov bir neçə dəfə çağırılmış, sonda 1200 manat cərimə olunmuş, o qərar da hansısa yollarla Şirvan Apellyasiya Məhkəməsində ləğv olunmuşdur. Nümayəndə Cavabdeh bundan sonra hər hansı hərəkət etməməklə, yəniiddiaçını yarı yolda qoymuşdur. Cavabdeh iddiaçının əcnəbi vətəndaş olmağından və düşdüyü çıxılmaz vəziyyətdən istifadə edərək onu aldatmış, Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş qaydada yalnız FİFA-nın qərarının Azərbaycanda tanınması üçün iddiaçıdan külli miqdarda pul almışdır. Sonradan iddiaçı başa düşmüşdür ki, aldadılmışdır.Belə ki, Cavabdeh ilə aralarında bağlanmış müqavilənin 1.1-ci bəndində sadalananlardan yalnız FİFA tərəfindən qəbul olunmuş qərarın Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən tanınmasının təmin olunmasında iştirak etmişdir. Qalan sadalanan heç bir öhdəliyi yerinə yetirməmişdir, müqavilədə də qeyd olunduğu kimi Xəzər Lənkəran klubunun rəhbərləri Tuyqun Nadirov və Mais Qurbanovdan heç nə tələb etməmişdir. Bu da onların asanlıqla iddiaçıya məxsus olan pullarının mənimsənilməsində yardımçı olmuşdur. Baxmayaraq ki, Cavabdeh dəfələrlə bunu edəcəyini bildirmişdir. Bütün bunlardan sonra iddiaçının pulunu qaytarmamaqla yanaşı, ona məxsus olan sənədlərini də qaytarmamışdır. Belə olan halda cavabdeh tərəfindən aralarında bağlanmış müqavilə yerinə yetirilməmiş sayılır və cavabdeh iddiaçıya müqavilə üçün ödədiyi bütün pulları geri qaytarmalıdır. Hətta iddiaçı cavabdehin vəkil olduğunu düşünmüşdü. Cavabdeh isə Vəkillər Kollegiyasının üzvü belə deyilmiş. Tərəflər arasında bağlanmış müqavilənin 2.4, 3.1 -ci bəndlərinə əsasən cavabdeh ən azı 11800 ABŞ dollarını iddiaçıya geri qaytarmalı idi. Belə ki, müqavilədə dənəzərdu tutulduğu kimi iddiaçıya ödənilməli olan 476.000 ABŞ dollarının son ödənilmə tarixi xx xxx 2017-ci il tarixi kimi qeyd edilmiş, əks halda o, 11800 ABŞ dolları geri qaytarmalı idi. Ötən müddət ərzində dəfələrlə iddiaçı cavabdehdən ödənilməli olan pulu tələb etsə də, o, buna məhəl qoymamışdır. Həmçinin ona təqdim edilmiş heç bir sənədləri geri qaytarmamışdır. Cavabdehin iddiaçıya vurduğu maddi ziyan nəticəsində iddiaçı mənəvi olaraq sarsıntı və stress keçirmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3337/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və təqdim olunmuş sübutlar əsasında iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır, təqdim edilmiş maddi sübutlara və şahid ifadələrinə düzgün qiymət verilməmişdir. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib apellyasya şıkayətinin təmin olunmamasını xahiş edən cavabdehi, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında hüquqi yardım göstərilməsinə dair müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, o, iddiaçını 2013-cü ildən tanıyır. İddiaçı cavabdeh arasında hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilə əsasında iddiaçı cavabdehə 23.000 ABŞ dolları məbləğində pul ödəmişdir. Cavabdeh iddiaçıya ayrı-ayrı vaxtlarda pul ödəmişdir. Lakin ödəniş onun yanında olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, o, iddiaçının sürücüsü olmuşdur. Cavabdeh iddiaçıya təqdim edilməsi üçün ayrı-ayrı vaxtlarda 4000 manat, 2000 manat, 600 ABŞ dolları pul vermişdir. İddiaçı əksər vaxt məşqlərdə və ya öz ölkəsində olurdu. Cavabdeh həmin pulu şəxsən vermişdir və o, bununla əlaqədar sənədə imza etmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli “hüquqi yardım göstərilməsinə dair müqavilə”dən görünür ki, sifarişçi bu müqavilədə nəzərdə tutulmuş həcmdə və şərtlərlə hüquqi xidməti göstərməyi icraçıya tapşırır, icraçı isə həmin işin yerinə yetirilməsi öhdəliyini öz üzərinə götürür Qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən “icraçı” öz bilik və bacarığı sayəsində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tətbiq edilməsi ilə və “sifarişçi”-nin tapşırığına əsasən onunla “X8 Klubu” MMC arasında bağlanmış xx xxxxxx 2011-ci il, xx xxxx 2012ci il, xx xxxxxx 2014-cü il və xx xxxx 2014-cü il tarixli Peşə Müqavilələrindən irəli gələn “X8 Klubu” MMC-nin öz müqavilə öhdəliyinin lazımınca icra etməməsi məsələsinin tənzimlənməsi məqsədi ilə ona hüquqi yardım göstərməyi və “sifarişçi”-nin təqdim etdiyi FİFA-nın X1 xx xxxx 2016-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Ali Məhkəməsində məcburi icra olunması və tanınmasını təmin etməyi, qanunvericilik çərçivəsində bu mümkün olmadıqda “sifarişçi” ilə yeni müqavilə bağlayaraq onu etibarnamə əsasında yerli məhkəmələrdə təmsil etməyi öz üzərinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli, 10(102)-40/2017 saylı qərardadı ilə vəsatət təmin edilmiş, X2 Assosiasiyasının (FİFA-nın) X1 xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 405.1-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsini tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Göründüyü kimi tərəflər hüquqi xidmət göstərilməsinə dair müqavilədə göstərilən şərtlərlə razılaşaraq həmin müqaviləni bağlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Eyni Məcəllənin 783.1-ci maddəsinə görə vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir (həmin Məcəllənin 783.2-ci maddəsi). İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən “icraçı” 476.000 ABŞ dolları həcmində borc məbləğinin “sifarişçi”yə ödənilməsini təmin edə bilmədiyi halda o, avans kimi ona ödənilmiş 23800 ABŞ dolları məbləğindən 12000 ABŞ dolları həcmində hissəsini cari xərclərini qarşılamaq üçün özündə saxlayaraq qalan məbləği “sifarişçi”yə qaytaracaqdır Qeyd olunan müqavilənin 3.1-ci bəndinə əsasən “icraçı”nın bu müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirməsi üçün axırıncı müddət xx xxx 2017-ci il tarixli müəyyən edilir. Həmin müddətə qədər 476.000 ABŞ dolları həcmində borc məbləği “sifarişçi”yə ödənilməzsə, onda “icraçı” ona ödənilmiş avans məbləğindən 11800 ABŞ dolları hissəsini “sifarişçi”yə qaytarmağa dair öhdəlik götürür. Göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən öhdəliklərinin tam yerinə yetirmədiyi halda ona ödənilmiş avans məbləğinin 11800 ABŞ dolları hissəsini iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin 1.1-ci bəndini qismən icra edərək, X2 Assosiasiyasının (FİFA-nın) X1 xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına nail olmuş, lakin icra edilməsinə nail olmamışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2751/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2751/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver