Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2786/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh Dadaşov Aydın Əhədulla oğlunun iştirakı ilə, İddiaçı Dadaşov Əhədulla Dadaşbala oğlunun cavabdeh Dadaşov Aydın Əhədulla oğluna qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1506/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Dadaşov Əhədulla Dadaşbala oğlu cavabdeh Dadaşov Aydın Əhədulla oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.9 kv/m, yaşayış sahəsi 37.04 kv/m olan 3 otaqlı mənzilinə dair bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, Dadaşov Əhədulla Dadaşbala oğlu xx xxxxxx 2018-ci il tarixdə oğlu Dadaşov Aydın Əhədulla oğluna daşınmaz əmlakının bağışlanma müqaviləsi imzalamışdır. Bu müqaviləyə əsasən onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.9 kv/m, yaşayış sahəsi 37.04 kv/m olan 3 otaqlı mənzili oğlunun mülkiyyətinə vermişdir. Bu barədə xx.xx.2018-ci il tarixdə cavabdehin adına RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən mənzili oğluna bağışlamazdan əvvəl onlar ailə daxilində belə bir razılığa gəldilər ki, o, öz mülkiyyətində olan evi oğluna bu şərtlə bağışlayır ki, mərhum həyat yoldaşı Dadaşova Qalina Semyonovnanın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən “xxxx” MTK-nın inşa etdiyi binasının 3 saylı korpusunun, B girişi, 2-ci mərtəbə, 4 saylı mənzil qızı Dadaşova Səbinə Əhədulla qızının mülkiyyətinə veriləcəkdir. Oğlu da heç bir etiraz etmədən onların qərarı ilə razılaşdı. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra o, evi qızının mülkiyyətinə keçirmək istəyən zaman oğlu aralarında olan razılığı pozaraq həmin evin satılmasını və özünə düşəcək olan payı tələb etməyə başladı. Beləliklə o, ailə arasında razılıqlarının pozulması səbəbi ilə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1506/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı iddia tələblərini əsaslandırarkən iddia edir ki, guya onlar arasında Nizami rayonu, Şirin Mirzəyev küçəsi, bina 79 mənzil 26 ünvanında yerləşən mənzilə dair bağışlama müqaviləsi bağlanarkən o, anasının istifadəsində və sahibliyində olan Xətai rayonu, Əhmədli y\sahəsi, X.Məmmədov küçəsi, ev 18, 3 saylı korpusun, B girişi, 4 saylı mənzili bacısı Dadaşova Səbinə Əhədulla qızının mülkiyyətinə verilməsinə şifahi razılaşma olub. İlk növbədə bildirmək istəyir ki, bağışlama müqaviləsinin etibarsız sayılmaqla ləğv edilməsinə dair iddia tələbi əsassızdır. Bağışlama müqaviləsi bağlanarkən atası ilə arasında heç bir razılaşma olmayıb. Belə ki, mübahisəli mənzil ona bağışlanmazdan əvvəl atasının mülkiyyətində olsa da, atası ilə anası 2012-cu ildən Xətai rayonu, Əhmədli y\sahəsi, X.Məmmədov küçəsi, ev 18, 3 saylı korpusun, B girişi, 4 saylı mənzilə köçdülər və mübahisəli mənzildə o, ailəsi ilə birgə qaldı və həmin mənzilə faktiki sahibliyi və istifadəni o, həyata keçirməyə başlamışdır. Bu müddətdə dəfələrlə mübahisəli mənzili təmir etmişdir. Atası ilə, anası ilə və bacısı ilə aralarında bu günə qədər mübahisələri olmayıb. Anası vəfat edənə qədər atası ilə anası bəzən bir neçə gün həmin mənzildə onlarla qalırdılar. Bütün bayramları ailə olaraq atası ilə anası onun evində birlikdə qeyd etmişlər. Bağışlama müqaviləsi bağlanarkən həm anasının, həm də bacısının evin bağışlanmasına razılıq verilməsi barədə yazılı və notarial təsdiq edilmiş razılıq ərizələri olub. Əgər belə razılaşmaolsaydı buərizələrdə və ya bağışlamamüqaviləsində göstərilərdi. Notariat qaydasında bağlanılan bütün müqavilələrdə olduğu kimi, mübahisələndirilən bağışlama müqaviləsi də bağlanılan zaman notarius tərəfindən hüquqlar və vəzifələr hər birinə izah edilmişdir. Bundan əlavə belə razılaşmanın olmasına heç bir səbəb yox idi. Belə ki, əgər atası və anası Xətai rayonu, Əhmədli y\sahəsi, X. Məmmədov küçəsi, ev 18, 3 saylı korpusun, B girişi, 4 saylı mənzili bacısı, Dadaşova Səbinə Əhədulla qızına bağışlamaq istəsəydilər ona mübahisəli mənzilin bağışlandığı xx.xx.2018-ci il tarixdən anası vəfat edən gün-xx.xx.2019-cu il tarixə qədər, yəni 9 ay müddətində həmin mənzili bacısına bağışlayardılar və o, buna mane ola bilməzdi, çünki həmin mənzilə qeydiyyatı belə yoxdur. Bundan başqa anası həmin mənzili bacısına bağışlamaq fikri olsaydı ürək əməliyyatından əvvəl, evdə müalicə aldığı müddətdə, yəni 2019-cu ilin iyul ayından ölən vaxta qədər mənzilin bacısına verilməsi ilə bağlı vəsiyyətnamə tərtib edə bilərdi. Çünki ürək əməliyyatından əvvəl anasını əməliyyat edən həkim ona əməliyyatın riskli və həyati təhlükəli olduğunu bildirmişdi. Bacısı ilə aralarında mübahisə anası vəfat etdikdən sonra bacısının həmin mənzilə bütövlüklə yiyələnmək istəməsi və onun öz vərəsəlik hüququndan imtina etmək istəmədiyindən sonra başladı. Hal hazırda da atası və bacısı Xətai rayonu, Əhmədli y\sahəsi, X.Məmmədov küçəsi, ev 18, 3 saylı korpusun, B girişi, 4 saylı mənzilin sənədlərini mənzil tikinti kooperativindən alaraq onun vərəsəlik hüquqlarının həyata keçirilməsinə mane olmaq üçün notariat ofisinə təqdim etməkdən imtina edirlər. Eyni zamanda, bağışlama müqaviləsinin bağlandığı vaxtdan artıq bir il üç ay keçməsinəbaxmayaraq, heç kimərəfindən mübahisələndirilməməsi, yalnız indiki halda - onun vərəsəlik hüququndan imtina etmədiyi üçün bu iddia ərizəsi ilə çıxış etmənin arxasında, vərəsəlik zamanı məhkəmə qaydasında mübahisə yaradılması ilə ona maneələr yaradaraq, hansısa əsassız güzəştlərə məcbur etmək istəyinin dayandığı açıq-aşkardır. Eyni zamanda iddia tələbi ilə bağlı iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Təbii ki, iddiaçı tərəfin aramızda razılaşma olması və bu razılaşmanın pozulmasını sonradan bilməsi yuxarıda qeyd etdiklərimə əsasən inandırıcı deyil və heç bir sübuta əsaslanmır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Dadaşov Əhədulla Dadaşbala oğlu Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 79, 26 saylı mənzili Dadaşov Aydın Əhədulla oğluna bağışlamışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 79, 26 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Dadaşov Aydın Əhədulla oğlunun adına xx xxxxxx 2018-ci il tarixdə qeydə alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 79, 26 saylı mənzil iddiaçı Dadaşov Əhədulla Dadaşbala oğluna məxsus olmuşdur. Dadaşov Əhədulla Dadaşbala oğlu özünə məxsus olan həmin mənzili xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında oğlu Aydın Dadaşova bağışlamışdır. Hazırda Dadaşov Əhədulla Dadaşbala oğlu əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi də tərəflərin bağladıqları bağışlama müqaviləsinin şərtlə bağışlanmış olmasına dair hər hansı sübutun təqdim edilmədiyini, müqavilənin bağlanması zamanı hər hansı qanunsuzluğa yol verilmədiyini və onun tərəflərin iradə ifadəsinə uyğun olduğunu vurğulamaqla iddia tələbinin əsaslı olmadığı nəticəsinə gəlmiş, hüquqi mövqeyini Mülki Məcəllənin 337.1-ci, 666.1-ci və 670-ci maddələri ilə izah etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı olduğundan müqavilələrin, ümumilikdə isə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması zəruridir; belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə görə isə, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Şərh olunanlar kontekstində işin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən kollegiya hesab edir ki, iddiaçı istinad etdiyi halları, yəni xx xxxxxx 2018ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini hər hansı şərtlə bağlanmasına dair mötəbər sübut növü təqdim etməmişdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsində isə hər hansı qeyd şərt göstərilməmişdir. Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Həmin Məcəllənin 673.1-673.1.3-cü maddələrinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi, qanunvericilik hədiyyə verənin bağışlamadan imtina etməsini Mülki Məcəllənin 673.1-673.1.3-cü maddələrində sadalanan əsaslardan birinin mövcud olması ilə şərtləndirmişdir ki, işin müəyyən olunmuş halları ilə həmin əsasların mövcud olması öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlməklə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1506/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2786/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2786/2021
09.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver