Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2773/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu (sədrlik edən və məruzəçi), Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdeh1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” barədə ilkin, iddiaçılar Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı MTKya qarşı “alınmış mənzillərin təhvil verilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)- 769/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı MTK cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhər Nizami Rayon Məhkəməinə müraciə edərək, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbədə ümumi sahəsi 87,6 kv.m olan 176A saylı izolə olunmuş 2 otaqlı mənzilin pay kimi sonuncuya verilməsinə dair xx xxxxxxxx 2014-cü il tarixli müqavilənin, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbədə ümumi sahəsi 90.0 kv.m olan 172 saylı izolə olunmuş 2 otaqlı mənzilin pay kimi sonuncuya verilməsinə dair xx xxxxxx 2014-cü il tarixli müqavilənin, həmin şəxslə bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbədə ümumi sahəsi 125 kv.m olan 159 saylı izolə olunmuş 3 otaqlı mənzilin pay kimi sonuncuya verilməsinə dair xx xxxxxx 2015-cü il tarixli müqavilənin, İddiaçı MTK ilə Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cu blok, 17-ci mərtəbədə ümumi sahəsi 125 kv.m olan 171 saylı izolə olunmuş 3 otaqlı mənzilin pay kimi sonuncuya verilməsinə dair xx xxxxxx 2014-cü il tarixli müqavilənin etibarsız hesab olunmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında müxtəlif tarixlərdə yaşayış sahələrindən pay ayrılmasına dair müxtəlif tarixli müqavilələr bağlanmışdır. Yuxarıda qeyd edilən həmin müqavilələr heç bir hüquqi qüvvəsi olmayan formal olaraq bağlanmış müqavilələrdir. Belə ki, kooperativin rəhbərliyinə yaxın olan Aslanov Nəbinin tanışı Azər adlı şəxs kooperativə “ŞAQMAN” maşınlarının ehtiyyat hissələrini gətirə biləcəyini bildirmiş işə başlamaq üçün onun şəxsiyyət vəsiqələrini gətirdiyi 3 nəfərə kooperativin tikdiyi yaşayış binasından mənzil payı ayrılması üçün ilkin müqavilə bağlanmasını xahiş etmişdir. Ona görə də cavabdehlərlə qeyd olunan müqavilələr bağlanmışdır. Sonradan Azərin təklif etdiyi ehtiyyat hissələrinə baxış keçirilmiş və məlum olmuşdur ki, təklif olunan ehtiyyat hissələrinin əksəriyyəti istifadəyə yararsızdır və buraxılış illəri çox köhnədir. Ona görə də Azərlə kooperativ rəhbərliyi arasında çox ciddi mübahisə yaranmışdır və ehtiyyat hissələri qəbul olunmamışdır. Bundan sonra Azər həmin ehtiyyat hissələrini Zahid adlı şəxsə satıb, mənzillərin pulunu nağd ödəyəcəyini bildirmişdir. Lakin üstündən 4 il (2018-ci ildə) keçməsinə baxmayaraq bu vədinə də əməl etməmişdir. 2018-ci ilin ortalarında tam olaraq məlum olmuşdur ki, Azər pulu ödəməyəcək. Adlarına müqavilə yazılmış şəxslər də pul ödəməkdən imtina etmişlər. Belə olan halda İddiaçı MTK bağlanmış müqavilələrin etibarsız hesab olunmasına dair idda ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bir daha qeyd edirlər ki, bağlanmış müqavilələr görüntü olaraq, başqa əqdi pərdələmək üçün bağlanmışdır. Əslində Azər adlı şəxslə ehtiyyat hissələrin alğı-satqısını özündə ehtiva edir. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı MTK-ya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı” MTK-nın ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələblərinin təmin olunaraq, müqavilələrdə qeyd olunan mənzillərin dəyərinin tərəflərindən tam ödənildiyini nəzərə alıb, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m olan 171 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzillərin İddiaçı MTK tərəfindən qeyd olunan mənzil müqavilələri üzrə sahiblərinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılardan Cavabdeh1 İddiaçıMTK ilə aralarında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli müqavilənin 1.1.1-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət ona pay verilir. Müqavilənin 4.1 və 4.2 maddələrinə əsasən aldığı mənzilin dəyəri 100.000 manat təşkil etmişdir. Müqavilənin 3.1 maddəsinin şərtinə uyğun olaraq da, tərəfindən qeyd olunan 100.000 manat zamanında ödənilmiş və bu ödəniş əsasında da İddiaçı MTKnın direktoru S.Şahid2 imzası ilə onlara xx.xx.2015-ci il tarixli maliyyə arayışı verilmişdir ki, müqavilədə qeyd olunan məbləğ tərəfindən tam ödənilmişdir. Cavabdeh1 İddiaçı MTK ilə aralarında bağlanılmış 2-ci, xx xxxxxx 2014-cü il tarixli müqavilənin 1.1.1-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m olan 172 nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət ona pay verilir. Müqavilənin 4.1 və 4.2 maddələrinə əsasən aldığı mənzilin dəyəri 67.500 manat təşkil etmişdir. Müqavilənin 3.1 maddəsinin şərtinə uyğun olaraq tərəfindən qeyd olunan 67.500 manat zamanında ödənilmiş və bu ödəniş əsasında da İddiaçı MTK-nın direktoru S.Şahid2 imzası ilə ona xx.xx.2014-cü il tarixli maliyyə arayışı verilmişdir ki, müqavilədə qeyd olunan məbləğ tərəfindən tam ödənilmişdir. Digər iddiaçı Cavabdeh3 İddiaçı MTK ilə aralarında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli müqavilənin 1.1.1-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m olan 171 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət ona pay verilir. Müqavilənin 4.1 və 4.2 maddələrinə əsasən aldığı mənzilin dəyəri 93.750 manat təşkil etmişdir. Müqavilənin 3.1 maddəsinin şərtinə uyğun olaraq tərəfindən qeyd olunan 93.750 manat zamanında ödənilmiş və bu ödəniş əsasında da İddiaçı MTK-nın direktoru S.Şahid2 imzası ilə ona xx.xx.2014-ci il tarixli maliyyə arayışı verilmişdir ki, müqavilədə qeyd olunan məbləğ tərəfindən tam ödənilmişdir. Bütün bunlardan sonra, İddiaçı MTK-nın onlarla bağlanılmış bu müqavilələrin və maliyyə arayışlarının etibarsız elan edilməsi ilə bağlı məhkəməyə vermiş olduğu iddia ərzəsi absurddur və heç bir qanuni əsasa da söykənmir. Guya Azər adlı şəxs kooperativə ehtiyat hissələri söz vermiş, sonra bu alınmamış və s. heç bir sənədə və qanuni əsasa söykənilməyən söz və söhbət. Yəni nağıl. Bu nədənlə onlar iddiaçının vermiş olduğu iddanı etibarsız sayırlar. Əslində aylarla onların MTK rəhbərliyinə etdikləri zənglərin ki, gəlin, görüşək, evləri təhvil verin, onların israrlı tələblərindən sonra bu MTK-nın qeyri-formal başında duran Rauf adlı şəxs və digər icraçılar gizlənmişlər və sonradan bu tələbdə bulunmuşlar. Müştərək əlaqələrindən dolayı hazırkı məhkəməyə qədər bu barədə heç bir hüquqi addım atmamışlar. MTK rəhbərliyi isə buna artıq onları məcbur buraxmışdır. İkinci bir tərəfdən MTK onlara qarşı məhkəməyə iddia tələbi irəli sürməmişdən öncə Mülkü Prosessual Məcəllənin 152.1.6-cı maddəsinin tələblərinə əməl edib, müqavilə ilə və ya həmin kateqoriyalı işlər üçün qanunla nəzərdə tutulmuş, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməli idi. Sənəd təqdim edilmədikdə məhkəmə qeyd olunan maddənin şərtlərindən dolayı iddanı icraata qəbul edə bilməzdi. Təəssüf ki, qeyd olunan daşınmaz əmlak sahiblərindən, onlara bu günə kimi bu barədə heç bir məktub daxil olmamışdır. Daha sonra ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 birgə ərizə verərək, mübahisə predmeti olan xx xxxxxx 2014-cü il və xx xxxxxx 2015-ci il tarixli müqavilələrin etibarsız hesab olunması üçün qanunla müəyyən edilmiş bir illik iddia müddətlərinin müvafiq olaraq xx xxxxxx 2015-ci il və xx xxxxxx 2016-cı il tarixlərdə başa çatdığını göstərmiş, iddia müddətinin tətbiq olunaraq, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 769/2019 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilərək İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbədə ümumi sahəsi 87,6 kv.m olan 176A saylı izolə olunmuş 2 otaqlı mənzilin pay kimi sonuncuya verilməsinə dair xx xxxxxxxx 2014-cü il tarixli müqavilənin, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbədə ümumi sahəsi 90,0 kv.m olan 172 saylı izolə olunmuş 2 otaqlı mənzilin pay kimi sonuncuya verilməsinə dair xx xxxxxx 2014-cü il tarixli müqavilənin, həmin şəxslə bağlanmış, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbədə ümumi sahəsi 125 kv.m olan 159 saylı izolə olunmuş 3 otaqlı mənzilin pay kimi sonuncuya verilməsinə dair xx xxxxxx 2015-cü il tarixli müqavilənin, İddiaçı MTK ilə Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbədə ümumi sahəsi 125 kv.m olan 171 saylı izolə olunmuş 3 otaqlı mənzilin pay kimi sonuncuya verilməsinə dair xx xxxxxx 2014-cü il tarixli müqavilənin etibarsız hesab olunması, məhkəmə xərclərinə aid olan, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı” MTK-ya aid edilməsi, Cavabdeh1 və Cavabdeh3 “müqavilələrdə qeyd olunan mənzillərin dəyərinin tərəflərindən tam ödənildiyini nəzərə alıb, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m olan 171 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzillərin İddiaçı MTK tərəfindən qeyd olunan mənzil müqavilələri üzrə sahiblərinə təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddialarının təmin edilməməsi qət edilmişdir. (sədrlik edən: Məzahir Sadıqov). Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən apelyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2882/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-769/2019 nömrəli qətnaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Şərafət Məmmədova). Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2882/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4892/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2882/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi qərara alınmışdır (sərdlik edən: Zaur Əliyev). Apellyasiya şikayəti və dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənində əsaslanan sübutlardan biri də şahid ifadələridir. Lakin həmin ifadələr ziddiyyətli və şübhəlidir. Belə ki, şahidlər rəhbərlikdən eşitdiklərini demiş, danışıq prosseslərində iştirak etməmişdirlər. Hal-hazırda da orda da işləyirlər. Məhkəmə müqavilələrin başqa əqdi pərdələmək üçün bağlandığını qeyd edir, lakin hər iki cavabdeh də yeganə məqsədlərinin ev almaq olduğunu bildirmişdir. Məhkəmə qətnaməni əsaslandırarkən cavabdehlərin mənzil tikinti kooperativinə üzv olmaq üçün yığıncaq keçirilmədiyini və kooperativə üzv olmadıqlarını bildirmişdir. Halbuki yığıncağı MTK tərəfindən təşkil edilməli və qərar qəbul edilməli idi. Məhkəmə əqdin etibarsız hesab edilməsi üçün buraxılmış müddəti nəzərə almamışdır.Qarşı tərəf vəsatət vermədən məhkəmə iddia müddətinin buraxılmış hesab etmişdir. Beləliklə də məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 və cavabdehlərin vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: İddiaçı MTK (İcraçı) ilə Cavabdeh1 (Payçı) arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, onlar öz aralarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqavilə imzalamışlar. Həmin müqavilənin 1.1 bəndinə əsasən müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90,0 kv.m olan 172 saylı mənzilin izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verilməsidir; Həmin müqavilənin 4.1 -4.3-cü bəndlərinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 750 AZN təyin edilir. Cəmi 90,0 kv.m sahəsi üçün 67.500 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin müqavilə qiyməti 100% miqdarında, yəni 67.500 AZN məbləğində ödənilib. İddiaçı MTK-nın xx xxxxxx 2014-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh1 müqavilədə qeyd edilən mənzilin tam dəyərini ödəmişdir; İddiaçı MTK (İcraçı) ilə Cavabdeh3 (Payçı) arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, onlar öz aralarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqavilə imzalamışlar. Həmin müqavilənin 1.1 bəndinə əsasən müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m olan 171 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsidir; Həmin müqavilənin 4.1-4.3-cü bəndlərinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 750 AZN təyin edilir. Cəmi 125 kv.m sahəsi üçün 93.750 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin müqavilə qiyməti 100% miqdarında, yəni 93.750 AZN məbləğində ödənilib. İddiaçı MTK-nın xx xxxxxx 2014-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh3 müqavilədə qeyd edilən mənzilin tam dəyərini ödəmişdir; İddiaçı MTK (İcraçı) ilə Cavabdeh1 (Payçı) arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, onlar öz aralarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqavilə imzalamışlar. Həmin müqavilənin 1.1 bəndinə əsasən müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsidir; Həmin müqavilənin 4.1-4.3-cü bəndlərinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 800 AZN təyin edilir. Cəmi 125 kv.m sahəsi üçün 100.000 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin müqavilə qiyməti 100% miqdarında, yəni 100.000 AZN məbləğində ödənilib. İddiaçı MTK-nın xx xxxxxx 2015-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh1 müqavilədə qeyd edilən mənzilin tam dəyərini ödəmişdir; İddiaçı MTK (İcraçı) ilə Cavabdeh2 (Payçı) arasında xx xxxxxxxx 2014-cü il tarixdə bağlanmış müqavilədən görünür ki, onlar öz aralarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilə imzalamışlar. Müqavilənin 1.1 bəndinə əsasən müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbə, ümumi sahəsi 87,6 kv.m olan 76 saylı mənzilin izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verilməsidir; Müqavilənin 4.1-4.3-cü bəndlərinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 630 AZN təyin edilir. Cəmi 87,6 kv.m sahəsi üçün 55.188 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin müqavilə qiyməti 100% miqdarında, yəni 100.000 AZN məbləğində ödənilib. İddiaçı MTK-nın xx xxxxxxxx 2014-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 müqavilədə qeyd edilən mənzilin tam dəyərini ödəmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (xx xxxxxx 2017ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya). Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 403.1- 403.2-ci maddəsinə əsasən, üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər.Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. Həmin Məcəllənin 405-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 435-ci maddəsinə əsasən, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 528-ci maddəsinə görə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 662.1-662.2-ci maddəsinə əsasən, dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Kollegiya işin faktiki hallarına əsasən qeyd edir ki, İddiaçı MTK ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış müqavilələrlə tərəflər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli binada rekvizitləri və qiymətləri dəqiq şəkildə göstərilən 159, 171 və 172 nömrəli mənzillər üzərindəki pay hüququnun Gözəlovlara satılmasını razılaşdırmışlar (bu məzmunda qarşılıqlı iradələrini yazılı müqavilələrdə bəyan etmişlər). Tərəflər arasında sözügedən yaşayış sahələrinə pay hüquqlarının alqı-satqısına dair müqavilələr bağlanmış, bu əqdlər tərəflər üçün hüquqi nəticələr doğurmuşdur. Yəni, İddiaçı MTK-nın sözügedən mənzilləri inşa edərək təhvil vermək, Cavabdeh1 və Cavabdeh3 isə onların dəyərni ödəmək öhdəlikləri yaranmışdır. Mənzillərin dəyərinin tam ödənilməsi faktı MTK tərəfindən həm müqavilələrdə, həm də maliyyə arayışlarında təsdiqlənmişdir. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlıdır. Başqa sözlə, müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən, zədələnməmiş iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə etibarlı şəkildə bağlanmış sayılır və hüquqi nəticə yaradır. Mülki Məcəllənin 178.8-ci maddəsinin müqavilələrin bağlandığı tarixdə qüvvədə olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Digər tərəfdən, nəzərə alınmalıdır ki, kreditorun xeyrinə lazımınca icra nəticəsində öhdəliyə xitam verilir. İddiaçı MTK mənzilləri təhvil vermək öhdəliyini icra etməmiş və səbəb kimi müqavilələrin etibarsız olmasını göstərmişdir. Kollegiya Ali Məhkəmənin iş üzrə hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, qanunvericilikdə etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə, müvafiq normalarda qruplaşdırılmışdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların arzu edilən hüquqi nəticəni yaratmağa yönəlmiş sağlam (zədələnməmiş) iradələrinin mövcudluğu və bu iradə(lər)nin doğru ifadə edilməsi və məcburi hüquq qaydalarına riayət olunmsı zəruridir. Bu qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı, onlara riayət olunmadan bağlanmış əqd isə etibarsız sayılır. Əqd etibarsız olduqda hüquqi nəticə doğurmadığı üçün hüquq və öhdəliklər əmələ gətirmir. Əgər müqavilənin tərəfi əqdin etibarsızlığına istinad edirsə, buna səbəb kimi göstərdiyi faktiki halları sübuta yetirmək əqdin etibarsızlığını iddia edənin üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, hazırkı işdə müqavilələrin etibarsızlığı tələbini İddiaçı MTK irəli sürdüyü üçün bu halı sübuta yetirmək vəzifəsi ona aiddir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçı MTK tələbinin əsası kimi müqavilələrin Azər adlı şəxs tərəfindən kooperativə “Şaqman” maşınlarının ehtiyat hisələrinin verilməsi müqabilində işə başlamaq üçün bağlanması, sonradan isə təklif edilmiş ehtiyat hissələrinin əksəriyyətinin istifadəyə yararsız olmasının aşkar edilməsi, bu səbəbdən mübahisənin yaranması, Azər adlı şəxsin və ilkin iddia üzrə cavabdehlərin mənzillərin pulunu ödəmədiklərini göstərir. MTK bu hallara istinadən müqavilələrin başqa əqdi pərdələmək üçün bağlandığını və hüquqi qüvvəsinin olmadığını qeyd edir. Kollegiya sadalanan xüsusatlara əsasən hesab edir ki, ilkin iddiaçının istinad etdiyi etibarsızlıq şərti Mülki Məcəllənin 340.2-ci maddəsində nəzərdə tutulan yalan əqd institutuna uyğun gəlir. Belə ki, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur. Hazırkı işdə İddiaçı MTK, mənzillərin satılmasına dair ilkin iddia üzrə cavabdehlərlə bağlanmış müqavilələrlə əslində MTK ilə Azər adlı şəxs arasında avtomobil ehtiyat hissələrinin alqsatqısına dair müqavilənin pərdələndiyini, dolaysı ilə mənzillərə dair müqavilələrin yalan əqd olduğunu bildirir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə müqavilələri mənzilləri almaq məqsədilə bağladıqlarını, onların dəyərini tam ödədiklərini bildirir, başqa əqdi pərdələmək məqsədini təkzib edirlər. Buna baxmayaraq, adları çəkilən şəxslər arasında İddiaçı MTK-nın göstərdiyi məzmunda münasibətlərinin olması, mübahisələndirilən müqavilələrin məhz başqa əqdi pərdələmək məqsədilə bağlanmasını, bu hərəkətlərin Cavabdeh1 və Cavabdeh3 da iradəsi ilə edilməsi, bu cür pərdələmənin tərəflərə nə məqsədə xidmət etməsi, başqa sözlə müqavilə tərəflərinin hansı üçüncü şəxslər qarşısında və hansı məqsədlə mənzillərin alqı-satqı müqaviləsini bağlayırlarmış kimi görünmək niyyətində olmalarına dair mötəbər sübutlar təqdim edilməmişdir. Əqdlərin etibarsızlığı sübuta yetirilmədiyi halda isə müqavilələrin yaratdığı hüquqi nəticə baxımından qarşılıqlı iddiaçıların tələbləri mülkiyyətin müdafiəsinə dair normalar çərçivəsində qiymətləndirilməli və onlara düzgün hüquqi qiymət verilməlidir. İş materiallarında qarşılıqlı iddiaçıların mənzillərin dəyərinin bir hissəsinin (350.000 manat) nəğd pulla, qalanının isə (250.000 manat dəyərində) maşın ehtiyyat hissəsi verilməklə ödəmələrinə dair izahatları vardır. Bu fakt tərəflər arasındakı münasibətlərdə (hesablaşmalarda) maşın ehtiyat hissələrinin verilməsi haqqında ilkin iddiaçının verdiyi məlumatlarla müəyyən mənada üst-üstə düşür. Lakin nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçıların verdikləri bu məlumat, özü-özlüyündə müqavilələrin əhəmiyyətsiz (yalan əqd) olması nəticəsinə gəlmək üçün kifayət deyildir. Ona görə ki, MTK-nın bir şəxsdən mal (tikinti materialı, yaxud şirkətin avtomobilləri üçün ehtiyyat hissələri və s.) alması müqabilində satıcının, yaxud onun göstərdiyi şəxsin adına mənzil verməsi və bunun müqavilə ilə rəsmiləşdirilməsi həmin əqdin etibarsızlığına dəlalət etmir. Çünki, bu halda tərəflər əşyanın alqı-satqısına dair razılığa gəlmiş və öhdəliklərini qarşılıqlı icra etmiş olurlar. Nəzərə alınmalıdır ki, adına müqavilə və tam ödəniş baradə maliyyə arayışı verilən şəxs mənzili əvəzsiz əldə etmir. Bir qayda olaraq, konkret şəxsin adına müqavilə rəsmiləşdirən və maliyyə arayışı verən MTK, bu sənədləri hansısa qarşılıqlı öhdəliyin icrasına dair razılaşma (tikinti materialı və s. malın verilməsi əvəzində, yəni qarşılıqlı öhdəliyin icrası) nəticəsində tərtib və təsdiq edir. Başqa sözlə, MTK adətən hansısa əmlak (aktivi) əldə edir, bununla satıcıya borclanır və həmin öhdəliyin əvəzini mənzillə ödəyir. Əks halda, yəni MTK-nın əvəzini almadığı mənzilə dair maliyyə arayışı verməsi inandırıcı deyildir. Odur ki, qeyd edilən qaydada razılaşma və hesablaşma hallarında MTK qarşısında kreditor olan şəxs mənzilin özünün və ya göstərdiyi üçüncü bir şəxsin adına sənədləşdirilməsini istəyə bilər. Qanunverici üçüncü şəxsin xeyrinə müqavilə bağlanılmasını mümkün sayır. Bu elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Belə müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. Beləliklə, yuxarıda göstərilən qaydada razılaşma və hesablaşma ilə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və qarşılıqlı öhdəliklər icra edilmiş sayılır. Xüsusilə də nəğd pul vəsaiti verilmədən mənzilin tam ödənişinə dair maliyyə arayışının təqdim edilməsi, bir qayda olaraq MTK-nın əldə etdiyi əmlakın əvəzini ödəməsinə dəlalət edir. Bu səbəbdən hazırkı işdə qarşılıqlı iddiaçılara maliyyə arayışı verilməsinə baxmayaraq, nəğd pul ödənişinə dair mədaxil qəbzinin olmamasının müqavilələrin etibarsızlığına dəlalət edən fakt kimi qiymətləndirilməsi əsaslı yanaşma sayıla bilməz. Öhdəliklərin bu qaydada (alınmış malın əvəzində əşya verilməsi yolu ilə) icrası nəinki mülki qanunvericiliyə zidd deyil, hətta müvafiq normalarla tənzimlənir. Belə ki, mülki hüquq münasibətlərinin subyektləri dəyişdirmə müqaviləsi ilə bir əşyanın alınması müqabilində digər əşyanın qarşı tərəfə verilməsini razılaşdıra bilərlər. Təsadüfi deyil ki, bu kimi hallarda dəyişdirmə müqaviləsinə alqı-satqıya dair qaydalar tətbiq edilir. Hətta əşyaların dəyişdirilməsi əvvəlcədən razılaşdırılmasa belə, satıcı (kreditor) müqavilədə nəzərdə tutulandan (məsələn, pulun ödənilməsindən) başqa bir icranı (məsələn, əşya verilməsini) qəbul etmək hüququna malikdir. Dolayısı ilə, kreditor başqa icranı qəbul etdikdə borclunun öhdəliyi yerinə yetirilmiş sayılır. Əks yanaşma mülki hüquq subyektlərinin faktiki işgüzar münasibətlərinə zidd olduğu kimi, bu münasibətlərin sərbəstliyini və sürətliliyini təmin edən mülki qanunvericiliyə də uyğun gəlmir. Mülki Məcəllənin 1.2-ci maddəsində mülki dövriyyəni təmin etmək Məcəllənin vəzifələrindən biri kimi nəzərdə tutulmuş, 6.1-ci maddəsində mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri kimi təsbit edilmişdir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (MM, maddə 6.2). Odur ki, mülki hüquq qaydaları (o cümlədən əqdin etibarsızlığına dair normalar) tətbiq edilərkən məsələyə formal mülahizələrlə yanaşılmamalı, tərəflərin münasibətlərinin həqiqi xarakteri, bu münasibətlərə tətbiq edilən qaydaların məqsədi və şərtləri, o cümlədən mülki qanunvericiliyin əsas prinsipləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyinə uyğun araşdırmaya əsasən qeyd edir ki, yuxarıda göstərilən münasibətlər çərçivəsində MTK tərəfindən şəxsə maliyyə arayışının verilməsi, əksi sübut edilmədikcə mal vermiş (satmış) tərəfin öz öhdəliyini yerinə yetirdiyinə dəlalət edir. Odur ki, MTK mənzillərin əvəzində malın (hazırkı işin halları baxımından avtomobil ehtiyat hissələrinin) verilmədiyini, yaxud verilsə də onların yararsız olduğunu iddia etdikdə bu halları sübut etmək yükü MTK-nın üzərinə düşür. O da diqqətdən qaçırılmamalıdır ki, sübut edilmiş olsa belə həmin hallar müqavilənin etibarsız sayılmasına deyil, müqavilə icra edilməmişsə onun ləğv olunmasına, qüsurlu şəkildə icra edilmişə tərəfin müqavilədən imtina edərək düşdüyü zərərin əvəzinin ödənilməsi tələbinə əsas ola bilər. Çünki, yuxarıda qeyd olunduğu kimi müqavilə, arzu olunan hüquqi nəticəni əmələ gətirmək üçün tərəflərin qarşılıqlı iradə bəyanlarıdır. Tərəflər bu bəyanlarla keçərli şəkildə razılaşdıqda etibarlı müqavilə bağlanmış və öhdəliklər yaratmış olur. Bir tərəfin bu razılaşma üzrə verdiyi malın keyfiyyətsiz olması əqdin etibarsızlığına deyil, əqddən irəli gələn öhdəliyin lazımi şəkildə icra edilməməsinə dəlalət edir. Ona görə də, qanunverici şəxsin müqavilə öhdəliyini pozmasına görə digər tərəf qarşısında məsuliyyətini Mülki Məcəllənin 421-ci və 447-ci maddələrində ətarflı şəkildə tənzimləmişdir. Bu məsələlər isə iddialarda qaldırılmadığı üçün hazırkı işin araşdırma predmetini təşkil etmir. Beləliklə, qeyd edilənlərə əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə görə, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun olaraq, Kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 15 manat iddiaçı A.Hüseynovdan tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)- 769/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MTK-nın cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası rədd edilsin. İddiaçılar Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı MTK-ya qarşı “alınmış mənzillərin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m olan 171 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzillər İddiaçı MTK tərəfindən mənzil müqavilələri üzrə sahiblərinə təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2773/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2773/2021
16.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver