Məhkəmə qərarları › İş №2(103)-2768/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2768/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2768/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-776/2023 saylı 24 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında iki müqavilə bağlanmışdır: xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə SAMSUNG LED TV; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən TOZSORAN PHİLİPS satılmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, qiyməti 1150 manat olan televizor üçün cavabdeh 12 ay ərzində ayda 95 manat ödəmək öhdəliyi üzərinə götürmüşdür.

2. Müqavilələrin 3.10-cu bəndinə əsasən müştəri ABC-nin razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər, bu zaman mal ABC-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır.

3. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aktı tərtib edilmişdir. Həmin aktdan televizorun müştərinin istifadəsində 5 ay ərzində olduğu qeyd olunmuş, televizor 549,99 manata qiymətləndirilmişdir. Sonradan həmin televizor xx.xx.2021-ci il tarixdə 705,60 manat dəyərində 18 ay ərzində ödəmək şərtilə X1.

4. Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə Dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 441.01 manat ödənilməmiş hissə, 44 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, TOZSORAN PHİLİPS üçün 129.96 manat ödənilməmiş hissə, 12.03 manat cərimə olmaqla, ümumilikdə, 627 manat borc, 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən SAMSUNG LED TV və TOZSORAN PHİLİPS almış və nəticədə 627 manat borc yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə: xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1150 manat SAMSUNG LED TV üçün ümumilikdə, 485.01 manat olmaqla ondan, 441.01 manat ödənilməmiş hissə, güzəşt olunaraq 44 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 369.6 manat TOZSORAN PHİLİPS üçün ümumilikdə, 141,99 manat olmaqla ondan, 129.96 manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.03 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2021-ci il tarixində SAMSUNG LED TV-dən imtina etmiş və cavadehin borcundan 549.99 manat silinmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 159 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 549.99 manat, ümumilikdə, 708.99 manat təşkil edir. Digər tarixli müqavilə üzrə üçün isə cəmi ödədiyi məbləğ 239.64 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.

7. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh televizora görə 159 manat ödəmişdir. Həmin məbləğ və məhsul qaytarıldıqdan sonra qoyulan 549,99 manat cavabdehin borcundan silinmiş və onun 441,01 manat məbləğində borcunun qaldığı müəyyən edilmişdir (1150 manat – 159 manat - 549,99 manat = 441,01 manat). Həmin məbləği 44 manat cərimə pulu hesablanmışdır. Tozsoran üçün cavabdehin 129,96 manat borcu qalmış, həmin məbləğə 12,03 manat cərimə pulu hesablanmışdır. Cavabdehin "xxxx" MMC-yə aralarında bağlanmış hər iki müqavilə üzrə 627 manat borcu vardır.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 yanvar 2023-cü il tarixli 2(008)-776/2023 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 441.01 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, TOZSORAN PHİLİPS üçün 129.96 manat ödənilməmiş hissə, 12.03 manat cərimə; ümumilikdə, 583 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə göstərmişdir ki, iddiaçı müqavilənin şərtinə əsasən televizoru birtərəfli qaydada qiymətləndirmiş və ümumi borcdan silmişdir. İddiaçı tərəfindən müəyyən edilmiş qiymət ağlabatandır, belə ki, iddiaçı həmin televizoru iki ay sonra 18 ay ödənilmək şərtilə 155 manat artığına satmışdır. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdeh özü də ziyana düşdüyündən televizora hesablanmış 44 manat cərimə ondan tutulmamalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 389.1, 390.1, 390.3, 567, 385.1, 442, 448.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelyasiya şikayətində göstərilmişdir ki, televizor qiymətləndirilərkən dəyəri reallıqdan aşağı göstərilmişdir. Televizordan imtina etməklərinin əsas səbəbi cihazın defektli olması idi. Televizor birtərəfli qaydada qiymətləndirildikdən sonra onların məlumatı olmadan qarşı tərəfə satılmışdır.

a) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsasssız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

21. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

22. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamə cavabdehin apelyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.

30. Göründüyü kimi tərəflər arasında iki müqavilə bağlanmış, birinci müqaviləyə əsasən cavabdeh tozsoran almış, ikinci müqaviləyə əsasən isə televizor almışdır.

31. Hazırda iddiaçı həmin müqavilələr üzrə yaranmış borc məbləğini tələb etmişdir.

32. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, birinci instansiya məhkəməsində iddianı Tozsoran Philipsə aid hissədə qəbul etdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, bu hissədə borcunu etiraf etdiyi üçün mübahisə yoxdur.

33. Televizora aid hissədə isə cavabdeh iddianı qəbul etməmiş, apelyasiya şikayətinin məzmununda da bu hissəni mübahisələndirmişdir.

34. Cavabdeh tərəfindən televizorun ekranı işləmədiyindən televizor geri qaytarılmışdır. Cavabdeh televizorun defektli olmasını iddia etmiş, lakin texniki xidmət mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə televizorun texniki vəziyyət barədə akt tərtib edilmişdir. Həmin akta əsasən malda istifadə nəticəsində yaranmış korlanma aşkar edilmiş, ekran dəyişdirilmişdir.

35. Cavabdeh televizoru qəbul etmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aktı tərtib edilmişdir. Həmin aktda televizorun müştərinin istifadəsində 5 ay ərzində olduğu qeyd olunmuş, televizor 549,99 manata qiymətləndirilmiş və həmin məbləğ də cavabdehin borcundan silinmişdir. Nəticədə cavabdehin televizor üçün 441,01 manat borcu qalmışdır.

36. Daha sonra isə həmin televizor xx.xx.2021-ci il tarixdə 705,60 manat dəyərində 18 ay ərzində ödəmək şərtilə X1.

37. Kollegiya hesab edir ki, televizor üçün tutulan borc məbləğinə aid hissədə qətnamə dəyişdirilməlidir.

38. Belə ki, cavabdeh tərəfindən qaytarılan zaman televizor 549,99 manat dəyərində qiymətləndirilmiş, bu məbləğ cavabdehin borcundan çıxılmış, bundan qısa zaman sonra isə televizor daha yüksək qiymətə - 705,60 manata başqa şəxsə satılmışdır. Belə olan halda televizorun sonradan satıldığı məbləğ ilə cavabdeh qaytardığı zaman qiymətləndirildiyi məbləğ arasında olan fərq (705,60-549,99=155,61) cavabdehin borcundan çıxılmalıdır, yəni televizora görə cavabdehdən tutulmalı olan borc məbləği 285,40 (441,01-155,61) manat müəyyən edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-776/2023 saylı iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG LED TV üçün cavabdehdən tutulmalı olan 441.01 manata aid hissədə dəyişdirilsin və Cavabdeh SAMSUNG LED TV üçün tutulmalı olan məbləğ 258,40 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar