Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2774/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh 1 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(103)-3809/2022 saylı, 10 fevral 2023-cü il tarixli qərardadından üçüncü şəxs X2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 mart 2018-ci ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3809/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 1 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisində təsdiqlənmiş 02 mart 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxs X2 xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3809/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qərardadı ilə, üçüncü şəxs X2 tərəfindən verilmiş apelyasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən apelyasiya şikayəti ona geri qaytarılmışdır. Daha sonra üçüncü şəxs X2 buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya müddətinin bərpa edilməsi və şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3809/2022 nömrəli, 10 fevral 2023-cü il tarixli qərardadı ilə qətnamədən üçüncü şəxs X2 tərəfindən verilmiş “prosessual müddətin bərpa olunmasına dair” ərizənin təmin edilməməsi qərara alınmışdır. Hazırda üçüncü şəxs X2 10 fevral 2023-cü il tarixli qərardaddan şikayət verərək onun ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5-ci maddələrinin tələblərinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildikdə və ya “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə, apelyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericilik ilə müəyyən edilmiş formada tərtib edilmədiyindən, geri qaytarılmalıdır. Belə ki, üçüncü şəxs X2 tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilmədiyi, yəni özünün yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanın, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin və s. göstərilmədiyi müəyyən edilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikası Qanunun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(103)-3809/2022 saylı, 10 fevral 2023-cü il tarixli qərardadından üçüncü şəxs X2 tərəfindən verilmiş şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin iddiaçıya geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(103)-3809/2022 saylı, 10 fevral 2023-cü il tarixli qərardadından üçüncü şəxs X2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət iddiaçıya geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2774/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2774/2023
17.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver