Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2788/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə2, Cavabdehnetibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5475/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “müqavilənin müvafiq bəndlərinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanılmış “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə” 18.04.2018-ci il tarixli, 07784067-kod nömrəli müqavilənin 4.2-ci və 5.2-ci bəndlərinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi, ev 95, mənzil 14-ə daxil olmaq üçün maneənin aradan qaldırılaraq mənzil qurğusunun domofon sisteminə qoşulması vəzifəsinin cavabdehin üzərinə qoyulması, ödənilmiş 10 manat dövlət rüsumunun və dəymiş mənəvi zərərə görə 1.000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə” 2015-ci il 18 aprel tarixli, 07784067-kod nömrəli müqavilə bağlanmışdır. Mənzilin domofon sistemi 23 fevral 2021-ci il tarixdə heç bir xəbər verilmədən kəsilmiş, ailə üzvlərinin səhhəti ilə bağlı çağırılmış həkim mənzilə daxil ola bilməyərək getmişdir. Həmin gün ailə üzvləri də, mənzilə daxil ola bilmədiyi üçün Cavabdeh MMC-yə aid 055 *** ** ** nömrəsinə dəfələrlə zəng vurulmasına baxmayaraq, həmin nömrədən qeyri iş vaxtı zəng vurulması və naharın 13:00-14:00-dək olması barədə sms daxil olmuşdur. 1 saatdan sonra həmin nömrə ilə əlaqə saxlanıldıqdan sonra 2 aylıq borcun yaranmasına görə mənzilin domofon sisteminin kəsildiyi və ödəniş olunduqdan sonra yalnız sabah açıla biləcəyi deyilmişdir. Bununla da, mənzil sakinlərinin və həkimin mənzilə daxil olması Cavabdeh MMC tərəfindən məhdudlaşdırılmış və hazırda da mənzilə girişə qanunsuz və əsassız olaraq maneə qoyulması davam edir. Bildirir ki, mənzil qurğusunun domofon sistemindən kəsilməsi halında mənzil sakinləri həmin mənzilə yalnız kodlaşdırılmış brelok açarlar vasitəsilə daxil ola bilərlər. Həmin açarın mənzil sakinində olmaması halında o, yaşadığı binaya, o cümlədən öz şəxsi mənzilinə daxil ola bilməz. Eyni zamanda, qohumların və digər zəruri hallarda - təcili yardım, poliklinikanın ərazi üzrə məsul həkiminin, yanğınsöndürmə və sair təşkilatların mənzilə daxil olması, yalnız sakinin 1-ci mərtəbəyə düşərək kodlaşdırılmış qapını arxadan açması ilə mümkündür. Bu isə 8-ci mərtəbədə yaşayan, o cümlədən yaşlı və ya xəstə şəxslərin lift işləmədiyi zamanlarda da, aşağı düşmək məcburiyyətində qalmasına, təcili tibbi müdaxilə və digər təxirəsalınmaz hallarda isə bunun mümkün olmamasına görə isə ciddi məhrumiyyətlərə, habelə həyati təhlükəyə məruz qalmasına səbəb olur. Dəfələrlə də, ev sakinlərinin səhhətləri ilə əlaqədar 8-ci mərtəbədən aşağı düşüb (bir çox hallarda liftin işləməməsinə görə də) qapını açmaq imkanları olmadığına görə zərurətlə bağlı evə dəvət olunan həkim və bir çox şəxslər maneə səbəbindən geri qayıtmışlar. Bununla da, mənzildə yaşayan şəxslərin səhhətində ciddi problemlər, mənzil-məişət məsələlərinin həllində məhrumiyyətlər yaranmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi, 95 saylı evin 1 saylı giriş yolunda quraşdırılmış, sifarişçinin domofon sistemi üçün təmir və xidmət göstərilməsi üzrə özünə öhdəlik götürür. Lakin həmin müqavilənin 5.2-ci bəndinə görə servis xidmətlərinin sifarişçisi tərəfindən ödənişin ayda iki dəfədən çox gecikdirilməsi halda icraçı hazırki müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə xitam verə və mənzil qurğusunu domofon sistemindən kəsə bilər. Eyni zamanda, müqavilənin 4.2-ci bəndində abunə haqqının cavabdeh tərəfindən birtəfərli qaydada artırılması göstərilmişdir. Müqavilənin standart şərtli müqavilə olmasını nəzərə alaraq, cavabdeh müqavilədə təmir və xidmət göstərilməsi üzrə özünə öhdəlik götürməsinə və bunun müqabilində xidmət haqqı almasına baxmayaraq, əlavə cəza tədbiri kimi özünə mənzil qurğusunu domofon sistemindən kəsmək, habelə abunə haqqını birtərəfli qaydada artırmaq imkanı qoymaqla qanunvericiliyin tələblərinə riayət etməmiş, mənzilə daxil olmağa maneə yaradaraq, insanların hüquqlarını pozmuş, öz mənzilindən istifadə və sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırmışdır. Habelə nəzərə alınmalıdır ki, adıçəkilən tədbir onun cəzalandırılması vasitəsi kimi tətbiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5475/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin müvafiq bəndlərinin etibarsız hesab edilməsi tələbinə dair” iddiasının rədd edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə iddia tələbində göstərilən xüsusatları ümumiyyətlə araşdırmamış, məsələyə səthi yanaşmış, qaldırılan tələblərə hüquqi qiymət verməmişdir. Halbuki MPM-nin 88-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir, habelə həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsini düzgün təfsir və tətbiq etməmişdir. İddia tələbi müqavilənin 4.2-ci və 5.2-ci bəndlərinin etibarsız hesab edilməsi və sərbəst hərəkət etmək, habelə öz mənzilinə maneəsiz daxil olma hüququnun bərpası ilə bağlı olsa da, Məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsinin müddəalarını səhv təfsir və tətbiq edərək iddiaçının bu tələbinin müddətlə məhdudlaşmış olduğu qənaətinə gəlmişdir. Bildirir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərə aiddir və iddiada iradə ifadəsinin zədələnməsi ilə bağlı heç bir tələb irəli sürülməmişdir. Müqavilənin 4.2-ci və 5.2-ci bəndləri qanunvericiliyə, yəni Mülki Məcəllənin 6.2-ci, 6.3-cü, 417.1-ci və 420.2-ci maddələrinin tələblərinə zidd olduğuna görə bağlandığı andan etibarsızdır Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5475/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5475/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5475/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, “İcraçı” Cavabdeh MMC ilə “Sifarişçı” Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi, ev 95, mənzil 14-də yaşayan İddiaçı arasında bağlanmış “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə” 07784067-kod nömrəli 18 aprel 2015-ci il tarixli müqavilənin surətindən görünür ki, həmim müqavilənin 1.1-ci bəndinə əsasən, İcraçı Bakı şəhərində Şəfayət Mehdiyev küçəsi, 95 saylı evin 1 saylı giriş yolunda quraşdırılmış Sifarişçinin domofon sistemi üçün təmir və xidmət göstərilməsi üzrə özünə öhdəlik götürür; 3.1-ci bəndinə əsasən, Sifarişçi domofon sisteminin təmiri və texniki xidmət göstərilməsi üçün abunə haqqını 4.1-ci bəndində müəyyən edilmiş məbləğdə cari ayın 25-ci gününə qədər ödənilməsini üzərinə götürür. Abunə haqqının toplanması Cavabdeh MMC Domofon şirkəti sətrinin seçməsi ilə “EManat” terminalı vasitəsilə ödəniş və ya icraçının kassasına nağd vasitələrinin daxil edilməsi vasitəsilə həyata keçirilir; 4.1-ci bəndinə əsasən, hazırki müqavilə üzrə xidmət haqqı ayda 2 manat təşkil edir; 4.2-ci bəndinə əsasən, material, dəst hissələri haqqının artması, vergitutma dəyişikliklər baş verməsə və işlərin maya dəyərinin artmasına səbəb olan digər görünən obyektiv hallar zamanı abunə haqqı İcraçı tərəfindən birtərəfli qaydada artırıla bilər. Bu halda abunə haqqının birdəfəlik artırılması 30%-dən çox və ildə bir dəfədən tez olmamalıdır; 5.2-ci bəndinə əsasən, servis xidmətlərinin Sifarişçisi tərəfindən ayda iki dəfədən çox gecikdirilməsi halda İcraçı hazırki müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsinə xitam verə və mənzil qurğusunu domofon sistemindən kəsə bilər. Hazırki müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin yenidən başlanması borcun ödənilməsindən sonra 5 gün ərzində həyata keçirilir. Təkrar qoşulma 5 manat təşkil edir.(İ.vər. 10 - 11) Birinci nistansiya məhkəməsi təqdim edilmiş sübutların tədqiqi ilə müəyyən etmişdir ki, İddiaçı 18 aprel 2015-ci il tarixli, 07784067-kod nömrəli “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə” müqavilədə göstərilən şərtlərlə razılaşaraq, öz iradəsinə uyğun olaraq könüllü şəkildə cavabdehlə həmin müqaviləni bağlamış, habelə hazırki işə baxılarkən onun cavabdehlə müqavilə bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı elementlərdən heç olmasa biri qüsurlu olmalıdır: - subyekt tərkibinə görə; - məzmununa görə; - formasına görə; iradə və iradə ifadəsinə görə. Lakin, göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar iddiaçı tərəfindən təqdim olunmamışdır. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən: 324.1. Əəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə (kəsici müddət) məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci nistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə 18 aprel 2015-ci il tarixdə bağlanmış və müqavilənin bağlanmasından 6 ildən çox müddət keçdikdən sonra iddiaçı hazırkı tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olub-olmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, yuxarıda qeyd olunan əqdi mübahisələndirmək hüququnu ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, İddiaçı apelyasiya şikayətinin dəlilləri onun iddia tələbi ilə eynilik təşkil etdiyindən və birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə ətraflı hüququ qiymət verildiyindən, apelyasiya şikayətinin dəlillərinə təkrar qiymət verilməsini zəruri hesab etmir. Həmçinin, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən istinad edilən faktiki halları təsdiq edəcək kifayət qədər mötəbər sübutları nə birinci instansiya məhkəməsinə, nədə ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5475/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5475/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-2788/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2788/2022
19.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver