Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2772/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2025-ci il tarixli qətnamədən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Agentliyin səlahiyyətli nümayəndəsi Agentliyin adından cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 472-GL/19 nömrəli “Lizinq müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə yaranmış 2.515,31 manat cərimə borcunun və hüquqi yardımla bağlı çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pulun cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla "xxxx" Açıq Səhimdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 472-GL/19 nömrəli "xxxx" əsasən ASC-dən kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Müqavilənin şərtinə görə, cavabdeh, ASC-dən aldığı kənd təsərrüfatı texnikasının dəyərini aybaay, hissə-hissə ödəməli idi. Azərbaycan Respublikası Prezidentinin “"xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı ASC-nin bağladığı lizinq müqavilələri üzrə tələbetmə hüququ Agentliyə ötürülmşüdür. İş üzrə cavabdeh ilə də bağlanmış “Lizinq müqaviləsi” üzrə tələbetmə hüququ Agentliyə keçdikdən sonra müəyyən edilmişdir ki, cavabdeh, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixə cavabdehin həmin müqavilə üzrə 1.795 manat gecikdirilmiş borcu və 2.515,31 manat cərimə borcu yaranmışdır. Həmin məbləğlərin cavabdehdən tutulması barədə Agentlik tərəfindən iddia ərizəsi Rayon Məhkəməsinə verildikdən sonra cavabdeh 1.795 manat məbləğində gecikdirilmiş borcu ödəmiş, lakin 2.515,31 manat məbləğində cərimə borcunu ödəməmişdir. Odur ki, cərimə borcu cavabdehdən məhkəmə qaydasında tutularaq Agentliyə ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, Agentlik, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün hüquqi yardım almaq məcburiyyətində qalmış və onunla vəkil arasında “Hüquq yardımın göstərilməsi barədə” müqaviləni bağlamaq üçün 500 manat ödəmişdir ki, Odur ki, həmin məbləğ də cavabdehdən Agentliyin xeyrinə tutulmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci tarixli qətnamə ilə iddianın qismən təmin edilməsi, xx.xx.2019-cu il tarixli, 472-GL/19 nömrəli “Lizinq müqaviləsi” üzrə yaranmış cərimə borcunun azaldılmasını və azaldılmış cərimə borcunun ödənilməsi məqsədi ilə 100 manat məbləğində pulun, hüquqi yardıma görə çəkilmiş xərcin bir hissəsinin ödənilməsi məqsədi ilə 200 manat pulun cavabdehdən tutularaq iddiaçı Agentliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh qeyd edilən “Lizinq müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və məhkəmə baxışı zamanı bunu etiraf edərək, bildirmişdir ki, bu hal maddi vəziyyətində yaranmış çətinliklə əlaqədar olmuşdur. Cavabdeh, məhkəmə baxışı zamanı iddiaçıya olan 1.795 manat məbləğində gecikdirilmiş borcu ödəmişdir. Lakin o, həmin məbləğin ödənilməsinin gecikdirlməsinə görə iddiaçı tərəfindən ona hesablanmış 2.515,31 manat məbləğində cərimə (dəbbə) borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, qeyd edilən maddi hüquq normasının tələbi və ölkə daxilində dəbbə pulunun məbləği ilə formalaşmış məhkəmə təcrübəsi (borcludan kreditorun xeyrinə tutulmalı olan dəbbə pulunun məbləği əsas borcun məbləğinin 5 %-dən 10 %-dək təşkil etməlidir) nəzərə alınmalı və cavabdehdən iddiaçı Agentliyin xeyrinə tutulmalı olan dəbbə pulunun məbləği azaldılmalı və azaldılmış məbləğdə dəbbə olaraq 100 manat cavabdehdən iddiaçı Agentliyin xeyrinə tutulmalıdır. Bundan başqa, iddianın qismən təmin edilməsi və MPM-in 121.1-ci maddəsinin tələbi nəzərə alınmalı və hüquqi yardıma görə iddiaçı tərəfindən çəkilmiş xərcin bir hissəsi, yəni 200 manat cavabdehdən tutularaq iddiaçı Agentliyə ödənilməlidir. Çünki MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı Agentlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni hüquqi yardıma görə iddiaçı tərəfindən çəkilmiş 500 manat məbləğində xərcin yalnız bir hissəsinin, yəni 200 manatın cavabdehə aid edilməsini, qalan 300 manatın isə Agentliyin özünə aid edilməsi hissəsində ləğv edilməsini, 500 manatın tam şəkildə cavabdehə aid edilərək, tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2023-cü il tarixli, 904-VİQD nömrəli qanunu ilə 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı Agentlik onunla vəkil arasında bağlanmış “Hüquq yardımın göstərilməsi barədə” müqaviləyə görə 500 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “«Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarının tələblərini də nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilmişdir ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirakla bağlı olmadığından, belə xidmət göstərən şəxslərin fəaliyyəti heç də həmişə müraciət edənin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət olmamaqla, bəzi hallarda ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlər paketinin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi kimi maddi nəticələri özündə ehtiva edən işlərin icrası ilə məhdudlaşa bilər. Beləliklə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 19.3-cü maddəsinin tələblərinin pozulması Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur. Nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən icra edilmişdir. Eyni zamanda, vəkil məhkəmə üçün zəruri araşdırmaları həyata keçirməklə kifayətlənməmiş, məhkəmə iclasında da şəxsən özü iştirak etmişdir. Bütün bunlar vəkilin iddianın təmin edilməsi üçün bütün zəruri hərəkətləri etdiyini sübuta yetirir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, hüquqi yardıma çəkilmiş xərcin yalnız 200 manat hissəsinin cavabdehə aid edilməsinin ağlabatanlığının əsaslandırmamışdır. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. İddiaçı Agentlik apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.
8. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
9. İş üzrə cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. e) apellyasiya baxışının hədləri barədə məlumat
10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir.
11. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı Agentlik isə iddianın “Lizinq müqaviləsi” üzrə yaranmış cərimə borcu barədə hissəsinin qismən təmin edilməsi barədə hissədə qətnamənin mübahisələndirməmiş, o yalnız hüquqi yardıma görə onun tərəfindən çəkilmiş 500 manat məbləğində xərcin 300 manat hissəsinin onun özünə aid edilməsi barədə hissədə qətnaməni mübahisələndirmişdir.
12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etməzdən əvvəl iddiaçı Agentlik “Hüquq yardımın göstərilməsi barədə” vəkillə müqavilə bağlamış və həmin müqaviləyə əsasən 500 manat məbləğində ödəniş etmişdir.
16. Məhkəmə bildirir ki, MPM-in 121-ci maddəsinin tələbinə görə, məhkəmə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
17. Rayon Məhkəməsinin qətnaməsindən isə görünür ki, Rayon Məhkəməsi qeyd edilən maddənin hazırda qüvvədə olan dispozisiyasına deyil, əvvəl qüvvədə olmuş dispozisiyasına əsaslanaraq qeyd etmişdir ki, məhkəmə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
18. Göründüyü kimi, Rayon Məhkəməsi mülki prosessual normanın tətbiqində səhvə yol vermişdir. Halbuki, MPM-in 217.2-ci maddəsinin tələbinin mənasına görə, qətnamə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
19. Buna baxmayaraq Məhkəmə hesab edir ki, qeyd edilən halın mövcud olması qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki MPM-in 387.1-ci maddəsinin tələbinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan məhkəmə aktının qəbul edilməsinə səbəb olsun.
20. Məhkəmə, Rayon Məhkəməsini müzakirə edilən nəticəsini düzgün və işin hallarına uyğun hesab edir.
21. Belə ki, yuxarıda qeyd edilən “Hüquq yardımın göstərilməsi barədə müqavilə” iddiaçı Agentlik ilə vəkillə bağlanmış, müqavilənin şərtləri onlar arasında müəyyən edilmiş, iş üzrə cavabdeh həmin müqavilənin tərəfi olmamış, o, müqavilənin şərtlərinin müəyyən edilməsində iştirak etməmişdir. Bu səbəbdən də, müqavilənin şərtləri cavabdeh üçün deyil, iddiaçı Agentlik ilə vəkil üçün mütləq xarakter daşıyır, cavabdehə münasibətdə isə mütləq xarakter daşımır. Buna görə də, həmin müqavilənin şərtlərinə cavabdehə münasibətdə qiymət verilərkən MPM-in 121-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.
22. Bundan başqa qeyd ediləməlidir ki, iddia ərizəsinə əlavə edilmiş və məhkəmə baxışı zamanı iddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlər “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanın, həmin Əsasnamənin, iddiaçı Agentlik tərəfindən cavabdehə göndərilmiş məktublar ilə bağlı bildirişlərin, iddiaçı Agentliyin sədri tərəfindən vəkilə (nümayəndəyə) verilmiş etibarnamənin, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Lizinq müqaviləsinin”, həmin müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinin”, “Lizinq müqaviləsinin” predmeti olan kənd təsərrüfatı texnikasının cavabdehə verilməsi ilə bağlı ASC üzrə xx.xx.2019-cu il tarixdə verilmiş əmrin, iddiaçı Agentlik ilə Bakı Şəhəri 5 saylı Vəkil Bürosu arasında bağlanmış xx.xx.2024cü il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin, həmin müqavilə əsasında Agentlik tərəfindən 500 manat məbləğində ödənişin edilməsini təsdiq edən qəbzin surəti və sair bu kimi sənələrin fotosurətləridir ki, həmin fotosurətlərinin hazırlanması üçün vəkilin hüquqi yardımına ehtiyac yoxdur.
23. İş materiallarını nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaçı Agentlik tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən yalnız pretenziya məktubunun (1 vərəq), “Mediasiya prosesinin tətbiqi barədə” təklifin (1 vərəq yarım), (cəmi 2 tam vərəqdən ibarət olmayan, əsaslandırılması cəmi yarım vərəqdən ibarət, onun da əksər hissəsi qüvvədə olan maddi hüquq normaların sadalanması təşkil edən) iddia ərizəsinin, “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizənin (1 vərəq) tərtib edilməsi üçün vəkilin hüquqi yardımından istifadə edilməsinə ehtiyac ola bilər.
24. Odur ki, göstərilənləri də nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi həmin məbləği 200 manat müəyyən etməkdə haqlı olmuşdur. h) apellyasiya baxışının nəticəsi
25. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
26. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir.
28. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alan və MPM-in 402-ci maddəsinin tələblərindən çıxış edən Məhkəmə bildirir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.