Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-277/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon icra və probasiya şöbəsi və Maraqlı şəxs) «əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(006)-3230/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh MMCyə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon icra və probasiya şöbəsi və Maraqlı şəxs) «əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Qəbələ rayon icra şöbəsinin sifariş məktubuna əsasən Cavabdeh MMC tərəfindən ləğv prosesində olan İddiaçı ASC-də ipoteka ilə yüklü edilmiş Maraqlı şəxs mülkiyyətində olan Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli yaşayış binasının 700000 manat dəyərində qiymətləndirilməsinə dair «Əmlakın qiymətləndirilməsi barədə hesabat»ın ləğv edilməsi, həmin əmlakın yenidən qiymətləndirilməsinin təmin olunması və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi İddiaçı ASC qarşısında kredit öhdəliklərini yerinə yetirmədıyi üçün cavabdehlər X4 və Maraqlı şəxs 230562,03 manat və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməsi və tələbin ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Maraqlı şəxs mülkiyyətində olan Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri-yasayış binasına yönəldilməsi, qeyri yaşayış binasının ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracdan satılması və həmin sahənin ən azı bir ay müddətində boşaldılması barəsində 11 aprel 2013-cü il tarixli, 2(006)- 1033/2013 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanunu qüvvəsini aldıqdan sonra iş üzrə 11 aprel 2013-cü il tarixli, 2(006)-1033/2013 saylı icra sənədi aidiyyəti üzrə icra edilməsi üçün Qəbələ rayon İcra şöbəsinə göndərilmişdir. Qəbələ rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən cavabdeh «Qiymətləndirmə Xidməti Mərkəzi 2” MMC-nin qiymətləndirici eksperti tərəfindən cavabdeh Maraqlı şəxs mülkiyyətində olan Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binası «Əmlakın qiymətləndirilməsi barədə hesabat»la 700.000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş “Əmlakın qiymətləndirilməsi barədə hesabat” əsassızdır. Belə ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2013-cü il tarixli 2(006)-1033/2013 qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası məqsədilə Nəsimi rayon İcra Şöbəsinin sifariş məktubu əsasında Maraqlı şəxs mülkiyyətində olan Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binası "xxxx" MMC tərəfindən ipoteka predmetinın ilkin satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmiş və həmin qeyri yaşayış binası 390.000 manata qiymətləndirilmiş və bu barədə "xxxx" MMC tərəfindən «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat» tərtib edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-də ipoteka ilə yüklü edilmiş Maraqlı şəxs mülkiyyətində olan Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binası nə vaxt, hansı şəraitdə, kim tərəfindən və kimlərin iştirakı ilə qiymətləndirilməsi onlara məlum deyil. İcra işi üzrə tələbkar olmalarına baxmayaraq, tələbin yönəldiyi əmlakın qiyməti müəyyən edilərkən onların iştirakı təmin olunmamışdır. Başqa sözlə, Cavabdeh MMC-nin qiymətləndirici eksperti Ləğv prosesində olan İddiaçı ASC-də yüklü olan Maraqlı şəxs mülkiyyətində olan Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binası qiymətləndirilən zaman ipoteka saxlayan kimi onların iştirakını təmin etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(006)-3230/2019 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və İddiaçı ASC-dən ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3230/2019 saylı, 06.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9287/2021 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4718/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətrnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(102)2431/2021 saylı qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə məhkəmə tikinti texniki ekspertizası keçirilmiş və "xxxx" MMC-nin 14.10.2019-cu il tarixli qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə hesabatından qeyri-yaşayış binasının hazırki dövrə real bazar qiymətinin 700000 manat təşkil etməsi müəyyən edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-də İpoteka ilə yüklü edilmiş Maraqlı şəxs mülkiyyətində olan Qəbələ şəhəri İ.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binası nə vaxt, hansı şəraitdə, kim tərəfindən və kimlərin iştirakı ilə qiymətləndirilməsi onlara məlum deyil. İcra işi üzrə tələbkar olmalarına baxmayaraq, tələbin yönəldiyi əmlakın qiyməti müəyyən edilərkən bankın iştirakı təmin olunmamışdır. Göründüyü kimi, məhkəmə bütün sübutları araşdırmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1033/2013 saylı 11 aprel 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər X3 və Maraqlı şəxs qarşı «borc məbləğinin qaytarılması, borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 13 avqust 2010-cu il tarixli 292/0 saylı kredit müqaviləsi üzrə yaranmış 165.999,24 manat əsas, 48.562,79 manat faiz, 16000 manat cərimə və 20 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Maraqlı şəxs mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına (mağaza) yönəldilməsi, qeyri yaşayış binasının ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və həmin sahənin ən azı bir ay müddətinə boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. «Qiymətləndirmə Xidməti Mərkəzi 2” MMC-nin 26.12.2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1033/2013 saylı 11.04.2013-cü il tarixli icra sənədi ilə əlaqədar Qəbələ rayon İcra və Probasiya şöbəsinin 29.11.2018-ci il tarixli Qərarı və 8879/18 saylı 29.11.2018-ci il tarixli müraciəti əsasında Maraqlı şəxs mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasının qiymətləndirilməsi həyata keçirilmiş və həmin qeyri-yaşayış binasının 26.12.2018-ci il tarixə likvid dəyəri 700.000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin 14 oktyabr 2019-cu il tarixli Qeyri yaşayış binasının qiymətləndirilməsi barədə hesabatından görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli 505.44 kv.m olan qeyri yaşayış binasının hazırki dövrə real bazar qiymətinin 700.000 manat təşkil etməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh MMC tərəfindən həmin qeyri yaşayış sahəsinə qoyulmuş qiymət real qiyməti əks etdirir. Belə ki, mənzilin ekspert tərəfindən müəyyən olunmuş real bazar qiyməti ilə cavabdeh tərəfindən qoyulan qiymət arasında fərqin yaranmadığı müəyyən olunur. Göründüyü kimi, cavabdeh tərəfindən müəyyən edilmiş qeyri yaşayış sahəsinin ilkin satış qiyməti qeyri yaşayış sahəsinin real qiymətini əks etdirməklə düzgün qiymətləndirilmişdir. İddiaçı tərəf Cavabdeh MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş Əmlakın qiymətləndirilməsi barədə hesabatın əsassız olduğunu, qeyri yaşayış sahəsinin qiymətləndirilməsi zamanı qanun pozuntularına yol verildiyini, qiymətləndirmənin düzgün keçirilməməsini iddia etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 51.1-ci maddəsindən görünür ki, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Kollegiya qeyd edir ki, mülki işin təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6114/2021 saylı, 29 iyun 2021-ci il tarixli və 16 noyabr 2021-ci il tarixli qərardadları ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Həmin qərardadların icrası ilə əlaqədar tərtib edilmiş "xxxx" MMC-nin ƏEM/S 63-914/21 saylı, 22 sentyabr 2021-ci il tarixli rəyinə əsasən Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri-yaşayış binasının 22 sentyabr 2021-ci il tarixinə bazar dəyəri 348.000 manat, likvid dəyəri 313.000 manat təşkil edir. Həmçinin, "xxxx" MMC-nin LP-221/2021 saylı, 20 dekabr 2021-ci il tarixli rəyinə əsasən Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri-yaşayış binasının likvid dəyəri 400.000 manat təşkil edir. Bundan başqa işin ilkin araşdırmaları zamanı tədqiq edilmiş ekspertiza tədqiqatları üzrə tərtib edilmiş, Cavabdeh MMC-nin 26.12.2018-ci il tarixli rəyinə əsasən Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri-yaşayış binasının 26.12.2018-ci il tarixinə likvid dəyəri 700.000 manat və "xxxx" MMC-nin 14.10.2019-cu il tarixli rəyinə əsasən Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri-yaşayış binasının bazar dəyəri 700.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə mövqeyinə əsasən, əmlakın bazar qiyməti və likvid qiyməti fərqli anlayışlar olmaqla, əmlakın likvid qiyməti onun bazar qiyməti əsasında müəyyən edilir. Bazar qiyməti dedikdə, malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti başa düşülür. Likvid qiymət isə, bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Yəni likvid qiymət, əmlakın dəyər itkisi yaratmadan tez satıla bilməsi üçün bazar qiymətindən fərqlənən aşağı qiymətdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış və həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilmiş qiymətləndirmə rəyinə görə, ipoteka predmeti olan əmlakın real bazar dəyəri 700.000 manat müəyyən edilmişdir. Həmin rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməklə, əmlakın bazar dəyərinin 700.000 manat olması təsdiq edilirsə, bu halda əmlakın likvid dəyəri 700.000 manatdan aşağı həddə olmalıdır. İddiaçının mübahisələndirdiyi qiymətləndirmə hesabatında isə əmlakın likvid dəyəri 700.000 manat müəyyən edilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə görə, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 9-cu maddəsinə əsasən qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Göründüyü kimi, qanunverici, məhkəmə tərəfindən sözügedən qanunun və mövcud prosessual qanunvericiliyin göstərişlərini diqqətə alaraq, aparılmış qiymətləndirmənin nəticələri haqqında hesabatdakı əmlakın dəyərinin yekun göstəricisinin həqiqi olmadığını müəyyən edildikdə qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qərar qəbul edilməsini nəzərdə tutmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası sözügedən qənaətə gələrkən ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsiplərini rəhbər tutmalı və proses tərəflərindən hər hansı birinə müəyyən imtiyaz və ya üstünlük verməməlidir. Odur ki, adıçəkilən prinsiplər, aparılmış qiymətləndirmə hesabatının ləğvi ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Belə olan halda, Cavabdeh 26.12.2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın nəticələri həqiqəti əks etdirmədiyindən ləğv edilməli, "xxxx" MMC-nin LP-221/2021 saylı, 20 dekabr 2021-ci il tarixli rəyi əsasında müəyyən edilmiş ipoteka predmetinin likvid dəyəri 400.000 (dörd yüz min) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Cavabdeh MMC-dən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(006)-3230/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 26.12.2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatı ləğv edilsin. İpoteka predmetinin likvid dəyəri 400.000 (dörd yüz min) manat müəyyən edilsin. Ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilsin. Cavabdeh MMC-dən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-277/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-277/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver