Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-278/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Heydər Əliyev adına X11”nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı “Heydər Əliyev adına X11”nun nümayəndəsi Vəkil2, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən torpaq sahasənin planı və ölçü cizgisindən görünür ki, hüquqi sahibi Cavabdeh2 olan, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən torpaq sahəsinin sənəd üzrə sahəsi 0.06 ha, faktiki sahəsi 0.0511 ha-dır.
2. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilən xx.xx.2020-ci il tarixli arxiv çıxarışından görünür ki, Xətai Rayonu İcra Hakimiyyətinin başçısının verdiyi “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” 331 nömrəli sərəncam ilə Bakı şəhəri, Həsən Salmani küçəsi ev 5/7, mənzil 20də yaşayan vətəndaş Cavabdeh2 Xətai rayonu ərazisində cizgidə göstərilən sahədə 0.06 ha torpaq sahəsi ayrılaraq fərdi ev tikinitisinə icazə verilmişdir.
3. İş materiallarında olan “SOCAR” tərəfindən verilən müraciətə baxılmasının nəticəsi haqqında xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 məxsus torpaq sahəsinin koordinatların yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, torpaq sahəsi SOCAR-ın Heydər Əliyev adına X7 istismarında olan neft stansiyasinin 8 metrliyində, neft kəmərlərinin isə 11 metrlik məsafəsində mühafizə zonasındə yerləşir.
4. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən daşınmaz əmlakın üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
5. İş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 verdiyi etibarnamə xx.xx.2030-cu il tarixinə kimi etibarlıdır.
6. İş materiallarında olan Cavabdeh1 tərəfindən ünvan 1 ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, mülkiyyətində olan ünvan 2 ünvanında olan torpaq sahəsində fərdi yaşayış evi tikilməsi üçün icazə verilməsini xahiş etmişdir.
7. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Zakir Yusifov küçəsində vətəndaş Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 22.09,2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay hüququ ilə mülkiyyətində olan torpaq sahəsində hasara alınması işləri aparılmışdır.
8. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin məhkəmə hazırlıq iclasının protokuldan görünür ki, sərdlik edən iddiaçı Heydər Əliyev adına X9 nümayəndəsi və vəkili Vəkil2 verdiyi vəsatət təmin edilərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin daxilində mövcud olan tikililər ilə Heydər Əliyev adına X11na məxsus Dş 250 mm-lik daxili nafta xətti arasındakı məsafələr müəyyən edilmişdir. İddia olunan torpaq sahəsində 23 kv.m və 24 kv.m hissələrində mövcud köməkçi tikililər (23 kv.m və 24 kv.m) ilə nafta xətti arasındakı məsafə 11 metr və 27 metr, fərdi yaşayış evi (143 kv.m) ilə nafta xətti arasındakı məsafə 19 metr təşkil edir.iddia olunan torpaq sahəsində mövcud tikililərin tikinti norma və qaydalarına uyğun olub-olmamasını müəyyən etmək idarənin səlahiyyətləri xaricində olduğu bildirilmişdir.
10. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 110/2023 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4398 nömrəli ekspertiza rəyindən görünür ki, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin daxilində mövcud olan tikililər ilə Heydər Əliyev adına X11na məxsus Dş 250 mm-lik nafta xətti arasındakı məsafələr müəyyən edilmişdir. İddia olunan torpaq sahəsində 23 kv.m və 24 kv.m hissələrində mövcud köməkçi tikililər (23 kv.m və 24 kv.m) ilə nafta xətti arasındakı məsafə 11 metr və 27 metr, fərdi yaşayış evi (143 kv.m) ilə nafta xətti arasındakı məsafə 19 metr təşkil edir və iddia olunan torpaq sahəsində inşa olunan tikililər Heydər Əliyev adına X11na məxsus Dş 250 mm-lik daxili nafta xəttinin mühafizə zonasında inşa edildiyindən, həmin tikililərin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir.
11. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10833/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə iddiaçı Heydər Əliyev adına Bakı X7 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsindən keçən hissəsində neft boru kəmərlərinin mühafizə zonasında yerləşən sahəsi 0.0511 ha olan (yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan) torpaq sahəsinin Cavabdeh2 ayrılmasına dair Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 331 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamının ləğv olması” barədə tələbinə dair iddiası mümkün sayılmamışdır.
12. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1456/2023 nömrəli qərarından görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1527/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8490 nömrəli ekspertiza rəyindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən 0.0511 ha torpaq sahəsində inşa olunmuş, iddiaçının iddia etdiyi tikililər Heydər Əliyev adına X10 məxsus Dş 250 mm-lik daxili nafta xəttinin istismarı və s. (təmiri, qəza vəziyyətində müdaxilələrin edilməsi) baxımdan iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət və real maneçilik törədib-törətməməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığından qoyulmuş sual üzrə tədqiqatın aparılmaması qeyd edilmişdir.
14. İş materiallarında olan X6 və X4 Məsuliyyətli Cəmiyyətinin 12 may 2025-ci il tarixli 67 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov, küçəsində yerləşən 0.0511 ha torpaq sahəsində inşa olunmuş, iddiaçının iddia etdiyi tikililər Heydər Əliyev adına X10 məxsus Dş 250 mmlik daxili nafta xəttinin istismarı və s. (təmiri, qəza vəziyyətində müdaxilələrin edilməsi) baxımdan iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət, real maneçilik törətmir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Heydər Əliyev adına X11”-na məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsindən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə Cavabdeh1 tərəfindən aparılan tikilinin özbaşına tikili hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsasandırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X10 (NEZ) ünvanlanmış məktuba əsasən, xx.xx.2022-ci il tarixdə Heydər Əliyev adına NEZ-ə məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsindən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə Cavabdeh1 tərəfindən köhnədən hasara alınmış həyətyanı sahədə 7X10 metr ölçülərdə 18 mişar daşı hündürlüyündə tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Bu fakt aşkar olunduqdan sonra əməkdaşlar tərəfindən akt tərtib edilmiş və mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanuna zidd olması Cavabdeh1 rəsmi qaydada bildirilmişdir. Cavabdehə tikintinin dayandırılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, qanunsuz olaraq tikintini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
17. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir.
18. Cavabdeh1 izahatında iddiaçı tərəfin işin bəzi hallarını təhrif etdiyini, torpaq sahəsinin xüsusi mülkiyyəti hüququ əsasında Cavabdeh2 məxsus olmasını və hazırda belə bir iddianın qaldırılmasında iddiaçının subyektiv hüququnun olmamasını bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, o, öz mülkiyyətində olan torpaq sahəsinin üzərində tikinti işlərini görmüş, bu tikinti işlərinə icazənin alınması ilə bağlı məlumatlandırma icraatı qaydasında notarial qaydada yazılmış ərizə ilə icra hakimiyyətinə müraciət etmişdir. Həmçinin bildirmişdir ki, 1999-cu il tarixli sərəncam əsasında torpaq sahəsi Cavabdeh2 verilmiş, 2000-ci ildə yaşayış evi tikilmiş, 2011-ci ildə isə həmin yerdə neft kəmərləri salınmışdır. Göründüyü kimi cavabdeh ev tikərkən və hasar çəkilərkən iddiaçı orada olmamışdır. Həmçinin bildirmişdir ki, cavabdeh 6 sot torpaq sahəsini hasara alarkən və ev tikərkən iddiası olmamış, məhz bünövrəsi 4 daş olan hasarın üstünə 5 daş qoyulan zaman tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İzahatına əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyul 2023-cü il tarixli, 10/4398 saylı ekspert rəyinə əsasən, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin daxilində mövcud olan tikililər ilə Heydər Əliyev adına X11na məxsus Dş 250 mm-lik nafta xətti arasındakı məsafələr müəyyən edilmişdir. İddia olunan torpaq sahəsində 23 kv.m və 24 kv.m hissələrində mövcud köməkçi tikililər (23 kv.m və 24 kv.m) ilə nafta xətti arasındakı məsafə 11 metr və 27 metr, fərdi yaşayış evi (143 kv.m) ilə nafta xətti arasındakı məsafə 19 metr təşkil edir və iddia olunan torpaq sahəsində inşa olunan tikililər Heydər Əliyev adına X11na məxsus Dş 250 mm-lik daxili nafta xəttinin mühafizə zonasında inşa edildiyindən, həmin tikililərin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir.
20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(011)- 110/2023 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
21. Birinci instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ərazidə 0,0511 ha torpaq sahəsi Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin təyinatı yaşayış məntəqələri üçün nəzərdə tutulan torpaq olaraq qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 yaşayış məntəqələri üçün nəzərdə tutulan mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən reyestrdə qeydiyyata alındığından, mülkiyyət isə dövlət tərəfindən müdafiə olunuğundan, iddiaçı tərəfindən irəli sürülmüş Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və mühafizə zonalarının boşaldılması barədə iddiası təmin edilməməlidir. Çünki, Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış qeyd edilən torpaq sahəsində inşa edilən tikilinin mülki qanunvericiliyin tələblərinə əsasən özbaşına tikili olması müəyyən edilmədiyindən, mövcud iddia tələbi əsassızdır. Belə ki, cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində tikiləcək tikintilərə “qanuni gözləntisi” var.
22. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh öz mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinə başlamazdan əvvəl müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmışdır. Məhkəmə hesab etmişdir ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur və həmin tikilinin sökülməsi cavabdehlərin fərdi yaşayış evindən istifadəsi ilə bağlı qanunla qorunan mənafeyinin pozulmasına şərait yaradır. İddiaçı tərəfindən hazırki iddianın qaldırılmasının əsas məqsədi boru kəmərləri və neft məhsulları anbarlarında hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün təhlükə törətməsinin qarşısını almaqdır. Buna görə də bu münasibətlərə iddia müddəti tətbiq edilə bilməz.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 140, 152, 180.1, 180.2 və 240.2-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2004-cü il və xx.xx.2015-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
24. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il 167 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri, yəni mühafizə zonasından 50 metrlik məsafədə bina və qurğuların tikintisinin qadağan olmasına əhəmiyyət verilməmiş, tikinti aparılan torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olması əsas götürülərək, mühafizə zonasında tikilməsinə baxmayaraq aparılan tikinti işlərinin qanuni olması qənaətinə gəlinmişdir. Halbuki, mövcud Qaydalarda da birbaşa göstəriş mövcuddur ki, mühafizə zonasında tikinti işləri həyata keçirilməsi üçün istismarçı təşkilatın rəyinin və Energetika Nazirliyinin icazəsinin tələb olunması mütləqdir. Cavabdeh tərəfindən tikinti işlərinin həyata keçirilməsi üçün Qaydalarda nəzərdə tutulan razılığın alınmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Cavabdeh2 Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 331 nömrəli, xx.xx.1999-cu il Sərəncamı ilə ayrılmış torpaq sahəsi fərdi ev tikintisi üçün nəzərdə tutulmuş olsa da, məhkəmə tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə əsasən, iddia olunan torpaq sahəsində inşa olunan tikililər Heydər Əliyev adına X11na məxsus Dş 250 mm-lik daxili nafta xəttinin mühafizə zonasında inşa edildiyindən, həmin tikililərin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, ekspertizanın rəyində tikintinin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi göstərilmiş, bu hal həmin tikilinin özbaşına tikili hesab edilməsi üçün əsasdır. Lakin birinci instansiya məhkəməsi ekspert rəyinə bir sübut kimi ümumiyyətlə qiymət verməmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli, 2(103)-7152/2023 nömrəli qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(011)-110/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi bildirmişdir ki, mübahisəli torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və çıxarışda həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları olaraq qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən reyestrdə qeydiyyata alınmışdır və bu zaman mülkiyyət isə dövlət tərəfindən müdafiə olunmuşdur. Buna görə də iddiaçı tərəfindən irəli sürülmüş Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və mühafizə zonalarının boşaldılması barədə iddiası təmin edilməməlidir.
28. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 140, 152.1, 157.8, 180.1, 180.2, 180.3, 180.4, 240.1 və 240.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
29. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir
30. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1234/2024 saylı qərarı ilə (Z.Əliyev sədrlik edən məruzəçi, hakimlər A.Abbasov, V.Məmmədov) kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7152/2023 nömrəli, 4 dekabr 2023cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
31. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli tikililərin üzərində yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində və bu səbəblə onun həmin tikililərə “qanuni gözləntisi”nin olması həmin predmetlərə əşya hüquqlarından irəli gələn münasibətlər baxımından əhəmiyyət kəsb edir. Başqa sözlə, bu tikililərin torpaq mülkiyyətçisinə məxsus olması ilə bağlı yarana biləcək mübahisədə tikililərin əsas daşınmaz olan torpaq sahəsinə bağlılığı və vahid mülkiyyət prinsipinin tətbiqi müzakirə edilə bilər (§ 25). Baxılan işdəki mübahisə isə özbaşına tikili statusunda olan predmetlərin başqa şəxsin mənafelərini pozmasından irəli gələn tələblə bağlıdır. Diqqət edilməlidir ki, mövcud qanunvericilikdə vahid daşınmaz əşya (vahid mülkiyyət) və əşyanın tərkib hissəsinin mülkiyyətçisi ilə bağlı tənzimləmələrdə özbaşına tikililər istisna edilmişdir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 180.1 və 180.4-cü maddələrinə əsasən, lazımi icazələr almadan, yaxud şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş tikili özbaşına tikinti sayılır və belə tikili ilə qanuni maraqlarına müdaxilə olunan hər bir maraqlı şəxs onun sökülməsi barədə məhkəmədə iddia qaldıra bilər. Hətta tam əşya hüququ sahibi olan mülkiyyətçinin öz əmlakından istifadə etməklə başqa şəxs(lər)ə zərər verməmək öhdəliyi vardır. Mülkiyyətin sosial funksiyasından irəli gələn bu qaydalar qanunvericiliyimizdə açıqca göstərilmişdir. Baxılan işdə iddianı rədd edən məhkəmələr mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasına istinad etməklə kifayətlənmiş, mübahisənin maraqları pozulan tərəfin özbaşına tikilinin sökülməsi tələbi ilə bağlı olduğunu nəzərə almamış, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180-cı maddəsinin dispozisiya şərtləri çərçivəsində hüquqi dəyərləndirmə aparmamışlar. Belə olan halda, iddianın söykəndiyi faktiki halların Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun olubolmadığı yoxlanılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq mübahisəyə yekun hüquqi qiymət verilməlidir.
32. Məhkəmə tərkibi xüsusilə qeyd etmişdir ki, mübahisə predmetlərinin özbaşına tikili olması faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün yetərli deyil, bununla yanaşı həmin tikililərin söküntünü tələb edən tərəfin mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. Bu zaman formal mülahizələrdən çıxış edilməməli, mənafenin konkret olaraq nədən ibarət olması göstərilməli, tikililərin bu mənafeyə hansı formada xələl gətirməsi, yəni iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. sübuta yetirilməlidir. Zəruri olduqda bu məsələlər ekspertiza təyin edilməklə xüsusi biliyə malik olan ixtisaslı şəxslərin rəyi ilə müəyyənləşdirilə bilər.
33. Kassasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29 və 60-cı maddəsinin 1-ci hissəsinə, İnsan Hüquqlarının və X3 X2 6cı maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4, 135.10, 152.5, 180.1, 180.4, 240.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.1, 217.3, 416.1, 417, 419-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
37. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
38. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
39. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
40. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
42. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
43. 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
49. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
55. Hazırki halda, qətnaməni yalnız iddiaçı mübahisələndirdiyindən, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermədiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
58. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
59. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.
60. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
61. Kollegiya qeyd edir ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov, küçəsində yerləşən 0.0511 ha torpaq sahəsində inşa olunmuş tikililərin özbaşına tikili omasını tərəflər mübahisələndirmir.
62. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq iş üzrə araşdırma aparmaqla mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8490 nömrəli ekspertiza rəyindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən 0.0511 ha torpaq sahəsində inşa olunmuş, iddiaçının iddia etdiyi tikililər Heydər Əliyev adına X10 məxsus Dş 250 mm-lik daxili nafta xəttinin istismarı və s. (təmiri, qəza vəziyyətində müdaxilələrin edilməsi) baxımdan iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət və real maneçilik törədib-törətməməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığından qoyulmuş sual üzrə tədqiqatın aparılmaması bildirilmişdir.
63. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mülki işi 6 aydan çox bir müddətdə icraatda saxladıqdan sonra tədqiqatın aparılmasının mümkünsüzlüyünə dair rəy verməsi və ələxsus da tədqiqat dəyərini müəyyən etməsi anlaşılmazdır.
64. Bundan sonra Cavabdeh2 təşəbbüsü ilə X6 və X4 Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti-texniki ekspertizası keçirilmiş və 12 may 2025-ci il tarixli 67 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov, küçəsində yerləşən 0.0511 ha torpaq sahəsində inşa olunmuş, iddiaçının iddia etdiyi tikililər Heydər Əliyev adına X10 məxsus Dş 250 mm-lik daxili nafta xəttinin istismarı və s. (təmiri, qəza vəziyyətində müdaxilələrin edilməsi) baxımdan iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət, real maneçilik törətmir.
65. Kollegiya təqdim edilmiş mütəxəssis rəyini digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, mütəxəssis rəyi işin hallarına uyğun olmaqla işin obyektiv araşdırılmasına xidmət etdiyindən sübut qismində qəbul edilməlidir.
66. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər.
67. Həmin Məcəllənin 101-1.3-ci maddəsinə əsasən ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri məhkəmə tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.
68. Həmçinin, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları qeyd edilmişdir.
69. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilən xx.xx.2020-ci il tarixli arxiv çıxarışından görünür ki, Xətai Rayonu İcra Hakimiyyətinin başçısının verdiyi “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” 331 nömrəli sərəncam ilə Bakı şəhəri, Həsən Salmani küçəsi ev 5/7, mənzil 20də yaşayan vətəndaş Cavabdeh2 Xətai rayonu ərazisində cizgidə göstərilən sahədə 0.06 ha torpaq sahəsi ayrılaraq fərdi ev tikintisinə icazə verilmişdir.
70. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, X6 və X4 Məsuliyyətli Cəmiyyətinin 12 may 2025-ci il tarixli 67 nömrəli mütəxəssis rəyindən də görünür ki, zavodun ətrafında Cavabdeh2 məxsus torpaq sahəsi yerləşən avtomobil yolu kənarında çoxlu sayda fərdi yaşayış evləri, orta məktəb və digər sosial infrastruktur vardır. Yəni sözügedən boru kəməri çəkilməmişdən əvvəl həmin ərazidə yaşayış massivi mövcud olmuşdur. Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinə dair çıxarışdan da görünür ki, mübahisələndirilən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Dş 250 mm-lik nafta xətti zavodun sərhəd hasarının öz ərazisi daxilində yerləşdiyini, həmin xətdə zavodun təmir üçün texniki müdaxilə imkanı təmin olunduğunu, hasarla mülkiyyətdə olan torpaq sahəsi arasında avtomobil yolu olduğunu, hər iki obyekt arasında fiziki sərhəd olduğunu nəzərə alaraq, torpaq sahəsində inşa edilmiş tikililərin Dş 250 mmlik nafta xətti üçün istismar və qəza vəziyyətində müdaxilələrin edilməsi, təmiri üçün hər hansı maneəçilik törətmədiyi müəyyən edilmişdir.
71. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə onu da qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırkı halda isə iddiaçı istinad etdiyi halları təsdiq edən sübutları təqdim etmir. Belə ki, Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış qeyd edilən torpaq sahəsində inşa edilən tikilinin mülki qanunvericiliyin tələblərinə əsasən özbaşına tikili olması faktının belə özü-özlüyündə iddianın təmin edilməsi üçün yetərli olmamasını nəzərə alaraq kollegiya qeyd edir ki, işin halları ilə həmin tikililərin onun sökülməsini tələb edən tərəfin mənafeyini pozması halı müəyyən edilməmişdir.
72. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişinə uyğun apardığı araşdırmanın nəticələrini nəzərə alaraq hesab edir ki, işin müəyyən edilmiş halları və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbləri baxımından bu qənaətə gəlmək olur ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
73. Kollegiya hesab edir ki, təyin edilmiş məhkəmə-tikinti ekspertizası üzrə ekspertiza qarşısında qoyulan suallara dair tədqiqat aparılmadığından ekspertiza xərci tərəflərdən tutula bilməz.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı “Heydər Əliyev adına X11”nun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.