Məhkəmə qərarları › İş №2(103)-2758/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2758/2023

18.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2758/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (açar sözlər: borcun silinməsi, maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(011)-334/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. AZ-İ seriyalı 901083 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X3 16 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir.

2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1 nömrəli mənzildə sayğacdan kənar əlavə qaz xəttindən istifadə olunduğu müəyyən edilmişdir.

3. Dəymiş ziyanın bərpasına dair 31 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən QSQ-nin maksimal saatlıq qaz sərfi 2.6 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabata əsasən 5616 kub.m. əlavə sərfiyyat hesablanmışdır.

4. 21 oktyabr 2022-ci il tarixli abonent saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə **********00000 nömrəli abonent hesabına “Qalıq və aktlar” əsasında 01/2022-ci il tarixə 673,92 manat borc yazılmışdır.

5. 98 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 860 №-li 23 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı General Mehmandarov küçəsi 2942-2935A fərdi yaşayış evində qeydiyyatsız yaşayır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanına hesablanmış 682 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, həmin evə quraşdırılmış sayğac Cavabdeh İB-nin nümayəndələri tərəfindən sökülmüş, əvəzinə digər sayğac quraşdırılmışdır, sayğac dəyişdirilən zaman heç bir zədəsi olmamışdır, lakin ona 682 manat borc yazılmışdır. Əlavə xətt olmuşdur, bunu etiraf edir, müəyyən müddət qaz olmamış, bu zaman məcbur olaraq 5 dəqiqəlik su qızdırıcısından istifadə etmişdir, ancaq ondan yalnız, isti su lazım olan zaman - hamamda istifadə etmişlər, lakin həmin qızdırıcı ayda bu həddə borc hesablaya bilməz, gün ərzində 24 saat ondan istifadə edilməsi isə heç mümkün deyildir. Hazırda cavabdehin iddia tələbini 112,32 manat hissədə qəbul edir, həmin həddə borcu ödəyə bilər, lakin qalan borcun silinməsini xahiş edir, borcun bu qədər hesablanması əsaslı deyildir, tələbnamədə də səhv hesablanmış, 30 gün qeyd edilsə də, 90 gün götürülmüşdür.

8. Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərin və debitor borcun - ümumiliklə 680,78 manat məbləğdə pulun cavabdeh İddiaçı məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən təbii qazdan sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni istifadə olunduğu aşkar olunmuş, iddiaçı qazı talamışdır, bu səbəbdən akt tərtib olunmuş, bununla bağlı qeyri-qanuni istifadəyə görə itirilmiş qaz sərfiyyatı iddiaçının abonent koduna borc kimi hesablanmış və həmin məbləğ də hazırda ondan tələb edilir, iddiaçı özü də qanunsuz xətt olduğunu, qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(011)- 334/2023 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı ünvan üzrə **********00000 nömrəli abonent koduna hesablanmış 673,92 manat borcdan 561 manat 60 qəpik məbləğində borcun silinməsi, 112 manat 32 qəpik debitor borcun İddiaçı tutularaq Cavabdeh İB-yə ödənilməsi, İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manatın tutularaq Cavabdehnə ödənilməsi, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə rədd olunması qət edilmişdir.

11. Qətnamənin əsaslarına görə, əvvəla 31 yanvar 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşmanın “orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə” aparılması qeyd edilsə də, hesablama zamanı müddət 30 gün deyil, 90 gün kimi (2.6x24x90=5616 m3) qəbul edilmiş, nəticədə abonentin yaşadığı ünvana 5616 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Həmçinin məhkəmə, hər gün 24 saat orta günlük iş rejimi barədə gəlinmiş nəticə ilə də razılaşmır və hesab edir ki, həmin müddət ağlabatan deyildir. Bununla belə, hesabatın həmin həddə aparılmasına əsas verən sübutlar iş materiallarına əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Məhkəmə, itirilmiş təbii qaz sərfiyyatına münasibətdə qeyd etmişdir ki, sayğacsız dövr ərzində təbii qazdan istifadəyə görə hesablaşma, “dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilən düstura uyğun olaraq, lakin hesabat müddəti 30 gün, orta günlük iş rejimi 12 saat götürülməklə aparılmalıdır (2.6 x 12 saat x 30 gün = 936 m3 ; 936 m3 x 0,12 manat = 112,32 manat). Belə olan halda məhkəmə hesab edir ki, ümumilikdə qeyri-qanuni qazdan istifadə müddətində itirilmiş qaz sərfiyyatı, abonentin bu barəddə etirafı da nəzərə alınmaqla, 112,32 manat həddində müəyyən edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni “Qazdan istifadə qaydalarının” 4.2, 4.6, 4.7, 4.8, 6.5, 18-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6, 13.9-cu bəndlərinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh İB qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

14. Şikayətin dəlillərinə görə, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı apellyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi və ilk iddianın rədd edilməsi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı ilk iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə ilk iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, ilk iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

25. İddiaçı tərəfindən sayğaca qeyri-qanuni qoşulma həyata keçirilməsi onun özü tərəfindən etiraf edildiyinə görə, işin mübahisəsiz halı hesab edilməlidir. Lakin, cavabdeh tərəfindən tərtib olunmuş 31 yanvar 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpasına dair hesablama “orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə” aparılsa da, hesablama zamanı müddət 30 gün deyil, 90 gün olmaqla hesablama aparılmışdır.

26. Belə olan halda məhkəmə kollegiyası, bu hesablamanı düzgün hesab etməməklə, iddiaçının da etiraf etdiyi 30 gün müddətində hesablama aparılmaqla yaranmış borcun 112,32 manat olmasını qəbul edir. Buna görə də, bu hissə istisna olmaqla, qalan hissədə borcun silinməsi əsaslılı və qanuni hesab edilməlidir.

27. Cavabdeh apellyasiya şikayətində bunun əksini təsdiq edən hər hansı yeni dəlil irəli sürməmiş, sadəcə iddiaçı tərəfindən qeyri-qanuni qoşulma həyata keçirilməsi barədə ümumi ifadələrdən istifadə etmişdir. Halbu ki, bu fakt özü iddiaçı tərəfindən mübahisələndirilmir.

28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin həm ilk, həm qarşılıqlı iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(011)-334/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(011)-334/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar