Məhkəmə qərarları › İş №2(103)-277/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-277/2025

07.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-277/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və sair tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “pulun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı, ona məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinin divarına bitişik vəziyyətdə Cavabdeh tikdirdiyi 4 mərtəbəli evin cavabdehin öz vəsaiti hesabına sökülməsi və cavabdehin üzərinə qanunvericilikdə nəzərdə tutulan icazə sənədləri alındıqdan sonra, ara məsafəsi normalarına riayət etməklə tikili tikmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qafqaz küçəsi, 10 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi olmuş iddiaçının əri X2 2016-cı ilin noyabr ayında vəfat etmiş və ev iddiaçının mülkiyyətinə keçmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında cavabdeh iddiaçının evinin divarına bitişik qonşu sahədə tikinti işləri aparmağa başlamışdır. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək, evlər arasında ara məsafəsinin gözlənilməsini tələb etsə də, cavabdeh, xəbərdarlıqlara məhəl qoymamış, tikintini davam etdirmişdir. Bu səbəbdən də, iddiaçı, Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmiş, onun müraciəti Polis Şöbəsi tərəfindən araşdırılsa da, qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanmasından imtina olunmuşdur. Cavabdeh, tikintiyə icazə almadan ev tikdirmiş, ev iddiaçıya məxsus evinin divarına bitişikdir və cavabdehin evi sənədi olmayan torpaq sahəsində yerləşir. Qeyd olunan halların mövcudluğu gələcəkdə baş verəcək hər hansı bədbəxt və fövqəladə vəziyyətlərin qarşısının alınmasında ciddi problemlər yaradacaqdır. Cavabdeh tərəfindən qanunsuz tikilinin aparılması nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və pozulmaqda davam edir.

3. Cavabdeh öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının ona aldatmaqla ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 7.000 manat məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, xx.xx.2021-ci il tarixində X4 ona məxsus olan və Qafqaz küçəsi, 39/2 “B” ünvanda yerləşən fərdi yaşayış evini Mənsurə Quliyevanın, Mahir Məmmədovun şahidliyi və alğı-satqı agenti Məhəmməd Şirinovun vasitəçiliyi ilə 19.900 manata almışdır. Həmin evin iddiaçının yaşadığı evlə bir ortaq divarı var idi. Cavabdeh həmin evi oğlu üçün almışdır ki, oğlu ailə qurduqdan sonra öz ailəsi ilə evə köçsün. Lakin ev yaşayış üçün xeyli darısqal, əlverişsiz olduğuna görə söküb yerində yenisini tikmək qərarına gəlmişdir. Cavabdeh, iddiaçı ilə əvvəlcədən razılaşmışdır ki, həmin ortaq divara toxunmadan, yəni ortaq divarı iddiaçının sərəncamına verərək, fərdi yaşayış evinin divarını həmin divarın yanından tikdirəcək və iddiaçının həyətində öz maddi vəsaiti hesabına onun istədiyi qaydada təmir-tikinti işləri edəcək. Görülən işlər müqabilində heç bir ara məsafəsi saxlanılmadan, divarının yanından öz evinin divarını hörərək tikinti işlərinin aparılmasına və mənzilinin pəncərələrinin onun tərəfinə baxmasına iddiaçı etiraz etməyəcək. Beləliklə, müəyyən şərtlərlə aralarında şifahi müqavilə öhdəlikləri yaranmışdır. Cavabdeh, razılığa əsasən iddiaçının həyətində hamam, tualet, rəngləmə, kafelmetlax, hasar, suvaq, sanitar qovşağı və s. işləri görmüş və bu işlər üçün 7.000 manatdan artıq maddi vəsait xərcləmişdir. Əvvəllər iddiaçı üzərinə götürdüyü öhdəliklərə vicdanla yanaşmış, həyətində gördüyü işlərə görə cavabdehə təşəkkürünü də bildirmişdir. Lakin cavabdehin evinin tikintisi yekunlaşmağa doğru getdikcə iddiaçıda razılaşmanın əksinə olaraq ara-sıra mövqe, fikir dəyişiklikləri yaranmağa başlamışdır. İddiaçı, cavabdehdən daha çox maddi tələblər etməyə başlamış, əlavə olaraq 2.000 manat pul istəmiş, öz evinin dam örtüyünün də cavabdehin vəsaiti hesabına dəyişdirilməsi fikrinə düşmüşdür. Rədd cavabı eşitdikdə isə cavabdehi müvafiq orqanlara şikayət edəcəyi ilə hədələməyə, təhdid etməyə başlamışdır. İddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi əsassızdır, heç bir məntiqə sığmır. Çünki iddiaçı nəinki bütün işlərdən xəbərdar idi, hətta bu işlərin birbaşa iştirakçısı olmuş, həyətində görülən işlərə bir çox hallarda özü nəzarət edir, rəng, material, dizayn seçimini özü edirdi. Əgər iddiaçı evin tikintisindən, hündürlüyündən, pəncərələrin qoyulmasından, doğura biləcək hər hansı təhlükədən ehtiyat edirdisə, onda nəyə görə tikinti gedən zaman deyil, yalnız tamamlandıqdan sonra etirazlar etməyə başlamışdır. Cavabdehin özünə aid olan torpaq sahəsi üzərində tikdirdiyi fərdi yaşayış evi tam olaraq tikinti normalarına uyğun, möhkəm özülə malik, cüt daş konstruksiyalı, keyfiyyətli dəmir-beton bərkitmələri ilə, ixtisaslı mühəndisin rəhbərliyi və digər mütəxəssislərin məsləhəti ilə tikilmişdir və heç bir təhlükə doğurmur. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. Hər iki iddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçıya məxsus olan və Qafqaz küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik olan hissəsinin (Qafqaz küçəsi istiqamətində cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinin mətbəx otağına bitişik olan hissəsi) cavabdehin vəsaiti hesabına sökülməsini, ilk iddianın qalan hissəsinin, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia tələbini şərti olaraq iki hissəyə ayırmaq olar. Tələbin birinci hissəsi ara məsafəsi gözlənilmədən ona məxsus fərdi yaşayış evinin divarına bitişik vəziyyətdə tikdirdiyi 4 mərtəbəli tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, ikinci hissəsi isə cavabdehin üzərinə qanunvericilikdə nəzərdə tutulan icazə sənədləri alındıqdan sonra, ara məsafəsi normalarına riayət etməklə tikili tikmək vəzifəsinin qoyulmasıdır. İddiaçının birinci tələbi mahiyyətcə, mülkiyyətində olan daşınmaz əmlaka cavabdeh tərəfindən qanunsuz müdaxiləni təşkil edir. Belə ki, işin məhkəmə araşdırılması zamanı, eləcə də məhkəmə tərəfindən tərəflərə məxsus fərdi yaşayış evlərinə yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin bir hissəsi evlərin yerləşdiyi torpaq sahəsini ayıran daş hasarın üzərində inşa edilmiş, eyni zamanda cavabdehin inşa etdiyi fərdi yaşayış evinin divarının (tərəflərin fərdi yaşayış evlərinin ümumi yola tərəf olan istiqamətdə) sağ arxa divarının bir hissəsi iddiaçıya məxsus fərdi yaşayış evinin qabaq sol hissəsində yerləşən mətbəx otağının divarının üzərində inşa edilmiş, mətbəx otağının divarlarına və tavanına çəkilmiş boya nəmişlikdən qopmuş, həmçinin mətbəx otağının divarına quraşdırılmış mebellər qaralmışdır. İşin yuxarıda göstərilən faktiki hallarından məlum olur ki, iddiaçının fərdi yaşayış evinə 1/6 hissədə mülkiyyət hüququ dövlət tərəfindən qeydiyyata alınsa da, cavabdeh fərdi yaşayış evini özbaşına inşa etmiş və onun tikdiyi nə evə, nə də evin yerləşdiyi torpaq sahəsinə dair qanunla müəyyən edilmiş hüquq müəyyənedici sənədi var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsində özbaşına tikiliyə verilən anlayışda qeyd edilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göründüyü kimi, iddiaçının (müdaxiləyə məruz qalan tərəfin) yaşadığı evə dair mülkiyyət hüquqlarının qanuni əsası olsa da, cavabdehin inşa etdiyi ev özbaşına tikinti olduğu üçün onun həmin evə dair belə bir hüququ yoxdur. Bu kontekstdə, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də hesab edilməlidir ki, iddiaçının cavabdehin inşa etdiyi fərdi yaşayış evinin onun fərdi yaşayış evinin divarına bitişik hissəsinin sökülməsini tələb etməsi də tərəflərin maraqları arasında mütənasiblik (ədalətli balansın qorunması) meyarına zidd deyil. Ona görə ki, əvvəla, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bütövlükdə deyil, yalnız onun mülkiyyət hüquqlarını pozan həcmdə, yəni onun fərdi yaşayış evinə bitişik olan hissəsinin sökülməsini tələb edir. İkincisi, cavabdeh özbaşına inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində iddiaçının evinin mətbəx otağı zədələnmiş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Bununla yanaşı hesab edilməlidir ki, iddiaçının ikinci tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehin üzərinə qanunvericilikdə nəzərdə tutulan icazə sənədləri alındıqdan sonra ara məsafəsi normalarına riayət etməklə tikili tikmək vəzifəsinin qoyulmasını tələb edir. Mülki hüquq münasibətləri çərçivəsində tərəfin üzərinə hər hansı öhdəliyin qoyulması üçün hüquqi əsaslar olmalıdır. Belə hüquqi əsaslar ya qanundan ya da tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla da, iddia tələbi həmin hissədə əsassızdır. Qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd olunmalıdır ki, cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində apardığı təmir işlərinə görə sərf etdiyi pulu sonuncudan tələb edir. Cavabdeh isə iddia edir ki, tərəflər öz aralarında razılaşmışlar ki, o, özbaşına tikili olan evini iddiaçının fərdi yaşayış evinə bitişik inşa etməsinə görə iddiaçının icazə verməsi qarşılığında sonuncunun evinin həyətində təmir işləri aparacaq. Cavabdeh razılaşmaya əməl edərək təmir işləri apardığını və buna görə 7.000 manat pul xərclədiyini bildirsə də, həmin halın təsdiqi üçün məhkəməyə sübut təqdim etməmişdir. Rayon Məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etmişdir. c) apellyasiya şikayəti barədə məlumat

7. İş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları qarşılıqlı iddia ərizəsinin əsaslarına uyğun olan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış etmiş, təqdim edilmiş sübutlara obyektiv qiymət verməmişdir. Bundan başqa, tərəflər şifahi qaydada razılaşmışlar ki, o, öz evini iddiaçının evinə bitişik inşa etməsinə görə onun həyətində müəyyən işlər görəcəkdir. Razılığa əməl edərək 7.000 manatlıq təmir-tikinti işləri aparmışdır, lakin Rayon Məhkəməsi tərəfindən bu nəzərə alınmamışdır. d) apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən iş üzrə qəbul edilmiş məhkəmə aktları barədə məlumat

9. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)- 5673/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini və Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə Rayon Məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, mülki iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində iddiaçının evinin mətbəx otağı zədələnmiş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bütövlükdə deyil, yalnız onun mülkiyyət hüquqlarını pozan həcmdə, yəni onun fərdi yaşayış evinə bitişik olan hissəsinin sökülməsini tələb etməkdə, Rayon Məhkəməsi də qeyd edilən sübutlara əsasən cavabdeh tərəfindən inşa edilmiş tikilinin bir hissəsi iddiaçının mülkiyyət hüquqlarını pozduğu üçün iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin digər dəlili, yəni tərəflərin öz aralarında onun özbaşına tikili olan evi iddiaçının fərdi yaşayış evinə bitişik inşa etməsinə görə iddiaçının həyətində təmir tikinti işləri görməsi müqabilində razılaşması, onun da iddiaçının həyətində bunun müqabilində 7.000 manatlıq təmir işləri görməsi ilə bağlı hissədə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 180.1, 180.4-cü maddələrinə, MPM-in 14.2, 77.1, 119.1-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmişdir.

11. Həmin qətnamədən iş üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (iş № 2(102)-969/20204) ilə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır.

12. Kassasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı özünə aid olmayan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun. Yəni mübahisəli tikilinin qanunsuz tikili olması hər bir halda iddiaçıya onun sökülməsini tələb etmək üçün subyektiv hüquq vermir və qeyd edilən tikilinin iddiaçıya hansı maneələr yaratmaqla (giriş-çıxışa maneə, işıqlandırma və ya havalandırmaya məhdudiyyət və s.) hüququnu məhdudlaşdırdığı və ya pozduğu müəyyən olunmalıdır. Əks halda qanunsuz tikililərin sökülməsini tələb etmək aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olacaqdır. Hazırki iddiadan görünür ki, iddiaçı qonşu torpaq sahəsində 2021-ci ilin sentyabr ayından tikintisinə başlanılmış və artıq inşa edilmiş 4 mərtəbəli yaşayış evinin sökülməsini yalnız həmin tikilinin onun evinin divarına bitişik vəziyyətdə, ara məsafəsi gözlənilməməklə aparılması əsası ilə tələb edir və qeyd edir ki, onun tərəfindən cavabdehə bu barədə edilmiş xəbərdarlıqların faydası olmamış, tikinti davam etmişdir. Bu məqsədlə o, Xətai RPİnin 37-ci PB-nə şikayət etmişdir. Cavabdeh isə iddiaya etirazında və qarşılıqlı iddiasında həmin evi 2021-ci ildə alqısatqı yolu ilə aldığını, həmin ev qəzalı olduğundan söküb yenidən inşa etdiyini, sökülən evlə iddiaçının paylı mülkiyyətində olan evin divarını ortaq olduğunu və yeni ev inşa edilərkən həmin ortaq divardan istifadə etmədiyini, onun qarşısından yeni divar inşa etdiyini, tikinti zamanı iddiaçının hər hansı etiraz etmədiyini, əksinə iddiaçının razılığı ilə tikintinin bu qaydada aparıldığını, ev tikiləndən sonra isə iddiaçının bu iddianı qaldırmasının başqa məqsədlər daşıdığını göstərmişdir. İşdə olan ekspert rəyindən görünür ki, Qafqaz küçəsi, 39/2B ünvanında cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin mövcudluğu iddiaçıya məxsus fərdi yaşayış evinin istismarına hər hansı maneə (təbii işıqlandırma, havalandırma, giriş-çıxışa mane olma və s.) yaradırmı sualına ekspert cavab verməmiş, məhkəmə tikinti-texniki ekspertin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmadığını göstərmişdir. Məhkəmə hesab etmişdir ki, işin hərtərəfli araşdırılması və obyektiv nəticə əldə olunması üçün cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin mövcudluğunun iddiaçıya məxsus fərdi yaşayış evinin istismarına hər hansı maneənin (təbii işıqlandərma, havalandırma, giriş-çıxışa mane olma və s.) yaradılıb-yaradılmaması ilə bağlı sual üzrə tədqiqat aparılmasını zəruri hesab edən məhkəmə bu barədə müvafiq mütəxəssis rəyinin verilməsi üçün Respublika Gigiyena və X7 hüquqi şəxsinə müraciət etmiş, həmin qurum tərəfindən verilmiş rəydə iddiaçının yaşadığı mənzilin yataq və qonaq otaqlarına ölçmələr aparılmış, yataq otağının pəncərəsi açıq vəziyyətdə olduqda hava cərəyanının sürəti 1,0; 1,1; m/s, pəncərə bağlı vəziyyətdə 0,01; 0,02 m/s (norma 0,3 m/s), işıqlanma 57,6 Lk (norma 150 Lk), qonaq otağında hava cərəyanının sürəti pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə bağlı vəziyyətdə 0,02; 0,03 m/s (norma 0,3 m/s), işıqlanma 86,4; 89,4 Lk (norma 150 Lk) olmuşdur. Həmin rəydə də, iddiaçının mənzilində günəş işiğının az olmasının məhz cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin mövcudluğu ilə əlaqəsi olmasının müəyyən edilməsinin Respublika Gigiyena və X7 hüquqi şəxsinin səlahiyyətinə aid olmadığı qeyd edilmişdir. Həmçinin cavabdeh əvvəlki tikilinin də iddiaçının evinə bitişik olduğunu və bu barədə “Google yer” proqramından illər üzrə ortofoto planlar təqdim etməsinə baxmayaraq məhkəmələr tərəfindən bu istiqamətdə hər hansı araşdırma aparılmamışdır. Bundan başqa, iddiaçı iddiasında tikinti aparılan zaman tiklinin onun evinə bitişik aparılması və ara məsafəsinin gözlənilməməsi ilə bağlı cavabdehə etiraz etdiyini və polis orqanlarına şikayət etdiyini bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə qonşusu olan cavabdeh tərəfindən evinə su axıdılması ilə bağlı şikayət etmiş, izahatında cavabdehin 1 il olar ki, özünə 4 mərtəbəli həyət evi tikdiyini və evinin damının yağış suların axıdılması üçün olan borunun onun evinin damına qoyduğundan, dəfələrlə cavabdehə həmin borunun kanalizasiya xəttinə birləşdirməsini dediyini, bu iş yubandığından polisə zəng vurub cavabdehin hərəkətlərindən bezdiyinə görə özünü Amerika səfirliyinin qarşısında yandıracağı barədə məlumat vermişdir. Cavabdeh isə izahatında iddiaçıya dəymiş ziyanı aradan qaldırdığını və iddiaçının evinin damını təmir etdirdiyini, yağış suları borucunun istiqamətini dəyişib kanalizasiya sisteminə qoşduğunu göstərmişdir. İddiaçının cavabdeh tərəfindən tikinti işləri aparılarkən tikilinin onun evinin divarına bitişik inşa edilməsi və ara məsafəsi ilə bağlı iradının olmaması, yalnız ev inşa edilib başa çatdıqdan sonra bu iddianı qaldırmasına işə baxmış məhkəmələr tərəfindən önəm verməmiş, iddiaçı tərəfindən hüquqdan sui-istifadəyə yol verilib-verilmədiyi müzakirə edilməmişdir. Bundan başqa, məhkəmələr iddianı iddiada göstərilən əsasla deyil, birinci instansiya məhkəməsinin yerli müayinə aktına istinad edərək, cavabdehin özbaşına inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində iddiaçının evinin mətbəx otağı zədələnməsi, mətbəx otağının divarlarına və tavanına çəkilmiş boyanın nəmişlikdən qopması, həmçinin mətbəx otağının divarına quraşdırılmış mebellərin qaralması, bununla da iddiaçının mülkiyyət hüququnun pozulması qənaətinə gəldiklərinə görə iddianı qismən təmin edərək, cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinə bitişik olan hissəsinin (Qafqaz küçəsi istiqamətində cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinin mətbəx otağına bitişik olan hissəsinin) cavabdehin vəsaiti hesabına sökülməsini qət etmişdir. Bu zaman nə birinci instansiya məhkəməsi, nə də apelyasiya məhkəməsi iddiaçının mətbəxində mövcud olan qüsurların məhz cavabdehin özbaşına inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində baş verməsinin müəyyən edilməsi barədə müvafiq ekspertiza rəyi almamış, həmçinin bu hal mövcud olsa belə, iddiaçıya dəymiş ziyanın cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının mətbəx otağına bitişik olan hissəsinin sökülməsindən başqa digər üsullarla aradan qaldırlımasının mümkünlüyü istiqamətində də lazımi araşdırmalar aparmamışdırlar. Həmçinin məhkəmələr cavabdehin 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinə bitişik olan hissəsinin (mətbəx otağına bitişik olan hissəsinin) cavabdehin vəsaiti hesabına sökülməsini qət edərkən evin bu qaydada qismən sökülməsinin texniki cəhətdən mümkün olub-olmamasını araşdırmamış, nəticədə icrası mümkün olmayan qətnamə qəbul etmişdirlər. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. e) apellyasiya baxışının hədləri barədə məlumat

13. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, ilk iddianın qismən təmin edilməsinə baxmayaraq, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, ilk iddianın bir qisminin rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

14. Cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətinin məzmunundan görünür ki, o da, ilk iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi mübahisələndirmir.

15. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

17. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

18. İddiaçı özü apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

19. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, ilk iddianın apellyasiya baxışının predmeti olan hissəsi təmin edilməməli, qarşılıqlı iddianın təmin edilməməsi barədə hissədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər iddiaçının mərhum əri X1 mülkiyyətində olmuş, onun ölümündən sonra fərdi yaşayış evinin 1/6 hissəsi vərəsəlik əsasında iddiaçının mülkiyyətinə keçmiş, 5 paydan ibarət qalan hissələr isə digər vərəsələrin mülkiyyətindədir. İddiaçının həmin fərdi yaşayış evinin 1/6 hissəsinə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixində “Daşınmaz əmlakın dövlət reyestrində” ********** nömrəsi ilə qeydiyyata alınmışdır.

21. İddiaçının fərdi yaşayış evinin qonşuluğunda, onun sol divarına bitişik vəziyyətdə, yəni Qafqaz küçəsi, 39/2B ünvanında cavabdeh tərəfindən 4 mərtəbədən ibarət fərdi yaşayış inşa edilmişdir. Həmin evə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur, yalnız həmin ünvanda sənədsiz evin əldə olunması barədə Vüsal Əliyev və cavabdeh arasında (üç nəfər şahidin imzası ilə) xx.xx.2021-ci il tarixli “evin alğı-satqısı barədə” adlı sadə yazılı müqavilə və 66 saylı MKİS tərəfindən verilmiş evin sxemi mövcuddur.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/7828 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından həmin evin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilir. Cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçıya məxsus fərdi yaşayış evinin istismarına hər hansı maneə (təbii işıqlandırma, havalandırma, giriş-çıxışa mane olam və s.) törədib-törətməməsi məsələsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından bu hissədə tədqiqat aparılmadı.

23. Mülki işdə olan yerli müayinə protokolundan görünür ki, cavabdehə məxsus 4 mərtəbəli tikili iddiaçıya məxsus evin divarına bitişik vəziyyətdədir. Cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin bir hissəsi evlərin yerləşdiyi torpaq sahəsini ayıran daş hasarın üzərində inşa edilmiş, eyni zamanda cavabdehin inşa etdiyi fərdi yaşayış evinin divarının (tərəflərin fərdi yaşayış evlərinin ümumi yola tərəf olan istiqamətdə) sağ arxa divarının bir hissəsi iddiaçıya məxsus Fərdi yaşayış evinin qabaq sol hissəsində yerləşən mətbəx otağının divarının üzərində inşa edilmiş, mətbəx otağının divarlarına və tavanına çəkilmiş boya nəmişlikdən qopmuş, həmçinin mətbəx otağının divarına quraşdırılmış mebellər qaralmışdır.

24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena X5 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli Xətai Rayon Məhkəməsinin 2(011)-137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən verilmiş ünvan 3 ünvanında cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evində aparılmış laborator müayinələrin nəticəsi olaraq, iddiaçının yaşadığı evin yataq və qonaq otaqlarına ölçmələr aparılmışdır. Yataq otağının pəncərəsi açıq vəziyyətdə olduqda hava cərəyanının sürəti 1,0; 1,1; m/s, pəncərə bağlı vəziyyətdə 0,01; 0,02 m/s (norma 0,3 m/s), işıqlanma 57,6 Lk (norma 150 Lk), qonaq otağında hava cərəyanının sürəti pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə bağlı vəziyyətdə 0,02; 0,03 m/s (norma 0,3 m/s), işıqlanma 86,4; 89,4 Lk (norma 150 Lk) olmuşdur.

25. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmeti olan hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır (maddə 170.1.). Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.).

27. MPM-in tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.).

28. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

29. Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı özünə aid olmayan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi və yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilmişdir ki, mübahisəli tikilinin qanunsuz tikili olması hər bir halda iddiaçıya onun sökülməsini tələb etmək üçün subyektiv hüquq vermir və qeyd edilən tikilinin iddiaçıya hansı maneələr yaratmaqla (giriş-çıxışa maneə, işıqlandırma və ya havalandırmaya məhdudiyyət və sair) hüququnu məhdudlaşdırdığı və ya pozduğu müəyyən olunmalıdır. Əks halda qanunsuz tikililərin sökülməsini tələb etmək aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olacaqdır.

31. İlk iddiadan görünür ki, iddiaçı qonşu torpaq sahəsində cavabdeh tərəfindən 2021-ci ilin sentyabr ayından tikintisinə başlanılmış və artıq inşa edilmiş 4 mərtəbəli yaşayış evinin sökülməsini yalnız həmin tikilinin onun evinin divarına bitişik vəziyyətdə, ara məsafəsi gözlənilməməklə aparılması əsası ilə tələb edir və qeyd edir ki, onun tərəfindən cavabdehə bu barədə edilmiş xəbərdarlıqların faydası olmamış, tikinti davam etmişdir.

32. Cavabdeh isə iddiaya etirazında və qarşılıqlı iddiasında həmin evi 2021-ci ildə alğı-satqı yolu ilə aldığını, həmin ev yaşayış üçün yarasız olduğundan söküb yenidən inşa etdiyini, sökülən evlə iddiaçının paylı mülkiyyətində olan evin divarını ortaq olduğunu və yeni ev inşa edilərkən həmin ortaq divardan istifadə etmədiyini, onun qarşısından yeni divar inşa etdiyini, tikinti zamanı iddiaçının hər hansı etiraz etmədiyini, əksinə iddiaçının razılığı ilə tikintinin bu qaydada aparıldığını, ev tikiləndən sonra isə iddiaçının bu iddianı qaldırmasının başqa məqsədlər daşıdığını göstərmişdir.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin mövcudluğu iddiaçıya məxsus fərdi yaşayış evinin istismarına hər hansı maneə (təbii işıqlandırma, havalandırma, giriş-çıxışa mane olma və s.) yaradırmı sualına ekspert cavab verməmiş, məhkəmə tikinti-texniki ekspertin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmadığını göstərmişdir.

34. Rayon Məhkəməsi işin hərtərəfli araşdırılması və obyektiv nəticə əldə olunması üçün cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin mövcudluğunun iddiaçıya məxsus fərdi yaşayış evinin istismarına hər hansı maneənin (təbii işıqlandərma, havalandırma, giriş-çıxışa mane olma və s.) yaradılıb-yaradılmaması ilə bağlı sual üzrə tədqiqat aparılmasını zəruri hesab edərək, bu barədə müvafiq mütəxəssis rəyinin verilməsi üçün “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” X11 müraciət etmiş, həmin Mərkəz tərəfindən verilmiş rəydə iddiaçının yaşadığı mənzilin yataq və qonaq otaqlarına ölçmələr aparılmış, yataq otağının pəncərəsi açıq vəziyyətdə olduqda hava cərəyanının sürəti 1,0; 1,1; m/s, pəncərə bağlı vəziyyətdə 0,01; 0,02 m/s (norma 0,3 m/s), işıqlanma 57,6 Lk (norma 150 Lk), qonaq otağında hava cərəyanının sürəti pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə bağlı vəziyyətdə 0,02; 0,03 m/s (norma 0,3 m/s), işıqlanma 86,4; 89,4 Lk (norma 150 Lk) olmuşdur. Həmin rəydə də, iddiaçının mənzilində günəş işiğının az olmasının məhz cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin mövcudluğu ilə əlaqəsi olmasının müəyyən edilməsinin Mərkəzin səlahiyyətinə aid olmadığı qeyd edilmişdir.

35. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən halları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

36. İddiaçının mətbəxində yaranmış qüsurların məhz cavabdehin inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün cavabdehin evinin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində baş verib-verməməsi, iddiaçıya dəymiş ziyanın cavabdeh tərəfindən inşa edilmiş evin iddiaçıya məxsus evin mətbəxinə bitişik olan hissəsinin sökülməsindən başqa digər üsullarla aradan qaldırılmağın mümkün olub-olmaması, həmçinin cavabdehin evinin iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinə bitişik olan hissəsinin (mətbəx otağına bitişik olan hissəsinin) cavabdehin vəsaiti hesabına sökülməsinin texniki cəhətdən mümkün olub-olmaması xüsusatlarının araşdırılması üçün xüsusi bilik tələb olunur ki, məhkəmə isə bu kimi xüsusi biliyə malik deyil. Buna görə də qeyd edilən xüsusatlar iş üzrə məhkəmə tikintitexniki ekspertizanın keçirilməsi ilə araşdırılmalıdır.

37. Kassasiya instansiya məhkəməsinin icrası məcburi olan göstərişlərini nəzərə alan Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qeyd edilən məsələlərlə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6269 nömrəli ekspert rəyi alınmışdır.

38. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin mətbəxində mövcud olan qüsurların iddiaçıya məxsus fərdi yaşayış evinin dam örtüyünün köhnə olmasından və cavabdehə məxsus fərdi yaşayış evinin dam örtüyündən axan yağış sularının axıdılması üçün quraşdırılmış su borusundan axan suların sözügedən mətbəxə axması nəticəsində yarana bilər. İddiaçıya məxsus fərdi yaşayış evinin dam örtüyünün yenilənməsi və cavabdehə məxsus fərdi yaşayış evinin dam örtüyündən axan yağış sularının axıdılması üçün quraşdırılmış su borusunun ümumi kanalizasiya xəttinə birləşdirməklə, tədqiq olunan mətbəxə su axmasının qarşısı alına bilər.

39. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddiasında tikinti aparılan zaman tikilinin onun evinə bitişik aparılması və ara məsafəsinin gözlənilməməsi ilə bağlı cavabdehə etiraz etdiyini və polis orqanlarına şikayət etdiyini bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

40. Bakı Şəhəri Xətai PRİ-nin 37-ci PŞ tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarından görünür ki, iddiaçı qonşusu olan cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə onun evinə su axıdılması ilə bağlı şikayət etmiş, izahatında cavabdehin 1 il olar ki, özünə 4 mərtəbəli həyət evi tikdiyini və evinin damının su trubasını onun evinin damına qoyduğundan, dəfələrlə cavabdehə yağış sularının axıdılması üçün olan borunun kanalizasiya xəttinə birləşdirməsini dediyini, bu iş yubandığından polisə zəng vurub cavabdehin hərəkətlərindən bezdiyinə görə özünü Amerika səfirliyinin qarşısında yandıracağı barədə məlumat vermişdir. Cavabdeh isə izahatında iddiaçıya dəymiş ziyanı aradan qaldırdığını və iddiaçının evinin damını təmir etdirdiyini, yağış suları borusunun istiqamətini dəyişib kanalizasiya sisteminə qoşduğunu göstərmişdir.

41. İş üzrə təkrar apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə nəticəsində də Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin evinə aid yağış suları borusu kanalizasiya xəttinə qoşulmuşdur. İddiaçıya məxsus evə cavabdehin evinin dam örtüyündən axan yağış sularının axıdılması üçün quraşdırılmış su borusundan yağış sularının axıdılması halı mövcud deyildir (Qeyd: yerində müayinə keçirilən tarixdə hava yağmurlu olmuşdur).

42. Beləliklə məhkəmə araşdırması nəticəsində iddiaçının mətbəxində mövcud olan qüsurların məhz cavabdehin özbaşına inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində baş verməsi halı müəyyən edilməmişdir.

43. Əvvəlki tikilinin də iddiaçının evinə bitişik olması barədə cavabdeh tərəfin dəlili təqdim edilmiş “Google yer” proqramından illər üzrə ortofoto planlarla öz təsdiqini tapmışdır.

44. İddiaçının cavabdeh tərəfindən tikinti işləri aparılarkən tikilinin onun evinin divarına bitişik inşa edilməsi və ara məsafəsi ilə bağlı iradının olmaması, yalnız ev inşa edilib başa çatdıqdan sonra bu iddianı qaldırmasına işə baxmış Rayon Məhkəməsi tərəfindən əhəmiyyət verilməmiş, iddiaçı tərəfindən hüquqdan sui-istifadəyə yol verilibverilmədiyi müzakirə edilməmişdir.

45. Məhkəmə qeyd edir ki, işdə olan sübutlara əsasən müəyyən edilir ki, iddiaçıya məxsus evin divarına bitişik tikilinin inşa edilməsindən iddiaçının məlumatı olmuş, lakin bu halı tikinti işləri aparılan zaman mübahisələndirməmişdir. İddiaçı tərəfindən tikinti işləri başa çatdıqdan sonra bu halın mübahisələndirilməsi halı isə hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

46. Məhkəmə həmçinin qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı cavabdehin 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinə bitişik olan hissəsinin (mətbəx otağına bitişik olan hissəsinin) cavabdehin vəsaiti hesabına sökülməsinin texniki cəhətdən mümkün olub-olmaması istiqamətində də araşdırma aparılaraq, bununla bağlı ekspert qarşısında da sual qoyulmuş, lakin tədqiqat zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin mütəxəssisləri iştirak etmədiyindən həmin sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Həmin halın aradan qaldırılması mümkün olsa da, cavabdeh tərəfindən inşa edilmiş tikilidən iddiaçıya məxsus evə suyun axıdılması halı müəyyən edilmədiyindən Məhkəmə hüquqi qənaət prinsipinə riayət edərək qeyd edilən halın müəyyən edilməsi məqsədi ilə əlavə araşdırma aparılmasına zərurət görməmişdir.

47. Qarşılıqlı iddia ilə bağlı isə Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi qarşılıqlı iddianı iddianın sübuta yetməməsi əsası ilə rədd etməkdə haqlı olmuşdur. Çünki cavabdeh iddiaçı qarşı irəli sürdüyü qarşılıqlı iddiada onunla iddiaçı arasında onun özbaşına tikili olan evi iddiaçının fərdi yaşayış evinə bitişik inşa etməsinə görə iddiaçının həyətində təmir-tikinti işləri görməsini, bu işlərin görülməsi üçün 7.000 manat məbləğində xərc çəkməsini bildirsə də bu halı təsdiq edə biləcək hər hansı sübutu (sübutları) məhkəmələrə təqdim edilməmişdir.

48. Cavabdeh iddiaçıya qarşı irəli sürdüyü qarşılıqlı iddiada xahiş etmişdir ki, iddiaçının ona 7.000 manat məbləğində maddi zərər vurması faktının istintaq orqanı tərəfindən yoxlanılması üçün müvafiq xüsusi qərardad qəbul edilsin və prokurorluq orqanına göndərilsin.

49. Məhkəmə apellyasiya baxışının nəticələrini nəzərə alaraq hesab edir ki, bu kimi xüsusi qərarın qəbul edilməsi üçün əsas yoxdur. h) apellyasiya baxışının nəticəsi

50. Odur ki, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələblərini və MPM-in 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, ilk iddianın apellyasiya baxışının predmeti olan hissəsi təmin edilməməli, qarşılıqlı iddianın təmin edilməməsi barədə hissədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə həmçinin qeyd edir ki, hər iki iddia tələbi rədd edildiyindən MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Apellyasiya şikayəti qismən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan ((30 manat + 6.000 manat x 1%) : 2 =) 45 manat dövlət rüsumu bərabər hissədə tərəflərə aid edilməli, bu məqsədlə 22,50 manat məbləğində pul ilk iddia üzrə iddiaçıdan (qarşılıqlı iddia üzrə cavabdehdən) ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) xeyrinə tutulmalıdır. İş üzrə ekspertiza tədqiqatları ilk iddianın dəlilləri ilə bağlı aparıldığından və ilk iddianın əsassız olduğu qənaətinə gəlindiyindən bu sahədə məhkəmə xərcləri iddiaçıya aid edilməli, bu məqsədlə cəmi (100 manat + 100 manat =) 200 manat məbləğində pul ilk iddia üzrə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

52. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ilk iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin İddiaçı məxsus və Qafqaz küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik olan hissəsinin (Qafqaz küçəsi istiqamətində cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinin mətbəx otağına bitişik olan hissəsi) Cavabdeh vəsaiti hesabına sökülməsi, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ilk iddiası “ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçıya məxsus və Qafqaz küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik olan hissəsinin (Qafqaz küçəsi istiqamətində cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinin mətbəx otağına bitişik olan hissəsi) cavabdehin vəsaiti hesabına sökülməsi” hissəsində rədd edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,50 (iyirmi iki manat əlli qəpik) manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə aparılmış məhkəmə-tikinti texniki ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar