Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2758/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “41.000 manat kompensasiya verilməklə cavabdehə məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “özbaşına tikilinin sökülməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-139/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “35.000 manat kompensasiya verilməklə cavabdehə məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə rayon məhkəməsinə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş, kompensasiya miqdarını 41.000 manat həddində müəyyən etmişdir. Cavabdehin vəziyyətini yaxşılaşdırması əsası ilə məhkəmə mülki işin baxış mərhələsində olmasına baxmayaraq ərizəni icraata qəbul etmişdir
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) Cavabdeh məxsus özbaşına tikili mövcuddur. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-nin icarə əsasında istifadısinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və ərazidə yerləşən tikililərin sahiblərinə müraciət edilmiş, nəticədə müəyyən edilmişdir ki, həmin tikililər özbaşına tikili olmaqla tam yararsız və qəzalı vəziyyətdədirlər.
4. Yasamal Rayon Məhkəməsinin 2(004)-139/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 41.000 (qırx bir min) manat ödənilməklə cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) M-83 B ünvanda yerləşən özbaşına tikili boşaldılaraq sökülməyi qərara alınmışdır.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iş materialına iddiaçı tərəfindən əldə edilərək əlavə edilmiş xx.xx.2024-cü il tarixli 85 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan tikilinin ümumi dəyəri təminən 35.000 manat təşkil edir. Cavabdehin qiymətlənmədən aldığı rəydə tikilinin dəyəri 161.000 manat təşkil edir. Cavabdeh mülkiyyətini kiməsə satmaq və həmən ərazidən başqa yerə köçmək niyyəti olmayıb. Eləcədə evi qəzalı olmadığını olsaydı belə ozü təmir edib yaşaya biləcəyini bildirir. Hətta ev qəzalı olduğu halda dövlət vətəndaşını evlə təmin edir. Məhkəmə cavabdehin yuxarıda göstərdiklərini, qarşılıqlı razılığının olmamasını, təklif olunan qiymətin az olması ilə əlaqədar digər qonşular kimi həmən ərazidə tikiləcək binada əmlakının dəyərinə uyğun mənzillə təmin olunması tələbinin iddiaçı tərəfindən qəbul edilmədiyini,ailə üzvləri ilə qaçqın kimi deyd olunan ərazidə 1992-ci ildən məskunlaşmalarını, şəxsin əmlak hüquqlarını nəzərə almadan, mülki qanunvericiliyin tələbləri nəzərə alınmayaraq iddiçı tərəfindən təqdim olunan haqqaədalətə və indiki bazar qiymətinə qətiyyən inanılması mümkün olmayan qiymətləndirmə əsasında cavabdehlərin qanuni hüquqlarını kobud surətdə pozaraq, mülki məcəllədə bu hala aid olmayan özbaşına tikililər, Şəhər Salma və Tikinti Məcəlləsinin maddələrini sadalamaqla qanunsuz qərar qəbul etmişdir. Hakimin hər kəs tərəfindən inanılası və ağıla batası mümkün olmayan qiymətləndirmə rəyini yenidən qiymətləndirməyə göndərməyərək əsas götürməsi cavabdehin kobud surətdə hüququnu pozur və əsaslı şübhələr yaradır.Cavabdeh şikayətində Yasamal Rayon Məhkəməsinin 2(004)- 139/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi və bildirdi ki, Ermənistan Respublikasından qaçqın düşdükdən sonra dövlət orqanlarının razılığı ilə həmin evi inşa etmişlər və 30 ildən çoxdur ki, ailəsi ilə birlikdə həmin evdə yaşayırlar, evin bütün kommunal xidmətlərinə dair dövlət orqanları ilə rəsmi müqavilələr bağlanmışdır, böyük ailəsi var və onların həmin evdən başqa yaşayış yeri yoxdur, şirkətin əməkdaşları özləri gəlib ölçmə işləri aparıb, evin sahəsi 101 kv.m. təşkil edir, həmin ərazidə bütün qonşulara müvafiq qaydada mənzillər verilib, onlara son olaraq təklif edilən 70.000 manata mənzil əldə edilməsi mümkün deyil, şirkət özü həmin ərazidə tikdiyi mənzillərin hər kv.m. 3000 manata satır, o, ümumiyyətlə pul istəmir, üç otaqlı mənzil verilməsini istəyir, əgər iddiaçı tərəf mənzil verməyə razı deyilsə, şikayətin təmin olunaraq iddianın rədd olunmasını xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili G.Məmmədov apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək qeyd etdi ki, cavabdehin ailəsi 30 ildən də artıq müddətdir ki, həmin ünvanda yaşayır, yaşadıqları ev qeydiyyata alınmasa da, onun bütün kommunal xidmətləri - su, qaz, işıq və sairlə təmin olunub, iddiaçının bildirdiyinin əksinə olaraq cavabdeh tərəf sui-istifadə halına yol vermir, əgər elə bir hal baş versəydi, onlar kompensasiya kimi iki mənzil və ya 200 kv.metr sahəsi olan mənzil tələb edərdilər, lakin cavabdeh sadəcə olaraq ailəsinin minimum tələbatını ödəmək üçün bir mənzilin verilməsini istəyir, bu ev cavabdehin ailəsinin yaşaya biləcəyi yeganə sahədir, nəzərə alsaq ki, cavabdehin evinin sahəsi 101 kv.m. təşkil edir və əsaslı inşa edilmiş mənzildir, hazırkı icraat zamanı iddiaçının təklif etdiyi 70.000 manat da olduqca azdır, şirkət özü həmin ərazidə mənzillərin kv.m. 3000 manata satır, odur ki, şikayətin təmin olunaraq qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir.
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi və izahat verərək qeyd etdi ki, hazırda təklif olunan kompensasiyanın məbləğini artıraraq cavabdehə 70.000 manat təklif edirlər, (nümayəndə buna dair yazılı ərizəsdini məhkəməyə təadim etdi) cavabdeh mənzil tələb edir, şirkət mənzil verə bilmir, son təklifləri ağlabatandır, cavabdehin tələbi sui-istifadəyə gətirib çıxarır. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
10. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə"xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir.
11. X1 85 saylı, xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ümumi sahəsi 101,1 kv.m təşkil edən Cavabdeh istifadəsində olan M- 83a saylı fərdi yaşayış evinin təqribi dəyəri 35,000 (otuz beş min) manat məbləğində müəyyən edilmişdir.
12. "xxxx" MMC-nin № MB 18/0893, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) M-83 B ünvaında yerləşən cavabdehə məxsus özbaşına tikilinin (həmin sahənin yaşayış üçün nəzərdə tutulması baxımından deyil, məhz tikinti aparılması məqsədi ilə söküntünün həyata keçirilməsi ilə bağlı olaraq) hesablanmış real bazar dəyəri 48000 (qırx səkkiz min) manat təşkil edir.
13. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ümumi sahəsi 101,1 kv.m təşkil edən Cavabdeh istifadəsində olan M- 83a saylı fərdi yaşayış evinin 19 mart 2025-ci il tarixinə olan dəyəri 161,500 ( bir yüz altmış bir min beş yüz) manat təşkil etmişdir. Tətbiq edilən maddi hüquq normaları:
14. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaların və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plunumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3, 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016- cı il tarixli Qərarı: Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür.Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilər.
16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MTK-nın .ikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarı: Mövcud Qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
20. Məhkəmə gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki,cavabdehin apellyasiya şikayəti təmin edilməli,rayon məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməlidir.
21. Mülki iş materiallarından göründüyü kimi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir, bununla "xxxx" ASC-nin həmin yaşayış sahəsi ilə bağlı subyektiv hüququ müəyyənləşmişdir.
22. “Lus unius hominis terminatur ubi incipiunt iura aliorum” (şəxsin hüququ başqalarının hüquqları başladığı yerdə bitir) prinsipinə əsasən "xxxx" ASC-nin həmin yaşayış sahəsi ilə bağlı subyektiv hüququ digər mülkiyyətçilərin hüquqlarını pozmadan həyata keçirilməlidir.
23. Müəyyən olunmuşdur ki, həmin ev cavabdehin ailəsinin yeganə yaşayış yeridir, həmçinin cavabdeh həmin evi satmaq niyyətində olmamışdır. Bunula belə, cavabdeh yaranməş vəziyytdə ağlabatan kompensasiya ilə razılaşmanın mümkün oldğunu bildirir.
24. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin sözügedən evin əvəzində cavabdehə təklif etdiyi 70.000 manat kompensasiya mütənasib olmamışdır.
25. Fərdi yaşayış evinin bazar dəyəri ilə əlaqədar tərtib edilmiş qiymətləndirmə hesabatları arasında ziddiyyətlər mövcuddur. Məhkəmə kollegiyasının qənaətinə görə həmin rəylər arasında olan uyğunsuzluqlar hazırkı işin həlli baxımından əhəmiyyətli deyildir.
26. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehin ailəsi 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşdükdən sonra həmin ünvanda, müvafiq sənədləşmə işləri aparılmadan, lakin səlahiyyətli dövlət orqanlarının etiraz etmədiyi bir şəraitdə öz ailəsinin minimum yaşayışlarını təmin etmək məqsədi ilə bu evi inşa etmiş, kommunal xidmətlərlə bağlı bütün səlahiyyətli qurumlarla müvafiq müqavilələr bağlamış, keçən bu müddət ərzində cavabdehin həmin evdə yaşamasına dövlətin səlahiyyətli orqanları etiraz etməmiş, hazırda da belə bir etiraz yoxdur, cavabdehə məxsus olan həmin özbaşına tikilmiş evin sahəsi 101 kv.m.təşkil edir, cavabdehin ailəsinin başqa yaşayış yeri yoxdur. (düzdür, iddiaçının nümayəndəsi məhkəmə iclaslarında cavabdehlərin başqa yaşayış yerinin olduğunu bildirsə də, buna dair məhkəmələrə hər hansı sübut verməmişdir).
27. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
29. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi olaraq qeyd edir ki, cavabdeh öz ailəsinin yeganə yaşayış yeri olan fərdi yaşayış evindən iddiaçının təklif etdiyi və mütənasib olmayan kompensasiya əvəzində imtina etməyə məcbur deyildir. Lakin cavabdeh iddiaçı şirkətin münasib təklifi ilə razılaşmanın mümkün olduğunu bildirir. Hazırkı halda iddiaçının təklif etdiyi kompensasiyanın məbləği mütənasib hesab edilə bilməz. Son illər ərzində Bakı şəhərində daşınmaz əmlak bazarında, xüsusən də mənzillərin qiymətinin əhəmiyyətli dərəcədə artdığı heç kəsə sirr deyildir. Hazırda şəhərin yerindən asılı olaraq yeni tikililərdə ən aşağı qiymətlər 1700-2800 manat arası dəyişir. Belə olan halda cavabdehin 101 kv.m. sahəsi olan evinə görə təklif edilən 70.000 manat mütənasib olmamışdır. Məhkəmə razılaşır ki, hazırkı halda cavabdehin evinin özbaşına tikili olması müəyyən mənada təklif edilən kompensasiyaya təsir edə bilər, lakin bu təklif dəfələrlə ölçülən həddə ola bilməz.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlərlə bağlı hüquqi mövqeyi də məhz bu yöndə olmuşdur.
31. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 1282/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva) 2(103)-5472/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi iləcavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkıməəsinin qətnaməsinin mübahisələndirilən, yəni iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh X2 ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməsi, cavabdeh X2 məxsus olmuş, ümumi sahəsi 73,93 k.m olan M-113 nömrəli ( Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Qanlı-Göl massivi, ev 8) özbaşına tikilinin sökülməsinə görə iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh X2 ödənilməli olan kompensasiyanın 43800 manat məbləğində müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5472/2024 nömrəli mülki iş üzrə xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilmişdir.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehə ödənilməli olan kompensasiyanın məbləğini 43800 manat müəyyənləşdirərkən "xxxx" MMC-nin 28 oktyabr 2024-cü il tarixli qiymətləndirmə rəyinə istinad etmişdir.Həmin rəydə X2 məxsus özbaşına tikilinin bazar dəyəri xərc yanaşması ilə, yəni tikiliyə çəkilən xərclərə əsasən müəyyənləşdirilmişdir.Əvvəla həmin rəydə çəkilən xərclər -hansı tikinti materialından nə qədər istifadə edilməsi və dəyərinin nə qədər olması, işçilik xərcləri və s. konkret əsaslandırılmamışdır. Apellyasiya məhkəməsi isə bu kimi halları nəzərə almaqla prosessual hüquq normalarının tələbinə uyğun həmin sübuta qiymət verməmişdir.
33. Digər tərəfdən bu kateqoriyadan olan mübahisələrə baxılarkən kompensasiya məbləğinin müəyyənləşdirilməsi baxımından şəxsin uzun müddət ərzində, özbaşına tikili də olsa, fərdi yaşayış evində yaşaması, orada ailəsi ilə birlikdə yaşamağa səlahiyyətli dövlət orqanlarının etirazının olub- olmaması kimi hallar nəzərə alınmalıdır.
34. İddiaçı 1998-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X5 sahili 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığını bildirir.
35. Digər tərəfdən xərc yanaşması əsasında tikilinin bazar dəyərinin müəyyənləşdirilməsi də tikilinin bazar dəyəri baxımından reallığı əks etdirməsi inandırıcılığı apellyasiya məhkəməsiu tərəfindən kifayət qədər əsaslandırılmamışdır.Belə ki, hamıya məlum olan haldır ki, fərdi yaşayış evinə çəkilən xərclə, yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri arasında fərq böyük olur.Bir qayda olaraq yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri onun tikilməsi üçün çəkilən xərcdən yüksək olur.
36. Özbaşına tikili də olsa şəxslərin yaşadıqları fərdi yaşayış evlərinin sökülməsi ilə əlaqədar kompensasiya məbləği hesablanarkən nəzərə alınmalıdır ki, həmin fərdi yaşayış evi orada yaşayan şəxslər (fərdi yaşayış evinin məxsus olduğu şəxslər) üçün “fərdi yaşayış evi” kimi iqtisadi dəyərə malikdir.Həmçinin, belə iqtisadi dəyərə malik, uzun müddət mübahisəsiz yaşadığı evdən məhrum olan şəxslərin yeni yaşayış sahəsi əldə etmək ehtiyacı da nəzərə alınmalıdır.
37. Lakin apellyasiya məhkəməsi göstərilənlər nəzərə alınmaqla kompensasiyanın məbləğini müəyyənləşdirmək üçün kifayət qədər araşdırma və hüquqi əsaslandırma aparmamış, beləliklə də Azərbaycan Respublikasının MPM-in 14.1 və 88-ci maddəsinin tələblərini pozmuşdur.Bu isə düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. 67. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
39. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
40. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Nümayəndəanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
41. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
42. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, rayon məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməl və iddia təmin edilməməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunduğundan şikayətin verilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-dən tutularaq, cavabdehə ödənilməlidir.
45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-139/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul olunsun, iddia tələbləri təmin edilməsin. Məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 300 (üç yüz) manat məbləğində pul iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-dən tutularaq, Cavabdeh ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.