Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2774/2024 19.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-1457/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat
1. İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 3141-ci məhəllə 35A nömrəli evin 8 nömrəli mənzili üzərində istifadə hüququna 8.000 manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh İddiaçı qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması nəticəsində 43.200 manat kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, e-2(004)-1457/2024 nömrəli mülki iş üzrə ilkin iddianın rədd olunmasını, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 3141-ci məhəllə 35A nömrəli evin 8 nömrəli mənzili üzərində istifadə hüququna xitam verilməsi və Cavabdeh mənzildən çıxarılması nəticəsində 43.200 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1457/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.
4. Qərardad belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia hazırkı iş üzrə ilkin iddia tələbi ilə qarşılıqlı əlaqəli olmadığından icraata qəbul edilmədən geri qaytarılmalıdır. Cavabdehin qarşılıqlı iddiada göstərdiyi hallar onun iddia ərizəsinə etiraz və mülahizələri olmaqla, iddiaçının təklif etdiyi 8.000 manat kompensasiyanın məbləği ilə razılaşmadığını və onun 43.200 manat ödəniləcəyi təqdirdə iddia tələbi ilə razı olmasını ifadə edir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılqılı iddia birbaşa ilkin iddia ilə əlaqəlidir və eyni predmeti mübahisələndirir. Onun tələbi MPM-nin 156.1.1-ci maddənin təsiri altına düşür və ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişdir.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
10. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Maddə 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(004)-1457/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. İşdən görünür ki, iddiaçı mənzildən istifadə hüququna 8.000 manat kompensasiya ödənilməklə xitam verilməsini və cavabdehin onun mülkiyyətində olan mənzildən çıxarılmasını tələb edir.
13. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, o, istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması nəticəsində ona 43.200 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bununla da, o, təklif olunan kompensasiya məbləği ilə razılaşmır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdeh qarşılıqlı tələb deyil, faktiki olaraq iddia ərizəsinə qarşı etiraz verməklə ona 43.200 manat məbləğində kompensasiya ödəniləcəyi təqdirdə iddia tələbi ilə razı olduğunu bildirir.
15. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1457/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: