Məhkəmə qərarları › İş №2(103)-2767/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2767/2021

02.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2767/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 28 sentyabr 2020-ci il tarixli qətnamədən cavabdeh ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, ASC-nin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 21.02.2020-ci il tarixli, NDM seriyalı, 018099 nömrəli aktın ləğv edilməsi, həmin akta əsasən cavabdeh ASC tərəfindən ona əlavə sərfiyyat kimi əsassız olaraq hesablanmış 713,22 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində yerləşən 42 “E” saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev özbaşına tikili olsa da, ev, cavabdeh ASC tərəfindən elektrik enerjisi ilə təmin olunur və bununla bağlı həmin ünvanda elektrik sayğacı quraşdırılmışdır. İddiaçının əksər aylarda elektrik enerjisi ilə bağlı sərfiyyatı 6-10 manat, arabir isə ayda 15-20 manat olmuş və o, həmin borclarını vaxtlıvaxtında ödəmişdir. 2019-cu ilin fevral ayının ortalarında iddiaçı ailə üzvləri ilə birlikdə 3 gün ərzində rayonda olmuş, 18.02.2019-cu il tarixdə gecə evə qayıtdıqda evin işığının yanmadığını görmüş və küçəyə çıxaraq sayğacı yoxlamaq istədikdə sayğacı qoruyan qutunun qapısının açıq olduğunu, sayğacın isə yerində olmadığını görmüşdür. Gecə qaranlıqda qalmasın deyə naqilləri bir-birinə bağlamış, evin işığı yanmış, sonra ASC-nin sahə nəzarətçisinə zəng vuraraq elektrik enerjisinə görə borcunun olmadığı halda, sayğacı hansı səbəbdən çıxartdıqlarını soruşmuşdur. Nəzarətçi iddiaçıya bildirmişdir ki, sayğac ASC tərəfindən çıxarılmayıb, səhər gəlib, sayğacın yerində olmaması barədə akt tərtib edər və yeni sayğac quraşdırarlar. 21.02.2019-cu il tarixdə isə iddiaçı həyətinin çöl qapısında bükülü kağız görmüş və kağızı açdıqda ona məlum olmuşdur ki, sayğacın yerində olmamasına görə ASC-nin iki əməkdaşı iddiaçıya və ya iddiaçının ailə üzvlərinə məlumat vermədən iddiaçının barəsində akt tərtib etmişlər. Aktda göstərilən nöqsan ondan ibarət olmuşdur ki, iddiaçı birbaşa, yəni sayğacsız olaraq elektrik şəbəkəsinə qoşulmuşdır. 25.02.2019-cu il tarixdə isə ASC-dən iddiaçıya zəng vuraraq bildirmişlər ki, həmin akta əsasən iddiaçıya 713,22 manat borc hesablanmışdır. İddiaçı hesab edir ki, o, özü və ailə üzvləri sayğaca müdaxilə etmədikləri üçün akt və akt əsasında hesablanmış borc ləğv edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28.09.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə natamam və birtərəfli araşdırma aparmış, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçıya məxsus sayğacda qüsur aşkar olunmuş və bunun əsasında akt tərtib olunmuşdur. Məlum olmuşdur ki, iddiaçı tərəfindən 713,22 manat dəyərində elektrik enerjisi talanmışdır. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus olan və iddia ərizəsində qeyd edilən yaşayış sahəsi cavabdeh ASC tərəfindən elektrik enerjisi ilə təchiz edilir. İstifadə olunmuş elektrik enerjisinin həcmi ASC tərəfindən həmin ünvanda quraşdırılmış sayğac vasitəsi ilə hesablanır. Sayğac yaşayış sahəsinin daxilində deyil, küçədə quraşdırılmışdır. ASC tərəfindən verilmiş “Abunə haqqında çıxarışdan” və işdə olan digər sənədlərdən görünür ki, iddiaçının abunə koduna daxil edilmiş əlavə sərfiyyat kimi hesablanmış borc, ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 21.02.2020-ci il tarixli, NDM seriyalı, 018099 nömrəli akta əsasən daxil edilmişdir. Aktda qeyd edilir ki, ASC-nin abonenti olan iddiaçı, yaşadığı evi elektrik enerjisi ilə təmin etmək üçün elektrik şəbəkəsinə birbaşa, yəni sayğacsız qoşulmuşdur. Bununla bağlı iddiaçı iddia ərizəsində bildirmişdir ki, 2019-cu ilin fevral ayının ortalarında o, ailə üzvləri ilə birlikdə 3 gün ərzində rayonda olmuş, 18.02.2019-cu il tarixdə gecə evə qayıtdıqda evin işığının yanmadığını görmüş və küçəyə çıxaraq sayğacı yoxlamaq istədikdə sayğacı qoruyan qutunun qapısının açıq olduğunu, sayğacın isə yerində olmadığını görmüşdür. Gecə qaranlıqda qalmasın deyə naqilləri bir-birinə bağlamış, evin işığı yanmış, sonra ASC-nin sahə nəzarətçisinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 13-cü maddəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının” 7.11-ci bəndinə görə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.17-ci görə, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələdikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar 7 özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Qaydaların 8.34-cü bəndində görə, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidmət vəsiqəsini təqdim etməyə borcludurlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barəsində çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Qaydaların 8.32-ci bəndinə görə, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 9-cu bəndinə görə, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır (bənd 9.1.). İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir (bənd 9.4.). Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların yaşayış və ya qeyri-yaşayış sahəsindən kənarda quraşdırılmış elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi, yəni indiki halda cavabdeh ASC daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, elektrik sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşıya bilməz. Müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun cavabdeh ASC tərəfindən məhkəmələrə təqdim edilməməsi ASCnin dəlillərinin həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2 maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi hüquq normalarının müzakirə edilən mübahisənin həllinə tətbiq nəticəsində müəyyən edilir ki, istehlakçı olan iddiaçı yuxarıda qeyd edilən hala görə məsuliyyət daşımır. Belə olan halda cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən akt əsassızıdır. Akt əsassız hesab edildiyindən onun əsasında iddiaçıya hesablanmış borc da əsassız hesab edilməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 28 sentyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün “xxxx” ASC-nin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar