Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2778/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhraman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-729/22 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının bərpası və qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 prospektində yerləşən 27 saylı evin 75 saylı mənzilinə su sərfıyyatına görə tələb edilən 1925,37 manat məbləğində borcun silinməsi və ödənilmiş 600 manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-729/22 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X1 prosektində yerləşən 27 saylı evin 75 saylı mənzilinə sərf edilmiş suya görə əsassız hesablanmış 1925,37 (bir min doqquz yüz iyirmi beş manat otuz yeddi qəpik) manat borcun iddiaçının abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı qətnamə ilə razılaşmı və onu mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Odur ki, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: DƏDRX tərəfindən verilmiş RX ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospektində yerləşən 27 saylı evin 75 saylı mənzili İddiaçı adına 27.04.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan ********* nömrəli 22.11.2021-ci il tarixli hesab fakturadan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospektində yerləşən ev 27 ünvanında yaşayan abunəçi İlham Mahmudova 1925,37 manat borc hesablanmışdır. Abonent kartından (saldo) müəyyən edilir ki, 401610 nömrəli sayğac üzrə göstəricilər 2018-ci il üzrə 19.02.2018-ci və 28.03.2018-ci il tarixlərdə qeydə alınmış, sonrakı aylar üzrə isə hər hansı qeydiyyat aparılmamışdır. Yalnız 26.04.2019-cu il tarixdə su təchizatı xidmətindən istifadəyə görə məlumatlar qeydə alınmış və sərfiyyat 5029 m3 göstərilmişdir. Su sərfiyyatı 2019-cu il üçün 5061 m3 , 2020-ci il üçün 207 m3 və 2021-ci il üçün 33 m3 olmuşdur. İddiaçı ümumilikdə 750 manat ödəniş etmiş,1925,37 manat borc yaranmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən qismən, iddia tələbinin təmin edilən hissəsində yoxlayır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3- cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Rayon məhkəməsi göstərmişdir ki, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X1 prospektində yerləşən 27 saylı evin 75 saylı mənzili üçün hesablanılmış 1925,37 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, Cavabdeh ASC tərəfindən 28.03.2018- ci il tarixdən 27.03.2019-cu il tarixə qədər istehlakçıya verilən suyun dəyərini hesablanmamış, bu barədə istehlakçıya məlumat təqdim edilməmişdir. Halbuki, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Borcun yaranma mənbəyi məlum deyildir. Odur ki, 1925,37 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyaı rayon məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh tərəfindən borcun məbləğini əks etdirən hər hansı sübut təqdim edilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-729/22 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-2778/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2778/2022
28.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver