Məhkəmə qərarları › İş №2(103)-2808/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2808/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2808/2024 05.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin ləğvi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3012/2024 nömrəli 27 mart 2024-cü il tarixli qərardadına əsasən mübahisəli aidiyyat məsələsinin müəyyənləşdirilməsinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin ləğvi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış hüquqa əsaslanmayan, qanunsuz və mülki hüquq nəticələri doğurmayan xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqavilsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 6939/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin ləğvi tələbinə” dair iddia ərizəsi üzrə 2(001)-6939/2023 nömrəli mülki işin Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-4418/2023 nömrəli mülki işlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 6939/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Mülki iş aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-2100/2024 nömrəli qərardadına əsasən mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı müqavilənin ləğvi tələbinə dair mülki iş xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü 2(012)-311/2024 nömrəli qərardadına əsasən isə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə evə köçürülmə və digər hüquqlara xitam verilməsi tələbinə dair iddia ərizəsi, iddiaçı Cavabdeh2 ərizəsinə əsasən baxılmamış saxlanılmış, həmin qərardad qanuni qüvvəsini almışdır. Birləşdirilməsi üçün göndərilmiş hazırkı mülki iş isə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Belə olan halda mülki işlərin birləşdirilib baxılması mümkün deyildir. Ayrıca icraata qəbul edilib baxıldığı təqdirdə isə aidiyyət qaydalarının pozulması ilə nəticənə bilər. İddia tələbindən görünür ki, həmin tələblə bağlı mülki iş cavabdehin qeydiyyatda olduğu yer üzrə Binəqədi rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3012/2024 nömrəli 27 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin ləğvi tələbinə dair” mülki işin başqa məhkəməyə verilməsi ilə bağlı məhkəmələr arasında olan fikir ayrılığına qiymət verilməsi üçün 2(001)-6939/2023 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göründüyü kimi Binəqədi Rayon Məhkəməsi hazırki mülki işin Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-4418/2023 nömrəli mülki işlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qənatinə gəlmişdir, lakin, hazırda Abşeron Rayon Məhkəməsinin icraatında olan həmin mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmış və qərardad qanuni qüvvəsini almışdır. MPM-in 45-ci maddəsinə müvafiq olaraq bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göründüyü kimi, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli, əgər fikir ayrılığ olarsa, həmin məhkəmə tərəfindən apelyasiya məhkəməsinə müraciət olunmalıdır. Bu isə o deməkdir ki, Abşeron Rayon Məhkəməsi hazırki işi əvvəlcə icraatına qəbul etməli, sonra isə ərazi aidiyyətini mübahisələndirməli idi. Hazırki halda göstərilən qaydaya riayət edilməsi işin baxılmasını yersiz yerə uzada, mübahisə tərəflərinin haqsız narazılıqlarına səbəb ola bilər. Mübahisə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən küçəsi korpus 22, 83 saylı evlə bağlıdır və iddia ərizəsində tərəflərin hər üçünün Binəqədi rayonunda faktiki olaraq yaşadığı qeyd olunmuşdur. Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvan da həmin evdir. Kollegiya hesab edir ki, prosessual qənaət prinsipi baxımından hazırki mübahisəyə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 45, 397-398, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin ləğvi tələbinə dair” mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar