Məhkəmə qərarları › İş №2(103)-2783/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2783/2023

13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2783/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X6 küçəsində yerləşən evdə yaşayan İddiaçı Cavabdeh abonentidir və ona **********00041 abonent kodu verilmiş, xx.xx.2021-ci il tarixdə ünvana qaz sayğacı quraşdırılmışdır.

2. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, sözügedən ünvanda abonent təbii qazdan sayğacdankənar istifadə edir, buna görə də dəymiş ziyan hesablanmalıdır.

3. İddiaçı həmin akt əsasında 875,52 manat borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən ona əsassız yazılmış 820 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X6 küçəsində yerləşən nömrəsiz evi bir müddətdir almış, lakin orada yaşamamışdır. Bir müddət əvvəl həmin evə köçmək qərarına gələrək evə qaz və digər kommunal şərait yaradılması üçün müvafiq qurumlara müraciət etmiş, bundan sonra bəlli olmuşdur ki, guya qaza qanunsuz olaraq qoşulub, sayğacdankənar istifadə etdiyi üçün Cavabdeh İB tərəfindən 875 manat borc hesablanmışdır. xx.xx.2022-ci il tarixdə müvafiq sənədləri (aktları) almışdır, orada qeyd olunanlar həm həqiqəti əks etdirmədiyindən, həmçinin bütün qanunvericilik aktlarının tələblərini pozduğu üçün ləğv edilməli, yazılan cərimə silinməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları xx.xx.2021-ci il tarixli aktlarında heç bir normativ hüquqi akta istinad etmədən onun hansısa qanunları pozmaqla qazdan guya ki, qanunsuz istifadə etməyi barədə akt tərtib ediblər. Qeyd olunan akt hüquqi sənəd sayılır, onun tərtib olunması zamanı müvafiq normativ aktlara istinadlar olunmalı və vətəndaşın məhz hansı qanunvericilik aktlarının tələblərini pozduğu göstərilməlidir. Sözügedən aktda isə onun hansı normativ aktın tələblərini pozduğu göstərilməyib, akt iştirakı olmadan və onu bu barədə məlumatlandırmadan tərtib olunub. Ondan tələb edilən 875 manat borcun 820 manatı akta görə hesablanmış borcdur.

6. Cavabdeh nümayəndəsi iddiaya etiraz təqdim etmiş, etirazında bildirmişdir ki, “Birliyin əməkdaşları tərəfindən qaz təsərrüfatına baxış keçirilən zaman xx.xx.2021-ci il tarixdə iddiaçının ünvanında təbii qazdan sayğacdankənar, rezin boru vasitəsilə qeyriqanuni qoşulma yolu ilə istifadə halı müəyyən edilmişdir. Belə ki, vətəndaşla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nin tələblərinə uyğun olaraq ünvan üzrə texniki şərt təsdiq edilməmiş, təbii qazın satıcısı ilə istehlakçı arasında təbii qazın alqı-satqısına dair müqavilə bağlanmamış, qaz sayğacı quraşdırılmamış, qaz qurğularının təhlükəsizliyi yoxlanmamış, təhlükəsizlik qaydalarına zidd olaraq, özbaşına küçə qaz xəttinə qoşulmaqla təbii qazın talan edilməsi faktı aşkar edilmişdir. Nəticədə fotoçəkiliş aparılmış, həmin fotolarda dəqiq vaxt və koordinatlar öz əksini tapmışdır. Daha sonra “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Akt əsasında itirilmiş qazın sərfiyyatı hesablanmış, tələbnaməyə əsasən 875,52 manat maddi ziyan məbləği hesablanmışdır. Həmin məbləğ istehlakçının hesab nömrəsi olmadığı üçün "Azərişıq” ASC-nin 33609785 saylı sayğacı üzrə istehlakçının adı müəyyən edilmiş, borcun sistemə daxil edilməsi üçün **********00041 saylı hesab açılmışdır. Eyni zamanda, istehlakçının qaz təsərrüfatının inventar aktı tərtib edilmişdir. Daha sonra qeyri-qanuni qoşulma qaynaq vasitəsilə ləğv edilmiş, bu barədə akt tərtib edilmişdir. İddiaçı iddia ərizəsində həmin ünvanda yaşayış olmadığını qeyd etmiş olsa da, 2021-ci ilin oktyabr ayından ünvanda yaşayışın olmasını "xxxx" ASC-nin saldosu da təsdiq edir. Həmçinin, yaşayış olmayan ünvana qeyri-qanuni qaz xətti çəkməyin də məntiqi açıqlaması mövcud deyildir. “Borcun başqa koda keçirilməsi haqqında” SOCAR **********31620012X00887 saylı məktub əsasında Bakı Regional Qazın Satış Departamentinə daxil olmuş xidməti məlumata əsasən Suraxanı rayonu ərazisində bəzi abonentlər təbii qazdan qeydiyyatsız istifadə etdikləri üçün xidməti məlumat əsasında istehlakçı hesabları açılmışdır. Lakin sonradan layihə smeta sənədi əsasında istehlakçılara yeni istehlakçı hesabları açılmış və qaz sayğacları quraşdırılmışdır. Xidməti məlumat əsasında açılmış **********00041 istehlakçı hesablarında olan borc yeni **********03358 saylı istehlakçı hesablarına keçirilmiş və köhnə istehlakçı hesabı passiv edilmişdir”.

7. Birinci instansiya məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

8. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

8.1. İddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərəri sübut etmək üçün cavabdeh tərəfindən məhkəməyə iddia edilən pozuntunun (qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma) aşkar edilməsi barədə akt, abonentin saldosu, bir neçə fotoşəkil kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu sübutlar əsasında iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə zərər dəydiyi nəticəsinə gəlmək mümkün deyil. İlk növbədə ona görə ki, təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt istehlakçı tərəfindən imzalanmamış, aktda istehlakçının nümayəndəsi kimi qeyd edilmiş şəxsin adının qarşısına "imtina etdi” yazılmışdır. Bundan əlavə, akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. 8.2. İş materiallarına əlavə edilmiş fotoşəkillərə münasibətdə məhkəmə qeyd edir ki, fotoşəkillərdən hansısa sayğacdan kənar qanunsuz qoşulma edildiyi görünür, lakin bu sayğacın məhz iddiaçının yaşadığı evin sayğacı olduğu, sayğaca qanunsuz qoşulanın da məhz iddiaçı olduğu tək fotoşəkil əsasında sübut edilə bilməz. 8.3. Digər tərəfdən nəzərə alınmalıdır ki, iş üzrə iddiaçı məhkəmə iclasında təbii qazdan istifadə qaydalarının pozuntusu aşkar edilən fərdi yaşayış evinə akt tərtib edildiyi tarixdən sonra - 2021-ci ilin dekabr ayının sonunda köçdüyünü iddia etmişdir. Məhkəmə hesab edir ki, əgər qanunsuz qoşulma halı mötəbər sübutlarla təsdiq edilmiş olsa idi və iddiaçı akt tərtib edildiyi dövrdə həmin evdə yaşadığını qəbul etmiş olsa idi, məhkəmə sayğaca qanunsuz qoşulmanın yalnız ev sakinin mənafeyinə xidmət edə biləcəyi məntiqi ilə bu qanunsuz qoşulmanı edənin məhz iddiaçı olduğu nəticəsinə gələ bilərdi. Lakin cavabdeh 2021-ci ilin dekabr ayının sonunda evə köçdüyünü, həmin tarixə qədər Anar adlı podratçı tərəfindən evin tikintisinin həyata keçirildiyini bildirmiş, o, bu evi tikdirməzdən əvvəl isə həmin ünvanda heç bir ev olmadığını əlavə etmişdir. 8.4. İş materiallarında olan “istehlakçının qaz təsərrüfatının inventar aktı”ndan görünür ki, həmin aktda istehlakçı İddiaçı nümayəndəsi kimi "(makler) Anar” yazılmış, lakin qarşısından nə bir imza çəkilmiş, nə də imzadan imtina barədə hər hansı qeyd edilmişdir. Bu aktın hansı tarixdə tərtib edilməsi barədə aktda heç bir qeyd edilməsə də aktda fərdi yaşayış evində təbii qazdan sayğacsız, qeyri-qanuni istifadə edildiyi göstərildiyindən bu aktın həmin ünvanda təbii qazdan istifadə qaydalarının pozulması halının aşkar edilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktla eyni gündə və ya bir neçə gün sonra, hər bir halda həmin aktdan əvvəl olmamaqla tərtib edildiyi deyilə bilər. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya etiraza da əlavə edilmiş bu aktda istehlakçının nümayəndəsi kimi "makler Anar” adının qeyd edilməsi iddiaçının izahatında evin aktın tərtib edildiyi tarixlərdə Anar adlı podratçı tərəfindən tikilməkdə olması ilə bağlı qeyd etdiklərini inandırıcı hesab etməyə əsas verir. 8.5. Bundan əlavə, iş materiallarına “qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surəti də əlavə edilmişdir. Bu sənəddən görünür ki, istehlakçı İddiaçı oğlu və paylayıcı "Azəriqaz” arasındakı bu müqavilə müvafiq aktın tərtib edildiyi tarixdən sonra - xx.xx.2021 -ci il tarixdə bağlanmışdır. Lakin belə görünür ki, sonradan sözügedən ünvana təbii qazın verilməsinə dair iddiaçının əri olan ("Elektron məhkəmə” informasiya sistemində qohumluq məlumatları yoxlanılmışdır) X3 ilə qazpaylayıcı arasında xx.xx.2021-ci il tarixdə yeni müqavilə bağlanmışdır. Elə cavabdehin nümayəndəsi tərəfindən etiraza əlavə edilmiş abonentin saldosunda da abonent kimi X2 adı qeyd edilmişdir. Hər bir halda pozuntu barədə akt məhz bu iş üzrə İddiaçı adına tərtib edilmiş, belə görünür ki, sonradan yeni müqavilə bağlanaraq, hesab iddiaçının ərinin adına keçirilmişdir. 8.6. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya etiraza həmin ünvanda abonent İddiaçı adına olan "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında məlumat əlavə edilmiş və həmin sənədə istinadla sözügedən ünvanda 2021-ci ilin oktyabr ayından yaşayış olduğu iddia edilmişdir. 8.7. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı 2021-ci ilin dekabrından əvvəl həmin ünvanda heç bir kommunal xidmətdən istifadə edilmədiyini iddia etməmişdir. İddiaçı özünün ailə üzvləri ilə birlikdə 2021-ci ilin dekabr ayında həmin ünvana köçdüyünü, həmin tarixdən əvvəl evin tikintisinin davam etdiyini, işıq sayğacının isə hələ evə köçməmişdən əvvəl qurulduğunu bildirmişdir. Yəni, iddiaçı özü də işıq sayğacının köçməzdən əvvəl qurulduğunu qəbul edir, onun mübahisələndirdiyi məsələ həmin tarixdə özünün orada yaşamaması, dolayısı ilə hər hansı kommunal xidmətdən istifadə edənin özü olmaması ilə bağlıdır. Məhkəmə hesab edir ki, evin tikildiyi dövrdə əgər ünvana işıq xətti çəkilərək sayğac quraşdırılmışdırsa, tikintini aparan şəxslərin işıq sərf etmiş olması mümkün, hətta gözləniləndir. Bu baxımdan məhkəmə 2021-ci ilin oktyabr ayından həmin ünvanda işıq sərfiyyatı olması və bu faktın iddiaçının həmin tarixdən ünvanda yaşamasını göstərməsi ilə bağlı cavabdehin nümayəndəsinin etirazda qeyd etdikləri ilə razılaşmır. 8.8. Bundan əlavə, cavabdehin nümayəndəsi tərəfindən iddiaya etiraza əlavə edilmiş abonentin saldosundan görünür ki, saldoda 12/2021 -ci il üçün "ayın əvvəlinə borc” qrafasına 0 yazılmış, təbii qazdan istifadə üçün ilk sərfiyyat (592 m3) 2021-ci ilin dekabr ayından etibarən hesablanmağa başlamışdır. 8.9. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə, iddiaçının həqiqətən 2021-ci ilin dekabr ayından əvvəl bu ünvanda yaşamadığı, dolayısı ilə təbii qazdan istifadə qaydalarının təqsirli pozuntusunu törədərək cavabdehə zərər vurmasının istisna edildiyi nəticəsinə gəlir. Belə olan halda xx.xx.2021 -ci il tarixli akta əsasən iddiaçıya borc hesablanması əsassız olmuşdur. Odur ki, iddiaçı həmin borcun silinməsini tələb etməkdə haqlıdır. 8.10. İş materiallarından görünür ki, xx.xx.2021 -ci il tarixli akta görə istehlakçı tərəfindən qazpaylayıcıya 8208 m3 həcmində zərər vurulduğu müəyyən edilmişdir. Abonentin saldosundan isə görünür ki, "qalıq və aktlar” qrafasında "875.52” yazılmışdır. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı özü məhkəməyə ərizə verərək, həmin pulun bir hissəsinin təbii qazdan istifadəyə görə borc olduğunu bildirmiş, iddia tələbinin həcmini azaldaraq, akta görə hesablanmış 820 manat məbləğində borcun hesabından silinməsini xahiş etmişdir. Belə olan halda məhkəmə iddia tələbindən kənara çıxmayaraq, hesab edir ki, cavabdeh "Azəriqaz” İB tərəfindən xx.xx.2021 -ci il tarixli akta əsasən İddiaçı hesablanmış məhz 820 manat məbləğində borc onun hesabından silinməlidir.

9. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1096.1-ci, 1096.2-ci, 1097-ci, “Qaz təchizatı haqqında” Qanunun 6-cı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü və 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə istinad etmişdir.

10. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

11. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

13. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“Qaz təchizatı” haqqında Qanun

14. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

15. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

16. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

17. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

21. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

24. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.

25. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, akta görə hesablayıb tələb etdiyi 820 manat baxımından cavabdeh bunu sübut edə bilməmişdir və istinad etdiyi akt iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.

26. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3388/2022 saylı iş üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar