Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2808/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(011)-1205/2021 saylı qərardadından cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə hesablanmış 2160 manat və 4272 manat olmaqla, cəmi 6432 manat borcun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1205/2021 saylı, 21.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh tətəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu **********00470) təbii qazın itkisinə görə iddiaçıya hesablanmış 2160 manat və 4079,4 manat olmaqla cəmi 6239,40 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi həmin qətnamədən 23 dekabr 2021-ci il tarixdə apelyasiya şikayəti vermiş, eyni zamanda həmin tarixdə ərizə ilə müraciət edərək qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(011)-1205/2021 saylı qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin 23 fevral 2022-ci il tarixli qərardadı təmin edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətində qeyd edir ki, “Azəriqaz” İB-in məhkəmələrdə həm iddiaçı, həm də cavabdeh tərəf olaraq iştirak etdiyi işlərin çox olması səbəbi ilə apellyasiya şikayəti çox olmayan müddətin ötürülməsilə verilmişdir. İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin 21.09.2021-ci il tarixli qətnaməsi “Azəriqaz” İB-nin əməkdaşı “Paşayeva” soyadlı şəxs tərədindən 15.10.2021-ci il tarixində xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən həmin qətnamədən verilmiş apelyasiya şikayəti isə 23.12.2021-ci il tarixdə elektron qaydada göndərilmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi apelyasiya şikayətini 1 (bir) ay 7 (yeddi) gün sonra verməklə qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Kollegiya cavabdeh tərəfin hüquqi şəxs olmaqla, hüquqşünaslarının olmasını nəzərə alaraq qeyd edir ki, başqa məhkəmələrdə işlərinin olması kimi dəlil, müddətinin ötürülməsinin üzürlü səbəbi kimi qəbul edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası ilə bağlı ərizə düzgün olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(011)- 1205/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2808/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2808/2022
16.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver