Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2808/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2181/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “xx xxxxxx 2019-cu il tarixli 22/105 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 105 nömrəli 1 otaqlı evə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinə və Cavabdeh həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 55 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Həmin yaşayış sahələrinin veriməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin (bundan sonra-Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinin xx xxxxxx 2019-cu il tarixli 22/105 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün İbişova X5 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Qobu-2 saylı yeni yaşayış qəsəbəsində yeriəşən 22 saylı binanın 105 nömrəli 1 otaqlı mənzili ilə təmin edilmişdir. Məcburi köçkünlər üçün inşa edilmiş Qobu-2 qəsəbəsinin Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh 105 nömrəli mənzildə yaşamadığı müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunmuş ünvan üzrə istehlak olunan kommunal xidmətlərin sayğac göstəricilərinə əsasən (Azərişıq və Azərsu) cavabdeh kommunal xidmətlərdən istifadə etməmişdir. Qeyd olunan halların nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2181/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzildən çıxarma” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru X3 apelyasiya şikayətləri vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2181/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsassızdır. İddiaçının təqdim etdiyi sübutlar məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmayaraq əsassız məhkəmə aktı qəbul olunmuşdur. Qeyd edir ki, Qobu Park 1 saylı qəsəbəsinin Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh kirayə müqaviləsinin öhdəliklərini yerinə yetirmədiyi və müqavilədə nəzərdə tutulmuş 3 aylıq müddətdən artıq həmin mənzildə yaşamadığı müəyyən edilmişdir. Qobu Park 1 saylı qəsəbəsinin Mənzil Kommunal İstismar sahəsinin rəisinin xidməti-məlumatına əsasən, Cavabdeh mənzilinə dəfələrlə gedilməsinə baxmayaraq onun yaşamaması müəyyən olumuşdur. Eyni zamanda məhkəməyə təqdim edilmiş Qaradağ rayon Enerji Təchizatı və satış İdarəs tərəfindən verilmiş məktubda Cavabdeh elektrik enejisi sayğac göstəricisi 6 kvt göstərilmişdir. Həmin sənədə əsasən, mənzildə yaşayışın olmaması müəyyən olunur. Əgər həmin mənzildə yaşayış olsa idi, sayğac göstəricisinin daha yüksəl olması əks olunardı. Digər dövlət qurumlarının informasiya sistemlərindən inteqrasiya olunmuş məlumatları da özündə əks etdirən Komitənin məcburi köçkünlərin vahid elektron məlumat bazasına əsasən Cavabdeh mənzilidə sudan istifadə 70 kub olmuşdur. Həmin sənədə əsasən, mənzildə yaşayışın olmaması müəyyən olunur. Əgər həmin mənzildə yaşayış olsa idi, sayğac göstəricisinin daha yüksək olması əks olunardı. Qeyd olunan hallar cavabdehin müvəqqəti istifadəsinə verilmiş mənzildə yaşamadığını ehtiva edən mötəbər sübut kimi qiymətləndirilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2181/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2181/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə Cavabdeh arasında bağlanmış 22/105 nömrəli, xx xxxxxx 2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, tərəflər arasında sosial kirayə müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən 105 nömrəli mənzil Cavabdeh kirayəyə verilmişdir. İş matеriallarında olan, “Qobupark” Mənzil İstismar İdarəsinin rəisi tərəfindən tərtib olunmuş xidməti-məlumatdan görünür ki, ünvan 1 ünvanında yerləşən 105 nömrəli mənzildə məskunlaşan Cavabdeh mənzilinə dəfələrlə getsələr də, qapını açan olmamış, mənzildə yaşayan olmadığı məlum olmuşdur. İş matеriallarında olan, Cavabdeh tərəfindən təqdim edilmiş kommunal xərclərin ödənilməsinə dair qəbzlərdən görünür ki, həqiqətəndə həmin mənzilə dair Cavabdeh tərəfindən istifadə etdiyi komunal xidmətlərə görə (qaz, elektrik enerjisi, su, məişət tullantılarının daşınması) ödənişlər edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Cavabdeh ilə qonşudur. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu-2” yaşayış kompleksi, bina 23, 45 saylı mənzildə yaşayır. Zivər ilə illərlə əvvəlcədən yataqxanada yaşayanda da qonşu olmuş, sonradan hazırki evlərə köçürüldükdən sonra da qonşudurlar. Zivər tək yaşayır, bəzən qardaşı və qardaşı uşaqları da gəlib onunla birlikdə həmin evdə qalır. Təsdiq edir ki, Cavabdeh həqiqətən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu-2” yaşayış kompleksi, ev 22, mənzil 105-də yaşayır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Cavabdeh ilə qonşudur. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu-2” yaşayış kompleksi, bina 22, 52 saylı mənzildə yaşayır. Zivər ilə illərlə əvvəlcədən yataqxanada yaşayanda da qonşu olmuş, sonradan hazırki evlərə köçürüldükdən sonra da qonşudurlar. Zivər tək yaşayır, bəzən qardaşı və qardaşı uşaqları da gəlib onunla birlikdə həmin evdə qalır. Təsdiq edir ki, Cavabdeh həqiqətən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu-2” yaşayış kompleksi, ev 22, mənzil 105-də yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 100-ci maddəsinə əsasən; 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər; 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər; 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllinin 82.3-cü maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Həmin Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.7-ci maddəsinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Eyni zamanda tərəflər arasında bağlanmış 22/105 nömrəli, xx xxxxxx 2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5-ci maddəsinə əsasən, Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, xususi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehin həmin mənzildə fasiləsiz olaraq 3 aydan artıq müddətə üzrlü səbəb olmadan yaşamaması halının müyyən edilməsinə dair məhkəməyə heç bir mötəbər sübutu təqdim edilməməsi, həmcinin, məhkəmə araşdırması zamanı mənzil qanunvericiliyində kirayə verənin tələbi ilə kirayə müqaviləsinin ləğv edilməsinə səbəb olan əsaslara dair heç bir hal aşkar eidlməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bundan başqa birinci inctansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin müvafiq ünvan üzrə elektrik enerjisinin sərfiyyatına dair göstəriciləri onun elektrik enerjisindən istifadə etməsi faktını təsdiq edir, həmin göstəricilərin aşağı olması faktı isə cavabdehin həmin mənzildə daimi yaşamaması halı kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin təqdim etdiyi kommunal xərclərin ödənilməsinə dair müvafiq qəbzlərin məzmunundan aydın olur ki, cavabdeh tərəfindən hər ay su, qaz, elektrik enerjisi və digər kommunal xərclər mütəmadi olaraq ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti apelyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı mötəbər sübutu apelyasiya şikayətinə əlavə etməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak edərək bunu təsdiq edən hər hansı bir mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2181/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2181/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2808/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2808/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver